“Ölkənin İT sektorunda çalışan şirkətlər WITSA -ya müraciət etsinlər” - OSMAN GÜNDÜZ

“Ölkənin İT sektorunda çalışan şirkətlər WITSA -ya müraciət etsinlər” - OSMAN GÜNDÜZ

“Ermənistan bu sahədə təşəbbüsü ələ almağa çalışır”

“Bu il, 6 -9 oktyabr tarixdə Yerevanda Ümumdünya İnformasiya Texnologiyaları Konqresi (WICT 2019) təşkil olunacaq. Dünya mediası və erməni saytalrı bu tədbirə çox diqqət yetirirlər. Təşkilatçılar hər gün açıqlamalar verirlər. Yüksək səviyyəli qonaqların, Barak Obamanın, Mark Zukenberqin , Bill Geytsin, Aleksis Ohanyanın (Reddit) və s. digər tanınmışların, ümumiyyətlə 70 ölkədən 2500 nümayəndənin iştirak edəcəyini bildirirlər”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. “Azərbaycan indiyədək də bu qurumun - WITSA -nın üzvü deyil”

O. Gündüz nəzərə çatdırıb ki, tədbir İT Assosiasiyaların Beynəlxalq Alyansı (WITSA - World Information Technology & Services Alliance ) tərəfindən təşkil olinur: “Ermənistanın İT Assosiasiyası (UATE –Union of Advanced Technology Enterprises ) və digər bir qurumu da bu Alyansın üzvüdür. Dünya üzrə İT məhsulların 90%-nə sahib olan 80 İT Assosiasiya bu qurumun üzvüdür. Bu tip Konqreslər 1978-ci ildən keçirilir. Əvvəllər 2 ildən bir keçirilirdisə , son illərdə hər il keçirilir. Gələn il Malayziyada keçiriləcək. Azərbaycan indiyədək də bu qurumun - WITSA -nın üzvü deyil. Ümumiyyətlə ölkəmizdə, baxmayaraq ki, oturuşmuş İT şirkətlərimiz var, İT kommersiya sektorunda ictimai institutlaşma yetərli inkişaf etməyib”.

“Belə görürəm ki, NRYTN-dən bir təşəbbüs olmayacaq”

O. Gündüz xatırladıb ki, 5- 6 il öncə bizim kommersiya İT qurumlarımız yığışıb bir İT Assosiasiya yaratmışdılar: “Hətta Ədliyyə Nazirliyində qeydiyyatdan da keçirilmişdi. Sonradan isə görünür ki bunu işlədən olmayıb. Belə görürəm ki, NRYTN-dən bir təşəbbüs olmayacaq. Yaxşı olardı ki ölkənin İT sektorunda çalışan şirkətlər yığışıb bir ictimai qurum formalaşdırıb, WITSA -ya müraciət etsinlər. Eyni zamanda xatırlayıram ki 2 il öncə ASAN-nın təşəbbüsü ilə “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi (AZINNEX) təsis olunmuşdu. Düşünürəm ki, bu qurum da üzvlüklə bağlı WITSA -ya müraciət edə bilərdi və çox faydalı olardı. 2012-də Azərbaycanda hökumətin dəstəyi ilə yüksək səviyyədə İnternetin idarə edilməsi üzrə Global Forum təşkil olunmuşdu. 100 ölkədən 1500 nümayəndə iştirak etmişdi. O zaman xarici qonaqlar Azərbaycanın İKT sahəsində regional mərkəzə çevrilə biləcəyini vurğulayırdılar. Belə görünür ki, Ermənistan bu sahədə təşəbbüsü ələ almağa çalışır. Güman ki, onlar bu cür geniş masştablı tədbirdən yetərincə bəhrələnməyə, İT şirkətləri isə yeni imkanlar, yeni maliyyə mənbələri və resurslar əldə etməyə çalışacaqlar”.

Şamo EMİN, Hurriyyet.org