MÜASİR MƏKTƏB DİREKTORU NECƏ OLMALIDIR?

  • 2019-04-12 11:49:44
  • |
  • Sosial /

MÜASİR MƏKTƏB DİREKTORU NECƏ OLMALIDIR?

Təhsil eksperti Nadir İsrafilov: “Məktəb direktoru psixoloq olmalı, uşaq psixologiyasına dərindən bələd olmalı, bunlardan da vacib-uşaqları sevməlidir”

“Hazırda təhsil sahəsində birmənalı qarşılanan elə bir dəyişiklik, yenilik yoxdur”

“28 il bundan əvvəl müstəqillik qazansaq da, biz hələ də təhsildə keçid mərhələsini yaşayırıq, təhsil sahəsindəki problemləri aradan qaldırmaq, bu sahəni inkişaf etdirib təkmilləşdirməyin ən optimal yollarını axtarırıq...”

162 nömrəli orta təhsil məktəbində baş vermiş intihar hadisəsi ölkəmizdə son günlərin ən çox müzakirə olunan mövzusudur. Bu dəhşətli hadisə heç kəsi biganə qoymayıb. Məktəbli qızcığazın faciəli ölümü hər birimizi sarsıdıb və bizi bu günkü cəmiyyətdəki biganəliyin, gələcəyimiz olan uşaqların taleyinə laqeyd münasibətin törətdiyi fəsadlar haqda ciddi düşünməyə vadar edib.

Milli Məclisin üzvü Fazil Mustafa da bu kədərli olaya biganə qalmayıb, intihar hadisəsinə öz münasibətini bildirib. Ölkə mətbuatında yer alan həmin yazıda deyilir:

“Məktəbli qızın ölümü barədə yazıları oxudum. 14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl… Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Amma anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri “günah keçisinin” varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, lakin yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?

Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur “Gözlənilən bir qətlin tarixçəsi” əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır.

Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çeləcə də sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır.

Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. 2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s. Ailə ilə məktəb arasındakı uçrumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür. 50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik.

Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər də ola bilər, məktəb yoldaşlarının lağlağısı və yaxud şantajı da səbəb ola bilər, ailədəki psixoloji sarsıntı da… Hətta bəlkə də bu məsələdə ən günahsız köntöy ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları bir tərəfə qoyuram. Ailələrdəki durumu da. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Amma müdaxilə edə biləcəyimiz bir sahə var, o da məktəbdir. Çoxlu təmaslarım olur, direktorlarla da, müəllimlərlə də. Vallah intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi bənzəmirlər direktora, bənzəmirlər müəllim obrazına… Bu təyinatların doğru meyarını tapmaq lazımdır, şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yox, doğru. Amma savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil axı…”

Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?

Göründüyü kimi, Fazil Mustafa bu kiçik yazıda sözügedən olaya müxtəlif prizmalardan baxmağa, baş verən faciəni hərtərəfli təhlil etməyə, səbəblərini araşdırmağa çalışıb. Əslində, onun fikirləri ilə razılaşmamaq mümkün deyil.

Sözügedən yazı müəllifinin “Bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?” sualı xüsusilə diqqət çəkir və oxucunu müasir məktəb direktoru obrazı haqda düşündürür.

Bu mövzu ilə bağlı kiçik bir araşdırma apardıq və oxuyub öyrəndiklərimizi kiçik tezislər şəklində sizə də çatdırırıq:

Müasir məktəb direktoru necə olmalıdır? Ən əsası - qarşına doğru məqsəd qoymalı və ona çatmaq üçün irəliləməli, düzgün qərarlar verməli, hərəkətlərində yanlışlara yol verməməli və mütləq qaydada bütün işləri uğurla, zəfərlə başa çatdırmalıdır.

Uğurlu məktəb direktorları rəhbərlik etdiyi məktəbdə yüksək daxili iş standartları müəyyən edirlər. Onlar öz şagirdlərindən və əməkdaşlarından böyük nailiyyətlər gözləyirlər, kollektiv daxilində və onun xaricində bu haqda danışmaqdan çəkinmirlər.

Məktəb direktoru aşağıdakı keyfiyyətlərə sahib olmalıdır:

Rəhbərlik etdiyi kollektivi öz arxasınca aparmağı, öyrənməyi öyrətməyi, gələcəyin obrazını yaratmağı bacarmalıdır.

Təhsil sisteminin rəhbəri insanların şüurunun dəyərlər aspektinə, onları mədəniyyətinə, gələcəklə bağlı baxışlarına təsir etməlidir.

Rəhbərlik etmək yalnız pedaqoqlarla ümumi dil tapmaqdan ibarət deyl, rəhbərlik etmək - məktəb işi təşkilinin yenidənqurulması, daxili dəyişikliklərin hədəfə alınmasıdır.

Məktəb direktoru strateqdir, məktəb konsepsiyasının inkişaf etdirilməsinə xidmət edən “ümumi oyun qaydaları”nı, yeni ideyaları işləyib hazırlayandır.

Məktəb direktoru müəllimlərə yaradıcılıq və peşəkarlıq sərbəstliyi,“pedoqoji təşəbbüskarlıq” imkanı verən şəxsdir.

Hər hansı problemi həll etmək üçün nəticəni deyil, bu nəticəyə səbəb olan səbəbləri aradan qaldırmaq lazımdır

Azərbaycan gerçəkliyində müxtəlif təfəkkürə, fərqli mədəni səviyyəyə malik, peşəkarlıq göstəricilərinə görə də bir-birindən tamamilə seçilən məktəb direktorları var. Və həmin məktəb rəhbərlərinin hər biri öz vəzifəsini özünəməxsus tərzdə icra edir , meydana gələn problemləri də özünəməxsus tərzdə həll etməyə çalışır.

Misalçün, Sabunçu rayonunda yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov 162 nömrəli məktəbdə baş verən 8-ci sinif şagirdinin ölümü ilə nəticələnən intihar hadisəsindən təsirlənərək məktəbin bütün pəncərələrinin dəstəyini çıxartdırıb.

Heç şübhəsiz, məktəb direktorunun bu qərarı şagirdləri bədbəxt hadisələrdən qorumaq, eyni zamanda özünü sığortalamaq niyyətinə bağlıdır. Amma direktor unudur ki, hər hansı problemi həll etmək üçün nəticəni deyil, bu nəticəyə səbəb olan səbəbləri aradan qaldırmaq lazımdır. Pəncərələrin dəstəyini çıxarıb, uşaqları havasız otaqlarda boğmaqla intihardan qorumaq absurddur. İntihara qərarlı şagird gec-tez dəhşətli niyyətini gerçəkləşdirməyin yolunu tapacaq.

Onu bu yoldan çəkindirmək üçün azyaşlını intihara sürükləyən səbəblər araşdırılıb aradan qaldırılmalıdır, məktəbdə  müəllimlərlə şagirdlər arasında sağlam münasibətlər təmin olunmalıdır, hər bir şagirdə fərdi qaydada yanaşılmalıdır, məktəb psixoloqları vaxtaşırı siniflərə gəlib şagirdlərlə söhbət etməli, problemli uşaqları aşkar edib onlara kömək etməyə çalışmalıdır. Bu mənada sözügedən məktəbin direktorunu uzaqgörən, tədbirli insan adlandırmaq mümkün deyil.

Amma rəhbərlik etdiyi məktəbi doğma evi sayan, işlədiyi kollektivi, şagirdləri öz ailəsi kimi qəbul edən məktəb direktorları da var.

Bu yaxınlarda paytaxt məktəblərindən birində baş verən hadisə belə düşünməyə əsas verir. Belə ki, 8 mart ərəfəsində vəzifəyə təyin olunan xanım direktor müəllimlərin ona hədiyyə etdiyi kifayət qədər böyük məbləğdə maddi vəsaitə məktəbin qız şagirdləri üçün çiçəklər alıb. Yeni direktor məktəbdə təhsil alan heç bir qızı 8 Mart Qadınlar Bayramı Günü ərəfəsində evə çiçəksiz getməyə qoymayıb. Üstəlik, müəllimlərə tapşırıb ki, bundan sonra pul yığmaq söhbəti olmasın. Məktəbə isə rəngli və ağ-qara printer bağışlayıb.

Təbii ki, bu cür məktəb rəhbərinin olması fərəhləndirici haldır. Kim bilir, ola bilsin, vəzifəsində yeni olduğu üçün, korrupsiya və rüşvətxorluq girdabına yuvarlanmayıb, bir müddət sonra o da əksər həmkarları kimi “əl əli yuyar, əl də qayıdıb üzü” prinsipi ilə yaşayacaq, amma istənilən halda bu gün onun şagirdləri o cür sevindirməyi, səxavəti təqdirəlayiqdir.

“Kollektivdə ən yüksək nüfuz sahibi həmin məktəbə rəhbər seçilməlidir”

Картинки по запросу nadir israfilov

“Müasir məktəb direktoru necə olmalıdır” sualını cavablandıran təhsil eksperti Nadir İsrafilov “Hürriyyət”ə bunları dedi:

“Məktəb direktoru hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Yəni, tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən bir insan məktəbə rəhbərlik etməlidir.

Keçmiş təlimatlarda qeyd edilirdi ki, yalnız ən azı 5 illik pedoqoji stajı olan şəxslər məktəb direktoru vəzifəsinə təyin edilə bilər. İndi həmin tələbə “idarəetmə təcrübəsi olan” bəndi də əlavə edilib.

Hazırda Azərbaycan Diplomatik Akademiyasında “təhsil idarəetməsi” fakültəsi açılıb. Mən bunu təqdirəlayiq  hal hesab edirəm. Çünki təhsil haqda qanunda və normativ hüquqlarda göstərilir ki, təhsil idarə olunmalıdır. Bu üzdən məktəb direktoru mütləq qaydada idarəetməni bacarmalıdır. İdarəetmənin isə öz funksiyaları var (planlaşdırma. təşkiletmə, rəhbərlik, nəzarət, tənzimləmə, əlaqələndirmə), yalnız idarəetmənin bütün prinsiplərinə tam yiyələnən, ən başlıcası isə nüfuz sahibi olan şəxs məktəb direktoru ola bilər. Əgər məktəb rəhbərinin kollektivdə, şagirdlər arasında, eləcə də məktəb yerləşən ərazidə nüfuzu yoxdursa, onun bütün bilik və bacarıqları boşa gedəcək.

Bir vaxtlar məktəbləri daşıdığı nömrəyə görə deyil, direktoruna görə tanıyırdılar. Təsadüfi deyil ki, hazırda təhsilə dair dövlət strategiyasında hədəf kimi xüsusi bir məsələ yer alıb: insan resurslarının inkişaf etdirilməsi, müəllim nüfuzunun yüksəldilməsi. Təbiidir ki, məktəbdə direktorun nüfuzu müəllimin nüfuzundan daha yüksək olmalıdır, yəni kollektivdə ən yüksək nüfuz sahibi həmin məktəbə rəhbər seçilməlidir.

Bir məsələni də vurğulamaq istərdim ki, əslində nüfuz söhbəti daha çox Azərbaycan cəmiyyətində aktualdır. Misalçün, biz ixtisasları nüfuzlu və nüfuzsuz ixtisaslara ayırmışıq. Deyək ki, hüquqşünas, diplomat nüfuzlu, baytar, zootexnik və s. isə nisbətən nüfuzsuz ixtisaslardır. Nüfuzlu ixtisaslar üzrə təhsil almaq istəyən abituryentlər 600-700, nüfuzsuz ixtisaslara yiyələnmək istəyənlər isə 100-150 bal toplamalıdırlar.

“İdarəetmə məsələsində direktorun konkret hansı fənn üzrə müəllim olduğu önəmli deyil”

Əslində isə ixtisasları, eləcə də fənləri bu cür təsnif etmək doğru deyil. Biz nədənsə əmək təlimi, nəğmə, idman, rəsm, rəsmxətt və s. kimi fənlərə ikinci dərəcəli fənlər kimi baxırıq, o üzdən həmin fənləri tədris edən müəllimləri də nüfuzsuz müəllimlər kimi qəbul edirik. Halbuki, elə məktəblər var ki (elə mən şagird olduğum illərdə də vardı), orda musiqi, rəsm, idman müəllimlərinin hörməti, nüfuzu riyaziyyat, kimya, tarix və s. müəllimlərin hörmət və nüfuzundan qat-qat yüksəkdir.

Odur ki, idarəetmə məsələsində direktorun konkret hansı fənn üzrə müəllim olduğu önəmli deyil. Bu digər sahələrin rəhbərlərinə də aiddir.

Misalçün, hər hansı bir nazir hüquqşünas da, iqtisadçı da ola bilər, amma onun müavinləri, idarə müdirləri və s. hökmən sırf çalışdıqları nazirliyə uyğun ixtisas sahibi olmalıdırlar, çünki icraçı onlardır.

İbtidai sinif müəlliminin məktəb direktoru olması çox guman ki, çoxlarına o qədər də ağlabatan görünmür. Halbuki, bu gün ölkəmizin bir sıra məktəblərində direktorlar məhz ibtidai sinif müəllmləridir.

Elə məktəblərimiz var ki, direktor müavinlərinin üçü də ya humanitar, ya da texniki fən müəllimləridir. Amma belə olmamalıdır. Müavinlərdən biri humanitar, digəri texniki fən müəllimi olmalıdır, yəni nisbət qorunmalıdır ki, ümumi kollektivə rəhbərlik uğurla  həyata keçirilə bilsin.

Bu gün sözügedən məsələlərin optimal həllini tapmaq üçün yollar aranır, müəyyən qaydalarda dəyişikliklər edilir, islahatlar aparılır.

Bütün sadalananlarla yanaşı, məktəb direktoru həm də psixoloq olmalı, uşaq psixoloğiyasına dərindən bələd olmalı, bunlardan da vacib-uşaqları sevməlidir.

Bir məsələ də xüsusi qeyd edilməlidir. Bu gün biz bütün problemlərdə orta məktəbləri günahlandırırıq, halbuki, bu məsələləri əksəriyyəti pedaqoji universitetlərdə öz həllini tapmalıdır. Misalçün, bizim tələbəlik illərimizdə ali məktəblərin pedoqoji fakültələrində psixologiya o qədər dərin və məzmunlu keçilirdi ki. Həmçinin,  pedaqoqika, metodika sahələrinə də xüsusi önəm verilirdi. Bu gün isə psixoloqların əksəriyyəti sadəcə psixologiya kurslarını bitirən insanlardır. Amma hazırda ali məktəblərdə yenidən psixologiya fakültələri açılır, təhsil haqqında qanunda da psixologiya, psixoloji xidmət məsələsi öz əksini tapıb.

“Şəxsiyyəti qüsurlu olan direktorun rəhbərlik etdiyi məktəbdə hökmən narazılıq baş qaldırır, qalmaqal yaşanır”

Dediyim odur ki, 28 il bundan əvvəl müstəqillik qazansaq da,  hələ də təhsildə keçid mərhələsini yaşayırıq, təhsil sahəsindəki problemləri aradan qaldırmaq, bu sahəni inkişaf etdirib təkmilləşdirməyin ən optimal yollarını axtarırıq. Elə bu məqsədlə də son bir ildə təhsil haqqında qanunda bir sıra dəyişikliklər edilib.

Ümumiyyətlə, təhsil çox mürəkkəb sahədir. Daim yenilənməyi, daim təkmilləşməyi tələb edir. Dövr, zaman dəyişir, bu gün dəyərlər dəyişib, təhsilə münasibət , baxış dəyişib. Bu səbəbdən də təhsil sahəsində yenidənqurma işləri aparılır.

Bir də ki, hər hansı məsələyə birtərəfli yanaşmaq özünü doğrultmur. Bir müşahidəçi kimi onu deyə bilərəm ki, hazırda təhsil sahəsində birmənalı qarşılanan elə bir dəyişiklik, yenilik yoxdur. Hər bir islahat hökmən həm alqışlanır, həm də pislənir. Amma əminəm ki, tədricən hər şey öz yerini tapacaq. Elə bu məqsədlə də bu gün ölkəmizdə pilot layihələr həyata keçirilir. Ümidvaram, sonda ələyib hər şeyin ən yaxşısını, ən sərfəlisini saxlayacağıq.

Məktəb direktoru mövzusuna gəldikdə isə, bir daha təkrar edirəm: direktor istər rəhbərlik etdiyi kollektivdə, istərsə də məktəbin yerləşdiyi ərazidə lider, nüfuz sahibi olmalıdır. Loru dillə desək, məktəb direktoru müəllimlərindən bir baş yüksəkdə durmalıdır. Şəxsiyyəti qüsurlu olan, yaxud sözünün kəsəri olmayan direktorun rəhbərlik etdiyi məktəbdə hökmən narazılıq baş qaldırır, qalmaqal yaşanır”.

Hazırladı: Banu Oğuz, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA