Leyla Ucal: "Məsələni ictimailəşdirdikdən sonra Təhsil Nazirliyinin işçiləri mənə dolayı yollarla çatdırırlar ki, statusumu silim"

Leyla Ucal: "Məsələni ictimailəşdirdikdən sonra Təhsil Nazirliyinin işçiləri mənə dolayı yollarla çatdırırlar ki, statusumu silim"

Kimya müəllimi Leyla Ucal iddia edir ki, iki il əvvəl Təhsil Nazirliyinə etdiyi şikayətlər araşdırılmayıb, ona deyiblər ki, "biz sizin bildiyinizdən artığını bilirik".

Məsələni ictimailəşdirdikdən sonra isə, dediyinə görə, Təhsil Nazirliyinin işçiləri ona "dolayı yollarla çatdırıblar ki, Facebook statusunu silsin".

BBC News Azərbaycancaya danışan Leyla Ucal deyir ki, şənbə günü 2017-ci ildə Mərdəkanda yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində çalışdığı müddətdə üzləşdiyi problemləri ictimailəşdirib və bundan sonra onun statusu silməsi üçün "vasitəçilər" göndərilib.

"Mənim şikayətimin araşdırıldığına əmin deyiləm, mənə araşdırıldığı deyilməyib. İndi birbaşa olmasa da, dolayı yolla başqa insanlar mənə nazirliyin işçilərinin adından çatdırırlar ki, postu silməyimi istəyirlər", - o deyib.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov BBC News Azərbaycancaya deyib ki, Leyla Ucal bu gün nazirliyə dəvət olunub və ona məsələləri birgə müzakirə etmək təklif edilib.

"Biz bütün vətəndaşların müraciətlərini ciddi dəyərləndiririk və bu məsələlərdə ictimai nəzarət funksiyasını alqışlayırıq. Leyla xanımla şəxsən danışmışam və bu gün onun internat məktəbində qeyd etdiyi bütün məsələləri birgə müzakirə edəcəyik", - Cəsarət Valehov söyləyib.

Cənab Valehov Leyla Ucalın 2017-ci ildə Təhsil Nazirliyinə etdiyi şikayətlərin və nəticələrinin də araşdırılacağını bildirib.

Leyla Ucal söyləyir ki, 2017-ci ildə təhsil nazirliyinin xətti ilə imtahanla sözügedən internat məktəbinə kimya müəllimi kimi qəbul edilib.

O deyir ki, ora işə düzəlməkdə məqsədi pul qazanmaq olmayıb və qeyd edib ki, "oradakı maaş hesablayanda heç 100 manat etmirdi".

"Ora uşaqlara görə gedirdim, həmişə istəmişəm ki, uşaq övladlığa götürüm, ona görə gedirdim ki, bu uşaqları tanıyım, onların psixologiyası ilə tanış olum. Orada elə vəziyyətdir ki, dözə bilmədim", - Leyla Ucal əlavə edib.

Müsahibimiz deyir ki, 2017-ci ildə 2 nömrəli internat məktəbində 8-10-cu siniflərə 2 həftə müddətində kimya dərsi deyib, məktəbdə gördüyü hadisələrdən sonra isə oradan işdən çıxmaq məcburiyyətində qalıb.

"500 manata dərs"

Leyla Ucalın sözlərinə görə, "məktəbdə dərslər satılır və bununla da qəribə dərslər meydana çıxır".

"Kitabxanaçı xanım mənə dedi ki, direktor sənin dərslərini 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə ona məcbur başqa iş verdilər. Mən satılmış dərsi onların əlindən almış olurdum", - Leyla Ucal söyləyib.

Məktəbdə döyülməMƏHƏRRƏM ZEYNALOV

"1 nəfər də universitetə daxil olmayıb"

Leyla Ucal deyir ki, məktəb tarixində bir nəfər də universitetə daxil ola bilməyib və hesab edir ki, buna səbəb uşaqlara göstərilən rəftardır:

"Məktəbin direktoru və müəllimlər toplu şəkildə uşaqları təhqir edirlər. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi. Məktəbdə dərs keçən bir mən, bir də rus dili müəllimi var idi. Digər heç bir müəllim mən orda olan müddətdə dərs keçmədi.

Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktorun müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərslərinə ildə iki dəfə girir - ilin əvvəlində və sonunda".

Leyla Ucal söyləyir ki, məktəbin bir çox işçisi öz işindən kənar işləri görürdü. O deyir ki, "məktəbin psixoloqu əslində direktorun sürücüsü idi, məktəbdə təmizliyə riayət etməli olan xanımlar isə əslində direktorun evinə təmizliyə gedən xanımlar idi. Buna görə də hər müəllim öz otağını özü təmizləməli idi".

"Məktəbin psixoloqu, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı", - o əlavə edib.

Şikayətçi müəllim deyir ki, məktəbdə uşaqlara kitablar yalnız 45 dəqiqəlik verilirdi, dərs bitəndə isə toplanılırdı. Onun sözlərinə görə, bundan şikayət edəndə direktor müavini deyib ki, "bu uşaqlar vəhşidir, kitabları versək cıra bilərlər". Müəllim deyir ki, bu, uşaqları oxumaqdan "soyudub".

"Uşaqlara gələn qidalar satılırdı"

Leyla Ucal deyir ki, məktəbdə olan problemlər təlim-tərbiyə prosesi ilə məhdudlaşmırdı. Onun sözlərinə görə, "məktəbə gələn keyfiyyətli qidalar satışa aparılırdı, daşıma işini isə uşaqlar özləri görürdü". Pulun kimə çatdığını isə, nə o, nə də uşaqlar bilmirdi.

O deyir ki, məktəbin müəllimlərinin bu vəziyyətə niyə dözdüklərini soruşanda "direktorun icra hakimi ilə çox yaxın olduğu, yuxarılarda çoxlu dostlarının olduğu" cavabını alıb.

"Biz sizin bildiyinizdən artığını bilirik"

Leyla Ucal deyir ki, 2017-ci ilin sentyabr-oktyabr aylarında Təhsil Nazirliyinin həm qaynar xəttinə, həm də özünə yazılı müraciət edib. Təhsil Nazirliyində onu qəbul edən işçi onu sonadək dinləməyib və deyib ki, "biz sizin bildiyinizdən artığını bilirik".

"Mənə dedilər ki, sizin əlinizdə səs-video varmı. Mən yox deyəndə dedilər ki, sizə köməklik göstərə bilməyəcəyik. Dedilər ki, sizin yazılı müraciət etmə haqqınız var, amma köməklik göstərə bilməyəcəyik, buyurun, gedə bilərsiniz".\\BBC

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA