Köhnə yaranın qaysağı - Hindistan və Pakistanı kim savaşdırmaq istəyir?

Köhnə yaranın qaysağı - Hindistan və Pakistanı kim savaşdırmaq istəyir?

Hindistan və Pakistan arasında böhranın yaranmasına səbəb olan Kəşmir terrorunu həyata keçirən “Ceyşi Məhəmməd” təşkilatının lideri Məsud Azhar Pakistan ərazisindədir. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi CNN-ə bildirib ki, Azhar Pakistan ərazisindədir və vəziyyəti “evini tərk edə bilməyəcək qədər pisdir”. Jurnalistin, Azharın nə üçün həbs olunmadığı ilə bağlı sualına cavab olaraq Qureyşi deyib ki, terror hücumu ilə bağlantısının olması ilə bağlı sağlam dəlillər yoxdur. Xarici işlər naziri onu da əlavə edib ki, əgər Hindistan hökumətində Pakistan məhkəmələrində qəbul edilə biləcək dəlillər varsa onu müstəqil məhkəməyə təqdim etməli və məhkəməni inandırmalıdır.

Xatırladaq ki, fevralın 14-də Cammu-Kəşmir ştatında Hindistan ordusunun maşın karvanına qarşı törədilmiş terror aktı nəticəsində son məlumatlara görə 44 nəfər ölüb, 20 hərbçi isə yaralanıb. Terror hadisəsinin məsuliyyətini mərkəzi qərargahı Pakistanda yerləşən “Ceyşi Məhəmməd” (Məhəmməd Ordusu) adlı qruplaşma öz üzərinə götürüb.

Bu hadisədən 12 gün sonra fevralın 26-da Hindistan ordusuna aid təyyarələr 50 ildən sonra ilk dəfə sərhədi keçərək Pakistan ərazisindəki terror düşərgələrini bombalayıb.

Qeyd edək ki, rəsmi Dehli Pakistan dövlətini terroru dəstəkləməkdə ittiham edir. Hindistan hökuməti Pakistan ərazisindəki terror düşərgələri ilə bağlı məlumatları Pakistan hökumətinə təqdim etdiklərini bildirir. İslamabad isə Hindistanın hava hücumundan sonra onlara məlumat göndərdiyini bildirib.

Hindistan hökuməti isə bəyan edib ki. ikinci bir terror hücumunun olacağı ilə bağlı məlumat əldə etdikdən sonra Pakistan ərazisində yerləşən “Ceyşi Məhəmməd” təşkilatına aid düşərgələri bombalayıb. Bu zaman Pakistan ordusu Hindistana məxsus iki təyyarənin vurulduğunu bildirib. Hindistan isə Pakistana aid bir təyyarənin vurduğunu, bir təyyarəni isə itirdiyini bəyan edib. bundan sonra iki ölkə arasında gərginlik ən yüksək həddə çatıb. Hətta bəziləri iki ölkəı arasında növbəti – 4-cü savaşın başlayacağı ilə bağlı proqnozlar verməyə başlayıb.

Hindistan isə növbəti dəfə Kəşmirlə bağlı ciddi qərarlar qəbul edib. Baş nazir Narendra Modi hökuməti bəzi şəxslərə qarşı hüquqi məhdudiyyətləri ləğv edib. Qərara əsasən iki ölkə arasında sərhəd xəttinin bitişdiyi yerdə, mühafizə altında olan ərazilərdə yaşayan əhali ilə Kəşmir nəzarət xətti içərisində yaşayan əhali ilə bərabər təhsil və iş imkanları tanıyacaq. Bundan başqa hökumət Kəşmirdə əsas müsaləman təşkilatı olan “Camaati İslami Kəşmir” təşkilatının fəaliyyətini qadağan edib. Hökumətin qərarında deyilir ki, “Camaati İslami Kəşmir” separatçılıq fəaliyyətini qızışdırır, təcavüzkar hərəkətlərə dəstək verir və zorakılığı təşviq etdiyi üçün 5 il ərzində qadağan edilir.

Qeyd edək ki, 1947-ci ildə Pakistan və Hindistan dövləti yarandıqdan sonra hər iki dövlət Kəşmirə iddia edib. İki il davam edən münaqişədən sonra Kəşmirin bir hissəsi Pakistan, bir hissəsi isə 1952-ci ildə Hindistan ərazilərinə daxil edilib. Sonrakı illərdə isə Kəşmirin şimal hissəsi Çin tərəfindən ələ keçirilib. Ancaq əhalisinin çox hissəsi müsəlman olan Kəşmirdə zaman-zaman Hindistan ordusu və polisi ilə toqquşmalar qeydə alınır. Bu cür silahlı hücumları isə bir qayda olaraq islamçı silahlı qruplar həyata keçirir.

Sonuncu Kəşmir hücumunu həyata keçirən “Ceyşi Məhəmməd” qruplaşması Kəşmirin Pakistana birləşdirilməsini tələb edən və bunun üçün silahlı mübarizə apardığını elan edən silahlı qruplaşmadır. Ancaq qruplaşma bununla da kifayətlənmir, Kəşmirin azad edilməsindən sonra Hindistandakı bütün müsəlmanların “xilas edilməsi” üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.

“Ceyşi Məhəmməd” təşkilatı 1999-cu ildə Pakistandan olan din xadimi, Əfqanıstan Talibanı ilə əlaqələri olan Məsud Azhar tərəfindən yaradılıb. Daha əvvəl Hindistanda həbs olunan Azhar Əfqanıstana qaçırılmış Hindistan Hava Yollarına məxsus təyyarənin heyəti və sərnişinləri ilə dəyişdirilib. Azhar bundan əvvəl Taliban lideri Molla Ömər və əl-Qaidə lideri Usama bin Laden ilə görüşüb. Bu günə qədər bir sıra terror hücumlarının məsuliyyətini “Ceyşi Məhəmməd” öz üzərinə götürüb. Ancaq 2011-ci ildə Dehlidə Hindistan parlamenti binasına həyata keçirilən terror hücumuna görə “Ceyşi Məhəmmədi” ittiham etsə də, təşkilat ittihamları rədd edib. Məhz bu hadisədən sonra Pakistan hökuməti “Ceyşi Məhəmmədi” təşkilatının fəaliyyətini yasaqlayıb.

Lakin bundan sonra terror hücumlarını “Afzal Quru”, “Əl-Murabitin” və “Təhriki Furkan” adlı qruplaşmalar törədir. Hindistanla yanaşı BMT, ABŞ, Britaniya və daha bir neçə ölkə “Ceyşi Məhəmmədi” terror təşkilatı kimi tanıyıb. 2017-ci ilin dekabrında “Ceyşi Məhəmməd” təşkilatının hərbi qanadının komandiri Nur Məhəmməd Tantray Hindistan ordusu tərəfindən öldürülüb və bu hadisə qruplaşmaya ciddi zərbə olub. Hindistan hökuməti dəfələrlə Azharı tələb etsə də, Pakistan hökuməti “yetərli dəlil olmadığını” əsas gətirərək imtina edir. Maraqlıdır ki, Hindistan BMT-də Azharın qlobal miqyasda terrorçu elan olunması ilə bağlı məsələ qaldırsa da, Çinin veto etməsi səbəbilə bu qanun qəbul olunmayıb.

Hindistan dövləti Pakistanı “Ceyşi Məhəmməd”i himayə etməkdə ittiham edir. Ancaq qruplaşma zaman-zaman Pakistanı da hədəfə alır. 2013-cü ildə sözügedən qruplaşma Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd təşkil edib.

Məsələ ondadır ki. hər nə qədər indi səhnədə əsasən Hindistan və Pakistan, bir də terror təşkilatı görünsə də, əslində arxa planda daha böyük bir “oyunçu heyətini” görmək mümkündür. Əvvəla, Kəşmir təkcə iki ölkənin – Hindistan və Pakistanın deyil, həm də Çinin iddia etdiyi, bir qisim ərazisini ələ keçirdiyi bölgədir. Yəni burada həm də Çin maraqlı tərəfdir. Maraqlıdır ki, ötən gün Britaniyanın İndependent qəzeti Hindistan və Pakistan arasında gərginliyin arxasında İsrailin (!?) ola biləcəyi haqda məqalə yayıb. Bunun nə qədər həqiqətə olduğunu bir kənara qoysaq, iddianın özü bir başqa məsələyə işıq tutur. Bu münaqişədə tərəf çoxdur. Hindistan sürətlə inkişaf edən və yaxın 10 ildə dünyanın ən böyük iqtisadiyyatına çevriləcəyi gözlənilən bir ölkədir. Eyni zamanda son illərdə Qərblə münasibətləri xeyli soyuqlaşan Pakistan demək olar ki, xarici yardımlardan, xüsusən də Çin və ərəb sərmayəsindən asılı halda olan bir ölkəyə çevrilib. Yəni indi Pakistanla Hindistanın savaşması hər iki ölkənin ağır zərbə alması, Hindistanın iqtisadi inkişafının geriləməsi, Pakistanın isə müharibə sayəsində borcları artıb daha da asılı bir ölkəyə çevrilməsi deməkdir. Bu isə indi Çindən Qərbə doğru bir çox ölkənin işinə yaraya bilər. Yalnız Hindistan və Pakistandan başqa. Hər iki ölkə bir mənada təhlükənin və təxribatın fərqindədir. Həm İmran xan, həm də Modinin son gərginlikdən sonrakı açıqlamaları bunu deyir. Hər iki ölkənin rəhbərliyi savaşmaq istəmir. Amma heç kim savaş ritorikasını yumşaltmaq istəmir. Bu isə indiki şəraitdə uğur sayıla bilər.\\Yeni Müsavat

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA