MADUROYA “QIZIL PARAŞÜT” TƏKLİF OLUNACAQMI? - Bunu çətinləşdirən 4 səbəb

MADUROYA “QIZIL PARAŞÜT” TƏKLİF OLUNACAQMI? - Bunu çətinləşdirən 4 səbəb

Venesuela prezidenti çətin vəziyyətə düşüb. Ona qarşı küçə yürüşləri getdikcə geniş vüsət alır. Müxalifət lideri Xuan Quaydo (Juan Guaido) özünü Venesuelanın müvəqqəti prezidenti elan edib və bu məsələdə ABŞ, Kanada, Argentina, Braziliya, Kolumbiya və digər Latın Amerikası ölkələri onu dəstəkəyiblər. Amma Venesuelanın əksər yüksək vəzifəli zabitləri Maduronun tərəfində durmaqda davam edirlər ki, bu da xeyli qan töküləcəyi ehtimalını artırır.

Prezident Tramp bildirib ki, ABŞ Venesuela hakimiyyətinə qarşı həyata keçirilməsi mümkün olan bütün variantları gözdən keçirir. Bu variantlar içərisinə iqtisadi sanksiyalarla yanaşı hərbi güc tətbiqi də daxildir. Lakin ABŞ administrasiyasından adının açıqlanmasını istəməyən məmurlardan biri eyhamla deyib ki, ola bilər ABŞ Maduronun ölkədən çıxıb getməsi üçün bir “yol tapılmasına” yardım edər. Bunun üçün Maduronun öz postundan sakitcə getməsinə razılıq verməsi lazımdır.

Maduronun ölkədən getməsi və ya ona amnistiya verilməsi, onun üçün “qızıl paraşütdür” və bunu praktikada reallaşdırmaq hədsiz çətindir. Digər yandan əgər Maduro mühakimə olunmadan ortadan çıxarsa, onda venesuelalılar belə qərara gələrlər ki, onları sadəcə olaraq aldadıblar. Hər halda əgər Maduronu prezident postundan dinc yolla ayrılmağa inandırmaq mümkün olarsa, hadisələrin bu varianta uyğun şəkildə inkişafı şübhəsiz ki, hərbi müdaxilə ilə müqayisədə daha az ziyanlı olar.

Beləliklə “qızıl paraşüt” mümkündürmü? Bu, necə görünəcək?

1. Vədlərin etibarlılığı problemi

Vətəndə ciddi problemlərlə qarşılaşan lider üçün sürgün olunmaq cəlbedici variant kimi görünə bilər. İstefa vermək və ya amnistiya vədlərinə inanaraq ölkədə qalmaqla müqayisədə, sürgün olunmaq öz toxunulmazlığının təmin edilməsi yolunda uzun illər ərzində ən etibarlı vasitə sayılıb.

Lakin son zamanlar bütün dünya üzrə cinayət prosesləri dalğası yayılıb və ölkədən qaçan liderlərin, harada olmasından asılı olmayaraq, məsuliyyətə cəlb edilməsinə çağırışlar artıb. Liberiyanın keçmiş prezidenti Çarlz Teylor və Çad diktatoru Hissene Habre ilk əvvəl beynəlxalq ictimaiyyətdən sürügünə razılaşacaqları təqdirdə, onların cinayət məsuliyyətinə cəlb olunmayacaqları vədini almışdılar. Buna baxmayaraq, sonradan onlar məhkəmə qarşısına çıxarıldılar. Artıq sürgünü toxunulmaz təminat hesab etmək olmaz.

Belə ki, yeni beynəlxalq məhkəmə prosesi sürgünə olan münasibəti tədricən dəyişir. Əvvəllər kütləvi repressiyalarda ittiham olunan liderlər, heç bir cinayət törətməyən liderlər kimi sürgünə yollanırdılar. Amma 1990-cı ilin sonunda Beynəlxalq Cinayət Məhkəməsi yaradılanda və Çilinin keçmiş rəhbəri Auqusto Pinoçet həbs ediləndə sürgün məsələsinə əvvəlkindən fərqli yanaşmağa başlanılıb.

Hazırda sürgün variantının etibarlılığı dillema yaradır. Liderlərin təhlükəsiz sığınacaq tapmalarında ciddi çətinliklər əmələ gəlir, Liviya lideri Müəmmar Kəddafi ilə məhz bu cür hadisə baş verdi. Digər yandan cinayət məsuliyyətinə cəlb olunacağı təhlükəsi liderləri elə ilk başdan insan haqlarını pozmamağa məcbur etməlidir. Başqa sözlə, əgər söhbət nə vaxt ki, problemli liderlərdən gedir, onda münaqişələrin sona çatdırılmasıyla insan haqlarının pozulmayacağı arasında balans olmalıdır.

Bu, Maduroya qarşı necə tətbiq oluna bilər?

Ola bilər ki, o, sürgünə getmək istəmir, çünki 2018-ci ilin fevralında Beynəlxalq Cinayət Məhkəməsi Venesuela rejiminin nümayişçilərə qarşı hədsiz güc işlətməsi barəsində məlumatı yoxlamaq üçün “ilkin təhqiqat” aparmağa başlayıb.

Lakin hələlik Maduro dinc vətəndaşların kütləvi surətdə öldürülməsində ittiham edilmir. Ola bilər ki, Maduro bu cür qan tökülməsinə başlamamışdan öncə ölkəni tərk etmək istərdi. Amma Maduro hakimiyyətdə nə qədər çox qaldıqca və onun ixtiyarındakı silahlı güclər daha çox cinayətlər törətdikcə – onun “qızıl paraşüt” alması bir o qədər çətinləşəcək.

2. Hansı ölkə Venesuelanı tərk etmək istəyən Maduronu qəbul edə bilər?

Vəziyyət hədsiz mürəkkəbləşəndə əksər liderlər qonşu ölkələr və ya müttəfiq ölkələrə getməyi seçirlər.
İş ondadır ki, Maduro qonşularla münasibətini kəskin korlayıb, onun əsas xarici tərəfdarları – Çin, Kuba, Rusiya və Türkiyəninsə ondan imtina etmək üçün əsaslı səbəbləri var. Məsələn, Rusiya Maduro rejiminə milyardlarla dollar yatırıb və onun hakimyyətdə qalmasını istəyər. Amma hər halda ABŞ və onun müttəfiqləri Kubanı və ya hansısa digər ölkəni Maduronu qəbul etməyə inandıra bilərlər.

3. Vaxt udmaq istəyi nəticəsində yarana biləcək dağıntılar

Əgər cinayət məsuliyyətinə cəlb olunmamaq haqqında immunitet təklifi səsləndirilsə, onda liderə bunun təxirasalınmadan qəbul edilməsini, əks təqdirdə bu təklifin qüvvədən düşə biləcəyini inandırmaq çətin olacaq. Çünki liderlər müxalifəti əzmək üçün immunitet barəsindəki təklifin qəbul olunması qərarını yubadırlar.

Məsələn, Panamanın keçmiş lideri Manuel Antonio Noryeqa amerikanların hərbi müdaxilə variantına baş vurmasına qədər, onların “qızıl paraşüt” təklifinə iki dəfə yox deyərək, hakimiyyətdə qalmağa üstünlük vermişdi. Yekun nəticədə danışıqlar dalana dirəndi və ABŞ hərbi müdaxilə edərək Noryeqanı hakimiyyətdən saldı.

Maduroya zamanın onun tərəfində olmadığını inandırmaq üçün ABŞ iqtisadi sanksiya tətbiq edə bilər.

4. Razılığa gəlmək məsələsində yaşana biləcək problemlər

Maduroya sürgün təklif etmək üçün müxtəlif tərəflər öz mövqelərini razılaşdırmalıdırlar. Öz mövqelərini diktator və hökumət, diktator və müxalifət və həmçinin də Maduronun yaxın ətrafı razılaşdırmalıdır. Nəticədə xeyli sayda anlaşılmazlıqlar yaranır. Məsələn, sürgün təklifi ilə çıxış edən hər hansı hökumətin içərisində amnistiya bəndi ilə bağlı fikir ayrılığı meydana gələ bilər. Belə bir hal Noryeqa ilə bağlı məsələdə də yaranmışdı.

Başqa yandan Maduro üçün təklif olunan istənilən “qızıl paraşüt” özü ilə bərabər növbəti suallar da gətirir: Maduro ilə birlikdə ölkədən kimlər və hansı immunitet dərəcəsi ilə gedə bilərlər? Maduro və digərləri xarici banklardakı öz hesablarına girişi saxlaya biləcəklərmi? O hansı vaxta qədər öz postunu tərk etməlidir?

Qısaca desək, Maduronun hakimiyyətdən dinc yolla getməsi hərbi müdaxilə ilə müqayisədə daha qəbuledici variantdır. Bunun reallaşdırılması və müxtəlif tərəflərin maraqlarını uzlaşdırmaq üçün ciddi diplomatik işlər görülməlidir.

(“The Washington Post”-ABŞ)

Tərcümə azpolitika.info-nundur

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA