Lerikdə meşəbəyi əvvəlcə döyüldü, sonra isə həbs edildi - FOTO

  • 2019-04-15 16:16:04
  • |
  • Ölkə /

Lerikdə meşəbəyi əvvəlcə döyüldü, sonra isə həbs edildi - FOTO

Lerik rayonu Tikəband kənd sakini Akif Sərdar oğlu Şirvanov həmin rayonda meşəbəyi işləyən oğlu Elxan Şirvanovun öz vəzifəsini yerinə yetirərkən öncə döyüldüyünü, sonra isə həbs etdirildiyini bildirib.

Musavat.com-a şikayət ünvanlayan Lerik sakininin sözlərinə görə, oğlu Elxan Şirvanov Lerik meşəçiliyinin 16 saylı meşə dolayısında meşə gözətçisi işləyib. Bu ilin yanvarın 16-da gecə ilə ağacları qırıb, aparmağa çalışan Hücü kənd sakinləri Şabanov Asif İslam oğlu və Şabanov Saleh İslam oğlunun hücumuna məruz qalaraq, döyülüb: “Oğlum yanvarın 16-da axşam saat 22:20 radələrində qoruduğu ərazini mühafizə edərkən ağacları qırıb, maşına yükləyən iki qardaşı yaxalayıb. Bu əməllərinin qarşısını almaq istədikdə isə onlar tərəfindən döyülüb. Elxan Şirvanov həmin vaxt “102 xidməti”nə müraciət edib, Lerik rayon Polis İdarəsinin işçilərinə döyülməsi barədə məlumat verib. Xəsarətin qeydə alınması barədə Lənkəran Tibbi Ekspertiza Mərkəzinə müraciət edib. Bunun üzərindən xeyli vaxt keçdikdən sonra Elxanı aprelin 11-də Lerik Rayon Məhkəməsinə dəvət ediblər. Həmin vaxt hakim tərəfindən oğlum Elxan Şirvanovun barəsində 10 sutka həbs-qəti imkan tədbiri seçilib”.

Zərərçəkmişin atası bizə onu da bildirdi ki, iş düzgün aparılmayıb, meşəni qıranlar deyil, oğlu həbs edilib: “Hakimin bu prosesdən xəbəri olmadığından oğluma həbs cəzası verib. Oğlum isə onların ağacları qırıb, maşınla apararkən yaxaladığı anın videosunu çəkib. Lakin bu video istintaqda göstərilməyib”.

Elxan.jpeg (44 KB)
Döyülən meşəbəyi Elxan Şirvanov

Qeyd edək ki, zərərçəkən tərəfindən bu video musavat.com-a göndərilib. Videodan açıq-aşkar görünür ki, Asif və Saleh adlı qardaşlar meşədən 43-BC-112 dövlət nömrə nişanlı yük maşını ilə ağacları qırıb, aparırlar. Videodan o da aydın olur ki, qardaşlar bu əməllərini gizli aparmağa çalışırlar, başlarına taxdıqları fanarın işığı ilə işləyir, maşının işığını belə, yandırmırlar.

Akif Şirvanov saytımıza müraciət edərək, məsələnin ictimailəşdirilməsini və oğlunun üzərindən haqsız olaraq məhkum edildiyi 10 sutkalıq həbs cəzasının götürülməsini istəyib.

Məsələ ilə bağlı adı çəkilən Asif Şabanovla da əlaqə saxladıq. Qarşı tərəf bildirdi ki, hadisə zamanı döyülən meşə gözətçisi Elxan Şirvanov yox, öz qardaşı Saleh Şabanov olub: “Biz meşədə yıxılan bir quru ağacı kəsib, evə gətirmək istəyirdik, qaz yoxdur deyə ondan yanacaq kimi istifadə edirik. Qardaşım bu ağacı doğrayıb, yığmışdı. Mənə də zəng etdi ki, Niyazi adlı meşəbəyidən icazə almışam, gəl, bunları evə aparaq. Biz odunu maşına yükləməyə gedəndə at səsi gəldi, Elxan Şirvanov atın üstündə gəldi. Mən heç maşından düşmədim. Bizdən soruşdu ki, sizə kim icazə verib, dedik ki, Niyazi ilə danışmışıq. Söhbət əsnasında mübahisə düşdü, o, beli götürüb, Salehə 2-3 zərbə vurdu, yeznəsi də orada idi. Sonra atla çıxıb getdi. Biz də səhəri gün Salehi həkimə apardıq, şikayət verdik. Bu xəsarətin polisdə şəkilləri də var, zərbə yerləri göyərib, ayağı şişib”.

Akif Şirvanov isə Asif Şabanovun dediklərini yalan adlandıraraq, bu arqumentləri irəli sürdü: “Əgər onlar həqiqətən icazə almışdılarsa, nəyə görə gecənin qaranlığında fanar işığı ilə gəlirdilər, gündüz vaxtı açıq-aşkar gələ bilməzdilərmi? Bundan başqa, onlar sadəcə quru ağacları deyil, 5 ədəd yaşıl ağacı da kəsiblər. Evlərində dəzgahları var, pəncərə çərçivəsi, qapı, bel sapı, balta sapı və sair düzəldib, satırlar. Çörəkləri bundan çıxır. Mənim yeznəm ümumiyyətlə, orada olmayıb. Oğlum aldığı xəsarətlə bağlı ekspertizaya müraciət edib, ekspert ona rəy verib. Videoda da görünür ki, oğlum öz müdiri ilə danışır, o da tapşırıq verir ki, ağac qıranları qov, meşədən çıxart. Bundan sonra aralarında mübahisə başlayır, oğlumu döyüblər. Onlar iki qardaş olub, oğlum isə tək. Digər tərəfdən əgər döyübsə də, mənim oğlum onları evində döyməyib. Bu, meşədə öz vəzifəsini yerinə yetirərkən baş verib. Onlar isə meşəyə oğurluğa gəliblər. Oğlum 10 günlük həbs olunub, xahiş edirəm ki, ədalət bərpa olunsun”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA