“Komissiyaya sübut etdim ki, bu akt cinayətkarcasına dəyişdirilib” - HACIBABA ƏZİMOV

“Komissiyaya sübut etdim ki, bu akt cinayətkarcasına dəyişdirilib” - HACIBABA ƏZİMOV

Hacıbaba Əzimov: “Mütəllibov Moskvanı qəzəbləndirə bilən maddələri çıxartdırıb, sonra Konstitusiya Aktına imza atmışdı”

“Ayaz Mütəllibova imkan vermədim, bu tarixi sənədi bərpa etdirdim”

“Konstitusiya Aktının müəllifi ancaq deputat ola bilərdi...”

1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, cəmiyyətdə “istiqlalçı deputat” olaraq tanınan, 1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olan, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun 80 yaş tamam olur. “Hürriyyət”in kollektivinin təbrikini çatdırmaq və bəzi suallarımıza cavab almaq məqsədilə Hacıbaba Əzimovla söhbətləşdik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/yasin_deyeri_insanin_heyatda_gorduyu_islerle_olculmelidir_-_hacibaba_zimov

- Hacıbaba müəllim, bildiyimizə görə partiyanızı da dağıtmaq istəyiblər. Bunun səbəbi nə idi?

- Bəli, bu hakimyyət məni işsiz qoyandan sonra partiyamızı da dağıtmağa başladı. Çünki bizim partiyanın adında “Vahid Azərbaycan” sözü var. Buna görə İrana deyirdilər ki, guya, mən İranı parçalamaq, dağıtmaq istəyirəm. Amma, düzü, bizim elə bir niyyətimiz olmayıb. Biz “Vahid Azərbaycan” deyəndə, qarşımıza öz Azərbayanımızın bütövlüyünü, vahidliyini, həm də xalqın milli birliyini qorumaq məqsədi qoymuşduq. Bunun üçün də indiyə qədər də çalışırıq. Buna baxmayaraq İran, xüsusilə Rusiya kəşfiyyatı plan qurdular və mənim işdən çıxarılmağımda da onların çox mühüm rolu olub. Bunu mən demirəm, bunu müvafiq orqanların rəhbərləri sonra mənə deyiblər ki, belə bir plan var idi. Bu gizli plan idi. Dedim mənə niyə deməmisiniz? Dedilər bizim deməyə ixtiyarımız yox idi. Amma özümüz müvafiq yerlərə, rəhbərliyə yazmışıq ki, belə bir plan var, universitetin rektorunu kənarlaşdırmaq istəyirlər.

Xarici kəşfiyyatla hakimiyyət rəhbərliyi birləşdilər, məni həm yaratdığım, respublikada çox nüfuz qazanmış universitetdən kənarlaşdırdılar, həm də işsiz qoydular.

-Siz Konstitusiya Aktının müəlliflərindən birisiniz. Bu Aktın yaranma tarixi barədə nə deyə bilərsiniz? Bu zaman da hər hansı təzyiqlə üzləşmisiniz?

-Adamlar bəzən deyirlər ki, sənəddi hazırlayıb, qəbul ediblər. Danışmağa nə var ki. İlk Konstitusiya Aktı çox çətin başa gəlib. Sizə hamısını təfsilatı ilə izah etməyə imkan yoxdur. 1-2 məqamı deyim. Mən deputat olan kimi Cəbhənin qərargahına getdim, Əbülfəz bəylə, İsa bəylə, Tamerlan Qarayev və başqaları ilə görüşdüm. Dedim mən sizinlə olacağam. Hələ onda Ali Sovet işinə başlamamışdı. Mən onlarla sentyabr ayında görüşmüşəm. 1990-cı ilin axırında biz “demblok” yaratdıq. Adını da Müstəqil Azərbaycan Deputat Bloku qoyduq. Mən o blokun təsisçilərindən biri oldum. Biz müəyyən planlar hazırlayırdıq ki, müstəqilliyə nail olmaq üçün nə işlər görməliyik. 1991-ci il fevral ayının 5-dən Ali Sovet öz işinə başladı və deputatların da səlahiyyətləri təsdiq olundu. Buna bəzən “Ali Sovetin deputatı” deyirlər. “Ali Sovetin deputatı” sözü olmayıb, “Azərbaycan Respublikasının xalq deputatı” olub - bizim adımız belə idi.

Biz müstəqillik uğrunda mübarizəyə başladıq. 7 martda Mütəllibov özü Ali Sovetin Sessiyasında iştirak etdi, xahiş etdi ki, gəlin Azərbaycanda SSRİ-nin saxlanılması ilə bağlı səs verin, referendum keçirək. Onda 350 deputat var idi...

Onu da deyim ki, bəzən 360 və yaxud başqa rəqəmlər deyirlər, yalandır. 350 deputat idik. 360 olmalı idi, 10 yer Dağlıq Qarabağ ermənilərinə verilmişdi. Amma onlar gəlib iştirak etmədilər. Ona görə də onların səlahiyyəti təsdiq olunmayıb. 350 səlahiyyətli deputat var idi. Bu 350 deputatın içindən cəmi 43 nəfər martın 7-dəki müzakirədə SSRİ-nin saxlanılması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əlehyinə səs verdi. Bunlardan da biri mən olmuşam. O vaxtdan həmin deputatlar “istiqlalçı deputatlar” adını qazandılar. Ancaq referendum keçirdilər, guya, xalq səs verdi. Biz sonra da mübarizə aparırdıq. Burada biz həm də xalqa istinad edirdik. Çünki o vaxt Xalq Hərəkatı çox güclü idi və müstəqillik tələb edirdilər. Biz də xalqın tələbinə uyğun olaraq Ali Sovet daxilində mübarizə aparırdıq. Nəhayət, sentyabrın axırından oktyabrın əvvəllərinə qədər nail olduq ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hazırlansın. Bunun üçün komissiya seçildi. Mən də komissiya üzvü idim. Sonra o vaxtı Ali Sovetin sədrinin birinci müavini Ziyad Səmədzadə yanıma gəldi. Dedi Hacıbaba müəllim, Ali Sovetin Rəyasət Heyəti qərara aldı ki, bu komissiyaya siz sədrlik edəsiniz, ancaq şərtlərimiz var. Dedim nə şərt? Dedi Meydan Hərakatında, “Demblok”da olan deputatlar deyir ki, SSRİ imperiya idi, qırmızı ordu Azərbaycanı işğal edib, SSRİ Azərbaycanın sərvətlərini talayıb və. s. Belə şeylər bu sənəddə olmamalıdır. Dedim nə danışırsan? Əgər mən sədr olacağamsa, bunların hamısını verəcəyəm və bir də nə mitinqlərdə, nə də “Demblok” tərəfindən belə çıxışlara ehtiyac olmayacaq, o fikirlərin hamısı burada əks olunacaq. Güldü, dedi siz ağıllı adamsınız, belə şeylər etməzsiniz. Dedim mən ağıllı olduğuma görə ancaq bu cür yaza bilərəm, başqa cür yaza bilmərəm. Əgər başqa cür istəyirsinizsə, gedib özünüzə başqa sədr tapın. Dedi yox, qərar verilib, biz o qərarı dəyişə bilmərik, mən ölkə rəhbərinin şərtlərini sizə dedim. Dedim mən də sizə sözümü dedim. Belə ayrıldıq. Mən xalqın və “demblok”un istəyini əsas tutaraq o dediklərinin hamısını yazdım. Əlbəttə, təkliflər oldu, bu təklifləri də nəzərə almışıq.

-Nə kimi təkliflər oldu?

-Etibar bəylə, Fuad Ağayev layihə vermişdi. Oktyabrın 17-də son gündə Ali Sovetin Sessiyasında dedlər ki, belə bir layihə də var. 17-si axşam Fuad Ağayev yanıma gəldi ki, bizim də layihəmiz var. Mən də Fuadı heç tanımırdım. Cavan oğlan idi. Etibar bəyin yanında olan bir adam idi. Amma biz Etibarla dost, yaxın idik. “Demblok”un həmsədrlərindən biri Etibar Məmmədov idi. Ona görə ona da hörmətim var idi. Çalışdım ki, bunların da arzusunu icra edəm, razı qalsınlar. Onların hazırladığı layihədən 2 maddə götürüb qayçı ilə kəsmişəm, mənim hazırladığım layihəyə kleyləmişəm. Çünki son məqam idi. Artıq biz bu məsələni yekunlaşdırırdıq. Oktaybrın 18-də o iki maddəni də səsvermədən keçirtdim. Beləliklə, Etibar bəy də Konstitusya Aktının müəlliflərindən biri oldu. Amma bəzən deyirlər ki, o cümlədən Etibar da deyir ki, Fuad bəy Konstitusiya Aktının müəlliflərindən biridir. Bu, hüquqa tamamilə zidd bir fikirdir. Konstitusiya Aktının müəllifi ancaq deputat ola bilərdi. Deputat parlamentdə bir maddə irəli sürürsə, o maddənin müəllifi ola bilər. Amma kənar bir adam nəsə hazırlayırsa, o müəllif ola bilməz. Çünki onun səlahiyyəti yoxdur. Amma Etibarın o cür səlahyyəti var idi. Ona görə, mən hər yerdə deyirəm ki, iki maddənin müəllifi Etibar Məmmədovdur. Tofiq Qasımov da bu işdə çox fəal iştirak etmiş adamdır. Onu da müəlliflərdən biri hesab etmək olar. Amma bu aktın əsas müəllifi var. Heç vaxt deməmişəm tək mənəm. Amma əsas müəllif olaraq mən onu hazırlamışam, Ali Sovetə təklif etmişəm. Onun videosu var, “Youtube”a qoymuşam. Mənim adımı, soyadımı “Youtube”də yazın, həmin videoya baxın, görün nə çətinliklə mən bu məsələni həll etdim. Bizim post-sovet məkanın ən mükəmməl sənədidir.

-Həmin vaxtı prezident olan Ayaz Mütəllibov deyib ki, Konstitusiya Aktına imza atmışam. O, düz deyir?

-Mütəllibov düz deyir, akta imza atıb. Ancaq o, həqiqi akta imza atmayıb, saxtalaşdırımış akta imza atdı. Mənə demişdilər ki, bu məsələlər aktda olmasın, mən o məsələlərin hamısını yazdım, Ali Sovetdən keçirtdim. Amma Mütəllibov Moskvanı qəzəbləndirə bilən maddələri çıxartdırıb, sonra ona imza atıb. Sonra mən bunu bildim. Ali Sovetdə məsələ qaldırdım, Komissiya yarandı. Komissiyaya sübut etdim ki, bu akt cinayətkarcasına dəyişdirilib. Ondan sonra, bu Ali Sovetə məruzə olundu. Mən orada sözümü dedim və Ali Sovet xüsusi qərar qəbul etdi ki, əsl mətn bərpa edilsin və mətbuatda dərc edilsin. Bax, biz bu çətinlikdən keçmişik. Bunu bu millət, cəmiyyət bilmir. Elə bilirlər ki, hər şey asanlıqla əldə olunub. Mən bununla qürur duyuram ki, ona imkan vermədim, bu tarixi sənədi bərpa etdirdim.

-Bəs mövcud Konstitusiya haqqında nə deyə bilərsiniz?

(Ardı var)

Zamir NUR

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA