Ələsgər Ələkbərov və Cəfər Cabbarlı dramaturgiyası

Ələsgər Ələkbərov və Cəfər Cabbarlı dramaturgiyası

Görkəmli Azərbaycan aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərov yaradıcılığında Cəfər Cabbarlı dram əsərləri xüsusi yer tutur. Onun teatr sənətində parlamasında Cabbarlı dramaturgiyasının müstəsna xidmətləri vardır.

Teatra daxil olduğu ilk vaxtlardan “Od gəlini” faciəsinin qu­ru­­luş­çu rejissoru S. Mayorovun razılığı ilə Ə. Ələkbərova Aqşin ob­razı tapşırıldı.

Əlbəttə Ülvi Rəcəb kimi sənətkardan sonra bu rolu ifa etmək gənc aktyor üçün ciddi imtahan idi. Lakin o, bu imtahandan müvəffəqiyyətlə çıxdı.

Ə. Ələkbərovun ifasında Aqşin çox cəsarətli və mərd idi. Onun Aqşini böyük sənətkarlıqla yaradılmış dolğun obraz idi. Və tə­sadüfi deyil ki, tamaşadan sonra C. Cabbarlı səhnəyə çıxıb Ə. Ələk­bə­ro­vun əlini sıxaraq, o gün olsun ki, Aydın, Elxan, Otello rollarında par­layasan-demişdir. Çox təəssüf ki, böyük dramaturq bu xoş günləri görə bilmədi...

““Od gəlini”nin o zamankı tamaşalarını görənlər Aqşin rolunda çıxış edən Ələkbərovun müvəffəqiyyətini yadlarından çıxa­ra bilməzlər. Artist öz oyunu ilə təkcə Aqşinin surətini deyil, eyni zamanda Elxan surətinin də xüsusilə böyük, əzəmətli çıxmasına qüvvətli təsir göstərirdi.” (C. Məmmədov).

Ə. Ələkbərov Aqşin obrazı üzərində məsuliyyətlə işləmişdir. Onun ifasında Aqşin daxilən möhkəm, bacarıqlı, qüvvətli bir sərkərdə idi.

“Od gəlini” faciəsinin ən dəhşətli səhnələrindən biri də El­xan­la Aqşinin həbsxanada görüş səhnəsidir. Bu səhnə nəinki Azər­bay­can hətta dünya dramaturgiyasının ən əzəmətli səhnələrindən biridir.

Bu səhnəni ifa edərkən Ə. Ələkbərov Aqşinin son dərəcə ağıl­lı və dərin düşüncəli olmasını mükəmməl detallarla büruzə verirdi.

“Bu obraz gənc artistin yüksək səhnə mədəniyyətinə və temperamentinə malik olduğunu göstərdi” (A. Qasımzadə).

Ə. Ələkbərovun ifasında Aqşin düşünülmüş, qətiyyətli bir ob­razdır. O, yaratdığı qəhrəmanı düzgün dərk etmiş və tamaşaçı yad­­daşına həkk edə bilmişdir.

C. Cabbarlının üçüncü tarixi dramı olan “1905-ci ildə” pye­sin­dəki (rej. Rza Darablı) general-qubernator (23.04.1935) Ə. Ələkbərovun ifasında öz gücünə ina­nan, mahir diplomat, fitnəkar və cəlladdır. O, əsarətdə olan in­san­ların zəif cəhətlərini bilən, onlardan məharətlə istifadə edən ikiüzlü bir siyasətçidir. Qubernator-Ələkbərov ayrı-ayrılıqda Salamovla, Ağamyanla, Bahadır bəylə danışıqları və hər dəfə öz mənafeyinin güdməsini diplomatik hərəkətlərlə göstərirdi. Qubernator-Ələkbərov hamıya çox nəzakətli görünürdü.

“Ə. Ələkbərov qubernatorun hiyləgər və riyakar varlığını açmağa müvəffəq oldu. Qubernator-Ələkbərov əlini belində çarpaz­la­yıb, aram-aram yeriyərək düşünür və sanki öz çirkin əməllərini hə­yata keçirmək üçün yeni-yeni tədbirlər hazırlayırdı. O, bütün fəaliyyətində müstəmləkəçilərin “parçala, hökm sür” prin­si­pi­ni nəzərə çatdırırdı” (M. Allahverdiyev).

Ə. Ələkbərovun ifasında qubernator anbaan dəyişməyi bacarır. Qubernator-Ələkbərov Volodinlə danışanda özünü çox mədəni, Salamovla danışarkən müsəlmanların dostu, Ağamyanla danışarkən isə özünü ermənilərin tərəfdarı kimi aparırdı.

“Onun (Ələkbərovun-İ.A.) qubernator obrazı da müvəf­fə­qiy­yətli idi, ciddi sənətkarlıq nümunəsi idi” (R. Hüseynov).

Ə. Ələkbərovun ifa etdiyi general-qubernator dolğun, real, canlı obraz idi. Aktyor qubernatoru bacarıqlı, ağıllı, hiyləgər göstər­məyə müvəffəq olmuşdur.

1937-ci ildə noyabr ayının 3-də “1905-ci ildə” əsəri ta­ma­şa­cıların sərancamına verili və Əmi­­ras­lan bəy Salamov rolu Ə. Ələk­bə­rov canlandırdı. Əlbəttə İ. Hidayət­za­də­dən və M. A. Əliyevdən sonra bu ob­razı yaratmaq aktyordan böyük ba­ca­rıq tələb edirdi. Ə. Ələkbərov da bu obrazı layiqincə ifa etdi.

Salamov-Ələkbərovun ifasında yalnız küt və kobud adam deyildir. O, kapitalist mənafeyini bilən, heç kəsə güzəşt etməyən bir insan idi.

“Bu rol nadir bir təzəliyə və özünəməxsusluğa malikdir, gənc artist Ə. Ələkbərov kəskin satirik ahəngə meyl edir” (D. Qalin).

Ə. Ələkbərovun yaratdığı Salamov zəhmətkeş insanların aman­sız düşməni idi. O, kobud olmaqla yanaşı, hər şeyə pulun gözü ilə baxırdı. Aktyorun ifasında Salamovun tamaşa boyu bütün mü­ha­kimə və fikirləri sadədir, iyrəncdir.

“Oynadığı rolları bədii ümumiləşdirmə səviyyəsinə qaldırmaq, onların fərdiyyəti ilə ictimai mahiyyəti bə mövqeyi arasında vəhdət tapmaq, tip yaratmaq Ələsgər Ələkbərovun realizm məktəbinə hə­mişə sadiq olduğunu sübut edir” (M. Məmmədov).

1939-cu il sentyabr ayının 29-da “Od gə­lini” faciəsi tamaşaya qoyul­du və baş rol olan Elxan (Babək) ob­ra­zı Ə. Ələkbərova tapşırıldı.

“...Elxan-Babəkin obrazı Ələk­bə­rovun ifasında çox dərin bir mənaya malik idi. Elxan-Ələk­bə­rov xalq səadəti yolunda bütün var­lığını qurban verməyə hazır olan qorxmaz bir fədai idi” (A. Babayev).

Ə. Ələkbərovun yaratdığı El­xan mənsub olduğu xalqının düş­­mənlərini yaxından tanıyan bir insandır. O, feodal dünyasına də­­rin­dən nifrət edirdi. Elxan-Ələk­­bə­rov bütün eybəcərliklərə, haq­­­sız­lıq­lara qarşı mübarizə apa­ran və xalqının yolunda ölü­mə gedən sərkərdə idi.

Əlbəttə teatrın məşhur fa­ciə aktyoru A. M. Şərifzadən son­ra El­xan obrazını yaratmaq aktyordan böyük istedad və zəhmət tələb edirdi. Ə. Ələkbərov bu rolun öhdəsindən çox məharətlə gəldi.

Ə. Ələkbərovun Elxanı qullar dün­yasının müdafiəçisi, xal­qı­nın qəhrə­manı və mütəfəkkiri idi. Onun yaratdığı Elxan son dərəcə əzəmətli və qüdrətli təsir bağışla­yırdı. Romantik aktyor məktəbinə sadiq qalan bu bənzərsiz sənətkar obrazın daxi­linə düzgün nüfuz edə­rək onun tempera­mentini, coşqunluğunu tamaşaçıya real gös­tərirdi.

Elxan-Ələkbərov əzilən xalqa təsadüfi başçılıq etmirdi. O, xal­qın içindən çıxaraq ona rəhbərlik etmiş və rəzalətə qarşı mübarizə aparmışdır.

“Elxan surətinin əsl ictimai ma­hiy­­yətini, həqiqi ideya məzmununu düz­gün açıb göstərmək, şübhəsiz ar­tis­­tin yeni müvəffəqiyyəti idi. Bu mü­vəf­fəqiyyəti daha da dərinləşdirən bir amil var idi ki, o da Ə. Ələk­bə­ro­vun eyni tamaşada bir-birinə daban-daba­na zidd olan iki surəti eyni mü­vəf­fə­qiy­yətlə canlandırması idi. Müx­təlif xa­rakterli rolları eyni sənətkarlıq sə­viy­yəsində ifa edə bilməsi göstərirdi ki, Ə. Ələkbərov çox çəhətli istedada ma­­lik olan geniş diapazonlu artistdir” (C. Məmmədov).

Elxan-Ələkbərov xalqının ağır vəziy­yətini düşünən, ictimai quru­luş­da dönüş yaratmaq istəyən insan idi. Onun Elxanı hər hansı işgəncələrə qarşı amansız düşmən idi.

Ə. Ələkbərovun Elxanı insanlıq üçün yaşayan, fikri bəşəriy­yətin gələcəyi ilə bir olan insan kimi yaradırdı. Aktyor Elxan obrazı ilə xalqının azadlığı uğrunda çalışan mübariz qəhrəmanı tamaşaçıya böyük məhəbbətlə çatdırmışdır.

Ə. Ələkbərovun geniş diapazona malik qüdrətli sənəti sü­nilikdən çox uzaq olmuşdur. Onun ifası çox təbii idi, tamaşaçını daim düşündürürdü. Ə. Ələkbərovun səhnədə obraz yaradarkən düşdüyü psixoloji vəziyyətlərə tamaşaçılar inanırdı.

1940-cı il iyun ayının 29-da tamaşaya qoyulan “Aydın” əsərinin “Belə bir səhnə yozumunda rejissor, əsasən Aydın rolunun ifaçısı Ələsgər Ələkbərovun istedadının potensial imkanlarına ar­xa­lanmışdı” (İ. Rəhimli).

Ə. Ələkbərov ifa etdiyi Aydına yaradıcılıq nöqteyi-nəzərindən yanaşırdı. O, Aydının davranışını, danışığını son dərəcə düşünülmüş şəkildə tamaşaçılara çatdırırdı. Ə. Ələkbərovun ifasında Aydın ro­man­tik qəhrəman olmaqla bərabər, daxili temperamentə malik olan yumşaq qəlbli bir insan idi.

Ə. Ələkbərovun tamaşaçılara təqdim etdiyi Aydının faciəsinə səbəb əsasən mühit idi. O, bir çətin problem ilə üzləşəndə darıxır, da­nışmağa söz tara bilmir və qeyri-ixtiyari əlini içki şüşəsinə yaxın­laşdırırdı. Bütün bunlar aktyorun ifasında son dərəcə təbii və inandırıcı idi.

Aydın-Ələkbərov yaratdığı obrazın faciəsini öz şəxsi faciəsi kimi yox, mühitin, yaşadığı dövrün faciəsi kimi ifa edirdi. Aktyorun ifası mühit və şəxsiyyət arasındakı konfilikti çox inandırıcı surətdə tamaşaçılara çatdırırdı. Ə. Ələkbərovun Aydını böyük arzularla ya­şayan, nikbin olmaqla bərabər, var-dövlətə nifrət edən bir insan idi.

“Ə. Ələk­bərov Aydının mürəkkəb obrazını mümkün qədər təbii və canlı yaratmağa çalışmışdır” (M. Arif).

Aktyorun ifa etdiyi Aydın haqsızlığa qarşı coşan, çılğın bir gənc idi. O, var-dövlətə nifrət edir, lakin onun pəncəsində əzilirdi. Ələkbərovun Aydını tamaşa boyu getdikcə hiddətlənirdi, arvadı Gültəkinə qarşı kobud olurdu.

Kazino səhnəsində Ələkbərovun ifasını unutmaq çətin idi. O, Aydının faciəsini son dərəcə əzabla tamaşaçılara çatdırırdı. Aydın-Ələkbərov yaşadığı dövrə nifrət edirdi. Kazinoda Gültəkinlə görü­şən Aydın-Ələkbərov dəhşətə gələrək ruhi sarsıntılar keçirirdi.

“Aydın rolu bir daha göstərdi ki, Ələkbərovun səhnə yara­dı­cı­lı­­ğının mühüm bir hissəsini tarixi qəhrəmanlıq səpgili rollar təşkil et­məsi onu qətiyyən yesnəsəkliyə və öz-özünü təkrara gətirib çıxar­mır. Aktyorun istedadı ona yaratdığı obrazları bir-birindən fərq­lən­dirmək və təsirli etmək imkanı verirdi” (M. Allahverdiyev).

Qüdrətli səhnə ustası olan Ə. Ələkbərov Aydın kimi mürək­kəb xarakterli, ziddiyyətli obrazı çox böyük ustalıqla yaratmağa mü­vəf­fəq olmuşdur.

1944-cü il mart ayının 28-də “1905-ci ildə” pyesi tamaşaya qoyulanda, inqilabçı fəhlə Eyvaz obrazını Ə. Ələkbərov ifa etdi. Onun yaratdığı Eyvaz sadə, odlu səslə danışan, sərrast baxışlı bir gənc idi.

“Müxtəlif xarakterli rolları eyni sənətkarlıq səviyyəsində ifa edə bilməsi göstərirdi ki, Ə. Ələkbərov çox cəhətli istedada malik olan geniş diapazonlu artistdir. “1905-ci ildə” tamaşasında Ə. Ələk­bə­rov üç müxtəlif xarakterli obrazı yaratması bunu bir daha təsdiq etdi. Sadə Bakı fəhləsi, mətin inqilabçı Eyvaz, fitnəkar və təkəb­bür­lü çar qubernatoru və kobud, yekəbaş Əmiraslan Salamov-bu üç surət arasında nə qədər dərin, əsaslı fərq var!” (C. Məmmədov).

Eyvaz-Ələkbərov böyük nailiyyətlər uğrunda çarpışan bir gənc idi. Aktyor Eyvazı sənətkarlıqla yaradırdı. O, inqilabçı Eyvazı çox təbii şəkildə tamaşaçılara təqdim edirdi.

Ə. Ələkbərov Eyvazın məhkəmə səhnəsini xüsusi bacarıqla ifa edirdi. O, Eyvazın bütün daxilini tamaşaçılara var qüvvəsi ilə gös­tərməyə çalışırdı.

Ə. Ələkbərovun yaradıcılıq məhsulu olan Eyvaz həqiqət uğ­runda gizli iş aparan bir insan idi. O, zəhmətkeş və sadə in­san­ların təfəkkürünün necə inkişaf etdiyini azadlıq uğrunda mübarizə apardığını dəstəkləyirdi.

Fəhlələri haqsızlığa, özbaşnalığa, mübarizəyə səsləyən Eyvaz-Ələkbərov azad həyat qurmaq naminə çalışırdı.

“Cəfər Cabbarlının “1905-ci ildə” pyesində Eyvaz, general qubernator, Salamov kimi əqidəsi, dünyagörünüşü, təbiəti etibarı ilə bir-birinə zidd olan obrazları zəngin boyalarla, özünə məxsus sə­nət­karlıqla yaradan Ələsgər Ələkbərovun aktyorluq istedadı yüksək qiymətləndirilir” (A. Axundov).

1955-ci il yanvar ayının 29-da səhnəyə qoyulan “1905-ci ildə” əsərində Ə. Ələk­bə­rov yenə də Əmiraslan bəy Salamov obrazını ifa etdi. Ə. Ələkbərov əvvəl ki, quruluşlarda bu tamaşada qubernator, Salamov və Eyvaz kimi müxtəlif xarakterli rolları müvəffəqiyyətlə tamaşaçılara təqdim etmişdir. Bu quruluşda ifa olunan Salamovu aktyor səhnədə yaşının kamillik dövründə yaratmışdır.

“Teatrımızın zinəti aktyor sənətkarlığıdır, Vaqif kimi bö­yük həyacan, ehtiras, vüqar və lirizm ilə dolu bir surət yaratmış olan Ələsgər Ələkbərovun Əmiraslan bəy Salamov kimi realist və satirik bir xarakter yaratmasında göstərdiyi ustalıq heç də təəccüblü deyildir... onun yaratdığı Salamov surəti bir çox yeni cizgilərlə fərqlənir ki, bu da Ələkbərovun müvəffəqiyyətidir” (M. Rəfili).

Ə. Ələkbərovun yaratdığı Salamov öz xeyrini güdən, həyatını neft mədənlərinə bağlayan kobud bir insan idi. Aktyor Salamovu özündən razı, düşüncəsiz şəxs kimi yaradırdı. Ələkbərov hələ 1937-ci ildə, 27 yaşında bu rolu ifa edib, tən­qid­də onun Salamovunu müsbət qiymətləndirib. Deməli, obrazın daxili aləmi aktyora bəlli idi. Ona görə də tənqidçilər bu rolu aktyorun uğuru saymaqda haqlı idilər.

Daim özünü düşünən, şöhrətpərəst Salamov-Ələkbərov impe­rator tərəfdən ali nişan aldıqda belə danışa bilmirdi, xoşbəxt­liyin­dən gözləri işıldayırdı. Razılığını bildirmək üçün Salamov-Ələkbərov nə qədər çalışırsa da söz tapa bilmirdi, savadsızlığını bir daha sübut edirdi.

“...Ələkbərov hər bir hərəkətinin məsuliyyətini duyan, ona qiymət verən püxtələşmiş bir aktyor olduğundan, Salamov obrazında da qətiyyən şit, yüngül və gülüş xatirinə edilən hərəkətlərə yol ver­mirdi” (M. Allahverdiyev).

Salamovun danışıq tərzini, yerişini, zahiri formasını Ə. Ələk­bə­rov bacarıqla rəsm etdirirdi. Aktyor bu rolda xüsusi görkəm alır­dı. Salamov-Ələkbərovun köhnə Bakı ləhcəsində kobud danışığı can­sıxıcı idi.

Bütün bu deyilənlərdən aydın olur ki, Ə. Ələkbərovun-Sala­movu getdikcə təkmilləşmiş, bitkin bir obraz idi.

SSRİ xalq artisti Ələsgər Ələkbərovun rəngarəng obrazlarla qarşılaşması onun sənət palitrasını zənginləşdirmişdi. Bu bpyük sənətkar hər bir ro­lun üzərində son dərəcə ciddi və fədakarlıqla çalışmış, geniş müşahidə et­məyi bacarırdı. Buna görə də teatrın rejissorları Ə. Ələk­bərova bir-birindən fərqli və mürəkkəb rolları tapşırmaqdan qətiyyən çəkinmirdilər.

İmran AXUNDOV,

fəlsəfə doktoru

Loading...

QALEREYA