Maduro hakimiyyəti qansız təhvil vermək istəmir...

Maduro hakimiyyəti qansız təhvil vermək istəmir...

İlqar Vəlizadə: “Maduronun devrilməsi ehtimalı reallaşa bilər”

“Bu qarşıdurma müddəti qeyri-müəyyən vaxta qədər davam edə bilər”

Şənbə günü Venesuela ordu qüvvələrinin yandırıcı güllələr və gözyaşardıcı qaz tətbiq etməsindən sonra Kolumbiya və Braziliya ilə sərhəddə humanitar yardımla yüklü üç yük maşını yanıb. Sərhəddə müxalifət tərəfdarları ilə ordu qüvvələri arasında toqquşmalar baş verib. Ordu qüvvələrinin açdığı atəşlə 300-dən çox adamın yaralandığı, 25 nəfərdən çox adamın həlak olduğu bildirilir. Bu baxımdan, hazırda dünyanın diqqəti Venesuelaya yönəlib.

Bu qanlı toqquşmadan sonra ABŞ dövlət katibi Mayk Pompeo prezident Nikolas Maduronu “xəstə tiran” adlandırıb: “ABŞ Venesuelada demokratiyanın sülh yolu ilə qurulmasına mane olan hər kəsə qarşı tədbirlər görəcək və buna görə həmin şəxsləri məsuliyyətə cəlb edəcək”. Hətta Pompeo Venesuelaya ordu yeridiləcəyini istisna etməyib.

Pompeo həmçinin Maduro rejiminin cinayətkar fəaliyyəti nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib: “Biz onların ədalətin bərpa edilməsinə dair tələblərinə qoşuluruq”.

Dövlət katibi bildirib ki, ABŞ humanitar yardımı ölkə ərazisinə buraxmayan Maduronu pisləyir. O, sərhəddə humanitar yardımla yüklü maşınların yandırılmasına dair təsvirləri “iyrənc” adlandırıb.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton isə bildirib ki, Venesuela ordusu humanitar yardımı ölkəyə buraxmasa, ABŞ Maduro rejiminə qarşı daha sərt sanksiyalar tətbiq edəcək və rejimin təcrid olunmasını daha da gücləndirəcək.

Gözlənilir ki, Venesuelaya qarşı yeni sanksiyalar yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, bu arada Venesuela ordusunun onlarla hərbçisinin Kolumbiyaya qaçdığı açıqlanıb. Kolumbiya tərəfi bildirib ki, hərbçilər iki ölkə sərhədindəki Simon Bolivar körpüsündən keçməklə, ölkə ərazisinə daxil olublar və siyasi sığınacaq istəyiblər.

Şənbə günü baş verən qarşıdurmadan sonra Venesuelada özünü “müvəqqəti prezident” elan eləmiş Xuan Quaydo beynəlxalq ictimaiyyəti Venesueladakı böhranı aradan qaldırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb.

Artıq məlumata görə, ABŞ və 20-dən artıq Avropa ölkəsi və bir sıra Latın Amerikası ölkələri tərəfindən tanınan Xuan Quaydo Lima qrupu dövlətlərinin nümayəndələrinin iclasında iştirak eləmək üçün Kolumbiyaya yollanıb. Danışıqların mövzusu Venesuela müxalifətinin Kolumbiya sərhədini qoruyan dövlət qüvvələri ilə toqquşması olmalıdır. Lima qrupunun Kolumbiyanın Boqota şəhərində keçiriləcək iclası ərəfəsində Quaydo Maduroya qarşı beynəlxalq təzyiq göstərilməsini tələb edib. Lakin rəsmi Karakas isə bildirib ki, hətta yeni sanksiyalar da hökuməti müxalifətçilərə göndərilən “humanitar yardımı” ölkəyə buraxmağa məcbur etməyəcəkdir. ABŞ-ın “humanitar yardım” altında Quaydoya göndərdiyi yükün ölkəyə daxil olmasının qarşısını alındıqdan sonra pezident Nikolas Maduro isə Venesuelaya qarşı sanksiya tətbiq edərək ona milyonlarla dollar zərər vurmuş ABŞ-ın “humanitar yardım karvanı” göndərməsini ölkəyə xaricdən müdaxilənin ilk addımı kimi qiymətləndirib və Venesuelanın ABŞ, Braziliya və Kolumbiyadan gələn humanitar yardıma ehtiyacının olmadığını bəyan edib. Həmçinin məlumata görə, Maduro bu hadisədən sonra Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsib.

N. Maduro qeyd edib ki, bu qərarı uzun müddət düşündükdən sonra verib: “Mən uzun müddət Kolumbiya xalqına görə dözürdüm, hansı ki, nümayəndələri bizim aramızda yaşayır”.

O, kolumbiyalı həmkarı İvan Dukeni "iblis bədənli" adlandırıb.

“Vəziyyət belə qalsa, tam miqyaslı vətəndaş müharibəsi gedə bilər”

Putin Paşinyanı niyə təbrik etmədi? - POLİTOLOQDAN ŞƏRH

Venesuelda baş verən son proseslərlə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən politoloq İlqar Vəlizadə dedi ki, hazırda bu ölkə vətəndaş müharibəsi astanasındadır: “Demək olar ki, bu vətəndaş müharibəsi başlayıb. Amma hələ ki, burada böyük itkilər yoxdur. İtkilər olsa belə, onlar lokal xarakter daşıyır. Amma düşünürəm ki, vəziyyət belə qalsa, tam miqyaslı vətəndaş müharibəsi gedə bilər. Bunu yaxın qonşuların da ən yaxın tarixi göstərir ki, adətən belə şəkildə xalq qarşısında qarşıdurma olanda bu vətəndaş müharibələrinə gətirib çıxarır. Çox güman ki, bu prosesə yaxın gələcəkdə hərbiçilər qoşulacaq, artıq bu faktlar var. Düşünürəm ki, Quaydonun tərəfində olan xarici qüvvələr də bu prosesə qoşulacaq və beləliklə daxili qarşdurma dünya siyasətində və regional proseslərdə müəyyən rol oynayacaq. Hər halda, yaxın perspektivdə bu hadisələr belə görünür”.

“Maduronu qonşu ölkələr dəstəkləsəydilər, bəlkə də vəziyyət başqa cür olardı”

“ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Venesuela ordusu humanitar yardımı ölkəyə buraxmasa, ABŞ Maduro rejiminə qarşı daha sərt sanksiyalar tətbiq edəcək və rejimin təcrid olunmasını daha da gücləndirəcək. Bu halda, Maduro rejiminin artıq məhvə doğru getdyini düşünürsünüzmü” sualına İ. Vəlizadə belə cavab verdi: “Əlbəttə, bu mümkündür. Əgər Maduronu qonşu ölkələr dəstəkləsəydilər, onda bəlkə də vəziyyət başqa cür olardı. Amma yaxın ölkələr-Kolumbiya, Braziliya onun əleyhinə çıxış edirlər. Düşünürəm ki, Amerikanın bu regional nəhənglərlə bir yerdə atdığı addımlar təsirsiz ötüşməyəcək. Son nəticə etibarilə əlbəttə ki, Maduronun devrilməsi ehtimalı reallaşa bilər. Lakin bunu demək lazımdır ki, Maduronun hazırda müəyyən tərəfdarları da var, silahlı qüvvələri kifayət qədər fəaldır. Maduro çalışacaq ki, ona dəstək olan qüvvələrə, hərbi-siyasi qruplara arxalansın. Ona görə, bu qarşıdurma müddəti qeyr-müəyyən vaxta qədər davam edə bilər. Yəni biz deyə bilmərik ki, bir aydan sonra, yaxud yarım ildən sonra onu devirə bilərlər, bunu pronozlaşdırmaq çox çətindir”.

“Maduro Karakasdan qaçsa belə, o rahat təslim olmayacaq”

İ. Vəlizadə vurğuladı ki, ABŞ Venesuelaya ordu yeritsə, Maduronun qaçmaq ehtimalı var: “Çox güman ki, Karakasdan qaçıb, hər hansı bir Dağlıq ərazilərdə gizlənməyə cəhd göstərəcək. Bu ssenari reallaşa bilər. Çünki onun Venesuleanın əyalətlərindən birində bazası var və o baza möhkəmləndirilmiş, silahlı qüvvələrə məxsus olan bir bazadır. “Plambir” deyilən bir baza var. Ola bilər ki, o baza işə düşsün. Amma düşünməyək ki, Maduro rahatçılıqla təslim olacaq. Mən düşünmürəm bu, belə olacaq. Hətta o Karakasdan qaçsa belə, o rahat təslim olmayacaq”.

“Nə qədər ki, Maduronun Venesuelada siyasi-iqtisadi bazası var, o, Rusiyaya qaçmayacaq”

“Maduronun Rusiyaya qaçma ehtimalı varmı” sualını isə İ. Vəlizadə belə cavablandırdı: “Əslində, bu ssenari də reallaşa bilər. Amma o, Rusiyaya o vaxt qaça bilər ki, Venesuelada onun siyasi və iqtisadi bazası tamamilə çokmüş olsun. Nə qədər ki, onun Venesuelada siyasi-iqtisadi bazası var, Rusiyaya qaçmayacaq”.

“O qeyri-rəsmi dəstələr arada Venesuelada peyda ola bilərlər”

“Rusiyanın Maduroya dəstək üçün hərbi qüvvə göndərməsi mümkündürmü” sualına gəlincə, politoloq qeyd etdi: “Bilavasitə düşünmürəm, amma dolayısı ilə mümkündür. Amma “Vaqner” dəstələri var. O qeyri-rəsmi dəstələr arada bu ölkədə peyda ola bilərlər. Müxtəlif məlumatlara görə, onlar indi də orada mövcuddur və Maduroya hərbi dəstək verə bilərlər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA