“Ölkə başçısına rəsmi müraciət etdim, amma..” - NƏSİMAN YAQUBLU

“Ölkə başçısına rəsmi müraciət etdim, amma..” - NƏSİMAN YAQUBLU

“Hanı Cümhuriyyət qurucularının adına əbədlişdirilən bir heykəl?!”

“Ötən il Cümhuriyyətin 100 illiyi idi, bu il isə Universitetin 100 illiyidir, heç olmasa bu 100 illiyə görə onu həll etmək olardı...”

Cəmi 23 ay (28 may 1918 -23 aprel 1920) fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixi üçün dərin izlər qoyub. O baxımdan, bu tarix və cümhuriyyət qurucularının hər birinin irsi araşdırılıb, xalqa çatdırılmalıdır ki, gələcək nəsillərə də ötürülsün. Ötən il AXC-nin 100 illiyi rəsmi səviyyədə qeyd olunsa da, Cümhuriyyət qurucularının heykəllərinin qoyulması, onların irslərinin araşdırılması həllini tapmır. Üstəlik, hər zaman olduğu kimi, onlara qarşı soyuq münasibət də davam etməkdədir.

“Bu işlərə dövlət tərəfindən dəstək hiss olunmur”

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına soyuq münasibətin səbəbləri ilə bağlı tarixçi alim Nəsiman Yaqublu “Hürriyyət”ə dedi ki, bu gün sözdə bu işlər deyilir, amma əməldə bu insanların irsinin öyrənilməsində, onlarla bağlı kitabların çapında, araşdırılmasında, yayılmasında problemlər hələ də mövcuddur: “Biz Azərbaycan Cümhuriyyəti ilə bağlı çox işlər görməliyik. Birinci növbədə bu Cümhuriyyəti quranların irsi nəşr edilməli, yayılmalı, ciddi təbliğ edilməli və bu, tədrisə daxil edilməlidir. Bizim televiziyalarda, digər mətbuat orqanlarında onların təbliğatı getməlidir. Onların irsini öyrənmək, təbliğ etmək lazımdır. Bu məsələlərdə ciddi problemlər var.

Məsələn, mən Məmməd Əmin Rəsulzadənin mühacirətdəki əsərlərinin 10 cildliyini çapa hazırlayıram. Birinci cildi çapdan çıxıb. İkinci cildi artıq cap prosesindədir. Qalan 8 cildi də nəşr etməyi planlaşdırıram, amma bu işi necə edəcəyik, bilmirəm. Yəni bu işlərə dövlət tərəfindən dəstək hiss olunmur. Mən arzu edərdim ki, dövlət bu cür nəşrlərə köməklik göstərsin. Məmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topçubaşovun, Nəsif bəy Yusibəylinin, Fətəli Xan Xoyskinin və digər Cümhuriyyət qurucularının irsinin nəşr edilməsi lazımdır. Bu iş dövlət tərəfindən dəstəklə həll edilməlidir”.

“Bu günə qədər bu istiqamətdə hər hansı bir dəstəyin verilməsini şəxsən mən hiss etməmişəm və görməmişəm”

“Bu cildlərin nəşr olunması ilə bağlı dövlət qurumlarına müraciət etmisinizmi” sualına N. Yaqublu belə cavab verdi: “Mən bununla bağlı daha kimə müraciət edəcəm ki? Bu işlə bağlı müvafiq qurumlar var. Mən bir dəfə mədəniyyət nazirinə, bir dəfə də Prezident Aparatına müraciət etmişdim ki, bu işlərə dəstək olsunlar. Hətta ölkə başçısı İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı sərəncamından sonra mən ölkə başçısına rəsmi müraciət etdim. Həmin müraciət bizim saytlarda da, qəzetlərdə də yayıldı, eyni zamanda rəsmi olaraq prezidentə də göndərildi. Sonradan mənə məktub gəldi ki, bu işlə bağlı məsələlər Mədəniyyət Nazirliyinə baxılmağa göndərilib. Ondan sonra, xəbər çıxmadı. Yəni bu günə qədər bu istiqamətdə hər hansı bir dəstəyin verilməsini şəxsən mən hiss etməmişəm və görməmişəm.

İkincisi, onların ev muzeyinin yaradılması məsələsi də hələ ki, qalır, araşdırılmayıb. Onların ev muzeyi yaradılmalıdır. Məzarlarının Bakıya gətirilməsi ilə bağlı heç bir iş görülməyib. Heykəlləri, abidələri qoyulmur. Gəlin, bu gün Bakı şəhərinə çıxaq. Rəsulzadənin Bakı şəhərində heykəli var? Yoxdur. Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin heykəli var? Yoxdur. Bəs, kimin heykəli var? Hanı Cümhuriyyət qurucularının adına əbədiləşdirilən bir heykəl? Və yaxud Bakı Dövlət Universitetinin qarşısında Məmməd Əmin Rəsulzadənin büstü qoyulmalıdır. O büst 30 ilə yaxındır yarımçıq vəziyyətdə qalıb, hələ də qoyulmur. Büstün altı da kiril hərfləri ilə yazılıb. Bu günə kimi bu büst qoyulmur Halbuki, ötən il Cümhuriyyətin 100 illiyi idi, bu il isə Universitetin 100 illiyidir, heç olmasa bu 100 illiyə görə onu həll etmək olardı. Görürsünüz, nə qədər problemlər var”.

“Cümhuriyyət qurucularının xidmətlərinə niyə dəyər verilmir və bu problemər həll edilmir” sualını isə N. Yaqublu belə cavablandırdı: “Dövlətin müvafiq qurumları var. Bu sualları zəng edin, onlardan öyrənin. Mənim borcum problemləri deməkdir”.

“Cümhuriyyətimizin əldə edilməsində ciddi problemlər var idi”

“Əlbəttə ki, Cümhuryyət asan əldə edilməmişdi. Cümhuriyyətimizin əldə edilməsində ciddi problemlər var idi. Mən bu problemləri öz kitablarımda, o cümlədən ötən il nəşr edilən “Cümhuriyyət qurucuları” kitabımda da kifayət qədər apaşdırmışım və dəyərləndirmişəm”,-tarixçi alim əlavə etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA