“Koroğlu” stansiyasının qarşısında dayanacaq problemi - FOTOLAR

  • 2019-02-02 11:12:16
  • |
  • Sosial /

“Koroğlu” stansiyasının qarşısında dayanacaq problemi - FOTOLAR

Metronun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır. Bu barədə “Yeni Müsavat”a şikayət edən sürücülər bildiriblər ki, xüsusilə də axşam saatlarında Bakıxanov istiqamətinə hərəkətdə çətinliklə üzləşirlər. Buna səbəb isə ərazidə dayanan taksilər, mikroavtobuslardır.

Mövcud vəziyyətlə bağlı daha detallı məlumat almaq üçün əraziyə yollandıq. Müşahidə etdik ki, Bakı Nəqliyyat Agentliyi Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında avtobusların dayanması, hərəkəti üçün dairəvi xab yaradıb. Yolun əks istiqamətində isə müasir standartlara uyğun Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin tikintisi ilə bağlı lövhə vurulub. Lövhədə yaradılacaq mərkəzin 1 mərtəbəli olacağı qeyd edilib. Tikinti aparıldığı ərazinin ətrafı mühafizə məqsədilə bağlandığı üçün içəridə hansı işlərin aparıldığını görə bilmədik.

Sürücülər niyə narazıdır?

Mübadilə mərkəzinin tikilməsi səbəbindən kəndlərdən şəhərə gələn avtobuslar Olimpiya Stadionu istiqamətində, metronun çıxışının yanında olan dayanacaqda saxlamalı olurlar. Bu isə həmin istiqamətdə hərəkət edib, sağ yola keçmək istəyən sürücülərə maneə yaradır. Eyni zamanda, ərazidə xeyli sayda taksilərin də dayanması, vəziyyəti bir qədər də gərginləşdirir. Kəndlər istiqamətinə hərəkətdə isə Bakıxanova ayrılan yolda, körpünün altında xeyli sayda mikroavtobus, taksilər dayanır. Bu vəziyyət isə qeyd edilən istiqamətə hərəkət edən sürücülərin narahatlığına səbəb olur.

Taksi sürücüləri ilə söhbətimiz zamanı onların da narazı olduğunu öyrəndik. Bildirdilər ki, Bakı Nəqliyyat Agentliyi onları cərimələməyə hazırlaşır. Bu halla isə onlar razı deyillər. Taksi sürücüsü Mahir Əhmədov bildirdi ki, ərazidə taksilərin dayanması üçün yer yaradılmadan, cərimə yazılarsa, etiraz aksiyası keçirəcəklər: “Burada dayanan taksi sürücüləri keflərindən avtomobili körpünün altına salmırlar. Bizə də xoş deyil ki, gəlib yolun ortasında maşın saxlayaq, avtobus da çıxsın üstümüzə. Hazırda avtobusların dayandığı yerdə taksilər üçün də duracaq yaradılmalıdır. Yalnız bundan sonra bizə cərimə yaza bilərlər ki, yer var, ancaq siz həmin yerdə dayanmırsınız. Yoxsa hazırkı vəziyyətdə ərazidə heç bir qanuni dayanma yeri yoxdur. Uzaq kəndlərə gedənlər də 1 manat verib, taksi ilə gedirlər. Bu həm sərnişinlərə, həm də bizə sərf edir. Sərnişin var ki, burada dayanırıq də... Elə sistem qursunlar ki, hamıya sərf etsin”.

Digər taksi sürücüləri də oxşar narazılıqlarını bildirdilər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, körpünün altında dayanan nəqliyyat vasitələri dayanma-durma qaydalarını pozurlar: “Bu məsələlərlə bağlı şəhərin bir çox yerlərində xüsusi kameralar var. Həmin kameralar növbəti mərhələdə metronun ”Koroğlu" stansiyasının ətrafında quraşdırılacaq. Bundan sonra ərazidəki vəziyyət tənzimlənəcək. Yeni mübadilə mərkəzinin tikintisi isə ilin birinci yarısına qədər yekunlaşacaq. Orada müasir infrastruktur qurulduqdan sonra avtobuslar əvvəlki yerinə qaytarılacaq".

Nəqliyyat eksperti İlqar Hüseynov mövcud durumla bağlı “Yeni Müsavat”a bildirib ki, bu işlər görülən zaman bir çox məqamlar nəzərə alınmalıdır: “Ora elə bir yerdir ki, şəhərin müxtəlif istiqamətlərinə hərəkət mümkündür. Düşünürəm ki, piramidadan bir qədər irəlidə həqiqətən də xab yaradılmasına ehtiyac var. Çünki həmin istiqamətə avtobusların parklanması, digər nəqliyyat axınına problem yaradır. Hazırda dayanacaq kimi istifadə olunan yer, avtomobillərin hərəkətinə mane olur. Bu problemi aradan qaldırmaq üçün digər ərazidə müvafiq dayanacağın qurulmasına ehtiyac var. Bu məsələ daha öncə də gündəmə gəlib. Paralel olaraq ərazidə həm taksilər, həm də kiçik tutumlu avtobuslar dayanır. Nəticədə bunlar da hərəkət axınına maneə yaradırlar. Yeni parklanma piramidanin sol tərəfinə keçirilərsə, orada taksilərin də dayanması üçün şərait yaranar. Sözsüz ki, taksi durağını yaradıb, xidməti yüksək səviyyədə qurmaq olar. Belə edilərsə, nəqliyyatın axınının intensivliyi təmin olunar. Müvəqqəti olaraq ola bilsin ki, vətəndaşların narazılığı yaranacaq. Sərnişinlər də öz rahatlığını istəyir. Bunu da nəzərə almaq lazımdır. Ona görə də işlər bir qədər də sürətlənməlidir”.

“Koroğlu” stansiyasının qarşısında dayanacaq problemi
“Koroğlu” stansiyasının qarşısında dayanacaq problemi
“Koroğlu” stansiyasının qarşısında dayanacaq problemi

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA