“Mədəniyyət Nazirliyi kino sahəsinə kifayət qədər diqqət ayırmır” - TAHİR ƏLİYEV

“Mədəniyyət Nazirliyi kino sahəsinə kifayət qədər diqqət ayırmır” - TAHİR ƏLİYEV

“Nazirlik dövlətdən maliyyə gözləyir, maliyyə varsa, film var, yoxdursa, demək film də yoxdur”

“Bizim teleməkanda sənədli filmlərə biganə münasibət var. Halbuki, sənədli film bir xalqın salnaməsidir”

“Biz unudulmaz şəxsiyyətlərimizi yalnız yubileydən-yubileyə xatirə gecəsi təşkil etməklə yad edirik, ya da…”

Bu dəfəki qonağımız kino aləmində “Tahir Tahiroviç” kimi tanınan peşəkar kinorejissor, ARB "Aranfilm" Yaradıcılıq Mərkəzinin bədii rəhbəri, Beynalxalq festivalların mükafatçısı Tahir Əliyevdir. Onunla söhbəti “Hürriyyət”in oxucularına təqdim edirik.

- Tahir bəy, xoş gördük!

- Salamlayıram sizi!

- Siz peşəkar kino rejissorusunuz. Uzun illərdir həm kino, həm də televiziya sahəsində çalışırsınız. Bir sıra sənədli, sənədli-bədii filmlərə ekran ömrü vermisiniz.

Filmləriniz maraqla qarşılanıb, dəfələrlə müxtəlif kinofestivallrda ödüllənmisiniz. O üzdən bu gün sizinlə Azərbaycan kinosunun və televiziyasının hazırkı durumu haqda söhbət etmək qərarına gəldik.

Bir tərəfdən məlumat verilir ki, fimlər çəkilir, hətta həmin filmləri sorağı beynəlxalq kino festivallarından da gəlir, amma nədənsə biz onları görmürük, sadəcə adlarını eşidirik. Televiziya filmlərimiz də ki, göz önündədir, əksəriyyəti bayağı mövzular, zəif rejissor və aktyor işi ilə seyriçini cəlb etmək əvəzinə, əksinə televiziya məkanından uzaqlaşdırır.

Sizcə, bu problemlərin mayasında nə dayanır?

- Əvvəla onu deyim ki, bu dövrdə Azərbaycan kinosuna bir pəncərədən baxıb qiymət vermək artıq doğru deyil. Çünki bu gün Azərbaycan hökumətinin dövlət siyasəti, yəni dövlət tərəfindən maliyyələşdirilən kino ilə müstəqil Azərbaycan kinosu anlayışları tam fərqlidir. Heç kəs üçün sirr deyil ki, Azərbaycanın Mədəniyyət Nazirliyi kino sahəsinə kifayət qədər diqqət ayırmır, yəni dövlətdən maliyyə gözləyir, maliyyə varsa, film var, yoxdursa, demək film də yoxdur. Necə ki, son üç ildə film yoxdur deyə, film də çəkilmir. İstehsal olunan filmlərin səviyyəsi isə artıq başqa mövzudur.

Amma müstəqil Azərbaycan kinosu artıq 15 ildir ki, inkişaf yolundadır. Müstəqil prodüser mərkəzləri, müstəqil kino şirkətləri yaradılıb və Azərbaycanda müxtəlif janrlarda gözəl filmlər çəkilir. Müstəqil kino şirkətləri tərəfindən bədii filmlərlə yanaşı, sənədli filmlər də çəkilir və həmin filmlər beynəlxalq kino festivallarında mötəbər yerlərə layiq görülür.

Televiziyaya gəldikdə isə, qeyd etməliyəm ki, televiziyaya 2000-ci illərin əvvəllərində gəlmişəm. AzTV-də fəaliyyət göstərən “Telefilm” Yaradıcılıq Birliyində rejissorluq sənətinin incəliklərinə yiyələnmişəm. Xoşbəxtlikdən həmin illər “Telefilm”in intibah dövrünə təsadüf etdi. Orda Nazim Rza İsrafiloğlu, Miri Rzayev, Ənvər Əbluc, Rafiq Dadaşov Aydın İbrahimov, Camal Yusifzadə, Əlisa Cabbarov, Elşən Zeynallı, Vasif Məmmədzadə kimi peşəkarlar çalışırdı. O dövrdə “Telefilm”in dəhlizləri belə həyat qaynayırdı, əsl sənət mühiti vardı orda, ard-arda gözəl filmlər çəkilirdi, sanki televiziya daxilində bir vahə idi.

90-cı illərin sonları, 2000-ci illərin ortalarınadək ümumilikdə Azərbaycanda sənədli kinonun inkişaf dönəmi idi. “Telefilm”lə paralel olaraq Lider TV-də Rejissor Rafiq Quliyevin rəhbərliyi ilə “Azərbaycan” redaksiyası yaradılmışdı, orda da İqbal Məmmədəliyev, Orman Çingizoğlu, Rövşən İsmayılov kimi peşəkarlar tərəfindən kifayət qədər ciddi sənədli filmlər ekran həllini tapırdı.

Özü də o dövrdə sənədli kinoda çalışan rejissorların əksəriyyəti gənclər idi. Mübaliğəsiz deyə bilərəm ki, o illərdə “Telefilm” Yaradıcılıq Birliyində və “Azərbaycan” redaksiyasında istehsal olunan əksər filmlərin səviyyəsi “Azərbaycanfilm” Kinostudiyasında və ümumən Mədəniyyət Nazirliyinin tabeliyində olan studiyalarda çəkilən filmlərdən qat-qat daha yüksək, janr etibari ilə də daha zəngin idi.

Bu da bir həqiqətdir ki, sonradan bədii kinoya gələn gənc rejissorların çoxu məhz sənədli kinonun şinelindən çıxanlar idi.

Çox təəssüf ki, Azərbaycan tele məkanında, özəlliklə də AzTV-də son 10 ildə filmlər daha çox veriliş estetikasında çəkilir. Onu da deyim ki, sözügedən qurumun adı belə, ləğvedilmişdi. Doğrudur, AzTV-nin yeni rəhbərliyi “Telefilm” Yaradıcılıq Birliyinin adını və hüquqlarını bərpa edib, amma heyiflər olsun ki, əvvəlki ab-hava artıq yoxdur, kollektiv də demək olar, tamamilə dəyişib.

Təəssüf ki, Lider TV-də də “Azərbaycan” redaksiyası bağlandı. Vüqar Qaradağlı ATV-də “Vətən” Yaradıcılıq Birliyi yaratmışdı, amma qısa bir zamanda fəaliyyətini dayandırdı. ATV rəhbərliyini həmin birliyin gərəkliyinə inandıra bilmədilər.

İTV-də isə “Carçıfilm” bu gün də fəaliyyətini davam etdirir və kifayət qədər maraqlı filmlər ərsəyə gətirir. Amma telefilmin səmərəli fəaliyyət göstərməsi üçün mütləq televiziya rəhbərliyinin dəstəyi olmalıdır, telefilmin nazı ilə oynanılmalı, film çəkilişi üçün kifayət qədər maddi vəsait ayrılmalıdır.

Çünki telefilm gəlr gətirən sahə deyil, mən onu hardasa ərköyün övlada bənzədirəm. O sənə mənəviyyat bəxş edir, gələcək verir. Yəni əziz övladın kimi onun qayğısına qalıb qoruyursan, gələcəkdə isə bəhrəsini görürsən. Yəni gəlir gətirən şou proqramlar, sadəcə səninlə müvəqqəti yoldaşlıq edir. Sənədli kino isə televiziyanın övladıdır. İstənilən televiziyanın arxivində şou proqramlar deyil, sənədli filmlər saxlanılır, onlardır televiziyanın sərvəti. Elə təkcə “Telefilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi filmlər əsl genofonddur. Çox təəssüf ki, hazırda televiziyalarımız bu mühüm məqama yetərincə önəm vermir.

Sevindirici haldır ki, 3 il əvvəl ARB Aran TV-nın nəzdində “Aranfilm” Yaradıcılıq Mərkəzi yaratdıq. Mərkəzin direktoru İqbal Məmmədəliyevdir, hamısı da işinin peşəkarıdır-peşəkar rejissor, operator, montajçı, ssenaristlərdir. Peşəkarlıq bizimçün əsasdır. Son üç ildə “Aranfilm”də 60-a yaxın müxtəlif janrlı sənədli film və bir neşə qısametrajlı bədii film çəkilib. Onu da deyim ki, biz büdcə təşkilatıyıq, fimlərə xüsusi maliyyə ayrılmır. Bununla belə, kino mühiti yarada bilmişik və bundan qürur duyuruq.

Bir məqamı xüsusilə vurğulamaq istərdim. Böyük təəssüf hissi ilə söyləyirəm bunu- bizim teleməkanda sənədli kinoya düzgün efir vaxtı ayrılmır, ümumiyyətlə sənədli filmlərə biganə münasibət var. Halbuki, sənədli film bir xalqın salnaməsidir.

Possovet məkanının müxtəlif televiziya kanallarına tamaşa edəndə isə görürük ki, onlar artıq sənədli deyil, bədii televiziya filmləri çəkir. Bizdə isə nədənsə elə qəbul olunub ki, bədii filmlər yalnız kinostudiyada istehsal oluna bilər.

Zənnimcə, bizim teleməkanda da seriallardan tammetrajlı bədii filmlərə keçmək vaxtıdır. Təbii ki, bunun üçün ürəkli, vicdanlı, fədakar, niyyəti düz və əliaçıqlıq olmaq lazımdır.

Biz ürəkdolusu Əhməd Cavad, Səməd Vurğun, İsmayıl Şıxlı, Cəfər Cabbarlı, Yusif Məmmədəliyev kimi söz ustalarımıza, alimlərimizə, aydınlarımıza böyük və tükənməz sevgimizdən danışırıq, amma təəssüf ki, bu sevgi yalnız sözdədir. Əgər həqiqətən sevsəydik, bu günədək hər biri haqda ən azından bir bədii film çəkərdik.

“Azərbaycanfilm” Kinostudiyası ölməz Cəfər Cabbarlının adını daşıyır, amma nədənsə bu günə qədər Cəfər Cabbarlı haqda bircə bədii film belə çəkilməyib.

Ruslar demək olar ki, bütün klassikləri, görkəmli alimləri, sənət adamları haqda çoxsaylı bədii filmlər çəkib və çəkməkdə davam edirlər.

- Və bu filmlərlə dünya bazarına çıxırlar.

- Bəli. Biz isə Azərbaycanımızın unudulmaz şəxsiyyətlərini yalnız yubileydən-yubileyə xatirə gecəsi təşkil etməklə yad edirik, ya da uzağı bir veriliş hazırlamaqla, yaxud sənədli film çəkməklə borcmuzdan çıxdığımızı düşünürük. Axı o şəxsiyyətlərin təkcə yaradıcılıqları, siyasi, ictimai, elmi fəaliyyətləri deyil, həyatları da ayrıca bədii filmin mövzusudur.

-Müstəqil Azərbaycan kinosunun inkişaf etdiyini söylədiniz. Doğrudur, artıq qeyd etdiyimiz kimi, vaxtaşırı müxtəlif beynəlxalq kino festivallarından Azərbaycan filmlərinin də sorağı gəlir, amma Azərbaycan dünyada kino ölkəsi kimi tanınmır axı. Biz bu gün də nə bədii, nə də sənədli filmlərimizlə dünya bazarına çıxa bilmirik.

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA