Əliməmməd Nuriyev: “Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar”

  • 2018-07-10 23:36:19
  • |
  • Sosial /

Əliməmməd Nuriyev: “Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar”

"Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur”.

Bunu "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur: "Kölgəsiz yaşaya bilməyənlər, əcnəbi əsgərin süngüsünü, diplomatın bəyanatını özü üçün ən yaxşı dayaq hesab edənlər yenə iş başındadır. Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə elə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir”.

Ə.Nuriyev onu da bildirib ki, gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailərdir. "Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər. Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların, dövləti yox, hakimiyyəti əsas görənlərin həmlələrinə layiqli cavab verib. İstər meydanlarda, istər KİV-də, istərsə də, daxili siyasi proseslərdə, hər zaman dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər bu xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib. Yəqin ki, zəngin siyasi lətifə irsimiz özünəməxusus yumoru ilə seçilən gəncəlilərin yaradıcılığı sayəsində yeni "qəhrəmanlar”la zənginləşəcək”- deyə, Ə.Nuriyev bildirib.

Prezident yanında Qeyri-Hökuçmət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov isə qeyd edib ki, Gəncədə terror baş verib: "Terrora məruz qalan ölkənin ikinci böyük şəhərinin rəhbəridir. Bu, siyasi bir postdur. Bu vəzifəni daşıyana münasibətin necə olmasının məsələyə heç bir dəxli ola bilməz”.

S.Məmmədov əlavə edib ki, terror törətməkdə təqsirləndirlən şəxsə dəstək məqsədi ilə (təqsirləndirilən şəxsin prosessual hüquqların müdafiəsi istisna olmaqla) hər hansı aksiya (təbliğat, toplantıya çağırış və s.) terroru ən azı dolayı yolla dəstəkləməkdir: "Ölkədəki bəzi siyasi qüvvələr açıq dəstək bildirməsə belə, bunu üzvləri vasitəsi ilə edirlər. Yumşaq desək bu yaxşı nümunə deyil. Proseslərin, o cümlədən aksiyalara çağırışların spontan olmaması da aşkar görünür. Əksinə burada təşkilatlanmış qrupun (daxildə və xarici ölkələrdə) və ya qrupların sistemli fəaliyyətinin əlamətləri var”. \\Avropa.info

 

Hurriyyet.org

Loading...

QALEREYA