Liviyada baş nazirin müavini istefa verdi

  • 2019-04-08 18:39:33
  • |
  • Dünya /

Liviyada baş nazirin müavini istefa verdi

Liviyanın milli razılıq hökumətinin baş nazir müavini Əli Fərəc əl-Qətrani vəzifəsindən istefa verdiyini və Xəlifə Həftarın başçılıq etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Triplonin ələ keçirilməsi üçün hökumətə qarşı apardığı hərbi əməliyyatları dəstəklədiyini bəyan edib.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Əl-Qətraninin sözlərinə görə, Həftarın həyata keçirdiyi əməliyyatlar Tripolinin silahlı qruplaşmalardan təmizlənməsinə yönəlib. Fayez Sarracın başçılığı altındakı milli razılıq hökumətini isə həmin qruplaşmalarla əməkdaşlıqda ittiham edib.

“Tripolidəki qruplaşmalar Fayez Sarracın baş nazirlik etdiyi və beynəlxalq birlik tərəfindən tanınan Liviya hökumətindən həssas və itaətkar alət kimi istifadə edir. Milli razılıq hökumətinin və Liviya mərkəzi bankının dinməzliyi və razılığı silahlıların dövlətin resurslarını və insanların varidatını talamasına və onlar üzərində nəzarətə sahiblənməsinə imkan verir” - Əli Fərəc əl-Qətrani vurğulayıb.

O həmçinin bildirib ki, istefasının səbəblərindən biri də, Sarracın bütün qərarları təkbaşına verməsidir.

Qeyd edək ki, 2011-ci ildə Liviyanın dövlət başçısı Müəmmar Qəddafinin öldürülməsindən sonra ölkədə ikihakimiyyətlilik hökm sürür. Liviyanın şərqini seçkili parlament, paytaxt Tripoli də daxil omaqla qərb ərazilərini isə BMT və Avropa İttifaqının dəstəyilə formalaşdırılan, Fayez Sarracın başçılığı altındakı milli razılıq hökuməti idarə edir. Şərqdəki hakimiyyət Tripoliyə tabe olmur və Xəlifə Həftarın Liviya Milli Ordusu ilə əməkdaşlıq edir.

4 apreldə Həftar Tripolinin “terrorçulardan azad olunması” üçün şəhərə qarşı hücuma keçmək əmri verib. Nəticədə, LMO Tripolinin cənub-qərbindəki bir neçə rayonu, o cümlədən beynləxalq hava limanını döyüşsüz ələ keçirib. Buna cavab olaraq milli razılıq hökumətinə sadiq silahlı qüvvələr LMO-ya qarşı “Qəzəb vulkanı” adlı hərbi əməliyyatların başlandığını elan edib.

BMT isə Liviyada ümumi seçkilərin keçirilməsini və hamı üçün məqbul olan leqitim və vahid hökumətin yaradılmasını təklif edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA