MƏDƏNİYYƏT XƏSTƏLİKLƏRİ

MƏDƏNİYYƏT XƏSTƏLİKLƏRİ

Bu xəstəlikləri adaptasiya və mədəniyyətin fəsadları nəticəsində baş verən xəstəliklər adlandırmaq daha düzgün olardı

Məlum olduğu kimi, bir çox mikroelementlər optimal dozada müsbət təsir göstərməklə bərabər, yüksək dozalarda uzun müddət orqanizmə təsir etdikdə, bir sıra ağır patoloji halların baş verməsinə səbəb ola bilərlər ki, bunların sırasında allergiya əsas yerlərdən birini tutur. Ona görə də böyük sənaye mərkəzləri və ya kənd təsərrüfatı gübrələrindən geniş istifadə olunan rayonlarda yaşayan əhalinin orqanizmində mikroelmentlərin yüksək dozada toplanmasının qarşısını almaq, allergik xəstəliklərlə mübarizədə əsas tədbirlərdən biri sayılmalıdır.

Allergik xəstəlikləri çox zaman “Mədəniyyət” xəstəliklərinə aid edirlər. Çünki sənayenin qeyri-müntəzəm şəkildə sürətli inkişafı kənd təsərrüfatında kimyəvi gübrələrin geniş işlədilməsi ilə əlaqədar biosfera da allergenlərin sayı xeyli artır. İndi hesab edirlər ki, sənaye baxımından yüksək inkişaf etmiş ölkələrdə hər 4-5 nəfərdən biri allergik xəstəliklərə məruz qalır. Allergenlər sırasında ağır metalların çoxlu toplanması necə bir allergen kimi böyük yer tutur.

Mikroelementlər orqanizmin daimi, daxili amili ilə bərabər həm də əsas xarici amillərindən biridir. Optimal miqdarda bütün mikroelementlər sağlamlığın saxlanılması və möhkəmlənməsi üçün zəruridir. Onların həm çatışmazlığı və həm də çoxlu miqdarda bədəndə toplanması bir çox endemik, endokrin, sinir, qan-damar sistemi və s. xəstəliklərin baş verməsi və inkişafına səbəb olur.

İnsanların sağlamlığı, hətta onların uzun ömürlüyü də həmin ərazinin biosferasında yayılmış olan mikroelementlərdən xeyli aslıdır. Müxtəlif geokimyəvi zonalarda ömür sürən yaşlılar və uşaqların sağlamlığını öyrənmək, uşaq ölmünün faizini azaltmaq qarşımıza qoyulan əsas məqsədlərdən birincisidir. Məlum olduğu kimi, yaş artdıqda orqanizmdə əvəz edilməyən mikroelementlərin miqdarı azalıb, qeyri-aktiv və toksiki maddələrin miqdarı artır. Uşaq orqanizmi ətraf mühitin geokimyəvi dəyişikliklərinə olduqca həssasdır. Ona görə də müasir, süni yaradılmış geokimyəvi zonalarda bu məsələlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Ekologiya ilə bilavasitə əlaqədar olan, müasir dövrdə diqqəti cəlb edən adaptasiya və mədəniyyət xəstəlikləri haqqında bəzi məlumatlar vardır. Hal-hazırda bir sıra fikirlərə görə əksərən insanların ağır xəstəlikləri (stenokordiya, miokard infarktı, hipertoniya xəstəliyi, mədə xorası və s.) ona görə baş verir ki, orqanizmin adaptasiya xüsusiyyətləri zəiflədiyindən o, yeni patoloji şəraitə uyğunlaşa bilmir. Elə ona görə bu xəstəliklər “Adaptasiya xəstəlikləri” adı birləşmiş, əmələ gəlməsi və inkişafında ekoloji şəraitə böyük yer verilir.

Elmi-texniki inkişaf dövründə adaptasiya xəstəlikləri ilə bərabər çox zaman mədəniyyət xəstəliklərindən söhbət gedir. Bu terminin adı altında elmi-texniki inkişafın nəticəsində baş verən müasir insanların ağır xəstəlikləri nəzərdə tutulur. Həqiqətən statistik məlumatlar göstərir ki, miokard infarktı, mədə xorası və s. bu kimi ağır xəstəliklər mədəniyyəti yüksək inkişaf etmiş ölkələrin əhalisinin arasında, aşağı mədəniyyət səviyyəsində olan ölkələrin əhalisindən gözə çarpan dərəcədə çoxdur. Bunun səbəbini onda görürlər ki, mədəniyyəti yüksək inkişaf etmiş ölkələrdə, affektlər, mənfi emosiya, təhqir və s. məruz qalmış insanlar dərhal adekvat cavab verə bilmirlər. Onlar öz hisslərini o zaman müəyyən qədər gizlədib, lazımi şərait gəldikdə qisaslarını almağa çalışmalıdırlar. Elə bu hissiyyatı gizlətmək öz mənfi təsirini daxili orqanlara göstərib və onlarda ağır xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Mədəniyyəti aşağı səviyyədə olan ölkələrdə hər bir mənfi, psixi təsirə insanlar dərhal müvafiq cavab verib, necə deyərlər əsəblərini soyudurlar. Mədəniyyət xəstəlikləri bir də ona görə belə adlanır ki, elmi-texniki inkişafı yüksək səviyyədə olan ölkələrdə sənaye tullantıları, zərərli kimyəvi maddələr, gübrələr və s. atmosferi çirkləndirib, ağır xəstəliklərin baş verməsinə əlverişli şərait yaradırlar. Bəzən hətta belə xəstəlikləri mədəniyyətin qisası kimi adlandırılan məlumatlara da rast gəlmək olar.

Bunlardan başqa mədəniyyəti yüksək inkişaf etmiş ölkələrdə travma, bəd xassəli şişlər və s. faizi iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə nisbətən çoxdur. Belə hallarda daxili orqanların xəstəliklərinin baş verməsinin elmi səbəbi bundadır ki, insanın bədənində olan eninə zolaqlı əzələlər tamamilə beyin qabığının tabeliyindədir. Məsələn, əgər nifrət etdiyimiz bir insan o dəqiqə bizə lazımdırsa, beyin qabığı üzdə yerləşən mimiki əzələlərə əmr edir ki, bir gülüşlə sifətini dəyişdirib, ona yaxın adam kimi yanaşıb istədiyini əldə etsin. Bu əzələlər də beyinə tam tabedir. Lakin daxili orqanlarda yerləşən saya əzələlərinin özünə görə avtomatizmi olub, beyin qabığına tam tabe deyillər. Ona görə də impulsa cavab reaksiyası dərhal daxili orqanlara asanlıqla yayılıb öz mənfi təsirlərini göstərirlər. Bunun sübutu üçün belə bir misal gətirmək olar ki, əgər biz nifrət etdiyimiz adamı gördükdə, onun təhqiredici sözlərini eşitdikdə, arterial təzyiqimizə əmr edə bilərikmi ki, yüksəlmə, yaxud ürəyimizə əmr edə bilərikmi ki, sürətli döyünmə. Təbiidir ki, biz bunu deyə bilərik, lakin ürək, damar və s. buna qulaq asmayaraq öz bildiklərini edəcəkdir. O zaman bir sual qarşıya qoyulur ki, bəs niyə belə hallarda ayrı-ayrı şəxslərdə müxtəlif orqanlar daha çox zərər görür? Çünki genetik və başqa səbəblərdən asılı olaraq hər kəsin daxili orqanlarında müəyyən zəif bir yer olur. Həmin mənfi təsir özünü ilk növbədə burada göstərir. Eyni halda bu xəstəlikləri adaptasiya və mədəniyyət xəstəlikləri deyil, adaptasiya və mədəniyyətin fəsadları nəticəsində baş verən xəstəliklər adlandırmaq daha düzgün olardı.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA