“Maduro hakimiyyətdə çox qala bilməyəcək” - POLİTOLOQ

“Maduro hakimiyyətdə çox qala bilməyəcək” - POLİTOLOQ

Elxan Şahinoğlu: “Quaydonu həbs etmək məsələsində Maduro xeyli fikirləşməli olacaq”

“Maduro anlayır ki, Quaydonu həbs etsə, o, Amerika tərəfindən çox böyük təzyiqlə üzləşə bilər. Baxmayaraq ki, Quaydonun deputat toxunulmazlığı ləğv olunub, həbs etmək məsələsində yəqin ki, Maduro xeyli fikirləşməli olacaq”.

Venesuela Ali Məhkəməsinin tələbi ilə müxalifət lideri Xuan Quaydonunun deputat toxunulmazlığı ləğv olunub. Bu status ona parlamentin, sədri olduğu Milli Assambleyanın üzvü kimi verilmişdi. Toxunulmazlığın ləğv edilməsi qərarını Venesuelanın Müəssisələr Məclisi adlı qanunverici orqanı verib. Bu orqan müxalifət parlamentinə alternativ olaraq, hazırkı prezident Nikolas Maduronun tərəfdarları, hakim Sosialist partiyası tərəfindən yaradılıb.

Quaydonun deputat toxunulmazlığından mərhum edilməsi onun həbsinə doğru ilk addım ola bilər.

Yanvar ayında Quaydo özbaşına özünü müvəqqəti prezident elan etdikdən sonra, Baş Prokurorluq ona qarşı cinayət işi qaldırıb. Venesuela Ali Məhkəməsi siyasətçinin ölkədən çıxmasını qadağan eləmiş olsa da, Quaydo bu qadağaya məhəl qoymayıb. ABŞ başda olmaqla bir sıra Qərb və Latın Amerikası ölkəsi tərəfidən dəstəklənən Quaydo ABŞ-ın Kolumbiyada topladığı “humanitar yardım” yükünün fevralın 23-də Venesuelaya daxil edilməsi cəhdindən bir neçə gün əvvəl Kolumbiyaya keçmişdi. Onun kolumbiyalı qanunsuz silahlı qrupların nəzarət elədiyi yollarla Venesueladan çıxdığı iddia edilirdi. Kolumbiyadan sonra Braziliya, Paraqvay, Argentina və Ekvadora səfər edən Quaydo martın 4-də problemsiz şəkildə Venesuelaya daxil olmuşdu.

Venesula tarixində ən ciddi siyasi böhranla yanaşı, ölkədə elektrik kəsilmələri ilə də qarşılaşan Venesuelada nə hökumət, nə də müxalifət küçələri tərk eləmir. Hətta Venesuelada su şəbəkələrindəki nasoslar xarab olduğu üçün baş verən su çatışmazlığı ölkə həyatına mənfi təsir göstərməkdədir. Ölkə mətbuatında verilən xəbərlərdə, elektriklərin kəsilməsi nəticəsində su nasoslarının xarab olmasından sonra Karakas sakinlərinin şəhərin ən yüksək bölgələrindəki çaylara axın etdiyi bildirilir. İnsanlar park və baxçalardakı borulardan axan suları evlərə daşıyırlar. Özünü Venesuelanın müvəqqəti prezidenti elan eləmiş Xuan Quaydo isə elektriklərin kəsilməsinə, su böhranına görə tərəfdarlarını küçərələ çıxmağa çağırır.

“Maduro anlayır ki, Quaydonu həbs etsə, o, Amerika tərəfindən çox böyük təzyiqlə üzləşə bilər”

Картинки по запросу Elxan Şahinoğlu

Venesulada baş verən prosesləri şərh edən politoloq Elxan şahinoğlu “Hürriyyət”ə dedi ki Amerika getdikcə Quaydoya dəstəyini artıracaq: “Amerika çalışacaq ki, Maduronun hakimiyyətdən getmə prosesini sürətləndirsin. Düzdür, bunu qısa müddətdə həyata keçirmək mümkün olmadı. Maduro da orduya arxalanır. Bir də Rusiyadan müəyyən qədər dəstək aldı. Amerika yəqin ki, istəyindən əl çəkməyəcək. Maduro da anlayır ki, Quaydonu həbs etsə, o, Amerika tərəfindən çox böyük təzyiqlə üzləşə bilər. Baxmayaraq ki, Quaydonun deputat toxunulmazlığı ləğv olunub, həbs etmək məsələsində yəqin ki, Maduro xeyli fikirləşməli olacaq. Amma fakt ondan ibarətdir ki, ölkə idarəolunmaz hala gəlib, hər gün işıqlar keçirilir. Maduro Amerikanı günahlandırır. Ölkə iqtisadiyyatı ağır vəziyyətdədir. Belə vəziyyət çox uzun müddət davam edə bilməz. Maduro bəhanə kimi Amerikanı göstərə bilər, amma illər öncə iqtisadiyyatda bu problemi Amerika yaratmamışdı, axı. Yəni heç bir islahat aparılmadı, ancaq neftə arxayın olundu və sonra da ölkənin iqtisadiyyatı belə bərbad günə düşdü. Halbuki, Venesuela Latın Amerikasının ən inkişaf etmiş ölkələrindən biri idi. Uqo Çavesin yarıtmaz iqtisadi siyasəti, üstəgəl Maduronun bu siyasəti ölkəni ağır vəziyyətə sürüklədi. Amerikanın sanksiyaları çox uzun müddət deyil ki, tətbiq olunur. Bundan qabaq vəziyyət getdikcə ağırlaşırdı. Elektrik və su böhranı ilə bağlı problemləri Amerikanın üzərinə yükləmək asandır. Xalqın qarşısında nəsə bir söz deyilməlidir. Amma Amerikanın elektrik və su problemlərini yaratması özü sualdır. Bilirik ki, Amerika böyük dövlətdir, supergücdür. Amma bu cür məsələlərə necə qarışa bilər, o bir az müəmmalıdır”.

“Maduro Quaydonu ya həbs edə bilər, ya da fiziki cəhətdən məhv edə bilər, amma bu iki yoldan biri də Maduronun özünün problemlərini artıra bilər”, - deyə politoloq əlavə etdi.

E. Şahinoğlu Venesuelada baş verən proseslərin Maduronun lehinə işləyəcəyini düşünmür: “Çünki ölkə iqtisadiyatı ağır vəziyyətdədir. Amerikanın çox güclü sanksiyaları ilə üz-üzədir. Nə qədər ki, Maduro hakimiyyətdədir, bu sanksiyalar ortadan qaldırılmayacaq. Belə olan halda Maduronun şanslarının yüksək olduğunu düşünmürəm. Rusiya Maduroya dəstək verə bilər. Amma Rusiya haradadır? Hərbi dəstək vesin də. Bu, nə qədər uzun sürə bilər? Vaxtilə sovetlər də Kubaya dəstək verib, Kubanı qorumağa çalışırdı. İndi də Rusiya Venesulaya əl uzadır, sanki düşünür ki, Maduronu qoruya bilər. 1-2 il qorusun, bəs, sonra nə olacaq? Venesuela daha çox Amerikaya yaxındır. Amerika əvvəllər də Latın Amerikasında bu cür hakimiyyət dəyişikliklərinə nail olub. Əsas xalqın rəyidir. Həm də Maduro xalqdan böyük dəstək ala bilmir. Xalq da iki hissəyə bölünüb və müəyyən qədəri müxalifətə dəstək verir.

Quaydonun sonda qalib gələcəyini deyə bilmərəm. Amma onu bilirəm ki, Maduro hakimiyyətdə çox qala bilməyəcək. Quaydo olmasın, başqası olsun, Amerika Venesuelada hakimiyyəti dəyişməyə çalışacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA