Ələsgər Ələkbərov və Bakı Türk İşçi Teatrı

Ələsgər Ələkbərov və Bakı Türk İşçi Teatrı

Teatr texnikumunda təhsil aldığı müddətdə yəni 1927-ci ilin sonlarında Ələsgər Ələkbərov tələbə yoldaşları ilə birlikdə Bakı Türk İşçi Teatrında fəaliyyətə başlayır və kütləvi səhnələrə çıxır, ilk aylarda söz­süz rollar ifa etməyə başlayır. Lakin çox keçmədən onun səh­nədə sərbəstliyini və böyük istedadını hiss edib ona 1927-1928-ci illərdə bir neçə obraz tapşırırlar. Bunlardan Hacı Baxşəli və Hacı Həsən (“Ölülər”), Birinci po­­lis­men (“Fahişə”), İkinci bəhriyyə (“Hücum”), Petrosyan (“Konstantin Teryoxin”) obrazlarını yarat­mış­dır.

Onun A. İvanovun qu­ru­lu­şun­­da Azərbaycan dramaturgi­ya­sı­nın şedevri sayılan C. Məmməd­qu­lu­­zadənin “Ölülər” komediya­sın­da ya­ratdığı tipik Hacı obrazları çox sə­ciyyəvidir.

“Ölülər” ona görə cahan­şü­mül əsər sayılır ki, oradakı ko­me­di­ya ürək parçalayır, gülüş əzabdan doğur və faciəyə çevrilir.

Belə bir əsərdə Ə. Ələkbərov bur­nundan uzağı görməyən, kütbe­yin Hacı Baxşəli və xurafat yu­xu­sun­da mürgüləyən Hacı Həsən ob­razlarını ifa edirdi. Ə. Ələkbərov 18 yaşlı gənc olma­sına bax­mayaraq özün­dən təxminən 25-30 yaş böyük olan bu personajları müvəf­fə­qiy­yət­lə yaratdı. O, Hacı Həsəni müx­təlif cizgilərlə zəngin­ləş­dirmişdir. Aktyorun ifasında Hacı Həsən ailəsini faciələrə düçar edən bir atadır. Hacı Həsən-Ələkbərov oğlu İsgəndərlə söhbət­lə­rində nə qə­dər qəddardısa, Şeyx Nəsrullah ilə görüş səhələrində bir o qədər müt­hi idi. Aktyor bu iki qütbü elə inandırıcı, düşünülmüş ifa edirdi ki, tamaşaçı Hacı Həsənin halına acıyırdı.

Ə. Ələkbərovun istedadını hiss edən Bakı Türk İşçi Teatrının rəhbərliyi onu aktyor heyətinə qəbul edir.

1928-1932-ci illərdə Ə. Ələkbərov Bakı Türk İşçi Teatrında Andryan (“Qızıl trenlər”), Can­­cur Səməd (“Cancur Səməd” (“Yalançı xəstə”)), Karyagin (“Küləklər şəhəri”), Yaraşıq (“Zəlzələ”), Ban Bedjerton (“Cin tan­rısı”), İkinci carcı (“Noturdam kil­səsi”), ser Bortel (“Hind qızı”), Səlim (“İnqa”), Baba (“Qanlı səhra”), Əhmədəli (“Yan­ğın”), Müsavat əsgəri (“Yollar”), Rəcəbov (“Gizli əl”), Hacı Zəki (“Gölgə”) və başqa mü­vəf­fəqiyyətli səhnə obrazları yarat­mış­dır.

Ə. Ələkbərova Andryan Andrya­­nıç ro­lu­­nu həvalə ediləndə bu obraz onu qətiyyən sevindirmədi. Çünki, obraz aktyordan üç dəfə yaşlı idi. Ömrünün böyük bir hissəsini əziyyətlə yaşayan qoca Andryan işgüzar olmaqla yanaşı zəhmətkeş, təmizqəlbli insan idi. Aktyor obrazın əsas bu xüsusiyyətlərini tamaşaçılara çatdırırdı.

Ə. Ələkbərovun yüksək aktyor­luq bacarığı getdikcə artırdı və əsas rolları ifa etmək imkanı yarandı. Cancur Səməd rolunu Ə. Ələk­bərovdan əvvəl böyük sənət­karımız Kazım Ziya ifa etmişdir.

Bu tamaşada “...Ələkbərov zahiri görkəmdən məharətlə istifadə etmışdir. Cancur Səməd-Ələkbərov köklükdən tərpənə bilmirdi. Kəsafət onu basmışdır. Aktyor obrazın bu xüsusiyyətini daha qabarıq göstərmək üçün şişman bir görkəm almışdır. Onun enlibalaqlı şalvarı, qırmızı topa saqqalı da ümumi görkəmi ilə ahəngdar surətdə bağlı idi. Bununla Ələkbərov Cancur Səmədin zəhmətdən uzaq olan tüfeyli təbiətini ifşa edir, onu bəsləyən mühitə nifrət oyadırdı” (M. Allahverdiyev).

Tamaşada var-dövlət sahibi Cancur Səməd-Ələkbərov düşün­cə­siz və xəsisdir. Dayaz düşüncəsi ilə əlaqədar olaraq düşdüyü mühitə ta­maşaçlar gülürdü. Aktyor yaratdığı obrazın vəziyyətini dərindən dərk edərək onu xarakterik boyalarla açırdı.

Ə. Ələkbərov “Hind qızı” əsərlində əyalət hakimi, polkovnik ser Bortel obrazını çox yüksək sənətkarlıqla ifa etmişdir. O, ingilis müstəmləkəçisi ser Bortelin qəddarlığını, daxili eybəcərliyini aç­maq­la son dərəcə böyük, dramatik ampulaya malik olduğunu sübut etdi. Ser Bortel-Ələkbərov sakit görünməsinə baxma­ya­raq, içəri­sində gizlənmiş vəhşi təbiətini məharətlə tamaşaçılara gös­tə­rir­di.

“Bakinski raboçi” qəzeti (22.12.1929) yazır ki; “Gənc aktyor Ələkbərovun axır vaxtlar çox irəli getdiyini qeyd etməliyik. Ələk­bə­rov bir zülmkar və həm də son dərəcə qısqanc ingilis hakimi rolunu yaratmağa tamamilə müvəffəq oldu”.

Ə. Ələkbərovun ifasında ser Bortel son dərəcə qəddar bir ingilisdir, əyalət hakimidir. Aktyor böyük sənətinin gücü ilə ser Bortel obrazını o qədər ustalıqla yaratmışdır ki, bu onun həyatında mühüm sənət hadisəsi oldu.

Ə. Ələkbərovun ser Bortelində tamaşaçıları hiddətləndirən əsas cəhətlərdən biri ətrafdakı insanları saymaması idi. Tamaşada ser Bortel sol əlindən şikəstdir. Aktyor obrazın daxili eybəcərliyunin açılmasında şikəst əlini həddindən artıq əsəbi vəziyyətdə hərəkət etdirilməsi mühüm rol oynayırdı.

Xalq artisti F. Qədri xatirələrində yazır ki; “Ələsgər Ələkbərov da çox yax­şı çıxış edirdi. İngilis ser Bortelin surətini o, monumental və parlaq bir şəkildə yaratdı. Onun uca boyu, gözəl səsi tamamilə bu surətə yaraşır və bunlardan məharətlə istifadə edirdi”

Böyük dramatik istedada malik olan Ə. Ələkbərovun ser Bor­teli xalqına qarşı olduqca qəddar idi. Görkəmli aktyor ser Bortelin bir-birinin ardınca çirkin əməllərini açıb göstərməklə tamaşaçılarda qəddarlığa, rəzalətə qarşı nifrət oyadırdı.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, Ə. Ələk­bərovun yaratdığı ser Bortel obrazı teatrın əsl sənət qələbəsi idi.

1930-cu il fevral ayının 19-da Aleksandr İvanovun qurulu­şun­da A. Qlebovun “İnqa” (“İncə”) əsəri tamaşaya qoyuldu. Burada Ələsgər Ələkbərov fabrika komitəsinin sədri Səlim Süleymanov obrazını yaratdı. Aktyorun ifasında Səlim maraqlı olmaqla yanaşı, çox hökmlü bir insan idi.

“Roboçi zritel” qəzeti (Bakı,1930, №9) yazırdı ki; “İfaçılar­dan birinci növbədə gənc aktyor Ə. Ələkbərovu qeyd etməliyik. O, iki, üç il ərzində parlaq müvəffəqiyyət qazanaraq teatrda görkəmli bir yer tutmuşdur. Şübhəsiz ki, artist öz üzərində ciddi çalışmağı və sə­yi nəticəsində gələcəkdə türk səhnəsində ən birinci yeri tuta­caqdır”.

Ə. Ələkbərov Səlim obrazını həyatda baş verən çətinlikləri müşa­hidə edərək ifa edirdi. Ona görə də aktyor öz rolunu böyük mə­həb­bətlə yaradırdı. Ə. Ələkbərovun ifasında Səlim Süleymanov son də­rəcə canlı xarakter idi. Bunun nəticəsində Ələkbərovun müxtəlif bi­çimli xarakterik rolları həm daxili və həm də zahiri cəhətdən bitkin görünürdü.

1931-ci il mart ayının 19-da tamaşaya qoyulan “Yanğın” komediyasında məşhur rejissor və aktyor Rza Darablı kütbaş, avam, qol­ço­maq əlaltısı Əhmədəli obrazını Ə. Ələkbərova tapşırmışdır. Bu rol­da 21 yaşlı çox gənc aktyorun komik imkanları bütün zənginliyi ilə üzə çıxmışdır.

“Əhmədəlinin qalın qaşları, iri burnu Ələkbərovun qəstən qro­teks vasitələrinə müraciət etdiyini göstərirdi. Ələkbərovun satirik bo­yalarla yaratdığı Əhmədəli surətinin daha da gülünc görünməsinə A.S. Gəraybəylinin ustalıqla oynadığı Məmməd Cəfər obrazı da tə­sir göstərirdi. Tamaşada hər iki aktyorun oyunu bir-birini tamam­layırdı.

Əhmədəli rolu üzərində yorul­maq bilmədən işləyib satirik bir pafosla onun iç üzünü açan Ələsgər öz aktyor­lu­ğunun yeni bir cəhə­tini biruzə ver­mə­yə mü­vəf­fəq oldu; məlim oldu ki, Ələk­bərovda dramatik hisslər nə qədər təsirli və dərindirsə, komediya səhnə­sin­dəki ba­ca­rı­ğı da bir o qədər cazıbəli və güclüdür” (M. Allahverdiyev).

Əhmədəli obrazı Ə. Ələkbərovun istedadının yeni satirik keyfiyyətini üzə çaxardı. Aktyor Əhmədli obrazınıda, ser Bortel obrazı ilə eyni səviyyədə yaratması tamaşaçıların heyrətinə səbəb olurdu. Ona qarşı inam hissini getdikcə artırırdı.

1932-ci il noyabr ayının 6-da Həbib İsmayılovun quruluşunda Seyid Hüseynin “Gölgə” pyesi Bakı Türk İşçi Teatrında tamaşaya qoyuldu. Bu əsərdə qolçomaq kimi mürəkkəb xarakterli Hacı Zəki obrazı Ə. Ələkbərova tapşırıldı. Və bu obraz onun yaradıçılıq imkanlarının hər tərəfli acılmasına imkan yaratdı.

“Ələsgər yeni həyatla barışmaq istəməyən, ona qarşı kəskin surətdə mübarizə aparan qolçomaq Hacı Zəkinin həyat idealını məntiqli boyalarla ifşa etmiş, tamaşaçılarda öz qəhrəmanına qarşı qızğın nifrət hissi oyatmışdır... Ə. Ələkbərovun yaratdığı Hacı Zəki obrazı onun bu dövrdəki mühüm sənət qələbəsi idi” (M. Allahverdiyev).

1932-ci ilin dekabr ayının 27-də Bakı Türk İşçi Teatrı Azər­baycan K(b)PMK və Xalq Komissarları Sovetinin qərarı ilə bütün yaradıcı heyət Gəncəyə köçürüldü.

O dövrdə Gəncədə hazır teatr binası yox idi. İşçi teatrının kollektivi bu müvəqqəti çətinlikdən ehtiyat edib fəaliyyətini dayan­dır­madı, şəhərin fəhlə klubunda tamaşalar göstərməyi qərara aldılar.

1933-cü il fevral ayının 20-də teatr S. Rüstəm və H. Nəzər­linin “Yanğin” tamaşası ilə fəaliyyətə başladılar. Bu tamaşa icti­maiy­yət tərəfindən böyük rəğbətlə qarşılandı. Ələsgər Ələkbərov Gən­cə­də ilk vaxtlar “Hind qızı”nda ser Bortel, “Yanğın”da Əhmədəli, “Qanlı səhra” da Baba, “Cancur Səməd” də Cancur Səməd və başqa rolları ifa etdi.

1933-cü ildə Gəncə teatrı böyük faciə aktyoru A. M. Şərif­za­dənin quruluşunda H. Cavidin “Şeyx Sənan” faciəsini və A. Şirvan­zadənin “Namus” əsərini tamaşaya qoydu. 23 yaşlı Ə. Ələkbərov bu əsərlərdə Şeyx Hadi, Şeyx Mərvan və Rüstəm rollarını məharətlə yaratdı. Gəncə Dövlət Dram Teatrı A. M. Şərifzadə kimi görkəmli sənətkarın orada fəaliyyətini nəzərə alaraq V. Şekspirin “Otello” faciəsini repertuara salmış və bu əsərə quruluş vermək üçün Ş. Rus­taveli adına Tiflis Dram Teatrının rejissoru Ş. Asxabadzeni teat­ra dəvət etmişlər. O, truppa ilə tanış olduqdan sonra Otello ob­ra­zını A. M. Şərifzadəyə, K. Ziyaya və Ə. Ələkbərova tapşırır. Lakin A. M. Şərifzadə və K. Ziya Bakı teatrlarına dəvət olunması ilə əla­qədar olaraq Ş. Asxabadze böyük həvəslə çox gənc olan Ə. Ələk­bə­rov­la Otello obrazı üzərində məşqlər edir. Lakin 1933-cu ilin oktyabr ayında onu da Bakıya, indiki Aka­demik Milli Dram Teatrına dəvət etdikləri üçün bu iş ya­rım­çıq qalır.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA