KOÇARYAN PAŞİNYANI DEVİRMƏYİ PLANLAŞDIRIR

KOÇARYAN PAŞİNYANI DEVİRMƏYİ PLANLAŞDIRIR

Elxan Şahinoğlu: "Paşinyanla Koçaryan arasındakı mübarizə yeni və gərgin mərhələyə qədəm qoyur"

Məhəmməd Əsədullazadə: "Ermənistanın baş nazirinin ikinci inqilab anonsu verməsi ona qarşı əks-inqilabın hazırlanmasını önləməyə hesablanıb"

Şahin Cəfərli: "Koçaryan Dağlıq Qarabağa qayıdıb, orada gələn il keçiriləcək seçkidə yenidən prezident ola bilər"

Kamran Sultanlı: "Görünən odur ki, "Qarabağ klanı" təzyiqləri maksimum sürətdə artırır"

Xəbər verdiyimiz kimi, mayın 18-də İrəvanın birinci instansiya məhkəməsinin hakimi David Qriqoryan Ermənistanın sabiq prezidenti, 2018-ci ilin iyul ayının 27-dən həbsdə olan Robert Koçaryanın azadlığa buraxılması barədə qərar qəbul edib. Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın kəskin etirazına səbəb olduğundan o, inqilabın ikinci və əsas mərhələsinin anonsunu verərək, əhalini yenidən meydanlara səsləyib, məhkəmə binalarını blok etməyə çağırıb. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, "Ermənistan və Qarabağ xalqları arasında düşmənçilik, parçalanma və ziddiyət yaratmaq istəyən korrupsiyalaşmış sistemin təmsilçisi olan qüvvələr var" deyən Paşinyanın sözlərinə görə, Ermənistandakı keçmiş hakimiyyət nümayəndələri Qarabağdakı əlaqələrindən Ermənistanın baş naziri və hakimiyyəti haqqında yanlış məlumatlar yaymaq üçün istifadə edir. O, bu qüvvələrin hərbi fəaliyyətləri provokasiya edərək, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini İrəvanın üzərinə atmağa çalışdıqlarını bəyan edib: "Mən bunu dövlətə xəyanət hesab edirəm. Bu cür niyyətlərin qarşısını almaq üçün sərt metodlar tətbiq edəcəyəm. Artıq 2016-cı il aprel müharibəsiylə bağlı vəziyyəti öyrənmək üçün parlament qrupu yaratmağın vaxtı çatıb".

Qeyd edək ki, Paşinyanın əhalini meydanlara səsləməsindən bir qədər sonra Qarabağ separatçılarının rəhbəri Bako Saakyan İrəvana yollanıb. Ermənistan parlamentindəki görüşlərindən sonra jurnalistlərin qarşısına çıxan Saakyan Koçaryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini bildirib. Məsələ ilə əlaqədar "Verelq" saytına müsahibə verən erməni politoloq Aleksandr İsgəndəryan isə hazırda Ermənistanda hakimiyyətin bütün qollarında institutsuzlaşdırma prosesinin getdiyini deyib: "Hakimiyyətin tranziti prosesi davam edir, amma bu proses bizim keçən ildə müşahidə etdiyimiz metodlarla aparılır. Əvvəlcə bu metodlarla icraedici, daha sonra qanunverici hakimiyyət ələ alındı. Aralıq dönəmdə o, böyük şəhərlərin lokal hakimiyyət orqanlarını ələ keçirdi. Küçələrdə dominantlıq hazırkı hakimiyyətin yeganə fəaliyyət alətidir. Hökumət bununla kifayətlənməyəcək. Biz dövlət orqanlarının çox funksiyalarının kollapsını indiyə qədər müşahidə etmişik. Məhkəmə hakimiyyətindən sonra növbə KİV-ə çatacaq". Rusiyalı politoloq Modest Kolerov isə bu qənaətdədir ki, Paşinyan məhkəmələrin giriş-çıxışlarını bağlamaq çağırışı ilə Koçaryan işinin siyasi xarakterli olduğunu və şəxsən özünün buna rəhbərlik etdiyini etiraf edib: "Paşinyan açıq şəkildə, çəkinmədən bütün məhkəmə sisteminə təzyiq edir. O özünün şəxsi problemləri ucbatından bütün sistemi dəyişməyi planlaşdırır. Paşinyan psevdoməhkəmə diktaturası qurmaq yolunu seçib".

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, Ermənistanın Daşnaksütyun Partiyası mayın 23-də mitinq keçirməyi planlaşdırır. Bu gün isə Ermənistan parlamenti növbədənkənar iclas keçirəcək. Bu barədə jurnalistlərə açıqlama verən İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın sözlərinə görə, iclas Paşinyanın məhkəmə sistemində reformlarla bağlı çıxışı ucbatından toplanır.

"Koçaryanın gözlənilmədən həbsdən azad edilməsi ilk növbədə "Qarabağ klanı"nın gücünü göstərir"

Картинки по запросу Elxan Şahinoğlu

Beləliklə, "Hürriyyət" xəbər verir ki, Ermənistanda yaşanan olayları şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Koçaryanın gözlənilmədən həbsdən azad edilməsi ilk növbədə "Qarabağ klanı"nın gücünü göstərir: "Ermənistanda bir hakim tapılmadı ki, Koçaryanın həbs müddətini uzatsın. Koçaryanın məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə "Qarabağ klanı"nın liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Koçaryan və onun arxasındakı güclərin hazırkı baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi. Bu cür yalnız Koçaryanı həbsdən azad edən hakim düşünmür". Həmçinin, politoloq bildirib ki, Koçaryanın həbsdən azad edilməsi Rusiya amilinin Ermənistanda və Dağlıq Qarabağda gücünü ortaya qoyub. Koçaryanın həbsinin onun dostu – Rusiyanın prezidenti Vladimir Putini narahat etdiyini vurğulayan Elxan Şahinoğlunun sözlərinə görə, Putin bir neçə dəfə Paşinyana "mənim dostumu azad et", deyə mesaj göndərmişdi: "Paşinyan isə hər dəfəsində bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada Koçaryanın azad edilməsi həm də Putinin Paşinyan üzərində qələbəsi idi. Bu, həm də Ermənistanda Paşinyanla Koçaryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını göstərir. Koçaryan "Qarabağ klanı"nın əsas fiqurudur. O ətrafında anti-Paşinyan qüvvələrini cəmləşdirəcək. Koçaryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. Koçaryan Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir. Moskvanın və Xankədinin dəstəyinə arxalanaraq Koçaryanın Ermənistan daxilində yeni müxalifət formalaşdıracağını proqnozlaşdırmaq olar".

"Biz Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq"

Politoloq bu qənaətdədir ki, Paşinyan-Koçaryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq: "Bir qisim Paşinyana, digəri Koçaryana dəstək verəcək. Paşinyan belə vəziyyətdə erməni lobbisinin tanınmış simaları ilə əlaqələrini gücləndirməyə çalışacaq. Ancaq "Qarabağ klanı" da boş dayanmayacaq, erməni lobbisi ilə təmaslarını artıracaq. Moskvanın Koçaryana verdiyi və verəcəyi dəstək Paşinyana Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu Paşinyan üçün təhlükəlilidir. Çünki özü istəməsə də ölkəsi Rusiyanın ən azı enerji və hərbi nəzarəti altındadır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər. Kreml Paşinyanın Qərblə təmaslarını diqqətlə izləyib və izləyəcək. Beləliklə, Paşinyan ətrafındakı halqa daralır. Koçaryanın həbsdən azad edilməsi bu bir ildə Paşinyana ən böyük zərbə və ilk böyük məğlubiyyəti idi. Paşinyan bundan yeganə çıxış yolu kimi insanları məhkəmə qarşısında etiraza səsləyib. Qəribə situasiyadır. Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər. Buna baxmayaraq, Paşinyan bu üsuldan istifadə etmək məcburiyyətində qalıb. Ancaq "Qarabağ klanı" da tərəfdarlarını hərəkətə gətirə bilər". Ermənistandakı son hadisələrin Azərbaycanda 1990-cı illərin hadisələrini xatırlatdığını deyən Elxan Şahinoğlu qeyd edib ki, o zaman erməni separatçıları Rusiyadakı havadarlarının dəstəyi ilə Azərbaycandakı siyasi xaosdan və hakimiyyət boşluğundan istifadə edərək torpaqlarımızı işğal etdilər: "İndi biz də Ermənistandakı və Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyib yaranan fürsətdən istifadə etməyə çalışmalıyıq".

"Azərbaycan Xarici İşlər Nazirliyinin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir"

Koçaryanın həbsdən azad edilməsinin Paşinyana ciddi şəkildə təsir etdiyini söyləyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Ermənistanın baş nazirinin ən diqqətən çəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır: "O deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır. Bu o deməkdir ki, Nikol Paşinyan aprel müharibəsinə görə "Qarabağ klanı"nın məsuliyyət daşıdığına eyham vurur. Komissiya yaradılacaqsa o döyüşlərdə ermənilərin itkilərinə də ilk dəfə aydınlıq gətirmək məcburiyyətindədir. Hardan baxsaq, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, "Qarabağ klanı" onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə baş nazirin reytinqi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyənə qədər atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fürsət düşmüşkən Azərbaycan Xarici İşlər Nazirliyinin bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir".

"Koçaryan Moskvanın təlimatı ilə "Qarabağ klanı"nı ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək"

Картинки по запросу Məhəmməd Əsədullazadə

"Hürriyyət"in məlumatına görə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Paşinyanın ikinci inqilab anonsu verməsi ona qarşı əks-inqilabın hazırlanmasını önləməyə hesablanıb. Politoloq onu da bildirib ki, Koçaryan Moskvanın təlimatı ilə "Qarabağ klanı"nı ətrafında sıx birləşdirib Paşinyana qarşı hərəkətə keçəcək: "Koçaryanın Rusiyaya getməməsi, həbsdən əvvəl və sonra Ermənistanda qalması əsasən, siyasi proseslərdə aktiv fəaliyyətə keçməsi üçün idi. Proseslər Paşinyanın əleyhinə işləyir və "Qarabağ klanı" ona qarşı əks-inqilab hazırlayır. Lakin "Qarabağ klanı"nın qalib gəlmək şansı yoxdur. Çünki Ermənistan vətəndaşları aktiv şəkildə Paşinyanı müdafiə edəcək. "Qarabağ klanı" ordu vasitəsi ilə yalnız hakimiyyətə əl qoya bilər. Bu da Ermənistanda qanlı vətəndaş qarşıdurmasına gətirə bilər". Paşinyanın "Qarabağ klanı" qarşısında zəifliyinin ortada olduğuna diqqət çəkən politoloqun sözlərinə görə, onun nümayişlərə start verməsi hüquq sistemində, məhkəmə sahəsində dəyişikliklərə gətirəcək: "Paşinyanın səhv siyasəti bu gün onun devrilməsini gündəmə daşıyıb. Göründüyü kimi, Koçaryanın həbsdən azadlığı Ermənistanda yeni siyasi proseslərə strart vermiş oldu. Gələn il qondarma rejimdə keçirilən seçkilərdə Koçaryan rejimin başına gətirilə bilər. Baş verən ssenarilər Kremldən idarə olunur və Paşinyan üçün siyasi gərginlik dövrü başlayır. Ermənistanda baş verənlər Qarabağ danışıqlarında Paşinyanın daha da sərt mövqe tutmasına gətirəcək. Ümumiyyətlə, danışıqlarda "Qarabağ klanı"ndan çəkindiyi üçün heç bir kompromis variantla razılaşmayacaq".

"Bu hadisə göstərdi ki, radikal sistem dəyişikliyini gecikdirmək yeni hökumətin sonunu gətirə bilər"

Картинки по запросу Şahin Cəfərli

Politoloq Şahin Cəfərli də bu qənaətdədir ki, artıq Ermənistanda inqilabın ikinci mərhələsi başlayır. O, qeyd edib ki, inqilabdan sonra "Qarabağ klanı" icra və qanunverici hakimiyyətdən qovulsa da, bürokratik aparatda və məhkəmə sistemində gücünü saxlayıb: "Hələ ki Paşinyan bu sahədə dəyişiklik edə bilməyib, bunun əsas səbəblərindən biri onun kadr ehtiyatının zəif olmasıdır. Lakin Koçaryanla bağlı presedent baş nazir üçün həyəcan siqnaldır. Bu hadisə göstərdi ki, radikal sistem dəyişikliyini gecikdirmək yeni hökumətin sonunu gətirə bilər. Bura postsovet məkanıdır, əgər dövlət aparatında və toplumda hakimiyyətin zəifliyi, proseslərə nəzarət edə bilmədiyi haqda təsəvvür yaranarsa və möhkəmlənərsə, o iqtidarın ayaqda qalmaq şansı olmaz. Digər tərəfdən, Koçaryan Ermənistanda böyük nüfuza malik olmasa da, Dağlıq Qarabağda gücünü qoruyur və arxasında Rusiya dayanıb. Təsadüfi deyil ki, Dağlıq Qarabağdakı separatçı-işğalçı rejimin indiki və keçmiş rəhbərləri - Saakyan və Qukasyan məhkəməyə müraciət edərək onu şəxsi zaminliklərinə götürdülər. Söz-söhbət var ki, Koçaryan Dağlıq Qarabağa qayıdıb, orada gələn il keçiriləcək seçkidə yenidən prezident ola bilər. Heç Xankəndinə dönməsə belə o, İrəvanda Paşinyan üçün ciddi başağrısı olacaq, çünki qondarma rejim və oradakı silahlı dəstələr üzərində təsir imkanları var, xarici əlaqələri də öz yerində". Onun fikrincə, Paşinyan bütün bunları yaxşı anladığından, proseslərin bu ssenari üzrə inkişafını əngəlləməyə çalışır və yenidən özünün başlıca resursu olan xalq dəstəyinə əl atıb.

"Paşinyan üçün Koçaryanın həbsdə qalması olduqca vacib idi"

Uzun müddətdir ki, Koçaryanla bağlı Paşinyana qarşı təzyiqlərin artdığını deyən müstəqil ekspert Kamran Sultanlı isə bildirib ki, son dövrlər daxildə Paşinyana qarşı yeni siyasi partiyanın yaradılacağı vurğulanır: "Koçaryanın uzun müddətdən sonra azadlığa buraxılması Paşinyan üçün mənfi dividentdir. Paşinyan xalqa 1 mart hadisələrinin qurbanlarını məsuliyyətə cəlb edəcəyini vəd vermişdi. Lakin uzun müddət keçsə də, Paşinyan vədlərini yerinə yetirə bilmədi. Buna qədər keçmiş müdafiə naziri Seyran Ohanyan azadlıqdadır. Sarkisyan istədiyi an Qarabağdadır. Hətta Serjin "Qarabağ klanı"na təsir imkanları da qalmaqdadır. Xaçaturovu həbs edə bilmədi. Üstəlik, aprel müharibəsində baş qərargah rəisi olan və İrəvan ermənləri arasında nüfuzu aşağı olan şəxsi yenidən özünə baş qərargah rəisi təyin etməyə məcbur oldu. Ümumiyyətlə, Paşinyan üçün Koçaryanın həbsdə qalması olduqca vacib idi. Lakin görünən odur ki, "Qarabağ klanı" təzyiqləri maksimum sürətdə artırır. Bəllidir ki, "Qarabağ klanı"nın birbaşa Kremlə yaxınlığı var. Moskva Qarabağ separatçılarından Paşinyana qarşı təzyiq olaraq istifadə edir. Paşinyanın qondarma rejimin danışıqlarında iştirakını təkidlə qeyd etməsi, həmçinin oğlunu Qarabağda xidmətə göndərməsi, bugünkü çıxışında isə "Əgər Qarabağ danışıqlarda iştirak etmirsə, deməli onu Ermənistan ərazisi sayırsız, O zaman sənədlərdə qeyd edək" kimi fikirləri birbaşa daxili auditoriya üçün hesablanıb. Onu da qeyd edim ki, son dövrlər daxildə Paşinyana qarşı yeni siyasi partiyanın yaradılacağı da qeyd edilir. Parlament tərkibində "Mənim Addımım Bloku" ilə "Çarukyan bloku" arasında müxtəlif gərginliklər var. Paşinyan ciddi təzyiqlər altındadır. Onun tez-tez Rusiyaya səfər etməsinin əsas səbəbi şimal qonşumuzla münasibətləri nizama salmaq və gələn təhdidləri önləmək üçündür. Lakin görünən odur ki, Moskva yenidən Qarabağ kartından daxildə Paşinyana qarşı istifadə etməyə çalışır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA