Kremli qəzəbləndirən “millətçi kommunist”in xəyanəti və ya Brejnevin cəzalandırdığı birinci katib… - FOTOLAR

  • 2019-05-22 14:26:11
  • |
  • Tarix /

Kremli qəzəbləndirən “millətçi kommunist”in xəyanəti və ya Brejnevin cəzalandırdığı birinci katib… - FOTOLAR

Onu “millətçi kommunist” adlandırıblar. Sovet rejiminin asıb-kəsdiyi bir vaxtda o, Ukraynada milli dəyərləri qorumaq, rus dilini ana dili ilə əvəzləmək üçün əlindən gələni edib. Və onun bu fəaliyyətini Kreml cavabsız qoymayıb...

“1972-ci il mayın 19-da Kremldə Mərkəzi Komitənin plenumu keçirilirdi. Nahar fasiləsi zamanı Sov.İKP Siyasi Bürosunun bir qrup üzvü Leonid İliç Brejnevin kabinetinə getdilər. Mən dəvət olunmamışdım. Hiss edirdim ki, nə isə xoşagəlməz bir hadisə olacaq. Nahar fasiləsindən sonra, iclas başlamamış Brejnev məni yanına çağırdı və söhbəti cox da uzatmadan mətləbə keçdi:

- Pyotr Yefimoviç, sənin yerini dəyişmək lazımdır. Ukraynada gənc kadrlara yer verməliyik. Sən isə Moskvaya gəl. Paytaxtda sənin üçün hər şey yaxşı olacaq.

Bu təklif mənim üçün gözlənilməz idi və mən də baş katibə fikrimi açıq bildirdim:

- Leonid İliç, gənc kadrlara birinci mərkəzdə yer verilməlidir. Mənim isə 64 yaşım var. Əgər mənim fəaliyyətimə qarşı heç bir iradınız yoxdursa, bu yerdəyişmənin əvəzinə məni təqaüdə göndərin.

- Yox, bəs bu haqda partiya fəalları nə düşünər?

- Deyərsiniz ki, yaşı və səhhətinə görə öz ərizəsi ilə gedir.

- Səni buraxa bilmərik, Moskvada həmişə mənim dəstəyimi hiss edəcəksən, birlikdə ova gedərik, razılaş.

- Əgər başqa yol yoxdursa, necə istəyirsinizsə, elə də edin...

Brejnev bu razılaşmaya çox sevindi, qalxıb mənimlə öpüşdü və sağ ol dedi...”

2.jpg (68 KB)

Bu sətirlər 1963-1972-ci illərdə Ukrayna Kommunist Partiyasının birinci katibi olan Pyotr Şelestin xatirələr kitabındandır.

Əslində Brejnevlə Şelestin arasında münasibətlər çox da soyuq olmayıb. Amma Ukrayna Brejnev üçün böyük önəm daşıdığına görə baş katib özünə daha yaxın saydığı Vladimir Şerbitskini birinci katib postunda görmək istəyib. Digər tərəfdən isə Şelestdəki millətçilik ruhu Brejnevi narahat edib...

Pyotr Şelest 1908-ci ildə Xarkovda anadan olub. İlk əmək fəaliyyətinə poçtalyon kimi başlayıb. 1923-cü ildə komsomol sıralarına daxil olub və ictimai işlərdə fəal iştirak edib. Xarkovda Artyom adına üçillik partiya məktəbində, daha sonra isə Xarkov Xalq Təsərrüfatı institutunda təhsil alıb.

Təhsilindən sonrakı fəaliyyətini komsomol və partiya orqanlarına bağlayan Şelest 1940-cı ildə Xarkov şəhər Partiya Komitəsinin müdafiə sənayesi üzrə katibi vəzifəsində çalışıb.

Bir müddət Ukraynadan uzaqlaşan Şelest 1948-ci ildə Leninqrad Aviasiya zavoduna direktor təyin edilib.

1957-1962-ci illərdə Kiyev vilayəti Partiya Komitəsinin birinci katibi vəzifəsində özünü bacarıqlı və inanılmış kadr kimi göstərən Şelest Nikita Xruşovun təşəbbüsü ilə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə katib seçilib. Bir il keçməmiş Xruşov onu daha yüksək pilləyə qaldırıb. Pyotr Şelest 1963-cü ildə Ukraynanın birinci katibi vəzifəsinin icrasına başlayıb.

3.jpg (78 KB)

Pyotr Şelest Xruşovdan bu qədər dəstək görməsinə baxmayaraq, 1964-cü ildə Brejnevin diktəsi ilə “saray çevrilişi”nin ən fəal üzvlərindən birinə çevrilib. Xruşovun vəzifəsindən kənarlaşdırılması ilə bağlı keşirilən plenumda məhz birinci çıxış edən Şelest olub. Çıxışı zamanı Xruşov müdaxilə etmək istəyəndə Şelest hətta ona səsinin tonunu da qaldırıb:

- Nikita Sergeyeviç, biz sizə çox qulaq asmışıq, indi zəhmət çəkin, siz bizə qulaq asın...

Amma bəlkə də bu “xəyanət”i edərkən Şelestin ağlına belə, gətirməyib ki, Brejnev də nə vaxtsa, onu oyundankənar vəziyyətə salacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, Brejnevin təkidindən sonra Şelest könüllü olaraq Moskvaya gəlməyə razılıq verib. Onu SSRİ Nazirlər Soveti sədrinin müavini təyin ediblər.

O, özünü bu vəzifədə rahat hiss etməyib. Xüsusilə də siyasi elitanın ona qarşı soyuq münasibəti Şelesti gərgin vəziyyətdə saxlayıb. Ukrayna Nazirlər Sovetinin sədri Vladimir Şerbitskinin Ukraynaya birinci katib seçilməsinə sərt etirazını bildirən Şelest bu münasibətə görə də təzyiqlərlə üzləşib.

Şerbitski Ukraynanın birinci katibi kimi öz vəzifəsinin icrasına başlayanda keçirdiyi ilk iclasda Şelestin Ukraynaya rəhbərlik etdiyi dövrü müzakirəyə çıxarıb və onu sərt şəkildə tənqid edərək, iclasın yekunu haqqında Kremlə yazılı arayış göndərib. Siyasi ab-havanın bulanıq olduğu bir yerdə Şelest çox tab gətirə bilməyib. O, 1973-cü ildə ərizəsini yazaraq təqaüdə çıxıb.

4.jpg (230 KB)

Şelest Ukraynanı, öz ana dilini, milli adət-ənənləri sevən, onları qoruyan bir şəxs olub. O, birinci katib olduğu dövrdə bütün mümkün imkanlardan istifadə edərək, respublikada Ukrayna dilinin daha çox tətbiq olunmasına, milli dəyərlərin daha çox təbliğinə cəhd edib. Bu milli ruh Kremli ciddi narahat edib və yuxarılar Şelesti “sözə baxmayan” kadr kimi siyasi səhnədən uzaqlaşdırmağa çalışıblar.

Pyotr Şelest təqaüdə çıxdıqdan sonra bir müddət SSRİ Aviasiya Nazirliyində təcrübə-istehsalat bürosunun rəisi vəzifəsində çalışıb.

Pyotr Şelest ömrünün son illərini xatirələr yazmağa sərf edib və onun iki kitabı işıq üşü görüb.

Sabiq birinci katib 1996-cı ildə 87 yaşında vəfat edib. Pyotr Şelest Kiyevdə dəfn olunub./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA