“Made in Azerbaijan” brendi və xarici bazarlarda dövlətimizin hədəfləri

“Made in Azerbaijan” brendi və xarici bazarlarda dövlətimizin hədəfləri

Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli istehsalın dünya bazarına çıxarılması üçün şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi" ilə bağlı fərman imzalanmışdır. Beləliklə də qeyri neft sektorunun vasitəsilə dünya bazarı deyilən məhfumla Azərbaycanın inteqrasiyasının yeni hədəfləri ortaya qoyulubdur.

Yerli şirkətlərin xarici ölkələrdə ixracla bağlı sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin də müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası da əlavə 1-də öz əksini tapmışdır.

Dövlət dəstəyi ilə milli istehsalımızın gücünün artırılması siyasəti

Qeyri-neft məhsullarının istehsalçıları, məhsullarını ixrac edərkən bu dəstək tədbirlərindən yararlana biləcəklər. Lakin mineral yanacaq, neft məhsulları, bitum tərkibli maddələr, mineral mumlar istehsal edən, eləcə də dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarəti dövlətə məxsus olan hüquqi şəxslər bu imtiyazlardan istifadə edə bilməyəcəklər. Dəstək tədbirlərində iştirak edəcək ixracatçıları müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi müsabiqə təşkil edəcək. Müsabiqə əsasında seçilmiş ixracatçılara dəstək məbləğinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcəkdir. Fərmanda nəzərdə tutulmuş hər bir dəstək proqramının həyata keçirilməsi qaydası da öz əksini tapmışdır. Belə ki, ixrac missiyasının təşkili üçün Nazirlik tərəfindən missiyanın tarixi və səfər ediləcək xarici ölkələr müəyyən edilir və bu məlumatlar onun rəsmi internet saytında yerləşdirilir. Bu zaman ölkənin iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər nəzərə alınır və hər missiya müddəti dörd gün, ixracatçıların sayı isə iyirmi nəfərdən artıq olmamaq şərtilə təşkil edilir. Təqvim ili ərzində təşkil edilən səfərlərin sayı ondan çox olmamalıdır.

Qaydada nəzərdə tutulan başqa bir tədbir isə xarici bazarların araşdırılması ilə bağlıdır. Bu məqsədlə, nazirlik müsabiqə əsasında seçdiyi yerli və xarici hüquqi və fiziki şəxslərlə müqavilə bağlayır və onlar ixracatçıların sifarişinə əsasən araşdırmalar həyata keçirirlər. Hər bir bazar araşdırması üçün nəzərdə tutulan dövlət vəsaiti iyirmi min manatdan çox olmamalıdır. Bazar araşdırmasının nəticələri barədə sifarişçiyə məlumat verilir və həmin nəticələr Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

Qaydada “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer almışdır. Bu məqsədlə, sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcəkdir. Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri daxildir. Qaydaya əsasən, ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği 5,0 min manatdan artıq olmamalıdır. Daha bir dəstək tədbiri isə tədqiqat-inkişaf proqramları ilə bağlıdır. Bunun da həyata keçirilməsi qaydası bazar araşdırmalarında olduğu kimidir. Fərq yalnız dəstək məbləğinin həcmi və il ərzində həyata keçiriləcək proqramların sayı ilə bağlıdır.

Xarici bazarlar ölkəmizə əlavə gəlir mənbəyidir

Belə ki, il ərzində həyata keçirilən tədqiqat-inkişaf proqramlarının sayı ondan çox, hər bir layihə üzrə ödəniləcək məbləğ isə 100,0 min manatdan artıq ola bilməz. Qaydada dəstək məbləğinin alınması müxanizmi də müəyyən edilib. İxracatçı beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakı başa çatdığı, yaxud sertifikat və patent aldığı tarixdən 30 iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədi ilə Nazirliyə ərizə təqdim edir. Ərizənin təqdim edilməsi və Nazirliyin ona cavab verməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nazirlik ərizəyə və əlavə olunmuş sənədlərə baxdıqdan sonra, dəstək məbləğinin ödənilməsi ilə bağlı müsbət qərar verərsə, vəsait iyirmi iş günü ərzində ixracatçının bank hesabına köçürüləcəkdir. Dəstək məbləği manatla ödəniləcəyinə görə, xarici valyuta ilə çəkilmiş xərclər həmin tarixdə müəyyən edilmiş valyuta məzənnəsinə əsasən hesablanacaqdır. Qaydada, həmçinin nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların sayı, iştirak edəcək ixracatçıların maksimum sayı barədə məlumatlarin bu qayda qüvvəyə mindiyi tarixdən 30 gün müddətində Nazirlik tərəfindən müəyyən edilərək, onun rəsmi internet səhifəsində yerləşdirilməsi də nəzərdə tutulur.

Xarici əlaqələr genişlənir, ixrac imkanları artır

Azərbaycanın xarici əlaqələri daha da genişlənib, müstəqil siyasət həyata keçirən ölkəmizin dünyada nüfuzu artıb. Ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənib, ölkəmiz Asiya İnfrastruktur İnvestisiya Bankı, ECOBank kimi yeni beynəlxalq maliyyə qurumlarına tam hüquqlu üzv qəbul edilib.

Azərbaycanın xarici əlaqələrinin inkişafında dövlət başçısının çoxsaylı səfərləri, aparılan danışıqlar, imzalanmış sənədlər, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər mühüm töhfəsini verir. Ötən 15 ildə xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış yeni Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında”, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib. Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyəti ölkənin xarici ticarətində müsbət meyillərə təkan verib. Ötən müddət ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, xarici ticarətinin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayının artması həm də ölkəmizin dünyada etibarlı tərəfdaş, öz öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi tanındığını göstərir. Bu gün dünya bazarına "Made in Azerbaijan” brendi ilə çıxarılan Azərbaycan məhsullarına, xüsusilə də meyvə-tərəvəz, şərab, meyvə şirələri, spirtli içkilərə və s. böyük maraq və tələbat var.

Son 15 ildə görülmüş tədbirlər nəticəsində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,5 dəfə artıb. Bu dövrdə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi 2,6 dəfə artıb. Xarici iqtisadi əlaqələrin qeyri neft sektorunun sayəsində artması, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkələrarası iqtisadi münasibətlərin inkişafına təkan verilməsi deməkdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA