“Liderlərin görüşündə sülhməramlı məsələsi müzakirə edilməlidir” - Ceyms Uorlik

“Liderlərin görüşündə sülhməramlı məsələsi müzakirə edilməlidir” - Ceyms Uorlik

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planında Azərbaycan üçün söhbət, sözsüz ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından və ümumilikdə müxtariyyətdən və ərazi bütövlüyündən gedir. Ermənistanda isə hər şey bunun əksinə qəbul edilir. Yəni söhbət öz müqəddəratını təyinetmədən və insanların iradə azadlığını ifadə etmələrindən gedir.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib. Onun sözlərinə görə, bu iki element tərəflər arasındakı müzakirələrin tərkib hissəsi olmalıdır.

“Və təkcə bunlar yox. Sülhməramlılar, qaçqınların və məcburi köçkünlərin geri qayıtması məsələlərini də müzakirə etmək lazımdır. Eləcə də, infrastruktur məsələsi də müzakirə olunmalıdır. Sadəcə bir elementi seçib nizamlanmanın yalnız ondan ibarət olduğunu deyə bilmərsiniz. Hər şeyi razılaşdırmaq lazımdır. Və əgər qarşılıqlı etimad atmosferinin yaradılmasına istiqamətlənən kiçik addımları bir kənara qoysaq, hər iki ölkənin (Ermənistan və Azərbaycan) liderləri bu problemləri səsləndirməli və bütün məsələlərin ehtiva olunduğu tam paketi razılaşdırmalıdırlar”- Uorlik vurğulayıb.

Bu mənada, keçmiş həmsədrin sözlərinə görə Qarabağ nizamlanması dedikdə bir yox, bir neçə sənədin imzalanması nəzərdə tutulur: “Biz sadəcə keçmişdə nizamlanmanın əsas prinsipləri kimi təklif edilən ideyalardan danışmırıq, hərçənd, onlar istənilən nizamlanmanın tərkib hissəsi olaraq qalırlar. Söhbət ən azı mənim həmsədr olduğum dövrdə işləyib hazırladığımız bir sıra elementlərdən, sazişlərdən gedir – münaqişəyə cəlb olunan tərəflər arasında imzalanmalı olan çoxsaylı sənədlərdən. Söhbət sadəcə masa arxasına əyləşib bir sənəd imzalamaqdan yox, bütün tərəflərin maraqlarının nəzərə alındığı hərtərəfli yanaşmadan gedir. Ümid dirəm ki, bu, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasındakı danışıqların predmeti ola biləcək. Onlar bütün məsələləri bir görüşlə həll etməyəcəklər, amma irəliyə doğru hərəkət edilməli olan istiqamət də budur”.

Uorlik vurğulayıb ki, zaman ötdükcə münaqişə ətrafındakı vəziyyət də çətinləşir: “İndi təmas xəttində nisbi sakitlik dövrüdür. Dövlət liderləri irəliyə doğru hərəkət etməyə hazır görünürlər. Nizamlanma üçün daha münasib vaxt nə zaman gələcək? Bax elə indi münasib vaxtdır. Əslində, məhz Ermənistan və Azərbaycan xalqları öz liderlərini bu prosesi nizamlamağa məcbur etməlidirlər. İstəyirsinizmi ki, daha bir erməni nəslinin həyatı kölgələnsin? Dorudanmı düşünürsünüz ki, Azərbaycan xalqı bu problemi gələcək nəsillərə ötürmək istəyir? Əlbəttə ki, yox.”

Sabiq diplomatın sözlərinə görə, Moskva-Vaşinqton münasibətlərindəki ümumi gərginliyə rəğmən, Rusiya, ABŞ və Fransa Qarabağ münaqişəsinin həli istiqamətində sıx və birgə işləməyə davam edirlər. Bu baxımdan, Cənubi Qafqazda davamlı sülh Kremlin maraqlarına cavab verir: “Ruslar Qarabağ münaqişəsinin davamlı həllinə tərəfdardırlar. Rusiya hökuməti ilə işləyərkən mən onlarda münaqişənin nizamlanmasına nail olunmasına maraq gördüm. Bu da məntiqlidir. Rusiyanın regionda və dünyada bir çox başqa problemləri var. Ona lazım olacaq ən son şey öz cənub sərhədlərində, xüsusən də, ənənəvi dostları olan Ermənistan və Azərbaycan arasında qeyri-sabitlikdir. Moskva geniş münaqişədə maraqlı deyil. Əlbəttə ki, həmsədrlər arasında müxtəlif məsələlər müzakirə olunur, amma ümumilikdə hesab edirəm ki, ruslar uzunmüddətli sülh və davamlı nizamlanma tərəfdarıdırlar.”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA