Əkrəm İmamoğlu valiyə “it” deyibmi... - PROKURORLUĞA ŞİKAYƏT VERİLDİ

  • 2019-06-08 15:08:37
  • |
  • Region /

Əkrəm İmamoğlu valiyə “it” deyibmi... - PROKURORLUĞA ŞİKAYƏT VERİLDİ

Türkiyədə CHP və İYİ Partiyadan ibarət “Millət ittifaqı”nın İstanbul böyük şəhər bələdiyyə başqanı namizədi Əkrəm İmamoğlu barəsində Ordu Valiliyi prokurorluğa şikayət edib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl İmamoğlunun CHP-dən olan millət vəkillərinin müşaiyəti ilə Trabzon bölgəsindən qayıdarkən Ordu hava limanında təhlükəsizlik xidməti əməkdaşlarının onlara VİP-salondan isifadə icazəsi verməməsi zamanı yaranan qalmaqaldır.

Belə ki, aeroportun təhlükəsizlik əməkdaşları İmamoğlunun və yanındakıların VİP-salondan keçmək üçün imtiyazlara malik olmadıqlarını bildiriblər. Habelə İmamoğlunun üstünü detektorla axtarmaq istəyiblər. Bütün bunların valinin təlimatı ilə edildiyini çatdırıblar. Bu zaman aeroportun giriş qapısı ağzında İmamoğlunun tərəfdarları ilə təhlükəsizlik əməkdaşları arasında gərginlik yaranıb. İddialara görə İmamoğlu ona qarşı tətbiq edilən qadağanın arxasında Ordu valisi Serdar Yavuza “it” deyib.

 

İmamoğlunu dəstəkləyən FOX TV ana xəbər proqramının aparıcısı Fatih Portakal Ordu hava limanında bu sözlərin işləndiyini təsdiq edib, amma həmin görüntüləri yayımlamağı düzgün saymayıb. İnternetdə yer alan kadrlara əsasən tam olaraq İmamoğluna aid olduğu təsbit edilməyən səsdə vali haqda “it” ifadəsinin işlədildiyi eşidilir. “Bu vali tam bir it, özünə çatdırın”-həmin ifadə belədir.

İmamoğlu Ordu hava limanında valiyə “it” dediyi haqda iddialara şərh verməyib, amma vali Serdar Yavuzun dövlət postuna layiq olmayan biri olduğunu, həmin vəzifəni “işğal etdiyini” deyib.

Bu gün isə Ordu Valiliyi prokurorluğa İmamoğlunun və onu müşaiyət edənlərin barəsində şikayət ərizəsi təqdim edib. Şikayət ərizəsinə əsasən İmamoğlu İstanbula dönərkən qanuni haqqı olmadığı halda VİP-salondan istifadə etmək istəyib. Bunun qarşısı alınarkən qapı önündə gərginlik yaşanıb və İmamoğlu valini təhqir edib. Habelə onu müşaiyət edən CHP-çilər vali barəsində təhqiramiz ifadələr işlədiblər.

“VİP salonuna zorla girmə cəhdi nəticəsində yaşanan gərginlik zamanı İmamoğlunun ona müdaxilə edən polislərə xitabən “Bu sizlik bir durum deyil. Bu vali itlik edib. Özünə belə də çatdırın” deyib”-iddia ərizəsində deyilir.

Qeyd edək ki, İmamoğlu Ramazan bayramını qeyd etmək üçün iyunun 5-də doğulduğu Trabzona gedib, onun Trabzona getməsi əvvəlcədən planlaşdırılmayan izdihamlı mitinqə səbəb olub. İmamoğlu Ordu və Giresunda da izdihamlı mitinqlər keçirib.

İmamoğlunun valini "təhqir etməsi" iddiası hakimiyyət mediası tərəfindən ona qarşı güclü əks-təbliğatın başlamasına səbəb olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA