Maduronun “Limpopo” bankındakı hesabları... - Kremlə bağlı prankerlər Trampın xüsusi nümayəndəsini doladı

  • 2019-03-06 11:52:27
  • |
  • Aktual /

Maduronun “Limpopo” bankındakı hesabları... - Kremlə bağlı prankerlər Trampın xüsusi nümayəndəsini doladı

Kremlə və Rusiya xüsusi xidmət orqanlarına bağlı olduqları təxmin edilən prankerlər Vovan və Leksus (əsl adları Vladimir Kuznetsov və Aleksey Stolyarovdur) ABŞ prezidentinin Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abramsı dolayıblar. Və onun sayəsində ABŞ-ın Venesuela üzrə planlarını üzə çıxarıblar.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bundan əvvəl də dəfələrlə Ukrayna prezidentini, ABŞ siyasətçilərini və s. dolayan prankerlər Elliot Abramsla İsveçrə konfederasiyasının prezidenti Ueli Maurerin adından danışıblar. Və səs yazısını “Sputnik” agentliyinin Venesuela redaksiyasına (“Sputnik Mundo”) təqdim ediblər.

Telefon danışığına əsasən prankerlər ABŞ xüsusi nümayəndəsinə deyirlər ki, İsveçrənin “Limpopo” bankında Venesuela hökumətinin üzvlərinin, o cümlədən dövlət neft şirkəti PDVSA-nın hesabları var. Limpopo Cənubi Afrika Respublikasında yer adıdır və eyni zamanda “Doktor Aybolit” multfilmində uydurma dövlətdir.

Bildirilir ki, telefon danışığı fevralın 19-da baş tutub. “İsveçrə prezidenti” xüsusi nümayəndəyə deyib ki, onlar həmin hesabların qanunvericiliyi pozduğunu hesab etmirlər. Lakin Abrams israr edib ki, Vaşinqton həmin hesabların bağlanmasını istəyir. Əks halda ABŞ İsveçrəyə qarşı məhkəmə iddiası qaldıra bilər və üstəlik yeni prezident Xuan Quaydonun hakimiyyəti ilə Bern arasında problemlər yaranar.

Bundan sonra prankerlər hesabları bağlamağa “razı olublar”, amma bir şərtlə ki, ABŞ sanksiyalar siyahısında olan Venesuela vətəndaşlarının siyahısını onlara versin. Növbəti telefon danışığında prankerlərə həmin siyahı göndərilib. Telefon xuliqanları isə öz növbəsində İsveçrə bankında “hesabları aşkarlanan “ Venesuela məmurlarının siyahısını verib. Həmin siyahıda isə rusiyalı teleaparıcı Kseniya Sobçakın, yazıçı Dmitri Bıkovun, keçmiş vəkil Mark Feyqinin və serial qəhrəmanlarının adları yer alırdı.

“Habelə bu siyahıda biz “Lexus Vovanial Bank Ltd” bankını da göstəririk, orada Nikolas Maduronun pulları saxlanılır”-Kuznetsov və Stolyarov deyiblər. Söhbət zamanı onlar amerikalı diplomatı inandırıblar ki, “Nurlan Baydilda” fondunda (Nurlan Baydilda Rusiyada “Biznes-gənclik” layihəsinin yaradıcısı və “Tender First” treninq şirkətinin yaradıcısıdır) Maduronun şəxsi aktivləri var.

Prankerlərlə söhbətdə Venesuelanın müvəqqəti hökumətinin səfiri Karlos Vekko da iştirak edib. O, daha sonra “Bloomberg”ə müsahibə verib və Twitter-də “Baydilda Fondu” barədə məlumatı yerləşdirib.

Telefon söhbəti zamanı Abrams prankerləri əmin edib ki, Vaşinqton Venesuelaya qoşun yeritmək fikrində deyil. Sadəcə belə xəbərdarlıqlar etməklə Maduronu qorxutmaq istəyir.

“Biz sizi və Konqresi əsəbiləşdirmək istəmirik, biz Venesuela silahlı qüvvələrini əsəbiləşdirmək istəyirik. Hesab edirik ki, onları ABŞ qoşunlarının girməyəcəyinə əmin etmək taktiki səhv olardı. Lakin biz əslində başqa şey edirik”-Abrams bildirib.

ABŞ xüsusi nümayəndəsi rusiyalı telefon xuliqanları tərəfindən ələ salınması ilə bağlı şərh vermir. Venesuelada isə böhran davam edir və ABŞ hələ qoşun yeritməsə də Maduronun rejimini bütün maliyyə qaynaqlarından məhrum etməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Vaşinqton Maduronun rejimini bütün maliyyə qaynaqlarından məhrum etmək üçün yeni sanskiyalar tətbiq edəcək.

Maduronun özünün isə “ölkədən qaçdığı” haqda şaiyələr yayılıb. Buna Venesuela prezidentinin təyyarəsinin Kubaya uçmasına dair məlumatlar əsas verib. “Flightradar” saytından əldə edilən məlumatlara görə təyyarə Karakasın beynəlxalq aeroportundan havaya qalxıb və Havanada yerə enib. Amma təyyarənin göyərtəsində kimin olduğu məlum deyil.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA