ÖLMƏZLİK NƏDİR?

  • 2019-01-29 12:10:26
  • |

ÖLMƏZLİK NƏDİR?

Azərbaycan dilində yazıb-yaradan sənətkarın ölməzliyi xalqının varlığına bağlıdır və ya bərabərdir

İnsan ömrü müqəddəs bir şey deyil. Onu nə iləsə əvəz etmək, nəyəsə qurban vermək olar. Bu, yalnız və yalnız insanın ya özünün, ya da xalqının azadlığı ola bilər

Söhbətə onunla başlayıram ki, neçə müddətdir məntiq allahı Aristotelin bir fikri hey beynimdə dolaşır. Və bu adamın zəkasının qüdrəti məni məftun edir. “Metafizika”da yazır ki, əbədiyyət özü-özlüyündə yoxdur, o yalnız hansısa bir materiyaya bağlı olanda mövcud olur. Yəni nəyə bağlısa, onun ömründən asılı olaraq mövcud olur.

Məsələn, yer kürəsində nəyinsə varlığı planetin varlığına bağlıdırsa, yer kürəsinin əbədiyyəti onun əbədiyyəti deməkdir. Eləcə də insanlar içində kiminsə əbədiyyəti və ya əbədiliyi insnaların, insanlığın ömrünə bağlıdır. Konkret halda isə məsələn hər hansı bir azərbaycanlı və Azərbaycan dilində yazıb-yaradan sənətkarın ölməzliyi təbii ki, Azərbaycan xalqının varlığına bağlıdır və ya bərabərdir. Azərbaycan xalqı olmayanda və olmasa, kimdir Mirzə Fətəlini və ya Üzeyir Hacıbəyovu yada salan?

Ümumiyyətlə, bu yada salınmanın nəyə faydası var? Görürsünüzmü, Aristotelin bir cümləsi, bir fikri nə qədər geniş fəlsəfi söhbətə səbəb olur. Bu barədə gələcəkdə, gələcək yazılarda davam etdirərik. Hələlik əsas söhbətə başlayaq.

Qəribə bir yuxu gördüm. Cavan bir oğlan indiki düşüncələr sahibi ikən sevdiyi qızın evinin yanıda dayanıb qızla söhbət edir, daha doğrusu, qızı saxlayıb danışır. İri, gözəl qara gözləri olan qız (yanında da yeniyetmə bir qız uşağı). Cavan oğlan soruşur:

- Zemfira, de görüm mənə gələrsənmi? (Tamamilə Üzeyir bəyin Əsgəri kimi).

Qız narahatlıqla ətrafa boylanıb ürəklə deyir:

- Əlbəttə, amma gərək mütləq öz evin olsun ha...

Oğlan da sevincək əlini harasa uzadıb - evim var, orda, amma təzəsi də ola bilər, - deyir.

Və yuxudan oyandım. Gördüm ki, bu hadisə, bu söhbət doğrudan da həyatımda baş verib. 1961-ci ildə. Amma düz olmayan odur ki, o vaxt evim olmayıb. Hələ üstəlik işim də. Və buna görə də həmin böyük məhəbbət xoşbəxt nəticələnməyib.

İtalyan dahisi Q.D`Annutsi məhəbbət hisslərinin təsvirinə aid “Ləzzət” adlı vaxtilə geniş yayılmış roman da yazıb. Romanları çoxdur. Ancaq əksəriyyəti sırf insan hisslərinə, onların analizinə aid olduğu üçün bu gün artıq əvvəlki kimi maraq doğurmur və çoxu da unudulub.

Ümumiyyətlə, məhəbbəti həyat amalı hesab etmək olarmı? İnsanın bu bir nömrəli böyük, güclü, alicənab hissi ölümün labüdlüyünə, əbədiliyinə üstün gələ bilərmi? Sözsüz ki, məhəbbət həyatda az-az adamlara nəsib olan yeganə xoşbəxtlik mənbəyidir ki, ölümsüzlük illüziyası yarada bilir. Əlbəttə, söhbət böyük məhəbbətdən gedir. Necə ki, Məhəmməd Füzuli əsərlərinin demək olar ki, böyük əksəriyyətini bu hissin tərənnümünə həsr edib. Lakin Füzuli də, D`Annutsi də unudurlar ki, məhəbbət ötəri, keçib-gedən bir ruhi vəziyyətdir. Ağıl, idrak ayılıb bu sərməstlikdən çıxır. Və insan necə qorxunc, naməlum bir keçid qabağında durduğunu dərk edir. Şekspirin qəhrəmanı Hamlet demişkən, orda bizi nə gözləyir? Əgər heç nə gözləmirsə (bu nisbətən yaxşıdır), bəs başımıza nə gəlir? Cənnət-cəhənnəm nağılı həqiqətdirsə, bunu necə biliblər? Axı bunu bilmək, dərk etmək heç cür mümkün deyil. Ümumiyyətlə, kainatın taleyi bilinməzdir, qaldı ki bir ovuc atomun yığını olan insanın ömrü. Gözlə görünən odur ki, bütün canlılar heçdən əmələ gəldiyi kimi, heçə də dönür. Həm də bu canlılar hələ var ikən hər gün ölüm təhlükəsi ilə yaşayırlar. Bir var olaydı ki, hər hansı bir canlı doğulub, bir də ömrünün axırında öləydi. Amma belə deyil. Bu ölüm təhlükəsi nəinki hər il, hər ay, hətta hər gün və hər an onun ətrafında hərlənir. Bu ani varlığımızla nə vəziyyətdəyik?! Bu da geniş bir söhbətin mövzusudur ki, qalsın sonraya.

Bəli, həyat davam edir, ora-bura vurnuxub yaşayırıq.

Ümumiyyətlə, filosofa nə lazımdır. Epikur demişkən, hər gün bir ziyafət və bunun üçün də bir tikə pendir-çörək və yaxşı dostlar. Doğrudur, ümid həmişə var. Hərçənd ki, ümidə ümid azdır.

Həyatda mümkün planlar baş verir. Əgər bir quruluş mümkündürsə, o tətbiq olunur, mümkün olmayanda dəyişir, ümidsizlikdən qırılsalar da artım davam edir. Bir ölkədə az, əksəriyyətində isə çox. “Viva la morte”nin nə olduğunu bilməyən ölkələrdə xalq dözülməz şəraitdə də yaşayır və hətta artıb çoxalır da. Bəli, ayrı-ayrı sarsılmaz nüsxələr var, amma onları da görən olmur və ya çox az adam görür. İnsan xarakterinin böyük bir hissəsini təşkil edən paxıllıq veyningerlərin yaşaması və yaratmasına imkan vermir.

Ümumiyyətlə insan çox mürəkkəb varlıqdır. Heç kim bir-birinə oxşamır və hərə bir cürdür. Xüsusən neqativ mənada bu rəngarənglik və mürəkkəblik saymaqla başa gəlməz.

Bəli, böyük nüsxələr əbədiyyət əbədiyyət arzusundadır. Hətta bununçün var-dövlətlərindən ailələrindən və həyatlarından belə, keçənlər olur. Amma dərk etmirlər ki, özlərini illüziyaya qurban verirlər.

Rixard Zorge sağlam, güclü, realist bir insan olub. Amma alman ola-ola kim onu məcbur edirdi ki, gedib Yaponiyada Stalinin, sovet rejiminin casusu olub ora gizli məlumatlar göndərməklə məşğul olsun. Bu onun nəyinə lazım idi ki, bunun ona nə faydası vardı ki, ömrünü əzablı dar ağacında başa çatdırsın. Tutalım, dünyanın ən geridə

qalan ölkələrindən biri olan Azərbaycanda – onun paytaxtında kəlləsinin, üzünün simvolik daş təsviri var. Bunun 70-75 il qabaq ölmüş bu alman axmağına nə faydası?

Bəli, insan ömrü müqəddəs bir şey deyil. Onu nə iləsə əvəz etmək, nəyəsə qurban vermək olar. Bu, yalnız və yalnız insanın ya özünün, ya da xalqının azadlığı ola bilər. Dünyada azadlıqdan yüksək bir məram və amal ola bilməz. Azadlıq Qurban Məmmədovun mədh etdiyi dindən, şəriətdən də yüksəkdir. Özün qul olub, kölə olub dinlə, şəriətlə təsəlli tapmaq nə dərəcədə böyük amaldır.

Çox hörmətli, əziz Qurban bəy! Yaxşılıqların həmişə mənimlədir və yadımdadır. Əzizim, bil ki, dinə inanmaq, Allahı tanımaq çox yaxşı və vacibdir. Amma şəriət dövləti yaratmaq tamam başqa şeydir və IX-X əsrin Harun-ər-Rəşid dövründən başqa dünyada heç bir dini dövlətdə ədalət, qanun, bu günkü sözlə desək, demokratiya hakim olmayıb. Bunun ən bariz nümunəsi kimi müasir İran dövləti göz qabağındadır. Bu dövlətin başçıları özlərini islam dövləti adlandırsa da, islam qanunları, haqq-ədalət, demokratiya dərhal edam olunur həbsxanalarda çürüdülür. Bu boyda despotizm və tiranlıq göz qabağında ola-ola onların yolu ilə getmək heç də ağıl və dərrakə nümunəsi sayıla bilməz. Ümumiyyətlə kiçik, faydalı, xeyirxah əməllərlə məşğul olmaq qat-qat yaxşıdır, nəinki böyük illüziyalarla yaşamaq və qüvvə və enerjini onlara həsr etmək!

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA