Marneulidə “Gürcü Arzusu”nun namizədi QALİB ELAN OLUNDU, AMMA...

Marneulidə “Gürcü Arzusu”nun namizədi QALİB ELAN OLUNDU, AMMA...

...Rəqibləri Zaur Darğallının saxtakarlıq yolu ilə qalib gəldiyini iddia edirlər

Əhməd İmamquliyev: “Zaur Darğallı oliqarx Bidzina İvanişvilinin pulu ilə təyin olundu”

Əli Bədirov: “Seçkilər çox ədalətsiz keçdi”

Aqil Mustafayev: “Artıq Gürcüstanda demokratiya yoxdur”

Zaur Darğallı: “Biz seçkiləri tam demokratik, azad mühitdə, əhalimizin tam dəstəyi ilə əldə etdik”

Xəbər verildiyi kimi, iki gün öncə Gürcüstanda növbədənkənar və aralıq seçkilər üzrə səsvermə keçirildi. Seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə baş tutub. Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.

Qeyd edək ki, əhalisinin əksəriyyəti azərbyacanlı olan Marneuli rayonunda hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni qazanaraq eyniadlı şəhərin icra başçısı seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Onu da nəzərə çatdıraq ki, Marneulidə keçirilən seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib.

“Mən Zaur Darğallının seçilidiyni qəbul etmirəm”

Marneulidə keçirilən mer seçkilərində iştirak edən “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev “Hürriyyət”ə dedi ki, srağagün Marneuli rayonunda seçkilər keçmədi, bu, saxtakarlığın pik nöqtəsi idi: “Srağagün “Gürcü Arzusu” Partiyasının namizədini gətirib Marneuli rayonuna mer vəzifəsinə oturtdular. Sadəcə, onu deyə bilərəm ki, srağagün Gürcüstanda “Gürcü Arzusu” Marenuli rayonunun əhalisinin gözünün önündə demokratiyanı zorladı. Bununla bağlı yüzlərlə, minlərlə saxtakarlığı subut edən faktlar var. Mən Zaur Darğallının seçilidiyni etiraf etmirəm və qəbul da etmirəm. Ona görə ki, Zaur Darğallı “Gürcü arzusu” Partiyasının, olqarx Bidzina İvanişvilinin pulu ilə təyin olundu.

Seçkilərin saxta keçməsinin tək bir səbəbkarı var, o da Bidzina İvanişvilidir. Çünki o, hakmiyyətdə qalmaq istəyir. Bidzina İvanişvlinin hakimiyyətdə qalmaq uğrunda mübarizəsi Marneuli rayonunda milyonlarla pula başa gəldi. Buna görə, əhalimizin üzərinə hakim partiya tərəfindən hədə-qorxu gəldilər və eyni zamanda xalqa pul təklifi oldu. Yəni hər türlü xalqımızn üzərinə gəldilər. Ona görə, bu gün belə nəticə aldıq.

Mən ona görə bu seçkini və Zaur bəyin xalqın içindən seçildiyini qəbul etmirəm. Sadəcə, biz Zaur bəyə Bidzina İvanaşivilinin gətirdiyi “kukla” deyib, inşallah, yolumuza davam edəcəyik”.

“Zaur bəy mənimlə razılaşmışdı, amma...”

“Kəndlərdə əhaliyə pul paylanılması ilə bağlı konkret faktlar varmı” sualına Ə. İmamquliyev belə cavab verdi: “Bəli, var. Gürcüstanda müxalif televiziyalardan biri olan “Rustavi-2” kanalı seçkidən bir gün öncə çəkiliş etmişdi. Həmin kanalın əməkşdaşları Sadaxlı kəndinə gedib, araşdırma aparmışdılar və deyilənə görə, Sadaxlı kəndində Zaur Darğallının həyat yoldaşı hind düyüsü və günəbaxan yağı paylayıb. Bunu televiziyanın əməkdaşları üzərə çıxartmışdılar. Yəni ərzaqla xalqı özlərinə tərəf çəkib, səsləri almaq istədilər və aldılar da. Sonra isə seçki günü bütün məntəqələrdə zorbaçılq müşahidə olundu. Bütün məntəqələrdə bizim orada olan müşahidəçilərimizə hədə qorxu-gələrək saxtakarlığa yol vermişdilər.

Sözün düzü, biz gözləmirdik ki, bu türlü saxtakarlığa yol verilsin. Zaur bəy də özünü çox demokrat göstərməyə çalışırdı. Hətta bizim bir neçə dəfə danışıqlarımız olmuşdu ki, gəlin, biz artıq Marneuli rayonunda və vətənimiz olan Gürcüstanda, eyni zamanda bütün dünyada nümayiş etdirək ki, Borçalı türkləri azad, demoktik şəkildə seçkiyə gedib, öz istədikləri şəxsə səs verə bilərlər. Mənimlə bu barədə razılaşmışdılar. Amma bu razılaşmaya baxmayaraq biz bunu görmədik, seçkidə heç bir demokratiyadan, seçimdən söz ola bilməzdi. Çünki yenə deyirəm, hədə-qorxu gəlməklə və ərazaqla xalqı özlərinə tərəf cəlb etməyə çalışdılar.

Biz harada gördük, orada 21 saxtakarlıq faktı ilə bağlı ərizələrimzi Komissiyaya yazmışıq. Qanun çərçivəsində Komissiyada bunların hamısı məhkəməyə kimi gedəcək. İnşallah, orada bu saxtakarlığa yol verən insanlar cəzalandırılacaq”.

Картинки по запросу MARNEULİ POLİCE

“Bir çox seçicinin 3-5 dəfə eyni adama səsverməsi həyata keçirildi”

Siyahıda 4-cü yerə çıxdığı bildirilən müstəqil namizəd Əli Bədirov isə vurğuladı ki, seçkilər çox ədalətsiz keçdi: “İlk növbədə, onu etiraf etmək lazımdır ki, ikinci tur olsa belə, böyük ehtimalla iqtidar partiyasının namizədi Zaur Darğallı qalib gələcəkdi, o da öz səslərinə xatir yox. Zaur Darğallını kəndlərdə heç tanımırlar. Ancaq iqtidar partiyasının namizədi olduğu üçün bu seçkilərdə o, qalib gələcəkdi. Bunu etiraf etmək istəyirəm ki, səmimi olduğumu biləsiniz. Amma bu yazılan nəticələr heç də reallıq deyil. Bu seçkilərdə seçicilərə qarşı çoxlu haqsızlıqlar, ədalətsizliklər, təzyiqlər oldu. Ona görə, seçkiləri uddular.

Seçicilərin bir çoxuna məntəqələrin yanında pul verirdilər ki, get “41”-ə səs ver. Məntələrin içində ən pisi də o idi ki, bir çox kənddə komissiya üzvlərinin böyük əksəriyyəti iqtidar partiyasını dəstəkləyən, oradan maaş alan, amma hörmət görməyən insanlar idilər. Onlara xatir bir çox seçicinin 3-5 dəfə eyni adama səsverməsi həyata keçirildi. Yəni yazılan rəqəmlər heç də reallıq deyil. Mən bu reallığı qəbul edirəm ki, bu seçkilərdə dördüncü yerə çıxdım, amma bu faizlə yox. Mənim seçkilərdə 4-5% səsim var idi. Amma seçilərimi pulla almaqla, onlara təzyiq göstərməklə səs faizim aşağı düşdü. Seçiclərimin bir çoxuna “sənin yardımını kəsəcəyik”, “işdən çıxardacağıq” deməklə, “yaxın adamını həbsdən çıxardacağıq” vədi ilə, yəni yalan söbhətlərlə bir çox secilərimi əlimdən aldılar”.

“Gürcü qardaşlarımız səslərini belə rahat 10-20 lariyə “satmırlar”

“Əlbəttə, Gürcüstanda az-çox demokratiya var. Amma bizim Gürcüstan azərbaycanlılarında demokratiyanı sevməyən bir xasiyyət var. Zuqdudi də niyə iqtidar partiyası 50%-i zorla keçir, qalib gəlir, burada iqtidar partiyasının namizədi 80%-ə yaxın səs yığır? Bu, mumkün deyil. Kəndlərə çıxın, heç kəs nə Zaur Darğallını tanıyır, nə də əksəriyyət onu dəstəkləyir. Zaur Darğallının özü iqtidar partiyasından da sayılmır. Mən bir neçə dəfə ona bu sual verdim ki, “Gürcü Arzusu” bir gün müxalifət olacaq, siz “Gürcü Arzusu”nda qalacaqsınızmı? Bu adamın cavabı olmadı. İki debatda bu suala cavab vermədi, üçüncü debata da gəlmədi. Yəni bizim xalq, maşallah, səsimizi, partiyayı satmağı bacara biləcək insanlarıq, bunu etiraf etmək lazımdır. Amma inşallah, bir gün tövbə edərik və belə hərəkətlərin başını buraxarıq.

Bizim Gürcüstan azərbaycanlılarında demokratiyaya doğru inkişaf çox zəif gedir. Zuqdidi belə, bizdən üstündür. Mən iqtidar partiyasına doğru danışmağı düzgün hesab etmirəm. Çünki mən müstəqil namizəd idim deyə, heç bir partiyaya qarşı pis danışmaq istəmirəm. Amma necə olur ki, iqtidar partiyasının namizədi Zuqdididə 50%-i zorla keçir, burada 80%-ə yaxın səslə udur? Deməli, gürcülər məntəqələrdə eyni adama çoxlu bülletenlər ata bilmirlər, yəni bir adam 5 dəfə səs vermir. Bu, onun sübutudur. Bir də ki, gürcü qardaşlarımız səslərini belə rahat 10-20 lariyə “satmırlar”. Bizdə maşallah, səslərini satanlarımız çox oldu. Ona görə də bu cür rəqəmlər ortaya çıxdı, amma bu, reallıq deyil”,-deyə müstəqil namizəd qeyd etdi.

“Kimdi Zaur Darğallını kəndlərdə tanıyan?”

Ə.Bədirovun fikrincə, reallıqda Zaur Darğallı iqtidar partiyasının namizədi olduğuna görə bu seçkinin qalibi ola bilərdi: “Amma ola bilsin ki, Zaur Darğallı 51-55% səslə birinci ola bilərdi, lakin yazılan 78% yalan söhbətdir. Gedin, kəndlərdə soruşun, kimdir iqtidar partiyasından bu qədər razı olan? Harada görülüb ki, 10 nəfərdən 8-i razı olsun. Kimdi Zaur Darğallını kəndlərdə tanıyan? Bunlar boş söhbətlərdir. Bu nəticələrə inanmayın. Etiraf etməliyik ki, iqtidar partiyasının namizədi olduğuna görə birinci yer Zaur Darğallının oldu, ikinci yerdə Aqil Müstafayev, üçüncü yerdə isə Əhməd İmamquliyev oldu. Ona görə ki, bu partiyalar çoxlu pul xərclədilər. Amma pulsuz, könüllü dəstəkçilərə və pula satılmayan dostlara inanaraq Marneulidə ancaq dördüncü yerə çıxmaq mümkün imiş, bunu da gördük.

Yenə də deyirəm, dördünücü yerə çıxmağımı etiraf edirəm, mən yalan danışmağı sevmirəm, amma mən dördüncü yerə bu səs faizi ilə çıxmamışam”.

“Gürcüstanın bir neçə rayonunda eyini vəziyyətdə seçki keçirildi”

Mer seçkilərində ikinci yeri qazanan Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev isə söylədi ki, baş verənləri seçki adlandırmaq mümkün deyil: “Srağagünkü seçkilər hakimiyyətin öz vətəndaşlarına qarşı apardığı bir xüsusi təyinat idi, seçki adı vermək mümkün deyil. Çünki məntələqələrin hər birində istənilən qədər təzyiq, saxtakarlıq, səslərin satın alınması prosesi getdi. Belə proseslərin olduğu bir yerdə srağagün Marneuli şəhərində seçki keçirildi. Nəinki təkcə Marneuli şəhərində, eyini zamanda Gürcüstanın bir neçə rayonunda eyini vəziyyətdə seçki keçirildi. Bu son seçkilər bir daha onu təsdiqlədi ki, “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanda demokratiya və demokratik seçkilər deyə bir şeyin son nöqtəsini qoydu. Gürcüstanda artıq demokratiya və demokratik seçki deyə bir şey yoxdur”.

“Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti ictimai-siyasi proseslərdən uzaqdır”

“Marneulidə seçkilərin saxta keçirilməsinin azərbaycanlıların pula satılması ilə əlaqələndirilməsini doğru hesab edirsinizmi” sualına A.Mustafayev belə cavab verdi: “Əslində, o dərəcədə millətin xarakteri ilə əlaqələndirilməsini doğru hesab etmirəm. Baxmayaraq ki, Zuqdididə “Gürcü arzusu” Partiyasının namizədi çətinliklə baryeri aşa bildi, onun başqa səbəbləri var. Çünki Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti ictimai-siyasi proseslərdən uzaqdır. Ona görə ki, buna dilin təsiri və başqa səbəblər var. Bu baxımdan, ictimai-siyasi məsələlərdə azərbaycanlılar gürcülərdən geridə qalırlar. Gürcülər gürcü dilini bilirlər. Bu, təbiidir, ictimai-siyasi prosesləri dərindən izləyirlər və analiz edirlər. Çox təəssüflər olsun azərbaycanlıların böyük əksəriyyəti gürcü dilini bilmir. Ona görə, lazım olan vaxtda lazım olan qədər informasiya əldə edə bilmirlər. Bu da öz nəticəsini göstərir və siyasi proseslərdə daha çevik qərar verə bilmirlər. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, gürcülərdən fərqli olaraq biz azərbaycanlılarda seçkilərə ümidin itməsi daha çoxdur. Gürcülərdə müəyyən qədər seçkilərlə nəyisə dəyişməyə ümid var. Amma bizim azərbaycanlıların böyük bir hissəsi seçkilərin siyasi prosesləri dəyişə bilməməsinə inanırlar”.

“Kağız üzərində 78% qazandılar”

“Seçkiqabağı kampaniyada Zaur Darğallı da, başqa namizədlər də seçicilərlə görüşlərə gedirdik, xalqın içində olurduq. Tam əminliklə deyə bilərəm ki, Zaur Darğallının nəinki 50%-i keçməsi, heç 30-40%-ə belə yaxınlaşması mümkün deyildi. Çünki onların görüşlərinə insanlar çıxmırdılar. Kəndlərdə hakimiyyətdən bezmiş üzlər gördük. Sadəcə, bu 78%, kağız üzərində yazılan rəqəmdir. Seçkilərdən qabaq və seçki günü daxil olmaqla xüsusi siyahılarla adı, soyadı yazılmış və qarşısında müəyyən məbləğlər yazılmaqla, seçiciləri səsverməyə aparıb və eyni zamanda telefonla kimə səs verdiyini çəkib göstərməklə, səslərin müəyyən faizini bu cür, müəyyən faizini isə insanlara göstərilən xüsusi təsirlərlə, müəllimlərə və digər dövlət qurumlarında çalışan şəxlərə qorxu, şantaj yolu ilə səsləri əldə etdilər. Seçki günü isə bir nəfərin yüzlərlə səs verməsi nəticəsində saxtakarlıqla kağız üzərində 78% qazandılar. Amma reallıqda Marneuli rayonun əhalisinin Zaur Darğallıya və “Gürcü Arzusu” hakimiyyətinə səs verməsi mümkün olan bir şey deyil. Real qalib isə seçkiyə ümid etmədiyi üçün seçkilərə çıxmayan xalq idi”,-deyəVahid Milli Hərəkat Partiyasının namizədi əlavə etdi.

“Marneuliyə azərbaycanlının mer seçilməsini bugünkü hakimiyyət istəmirdi”

A.Mustafayev onu da nəzərə çatdırdı ki, Marneuliyə azərbaycanlının mer seçilməsini bugünkü hakimiyyət istəmirdi: “Çünki son günlərə qədər başqa-başqa gürcü namizədlərin adları hallanırdı. Bu yerli nümayəndələrin narazıçılığına səbəb olmuşdu ki, gürcü namizəd verilsə, biz qələbə çala bilməyəcəyik. Çünki Marneuli azərbaycanlıları azərbyacanlı namizədə səs verəcək. Ona görə, “Gürcü Arzusu” Partiyasından olan azərbaycanlının namizədliyini verdilər. Bizim şəxsiyyətlərlə problemimiz yoxdur, Zaur Darğallı yaxud başqası olsun, ümumiyyətlə, sistem eyni sistemdir. Bu sistemdə nəinki Gürcüstanın, Marneulidə yaşayan azərbaycanlıların, ancaq “Gürcü Arzusu” Partiyasının maraqları qorunacaq”.

“Biz mütləq xalqımızın ümidini doğruldacağıq”

Hakim “Gürcü Arzusu” Partiyasının namizədi, 78,6% səslə Marneulinin yeni icra başçısı seçilən Zaur Darğallı isə “Hürriyyət”ə seçkilərin saxta keçirilməsi ilə bağlı deyilən fikirlərlə razı olmadığını bildirdi: “Biz seçkidə qələbəni tam demokratik, azad mühitdə, əhalimizin tam dəstəyi ilə əldə etdik. Bu, Marneulidə görünməmiş bir qalibiyyətdir. Müxalifət isə əhalinin heç bir dəstəyini ala bilmədi. Sizinlə danışanların iksi bir yerdə 6 min səs yığıb, biz 30 min səs yığmışıq. Bu, məndən çox, bizim gözəl, böyük xalqımızın qalibiyyətidir. Mən bütün marneulilərə öz böyük minnətdarlığımı bildirirəm ki, bizim yanımızda oldular, bizə dəstək oldular və biz mütləq xalqımızın ümidini doğruldacağıq.

Hətta seçki günü müxalifət tərəfindən bir neçə məntəqədə “provakasiya” oldu. Onlar günorta saatlarında böyük faizlə uduzduqlarını bilirdilər və bir neçə məntəqədə “provkasiya” etməyə çalışdılar. Ancaq əhalimizin tam dəstəyini aldığımıza görə, bu “provaskiya”ları baş tutmadı.

Siz statistkaya baxsanız, bu cür qalibiyyət uzun müddət Marneulidə olmayıb. Bu da əhalinin bizə olan dəstəyinin göstəricisidir. O namizədlərin seçkilərin saxta keçirilməsi ilə bağlı bir faktı ola bilməz. Onlar sadəcə populist çıxışlar edirlər. Necə ki, seçkiqabağı insanları aldadırdılar. Seçkiqabağı çox qeyri-ciddi bir kampaniya apardılar. Onlar hər zaman populist vədlər verməklə, əhalinin səsini oğurlayıblar. Bu seçkilərdə də onu etməyə çalışdılar, ancaq heç nə alınmadı. Çünki insanlar artıq onların sözlərinə inanmır. Ona görə ki, onlar hər zaman yalan danışırlar. Prezident seçkilərində də insanları aldadırdılar ki, guya, pensiyanı qaldıracaqlar, hansı ki, bu, prezidentin səlahiyyətində deyil. Bu seçkilərdə də keçmiş prezidentin şəklini paylayırdılar. Artıq buna insanlar inanmır. İnsanlar xalqın içindən çıxmış, həqiqətən onların marağını qoruyacaq insanı seçdilər və bu insan da xalqın arxasında durub, problemlərinin həllində hər zaman yanlarında olacaq”.

Şamo EMİN, Hurriyyet.org
 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA