Krımın qədim türk torpağı olması haqda TARİXİ FAKTLAR

Krımın qədim türk torpağı olması haqda TARİXİ FAKTLAR

Antik mənbələrdə Krımın ilk sakinləri kimi kimmerlərin və iskitlərin adları çəkilir

Coğrafi mövqeyinə və əsrarəngiz təbiətinə görə “Avropanın incisi” adlandırılan Krım yarımadası hələ qədim dövrlərdən bir çox dəniz və quru yollarının, ayrı-ayrı xalqların, dövlətlərin və fərqli dinlərin təmas nöqtəsi olmuşdur. Yarımada öz adını türk mənşəli söz olan “qırım”dan (qədim türk dillərində xəndək, kiçik arx, qanov mənasını verir) götürmüşdür. Arxeoloji qazıntılar zamanı Qıyıq Oba və Bağçasaray yaxınlığından aşkar edilən qədim insan düşərgələri Krım yarımadasının antropogenez zonasına aid olduğunu sübut edir.

Antik mənbələrdə Krımın ilk sakinləri kimi kimmerlərin və iskitlərin adları çəkilir. Sonralar burada Pantikapey, Olviya, Xersones kimi koloniyalar salmış qədim ellinlər bölgəni “dumanlı və gəmgin ölkə” adlandırmışdılar. Son tədqiqatlarda Türk mənşəli olmaları sübut edilən kimmerlərin və iskitlərin (Гасанов З.Г., Царские скифы.Нью Йорк,2002; Гасанов З.Г., Киммерийцы и их место в истории. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. Баку-2008.) Krımda miladdan öncə VI-V yüzilliklərdən başlayan hökmranlığı 800 ildən çox davam etmişdir. Krımdakı iskit padşahlığının paytaxtı indi Simferopol adlandırılan Ağ Məscid şəhəri olmuşdur. Krımda iskitlərin hökmranlığına III yüzillikdə buraya soxulan qədim alman tayfalarından olan qotlar və onların müttəfiqləri olan alanlar son qoydular. Lakin onların Krımdakı ağalığı uzun sürmədi. 370-ci ildə Balamber xanın başçılıq etdiyi 100 minlik hun ordusu qotları darmadağın edərək, Krımın dağlıq hissəsinə sıxışdırdılar. Qotların törəmələri yarımadanın Rusiya tərəfindən işğalına qədər bu dağlıq bölgələrdə yaşamışdılar. Krımda kimmer və iskitlərdən sonra Türk etnik plastının ikinci qatını hunlar təşkil etmişlər. Hunlar Krıma xüsusi fikir verirdilər. 412-ci ilə qədər Avropa Hun imperatorluğunun iqamətgahı burada yerləşmiş, hunların böyük hökmdarı Atillanın güclənməsini isə orta əsr qaynaqları Krımdan aşkar edilən iki tapıntı ilə izah edirdilər. Bunlardan birincisi, “aslar tərəfindən şimala gətirilmiş Nibelunqun xəzinəsi”, ikincisi isə iskit mifologiyasına görə savaş tanrısı sayılan Aresin qılıncı hesab olunurdu (Бернштам А.Н, Очерк истории гуннов. Ленинград 1951).

Atillanın ölümündən sonra onun böyük oğlu Ərən (müxtəlif mənbələrdə İrnək, Herən, Ərnax adlanır) Krıma qayıtdı. Krıma qayıdan Ərənin ordusunun əksəriyyətini Bulqar türkləri təşkil edirdilər. Türkoloqlar “Alp Ərən” sözünün bu addan götürüldüyünü qeyd edirlər. Mənbələrin verdikləri məlumata görə, Şimali Azərbaycana gələn Ərən 451-ci ildə buradakı Sasani ordularını darmadağın edərək, Bizansın şərq sərhədləri üçün böyük təhlükə yaratmışdı. Bizansın ən qüdrətli imperatoru sayılan Yustinian (527-565) Krımın bulqarlara məxsus olmasını qəbul etməyə məcbur olmuşdu. VI yüzilliyin ortalarında Krım yarımadasının qərbində avar türkləri məskunlaşdılar. 567-ci ildə Türksənfin başçılıq etdiyi Göytürk ordusu Kerç boğazından keçərək Krımda türklərin hakimiyyətini daha da möhkəmləndirdi. 581-ci ildə Bizansın yeganə istinadgahı olan Xersonesi mühasirəyə alan Türksənf Göytürk xaqanlığında başlayan çəkişmələrə görə mühasirəni yarımçıq saxlayıb Krımı tərk etdi. Krım yarımadasında növbəti türk etnik plastı VII yüzilliyin ortalarından burada hakimiyyəti ələ almağa başlamış xəzərlərlə bağlıdır. Artıq 670-ci ildə Xersones istisna olmaqla, tamamilə xəzərlərin ixtiyarında olan yarımadanı iqamətgahı Sudakda yerləşən xəzər canişini - tarxan idarə edirdi. Ərazisi Qara dənizdən Xəzər dənizinə, Kama çayından Azərbaycanın cənubuna qədər uzanan Xəzər xaqanlığının paytaxtı əvvəlcə indiki Mahaçqala şəhəri yaxınlığında yerləşən Səməndər, sonralar isə Xəzər dənizinin şimalında salınmış İdil şəhəri olmuşdur. 710-cu ildə Krım uğrunda Bizansla Xəzər xaqanlığı arasında münaqişə başladı. Münaqişənin əsas səbəbi bir qismi Bizans hakimiyyəti altında olan Krım əhalisinin yardım üçün Xəzər xaqanına müraciət etməsi oldu. Üsyançılara başçılıq edən qaçqın tacir Vardan, hətta Xəzər xaqanının etimadını qazanaraq, xaqanın köməyilə 711-ci ildə Filipp adı ilə Bizans imperatoru oldu. Taxta çıxan kimi Filipp nəinki keçmiş imperator II Yustinianı, həm də onun Xəzər xaqanının qızından olan azyaşlı oğlu Tiberini edam etdirdi. Xaqanın qız nəvəsinin Filipp tərəfindən xaincəsinə öldürülməsi yenidən Xəzər – Bizans münasibətlərini pisləşdirdi. Lakin Cənubi Qafqaz istiqamətində daha güclü rəqibin - Ərəb xilafətinin fəallaşması Bizansı yenidən Xəzər xaqanlığı ilə yaxınlaşmağa məcbur etdi. Krım məsələsi dinc yola həll edildi. Bizans yarımadanın şərq hissəsini və qərbdəki geniş düzənlikləri xəzər xaqanlığına güzəştə getdi. Xəzərlərlə münasibətləri daha da yaxşılaşdırmaq məqsədilə Bizans imperatoru Lev İsavr 732-ci ildə Xəzər xaqanının qızı Çiçək xatını oğlu Konstantinə aldı. 775-780-ci illərdə hakimiyətdə olmuş Bizans imperatoru Çiçək xatının oğlu idi və hamı onu «Xəzər» adı ilə tanıyırdı (Артомонов М.И., История хазар. Ленинград,1962).


X əsrin II yarısında ərəb-xəzər müharibələri və ölkə ərazisində müxtəlif dinlərin yayılması nəticəsində zəifləmiş Xəzər xaqanlığının siyasi hakimiyyətinə son qoyuldu. Krımın zəngin şəhərlərini qarət edərək, çoxlu qənimətlə qayıdan Kiyev knyazı Svyatoslav Dnepr astanalarında başqa bir türk xalqı - peçeneqlərlə döyüşdə öldürüldü. Krım yarımadasında növbəti türk etnik plastının - peçeneqlərin və qıpçaqların (kuman) 300 il davam etmiş hakimiyyətləri dövrü başladı. XI yüzillikdə Şimali Qafqaz və Mərkəzi Asiyadakı qıpçaqlardan fərqli olaraq, Krımda məskunlaşan qıpçaqlar arasında islam dini yayılmağa başladı. Krım qıpçaqlarının paytaxtı o dövrün ən böyük ticarət limanlarından sayılan Sudaq şəhəri idi. Bu şəhər barəsində İbn əl-Əsir yazırdı: “Qıpçaqların bu şəhərinə yan alan gəmilər müxtəlif libaslar gətirib satır, sonra isə o pula kölələr və bu torpaqlarda bol olan burtas xəzləri alıb aparırlar”. Krımın qıpçaq dövrünə aid mədəniyyət nümunələri arasında daşdan yonulmuş insan heykəlləri xüsusi yer tutur. İndinin özündə də şimal-qərbi Krımda torpağı şumlayarkən bu heykəllər üzə çıxırlar. Qıpçaqların Krımdakı hökmranlıqları zamanı həm də ümumtürk mənəvi dəyərləri inkişaf edirdi. Məhz bu dövrdə Krım qıpçaqları içərisində “Leyli və Məcnun”, “Yusif və Züleyxa” əsərləri geniş yayılmışdı. XII-XIII yüzilliklərə aid edilən “Kodeks Kumanikus” adlı lüğət Krımdakı müsəlman - qıpçaq mədəniyyətinin şah əsərlərindən hesab edilir. Hətta türkoloqların əksəriyyəti Krım türklərinin yazılı ədəbi dilinin qıpçaq (kuman) dili əsasında formalaşdığını qeyd edirlər.


1222-ci ildə Sudaq şəhəri Kiçik Asiyadakı Rum səlcuq sultanı Əlaəddin Keyqubadın sərkərdəsi Hüsaməddin Çoban tərəfindən tutuldu. 1239-cu ildə Batı xanın başçılığı ilə monqollar tərəfindən işğal edilənə qədər şəhər Rum səlcuq sultanının hərbi qarnizonu tərəfindən mühafizə olunurdu. 1242-ci ildə Krım Qızıl Ordanın tərkibinə qatıldı. Bərkə xanın hakimiyyəti illərində (1257-1266) İslamın qəbul edilməsi nəticəsində qonşu müsəlman dövlətləri - Rum səlcuq və Misir məmlük sultanlıqları ilə dostluq əlaqələri yaradıldı. 1269-cu ildə Qızıl Orda xanının icazəsilə Solxat və Sudaka Kiçik Asiyadan İzəddin sultanın oğlu və Sarı Saltak bəyin başçılığı ilə xeyli oğuz-səlcuq ailəsi yerləşdirildi, Misir məmlük sultanı Bəybars Burcoğlu (Borçalu) Solxat şəhərində möhtəşəm bir məscid inşa etdirdi.

XV yüzilliyin I yarısında Qızıl Orda dövləti xanlıqlara parçalandı. İrtış və Tobol çayları arasında Sibir, Volqanın orta axarlarında Qazan, Xəzər dənizinin şimalında Həştərxan, Krım yarımadasında və Qara dənizin şimalında isə əsası 1441-ci ildə Hacı Gəray tərəfindən qoyulan Krım xanlığı yarandı.

Lütfi MƏMMƏDOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA