“Maliyyə amnistiyası ver, gör ölkə necə çiçəklənir” – “Hamı pulunu çıxarıb xarici ölkələrdə fırladır…”

“Maliyyə amnistiyası ver, gör ölkə necə çiçəklənir” – “Hamı pulunu çıxarıb xarici ölkələrdə fırladır…”

Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa “AzPolitika.info”ya müsahibə verib.

Hurriyyet.org həmin müsahibəni təqdim edir.

- Fazil bəy, Prezidentin sədrliyi ilə 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair müşavirə keçirildi. Bu müşavirə, sizə görə, əvvəlkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

– Qeyd edim ki, bu sosial-iqtisadi məsələlər, əldə olunan uğurlar və görüləcək işlərlə bağlı ənənəvi olaraq aparılan müzakirələrdir. Bu müzakirələr il ərzində baş verən hadisələr və proseslərə dair müzakirələri ehtiva edir. Bu mənada müşavirədəki çıxışlarda və nitqlərdə müəyyən yeniliklər olur. Amma ölkə Prezidentinin ölkədə iqtisadi-siyasi durumu, sosial vəziyyəti dəyərləndirməsi daha çox diqqəti cəlb edir. Çünki nazirlərin verdiyi hesabata Prezidentin yanaşması önəmlidir. Prezident də nitqində çox maraqlı tezislər irəli sürdü. Xüsusilə, bahalaşma, sahibkarların proseslərə cəlb edilməsi və daha çox insanların işlə təmin edilməsində sahibkarların iştirakı məsələsinə diqqət ayırdı. Bu olduqca vacibdir, çünki sahibkarlar proseslərdə bu və ya digər səbəbdən iştirak edə bilmirlər. Küskünlük yaranır, bürokratik maneələri aşa bilmirlər və bu da sahibkarlarda narazılıq yaradır. Odur ki, belə məsələlərin Prezident tərəfindən dilə gətirilməsi biznes mühitinin sağlamlaşdırılması, əlavə əngəllərin aradan qaldırılması baxımından təsirini göstərə bilər. Hesab edirəm ki, müşavirədə vergi orqanlarının daha çevik işləməsi və iqtisadi sahədə müəyyən problemlərin ortadan qaldırılmasına köməklik göstərməsinin Prezident tərəfindən vurğulanması yerində oldu. Ümid edirəm ki, müşavirənin təsirləri olacaq. Böyük ehtimalla, rayonlarda da bu istiqamətdə müzakirələr gedəcək və real vəziyyət, problemlərlə bağlı fikirlər səslənəcək, habelə onların həlli üçün çalışılacaq.

- Siz hesab edirsiniz ki, müşavirədə müzakirə edilən məsələlər praktiki həyatda mövcud olan real problemləri əhatə etdi?...

– Əlbəttə. Hamısını tam əhatə etməsə də. Əslində bir müşavirə ilə hamısını əhatə etmək də mümkün deyil. Amma bütün hallarda hökumətin məsuliyyətini artıracaq müşavirədir. Orada müvafiq qurumların rəhbərləri, nazirlər iştirak edirdi. Ölkənin maliyyə durumu, gömrük və vergi siyasəti ilə bağlı məsələlər ələ alındı. Prezident də qeyd etdi ki, bizim daha çox gəlirlər gömrük və vergi vasitəsilə əldə olunan gəlirlərdir. Bu da artırılmalıdır. Amma qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı müşavirədə fikirlər səsləndirildi. Xüsusilə, kənd təsərrüfatının inkişafı ilə bağlı maraqlı təklif və mülahizələr ortaya qoydu. Məncə, bunların hamısı ciddi şəkildə müzakirəyə layiqdir və bunu da dərindən müzakirə etmək vacibdir.

235d42892a74739

- Müşavirədə Prezident süni qiymət artımı, inflyasiya ilə bağlı fikirlər səsləndirdi, açıq bəyan etdi ki, burada kartel sövdələşmələr istisna olunmur. İndi süni qiymət artımının qarşısı hansı yollarla alınmalıdır?

– Söhbət ondan gedir ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımına inzibati qaydada tam nəzarət etmək doğru olmaz. Ancaq elə mühit yaratmalıyıq ki, qəsdən sosial ajiotaj yaratmaq məqsədilə buna gedilməsin. Hər halda bu məsələdə sahibkarların da maraqlarını düşünmək lazımdır, amma həm də əhalini narazı salacaq elementlərin ortadan qaldırılması ilə bağlı müəyyən fikirlərin səsləndirilməsi vacibdir. Çünki bu məsələdə hərtərəfli problemlər yarana bilər. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşürsə, bu sonradan sosial narazılığın genişlənməsinə səbəb ola bilər. Prezident də bunları nəzərə alaraq süni qiymət məsələsi üzərinə xüsusi vurğu etdi.

- Azərbaycanda bir ənənə var: maaşlar, pensiyalar, sosial müavinətlər artır, amma bazarda qiymətlər bundan öncə artır. Bu vəziyyət illərdir davam edir…

– Hesab edirəm ki, azad bazar siyasəti mühitində bunu tənzimləmək olduqca çətindir. Hər dəfə belə halın baş verməsinə səbəb odur ki, hamı istəyir özünü sığortalasın. Maaş artımından sonra elə bilirlər ki, əhalinin alıcılıq qabiliyyəti sürətlə artır. Bunu sığortalamaq istəyirlər və bu da inflyasiyanın genişlənməsinə gətirib çıxarır. Çünki əhalinin maaş artımının effekti qalmır. Maaş artırsa və onunla paralel qiymətlər də qalxırsa deməli, maaşın effekti qalmır. Prezident də çıxışı zamanı bu məqamı nəzərdə tuturdu. Fikrimcə, bunun da çıxış yolu sahibkarların üzərində bütün maneələrin ortadan qaldırılmasından keçir. Və sahibkarlığın səmimi şəkildə inkişafına dəstək verilməsindən. Bunlar baş verərsə, qısa müddətdə mənfi tendensiyaların qarşısını almaq mümkündür.

- Bir neçə il əvvəl Prezident sahibkarlıq subyektlərinin yoxlanılması prosesinin dayandırılması haqda qərar verdi. Bu qərar indi də qüvvədədir. Belə olduqda məmurlar sahibkarlar üçün hansı maneəni təşkil edə bilərlər?

– Məsələ təkcə sahibkarların yoxlanılması və ya yoxlanılmaması ilə bağlı deyil ki. Məsələn, gömrükdə şəffaflıq var və sahibkar malını gətirdi, hər şey əladır. Sonda nə olsun? Axı şəffaflıqla məsələ yekunlaşmır, ortaya başqa problemlər çıxır. Məsələn, bazara giriş üçün monopoliyanı aşa bilmir. Bu ciddi problemdir. Yəni sahibkar malı gətirib, amma bazar monopoliyadadır deyə bir çox sahələrə girə bilmir. Digər tərəfdən, tikintiyə icazədən tutmuş müxtəlif sənədlərin alınmasına qədər, bir çox məsələlərdə ciddi problemlər ortaya çıxır. Hesab edirəm ki, bunları da müəyyən dərəcədə düşünmək lazımdır. Bu mənada hesab edirəm ki, problemlər kifayət qədər çoxdur və onları səmimi şəkildə ortadan qaldırmaq lazımdır. Sahibkarı yoxlamamaq olsun, amma kimlərsə sahibkardan qeyri-rəsmi vəsait almamalıdır. Bu prinsipləri qızıl qaydaya çevirməsək, çətin olacaq. Söhbət sahibkarın işləməsindən deyil, güvənindən gedir. Hamı pulunu çıxarıb başqa ölkələrdə fırladır, öz ölkəsinə yatırmır. Təminat vermək lazımdır ki, sizin hüququnuzu məhkəmə qoruyur. Məhkəmə hakimiyyəti sahibkarın hüquqlarını qoruya biləcək səviyyədə şəffaf olmalıdır. Bunlar olarsa, Prezidentin dediyi kimi, sahibkarlar da mühitə daha çox fayda vermiş olacaqlar.

- Siz monopoliyadan bəhs etdiniz. 20 ildir ki, mətbuat yazır, bəzi deputatlar parlamentdə bu haqda danışır, Prezident xəbərdarlıq edir, amma bu problem aradan qalxmır. Axı bu monopolistlər kimdir, doğrudanmı onlar əlahiddə gücə sahibdirlər?

– Monopolistlər deyəndə imtiyazlı təbəqələrdən söhbət gedir. Yəni siyasi hakimiyyətə də müəyyən qədər təsiri olan insanlardan bəhs edilir. Rəqabətsiz bir mühitdə pul qazanmaq və bunu illərlə davam etdirməkdən gedir. Əslində XIX əsrdə ABŞ-da da belə hallar olub. Ancaq onlar “Şerman qanunu” qəbul etdilər və rəqabəti əsas prinsipə çevirdilər. Bundan sonra hər hansı bir şəkildə haqsız rəqabət mühiti yaranmadı, sahibkarlığın inkişafı ilə əslində ölkə inkişaf etdi. Bizdə də bunu etmək lazımdır. İlk növbədə də maliyyə amnistiyası vermək lazımdır. Maliyyə amnistiyasi verməyincə, hamı qorxub pulunu ortaya çıxarmayacaq. Maliyyə amnistiyası verdikdən sonra ola bilsin ki, birinin maddi vəziyyəti digərindən qat-qat üstün olacaq, amma qabiliyyət imkanları sıfırlananda daha qabiliyyətli az vəsaitlə qısa müddətdə böyük xariqələr yarada bilir. Amma rəqabətsiz mühitdə milyardlar qazanan adam rəqabət mühitində qazandığını itirmiş ola bilər. Bu bazar iqtisadiyyatının əlifbasıdır. Biz gerçək bazar iqtisadiyyatına keçməliyik. Bazar iqtisadiyyatının əsas şərtlərindən biri valyutanın məzənnəsidir. Məsələn, ABŞ dollarının kursu iki ildir sabit qalırsa, deməli inzibati qaydada tənzimlənir. Amma normal sahibkarlıq inkişaf edəndə heç buna ehtiyac qalmır və pulun saxlanmasına maliyyə də cəlb edilmir. Və real sektorla iqtisadi proqnozlaşdırmanı aparmaq daha asan olur.

dollar

- Siz maliyyə amnistiyası deyəndə uzun illərdir ki, məmurların qanunsuz olaraq topladığı kapitalın rəsmiləşdirilməsini nəzərdə tutursunuz?

– Qanuni, qanunsuz yolla kim nə toplayıbsa, amnistiya tətbiq edirsən və deyirsən ki, pulunu xaricdən gətir qoy öz ölkənə. Və buna görə məsuliyyət daşımırsan, məhkəmə də qarantiya verir. Beləcə, onlar pulu gətirib sərmayə kimi qoyurlar və başqa qaydalarla işləməyə başlayırlar. Yəni ancaq vergini tanıyır və vergi xaricində heç bir qurumu tanımır. Ondan sonra görün ölkə qısa müddətə neçə çiçəklənəcək.

- Amnistiya verildikdən sonra qanunsuz şəkildə böyük pullara sahiblənən məmurların kapitalını ölkəyə qoyacaqlarına dair sizdə qəti əminlik haradandır?

– Əslində məndə əminlik özümün kəşfi deyil. Əminliyi tarixi təcrübəyə görə deyirəm. Onlarla ölkənin təcrübəsində bu var. Onlarda da belə narazılıq olub ki, maliyyə amnistiyasından sonra onların kapitalını gətirib ölkəyə qoyacaqlarına zəmanət yoxdur. Hər halda onların 50 faizi kapitalını gətirib qoyması kifayət edər.

- Hökumətin mövqeyi və yanaşması belədir ki, ölkə inkişaf edir, hər şey yaxşıdır, irəliləyiş var, qeyri-neft sektoru inkişaf edir. Müstəqil iqtisadçılar isə elan edirlər ki, vəziyyət mürəkkəbdir və belə davam etsə mənfi ssenarilər ortaya çıxa bilər. Sizcə, bu iki fərqli fikrin hansı daha realdır?

– Hesab edirəm ki, panikaya da ehtiyac yoxdur. Çünki Azərbaycan iqtisadiyyatı ilə bağlı belə panikalar illərdir deyilir, amma siz deyən tənəzzül və çöküş vəziyyətinə gəlib çıxmır. Lakin durum ürəkaçan da deyil. Biz çalışmalıyıq ki, bu simptomu yaxşı istiqamətə dəyişəcək. Açığı, sizə deyim ki, son dövrlər ölkə Prezidenti tərəfindən əhalinin rifahını, sosial-iqtisadi durumu yaxşılaşdırmaq məqsədilə böyük addımlar atılıb. Təqaüdlər, pensiyalar, əmək haqları, müavinətlər artırıldı, amma bazarda da qiyməti buna adekvat artır. Eyni zamanda, bizdə dövlətə yük olan əhali sayı artmağa başlayıb. Hamı dövlətdən ummağa başlayır. Halbuki, işsizlik, müavinət və digər məsələlərin yükünü özəl sektor paylaşmalıdır. Üstəlik, neftdən asılılıq o səviyyədədir ki, neftin qiymətinin dəyişməsi ilə böyük təhlükəyə tərəf yönələ bilərik. Odur ki, bizim indiki durumumuz xeyli risklidir. Bu mənada qeyri-neft sektorunu daha açıq və şəffaf şəkildə inkişaf etdirmək yolunu düşünməliyik. Məsələn, biz boş və mənasız layihələrə xərclədiyimiz pulla yol infrastrukturunu düzəltsəydik və ya kənd təsərrüfatına qoysaydıq, indi özünü kənd təsərrüfatı məhsulları ilə təmin edən ölkə durumunda olardıq. Fikrimcə, strateji planlaşdırmanı düzgün istiqamətdə aparmalıyıq ki, bu dəfə kataklizmdə, dünya böhranı zamanı zərər çəkən tərəf olmayaq.