KƏND TƏSƏRRÜFATINA ƏLAVƏ 160 MİLYON - “Pomidor ixracı 60 faiz artıb”

KƏND TƏSƏRRÜFATINA ƏLAVƏ 160 MİLYON - “Pomidor ixracı 60 faiz artıb”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulduğunu bildirib.

Ölkə başçısı qeyd edib ki, buraya əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq daxildir. “Bu il minlərlə hektarda zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır”.

Prezidentin çıxışından göründüyü kimi, bu il Azərbaycanda kənd təsərrüfatı sahəsi yüksək templə inkişaf edəcək. Bunun üçün fermerlərə dövlət tərəfindən lazimi dəstək göstəriləcək.

Hurriyyet.org xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi artımlar və irəliləyişlər olub.

murtuzeli_124_1515666874

Onun sözlərinə görə, ötən ilin 11 ayı ərzində 2016-ci ilin müvafiq dövrü ili müqayisədə 2,5 dəfə çox pambıq, 75 faiz çox günəbaxan, 44 faiz çox şəkər çuğunduru, 41 faiz çox tütün, 5,4 çox faiz meyvə istehsal olunub.

“Kənd təsərrüfatı sahəsində istehsal potensialının gücləndirilməsi hesabına bu sahənin məhsulları üzrə xarici ticarətdə ciddi dəyişiklik baş verib. 2017-ci ilin 11 ayı ərzində kənd təsərrüfatı məhsulların həcmi 39,8 faiz arataraq 511,9 milyon manata çatdırılıb. Xüsusilə, pomidor ixracı 60,7 faiz faiz, kartof ixracı 63,5 faiz, soğan ixracı 15, 2 dəfə, meyvə ixracı 19 faiz, pambıq ixracı 8,6 dəfə, tütün xammal ixracı 70,6 faiz artıb. Ət və süd məhsullarının ixracı isə 2,4 dəfə artaraq 4,6 milyon dollara çatıb”.

M.Hacıyev bildirib ki, 2018-ci ildə qarşıya qoyulmuş hədəflərə əsasən istər əkinçilik, istər heyvandarlıq sahələrinə, həmçinin yeni texnikaların gətirilməsi ilə bağlı vəsaitlər ayrılıb.

“Xüsusilə ixrac yönümlü ənənəvi sahələrin inkişafı ilə bağlı qarşıya əsas hədəflər qoyulub. Yerlərdə fermerlərin tələb və təklifləri nəzərə alınaraq yeni texnikalar gətiriləcək. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır və cins mal-qaranın gətirilməsi prosesi bu il də davam etdiriləcək. Bundan əlavə camışçılıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər görülür və mütəxəssislərimiz hazırda İranda səfərdədirlər. Cins camışların ölkəyə gətirilməsi nəzərdə tutulur”.

kt_1515667146

Nazirlik rəsmisi bildirib ki, 2018-ci ildə arıçılıq təsərrüfatının inkişafı və arı məhsullarının ixracı əsas hədəflərdəndir: “Ana arıların çoxaldılması, beynəxlalq təşkilatlarla əlaqələrin yaradılması, arıçılığın inkişafı ilə bağlı yeni layihələrin hazırlanması və Azərbaycanda istehsal olunan arı məhsularının xarici bazarlara çıxışı istiqamətində qarşıda əsas hədəflərimiz durur. Zeytunçuluq kənd təsərrüfatının ənənəvi sahələrindən biridir. Bakıətrafı qəsəbələrdə, Abşeron, Salyon rayonlarında yeni bağların salınması nəzərdə tutulub. Bu il həmçinin 10 min hektara yaxın ərazilərdə – əsasən Zaqatala, Balakən, Şəki, Qax, Qəbələ, Şabran rayonlarında fındıq bağları salınır və bu işlər davam etdirilir. Ümumiyyətlə, aqrar sektorda kompleks yanaşma mövcuddur və bütün sahələrdə işlərimizin davamı, yeni qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi ilə bağlı addımlar atılır”.

vahid-ehmedov

Deputat Vahid Əhmədov isə qeyd edib ki, Azərbaycanda 2017-ci ildə ilk dəfə qeyri-neft sektorunda ciddi irəliləyiş olub: “Qeyri neft sektorunun bir sahəsi olan kənd təsərrüfatı sahəsi də uğurla inkişaf edib. Ticarət sahəsində ötən il ilk dəfə olaraq ixrac idxalı üstələyib və 6 milayrd manata yaxın müsbət saldo ticarət balansında yaranıb. Burada əsas məhsullar kənd təsərüfatı məhsulları olub. 2017- ci ildə Prezident tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə diqqət çox böyük olub, iclaslar keçirilib, bölgələrə səfərlər edib, kənd təsərrüfatının inkişafı ilə bağlı göstərişlər verib. Azərbaycanda zeytunçuluq, bağçılıq sahələri, baramaçılıq, ipəkçilik, pambıqçılığın inkişafı dövlət tərəfindən ciddi nəzarətə götürülüb. 2017-ci ildə kənd təsərrüfatı sahəsində inkişaf göz qabağındadır. Bunu artırmaq üçün ötən gün Nazirlər Kabinetinin iclasında Prezident göstəriş verdi, bildirildi ki, həmin sahələrə diqqət daha da artırılacaq”- deputat vurğulayıb.

Loading...

QALEREYA