“Məcbur elədilər ki, günahı olmadığı bir məsələni boynuna alsın” - XAÇMAZ SAKİNİ

“Məcbur elədilər ki, günahı olmadığı bir məsələni boynuna alsın” - XAÇMAZ SAKİNİ

Ənvər Xurşudov: “Ağıl xəstəsi olan oğlumu təcavüzlə şərləyib türməyə atıblar”

“Aprel ayının 15-də yoldaşımı məktəbə çağırıblar. O da məktəbə gedib, deyiblər ki, oğlunuz filankəsə qarşı əxlaqsız hərəkətlər edib. Qız da ordaymış. Yoldaşım qızdan soruşub ki, oğlum sənə neynəyib? Qız da deyib ki, heç nə”

“2 ildən çoxdur ki, oğlum günahsız yerə həbsxanada yatır. Oğlum kimlərinsə kreslo davasının güdazına gedib. Onun adını çox çirkin məsələdə hallandırdılar. Halbuki oğlumun bu məsələdən ümumiyyətlə xəbəri olmayıb. Şər-böhtan atıb həyatını qaraltdılar. Yaşının ən gözəl vaxtında  həbsxanaya atdırdılar. Həm onun, həm bizim heysiyyatımızla oynadılar. Ailəm sarsıntı keçirdi, hələ də özümüzə gələ biməmişik. Daha haqsızlığa dözə bilmirəm. Fikirdən, dərddən azar tapmışam”.

Bu sözləri redaksiyamıza gələn Xaçmaz rayon Alekseyevka kənd sakini Ənvər Xurşudov deyir.

Məhkəmə qərarı

Qeyd edək ki, Ənvər Xurşudovun oğlu 1995-ci il təvəllüdlü Valeh Xurşudov Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2014-cü ildə çıxarılan qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (150.2.1, 150.2.3, 170.3) maddələri ilə 9 il azadlıqdan məhrum edilib.

Valeh Xurşudov qonşusu Fərid Həsənovla əlbir olub 14 yaşlı həmkəndlisi Kəmalə Verdiyevaya (ad, soyad şərtidir) təcavüz etməkdə ittiham olunur.

Məhkəmə materiallarına görə, hadisə Alekseyevka kənd orta məktəbinin oğlanlar üçün olan ayaqyolunda baş verib. Qeyd olunanlara görə, Valeh Fəridlə birgə məktəbin şagirdi Kəmaləni zorla oğlanlar üçün ayaqyoluna gətiriblər. Ona qarşı əxlaqsız hərəkətlər ediblər. Bu zaman onları Fəridin əmisi oğlu Həbibulla görüb və hərəsinə bir sillə vurub. Zərəçəkən qız isə hadisə yerindən qaçaraq evə gedib. İlk vaxtlar hər şeyi gizli saxlayan qız hadisədən bir ay sonra olay haqda ailəsinə və məktəb rəhbərliyinə danışıb”.

Qeyd etdiyimiz kimi, bunlar məhkəmə materiallarında əks olunan məlumatlardır.

“Bu hadisəni məktəbin ibtidai sinif müəlliməsi bu vəziyyətə gətirib çıxardı”

Məhkumun atası Ənvər Xurşudov isə olayın tamamən yalan olduğunu iddia edir: “Əslində, bu məsələnin kökündə Kəmalənin oxuduğu məktəbin direktorluğu uğrunda mübarizə dayanır. Bu hadisəni məktəbin ibtidai sinif müəlliməsi bu vəziyyətə gətirib çıxardı. Çünki o, çalışdığı məktəbin direktoru ilə yola getmir. Onlar arasında intriqa var. O müəllimə direktorun vəzifədən uzaqlaşdırılmasına çalışırdı. Bu üzdən də mənim oğlumu öz məqsədlərinə alət elədi”.

“Bunu Mirzəşah müəllim özü də mənə dedi...”

Ənvər Xurşudov deyir ki, onun oğlu həmin ərəfələrdə bir dəfə də olsa məktəbin həyətinə getməyib: “Bunu Mirzəşah müəllim özü də mənə dedi. Dedi ki, o biri oğlanı məktəbin həyətində görmüşəm, amma sizin uşaq buralara gəlməyib. Hədəf mən idim, amma sizin oğlunuz güdaza getdi”.

Məhkumun atasının dediyinə görə, həmin gün məktəbdə heç bir zorakılıq faktı olmayıb: “O gün mənim oğlum ümumiyyətlə məktəbə getməyib. Aprel ayının 15-də yoldaşımı məktəbə çağırıblar. O da məktəbə gedib, deyiblər ki, oğlunuz filankəsə qarşı əxlaqsız hərəkətlər edib. Qız da ordaymış. Yoldaşım qızdan soruşub ki, oğlum sənə neynəyib? Qız da deyib ki, heç nə”.  

“Onlar məktəbin direktoru ilə “zavuç”u vəzifəsindən çıxarmaq istəyirlər...”

Ə.Xurşudov deyir ki, həmin gün qonşunun oğlu Kəmaləyə bilmədikləri səbəb üzündən əl qaldırıb: “Mənə dedilər ki, həmin gün qız məktəbdən evə gedəndə qonşumun oğlu Fəridlə rastlaşıb. Onlar nəsə danışıblar. Oğlan da qızın başına qapaz vurub. Qız ağlaya-ağlaya evə gedib. Qızın oxuduğu məktəbdə iki qadın müəllimə var. Onlar məktəbin direktoru ilə “zavuç”u vəzifəsindən çıxarmaq istəyirlər. Bunun üçün o müəllimə ANS-in müxbirini  məktəbə çağırıb. Bu məqamda da Kəmalənin anası qızını götürərək məktəbə şikayətə gəlib. O qadın müəllimlərə də elə bu lazım idi. Onlar balaca bir məsələni şişirdib hay-küy saldılar. Onlar qonşumuz Fəridi çağırtdiriblar. Bu zaman o oğlan da qorxusundan deyib ki, Valeh də mənimlə bir yerdə olub. Qız qayıdıb ki, Valeh mənə sataşmayıb. Amma həmin müəllimlər qızın sadəlövhlüyündən istifadə ediblər”.

“Əgər elə bir əxlaqsızlıq hadisəsi baş versəydi, qızın ailəsi bunu bir ay gizlətməzdi”

Qeyd edək ki, məhkəmə materiallarında zərəçəkmiş kimi göstərilən Kəmalə Verdiyeva məktəb rəhbərliyini olaydan bir ay sonra xəbərdar edib. Məhkumun atası məsələnin bir ay yubanmasının da olayın şişirdilmiş olmasından xəbər verdiyini iddia edir: “Əgər elə bir əxlaqsızlıq hadisəsi baş versəydi, qızın ailəsi bunu bir ay gizlətməzdi. Elə həmin gün qapımıza gələrdilər. Amma işin üstündən bir ay keçəndən sonra ekspertiza rəy verib.

O ki qaldı ayaqyolunda belə bir hadisənin olduğu haqda iddialara, bu da tamam yalandır. Çünki məktəbin ayaqyolu yolun kənarındadır. O hadisə baş verənə qədər ayaqyolunun qapısı belə yox idi. Yəni camatın gedib-gəldiyi bir yerdə belə bir hadisə necə baş verə bilər?”.

İlkin istintaqda qız ifadə verdi ki, Valeh mənə sataşmayıb.  Sonra nə baş verdisə, iş fırlandı. Bütün günahlar oğlumun üstünə qoyuldu”.

“Məcbur elədilər ki, günahı olmadığı bir məsələni boynuna alsın”

“Məhkəmə sənədlərində oğlunuz hadisəni etiraf edib” sualını məhkumun atası belə cavablandırdı: “Oğlum əvvəldən məsələdə günahı olmadığını deyirdi. Amma həbs ediləndən sonra ona təzyiq göstərdilər, məcbur elədilər ki, günahı olmadığı bir məsələni boynuna alsın”.

“Qıza qarşı əxlaqsız hərəkətlər olunmadığını deyirsiz. Eləsə, qızın ailəsi niyə olmayan bir məsələnin bu qədər böyüməsinə icazə verib” sualına isə müsahibimiz belə cavab verdi: “Qızın atası məsələnin bu qədər böyüməsini istəmirdi. Amma qızın bir qohumu kənddə söz-söhbət yayıldığı üçün oğlumla Fəridin həbs edilməsinə çalışdı”.

Ə. Xurşudov onu da deyir ki, oğlu kəmağıllıdır: “Oğlum ağıl xəstəsidir, ibtidai sinfi guclə bitirib. Məktəbdə saxlamadılar ki, xəstədir, oxuya bimir. Amma türməyə atanda xəstəliyi nəzərə alınmadı”.

Yüngül kəmağıllılıq...

Qeyd edək ki, məhkəmə tibb ekspertizasının rəyində Valeh Xurşudovun xəstəliyi qeyd edilib: “Yüngül kəmağıllılıq (yüngül debillik səviyyəsində oliqofreniya) müəyyən olunub”.

Məhkumun atası deyir ki, məsələ Ali Məhkəməyə qədər gedib çıxıb. Cinayət işi 11 ildən 9 ilə endirilsə də, oğlunun suçsuz olduğu sübuta yetirilməyib.

“O başqa məsələdir..”

Məsələ ilə bağlı Alekseyevka kənd orta məktəbinin direktoru Mirzəşah Mikayılovla da əlaqə saxladıq. Məktəb rəhbəri bildirdi ki, məsələ ilə bağlı məhkəmə qərarı var və müvafiq orqanlar lazımı qərar çıxarıblar. Onun sözlərinə görə, artıq bu məsələ haqda deyiləcək əlavə heç bir şey yoxdur: “Valideynlər qərarla razılaşmırlarsa, yenidən apellyasiya versinlər”.

“Valideyn bildirir ki, oğlu sizi vəzifədən uzaqlaşdırmağınızın badına gedib” sualında M.Mikayılov həmin məsələnin bu işə ümumiyyətlə aidiyyatı olmadığını dedi: “O işin buna nə aidiyyatı var? O başqa məsələdir.  Ümumiyyətlə, elə bir söhbət olmayıb”.

“O uşaqlara şər-böhtan atılıb”

Məhkəmə prosesi zamanı Valeh Xurşudovu müdafiə edən vəkil Zöhrab Əsgərovla da əlaqə saxladıq. Vəkil sözügedən məsələdə günahlandırılan müttəhimlərin suçsuz olduğunu bildirdi: “Bu məsələdə günahlandırılan oğlanların suçu yoxdur. Düzdür, Apellyasiya məkməsində onlar məndən uzaqlaşdılar. Yəni məsələnin davamından xəbərim olmadı. Amma işin əvvəlində orda olmuşam. O uşaqlara şər-böhtan atılıb”.

Nihad, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA