Məgər biz bilmirik ki, imkanlı ermənilər Bakıda həm ev alırlar, həm də...

Məgər biz bilmirik ki, imkanlı ermənilər Bakıda həm ev alırlar, həm də...

Millətin qeyrətli kişilərinin mənəvi irsinə də müraciət etmirik

Camaat teleekranlarda ruslar demişkən eyni “morda” və “roja” nı görməkdən bezib

Ötən ilin dekabr ayının ortaları idi, zəndi-zəhləmin getdiyi bir qəzetdə oliqarx Söyün Sadıqovun fikirlərini oxudum. Çox uzun titulaturası olan bu ağa Rusiyada ermənilərlə azərbaycanlılar arasında mehriban münasibətin mövcudluğundan bəhs edib. Söyün ağanın fikrincə, erməni ilə müsəlman arasında heç vaxt düşmənçilik filan olmayıb, o məşhur mahnıda deyilən kimi, “əzəldən qardaşdır ellərimiz”.

Qəzetin qənaətinə görə, bu qalmaqallı açıqlamalardır. Əvvəla, bizim şövkətməab sərvət sahibinin fikirlərində bir qəbahət, qalmaqal zad yoxdur, o bildiyinin mindən birini deməyib. Məgər biz bilmirik ki, nəinki Rusiyada, Bakının özündə bizim “qeyrət sahibləri” ermənilərlə durub otururlar, istər Prezident Aparatında, istərsə də Milli Məclisdə arvadı, gəlini, yaxın qohum-qardaşı erməni olan kifayət qədər adam var.

Məgər biz bilmirik ki, imkanlı ermənilər Bakıdakı əziz-giram əqrəbalarının köməyi ilə başqa adlar altında həm ev alırlar, həm də ipə-sapa yatmayan qələm sahiblərini gözümçıxdıya salırlar(Bu texnologiya mənə tanışdır, əcəldən aman olsa bu barədə bir az ətraflı yazacağam). Onu görürsən ki, zavallı jurnalist hansısa ruspərəst, ya da erməni ilə qohum olan vəzifəli haramzadanın quyruğunu tapdalayan kimi düymə basılır. Yazı sahibinin günü qara əskiyə bükülür, zərbə zərbə dalınca, gah yaxınlarını işsiz qoyurlar, gah özünün çörəyinə toxunurlar, gah bu, ya digər yolla şərləyirlər. Yazıq son saata qədər kimin iradəsi ilə ekzekusiyaya məruz qaldığını bilmir.

Alnımıza döyüş yox, arsızlıq, biganəlik yazılıb

Son qərinə ərzində bizim rüşvətxorların sayəsində adını, soyadını dəyişdirmiş minlərlə erməni balası ərsəyə çatıb, yaxşıca pul da qazanır, ailə də qurub. Deyəcəyim sözlərdən heç kim qəzəbnak olmasın, biz əyyami qədimdən qan qisasının nə olduğunu bilməmişik (müxtəlif zamanlarda ayrı-ayrı fərdlər şücaətlər göstəriblərsə, amma küll halında bütün millətin vahid qüvvə halında ayağa durmağını görməmişik), milli düşmənə kin saxlamaq, nifrət bəsləmək, xülasə bu kimi hissləri övladlarımıza təlqin etməyi də lazım görməmişik.

Erməni köpəkoğlu bunu bacarır, zəhərli neştərini gizlədə bilir, məqam çatanda zərbəsini də endirir. Erməni cəlladlarının bir mahir fəndi də var, onlar xari-zəlil etdikləri xalqın içində nəinki müttəfiq, eyni zamanda sadiq lakeylər də tapa bilirlər. Adi bir misal, on səkkizinci ilin qətlamının üzərindən heç on –on beş il keçməmiş bizim komsomolçu “proletar” şair və ədiblər millətimizin cəlladlarını mədh etməyə başladılar.

Nizami Cəfərov tarixin zibilliyinə atılmış bədnam müstəmləkə ədəbiyyatının tanınmış turbadurudur. Onun şami-səhər, yeri gəldi –gəlmədi tərifləyib ağac başına çıxartdığı sovet şairlərinin, yazıçılarının içində eləsi vardı ki, xalqımızın qanlı cəlladlarını mədh eləməsin?

Hər cürə fəxri ada, ənama layiq görülmüş Səməd Vurğunun cəlladların şəninə yazdığı şeirlər bütün pioner və komsomolçular üçün fərmani-hümayun idi. Onları orta məktəbdə hamımıza əzbərlədirdilər. Səməd Vurğun “Mənim babam olmuş 26-lar” deyəndə, kimin hünəri vardı Bakıda 14 min müsəlmanın qətlinə fərman vermiş Şaumyanı söyəydi? Müstəqil də olduq, ancaq gədalıq virusları canımızdan çıxmadı. Nə 1918-ci ildə ümumi qətlamıda əli olan rus bolşeviklərinin adlarını çəkirik, nə də Xocalıda rus alayının törətdiyi dəhşəti dilə gətiririk. Xocalı qətlamında rus zabit və əsgərlərinin müdhiş cinayətləri bizim satqın ideoloqlar tərəfindən ört-basdır edilir. Respublikanın rəhbərləri rus əsgər və zabitlərinin Qarabağdakı bütün cinayətləri barədə tam məlumatlıdırlar. Amma danışmırlar, dinmirlər, qorxurlar ki, birdən rus şovinistlərinin xətrinə dəyərlər.

Özlərini hamıdan artıq vətənpərvər, azadxah, savadlı hesab edən bizim demokratiya zəbanələri də indiyə kimi nəinki Bakıda, digər bölgələrdə də minlərlə günahsız müsəlmanı qətlə yetirmiş “inqilabçı” rus matroslarından, əsgərlərdən bir kəlmə də demirlər. Dərd burasındadır ki, bizim satqın tarixçilər də hakimiyyətdə olan Moskva agenturasına təbəəlik edirlər. Kor kor, gör gördür ki, bütün məmləkət boyu hər yerdə, hər şəhərdə, qəsəbədə ümumi qətlamı təşkil etmək üçün ermənilərin bir o qədər də canlı qüvvəsi çatmırdı.

Şamaxı kimi böyük bir şəhəri əhalisi ilə borlikdə yer üzündən silmək, neçə-neçə mahalda minlərlə dinc sakini öldürmək, hər yeri talana məruz qoymaq bir ovuc erməni qatilinin işi deyildi. Arxivlər o yana, şəxsən mən həmin faciəli olayların canlı şahidlərini 65-70 il bundan əvvəl nələr dediklərinin yaxşı xatırlayıram.

Qəhrəman islam ordusunuin Bakıya zəfər yürüşü barədə məlumatımız var, ağır döyüşlər gedib, itkilərin sayı-hesabı hələ indiyə kimi tam dəqiqləşməyib. Niyə indiyə kimi etiraf etmirik ki, türk-islam ordusunun qarşısında duruş gətirmək erməni vələdüzinalarının işi deyildi. Qətlamda onlara yardımçı olan, silahla təchiz edən ruslar idi. Bizim xilaskarlara qarşı vuruşan, cəbhədən gəlmiş yaxşı təlim görmüş rus əsgər və zabitləri, həm də hərbçi matroslar idi.

Bakımın mərkəzi küçələrinə adları kimlər verirdi? Baksovetdə, Şəhər Partiya Komitəsində yaxşı vəzifələrdə oturmuş ermənilər və ruslar. Müstəmləkə mədəniyyətinin ordenli, titullu görkəmli xadimlərinin cınqırı da çıxmırdı.

Sahil bağında cəllad komissarlarının şərəfinə çəmbərəyə bənzər abidə qoyulmuşdu. Qranitdən yonuımuş fiqur, məşəl həmişə diqqəti cəlb edirdi. Gecə-gündüz də musiqi səslənirdi, müəllifi də adlı-sanlı bəstəkar Qara Qarayev idi. Məgər o bilmirdi ki, kimin şərəfinə, harada səslənəcək musiqini bəstələyir?

Bilirdi, lap yaxşı bilirdi. Amma vecinə deyildi, əsas pul və bir də yuxarıların gözündə yaxşı görünmək arzusu idi. İndi bizi ayran vətənpərvərləri cin atına minib şiri-nər kimi nərə çəkəcəklər, adə qoymayın, bu Qara Qarayev kimi bəstəkarı bəyənmir. Onun böyük sənətkar, qüdrətli bəstəçi olduğunu hamı bilir, buna söz ola bilməz.

Amma, unutmaq, olmaz ki, o, “Zamanın bayraqdarı” (Sözlər S.Vurğunundur) kantatasıni, cəllad komissarlara həsr olunmuş odanı, “V.İ.Lenin” oratoriya-plakatını da bəstələyib, hakim ideologiyanın tələblərinə uyğun çəkilmiş neçə-neçə bəsit filmə də musiqi yazıb. Sovet quruluşunun demək olar ki, bütün ənam və mükafatlarına da layiq görülüb. Bu işin bir tərəfi Qara Qarayevin konservatoriyadan Üzeyir bəy ruhunun, məktəbinin, mənəvi irsinin tədricən sıxışdırılıb çıxarılması sahəsində “xidmətləri” də danılmazdır. İllər boyu hamı orda-burda bu barədə danışıb. Amma mətbuatda, yüksək tribunalarda səsini ucaldan olmayıb. Hər cürə fəxri ad, titul almış, artıq şöhrətin zirvəsinə qaldırılmış Qara Qarayevə, illər boyu yetişdirdiyi cığırdaşlarına qarşı çıxıb mərdi-mərdanə söz demək müşkülə dönmüşdü. Üzeyir bəyə qarşı ögey münasibət indi də davam edir, kişinin neçə-neçə əsəri ifa olunmur, çirk-pas altında qalmış xatirə lövhəsi min dəfə deyilsə də dəyişdirilməyib, ev muzeyinə əlamətdar günlərdə gələnlərtə bir dəfə baxmaq kifayətdir ki, məsələnin nə yerdə olduğunu deyəsən. Yeri gəlmişkən cürətlə onu deyə bilərəm ki, Üzeyir bəyin ev muzeyində vacib bir tədbir keçiriləndə Firəngiz Əlizadədən başqa orada Qara Qarayevin nə bir yetişdirməsi görünür, nə də bir üzəngi tutanı. Kişi istəyirəm bu sözümü inkar eləsdin. Musiqi akademiyasına gedin, görün milli iftixarımızın portreti haradan asılıb.

Türk dünyasının musiqi peyğəmbəri 1948-ci ildə fani dünyadan behşitə rəhlət apardı. İllər keçib, hələ bu vaxta kimi bir bəstəkar (mən Q.Qarayev məktəbinin yetirmələrini nəzərdə tuturam) “Uvertura”nın, “Çənlibel”in, iki dahiyanə romansın tozuna çata biləcək əsər ortaya qoymayıb. Bindan sonra da qoya bilməyəcəklər...

...Rəhmətlik Səttar Bəhlulzadəyə illər boyu nankor münasibət bəslədilər. Partiya bonzlarının hüzurlarında hər kəlmə başı “ləbbeyk!” deyən rəssamlara bir şəkil üçün verilən pul, Səttar əmiyə verilən haqdan on-on beş qat artıq idi. Bəli, hər sərgi təşkil olunanda, hamı o kişinin yaratdığı tabloların qarşısına yığılar, hamı da onu təqdir edib alqışlayardı. Adi neftçi də, əli qabarlı kolxozçu da, alim də Səttar əminin mənzərələrinin vurğunu idi. Allah Heydər Əliyevə rəhmət eləsin, o kişi dahi rəssamın incik düşdüyünü bilən kimi onunla görüşdü, saatlarla söhbət elədi və hər şeyi sahmana saldı. Səttar Bəhlulzadə təsəlli tapdı...

Üzeyir bəyin mənəvi irsinin dadına çatan olmadı... Bir uvertürası ilə milyonların qəddini dikəldə bilən böyük insan öz doğma torpağında beş-on nacinsin əli ilə alçaldılır, bir köpəkoğlu dillənmir. Bir neçə ay bundan əvvəl milli himnimizə murdar əllərini uzadan da tapıldı.

Bu dəfə Q. Qarayevin cığırdaşları yox, adi adamlar qəzəbli səslərini ucaltdılar.

Qayıdaq yenə məqalənin əvvəlinə

Söhbət ondan gedirdi ki, Rusiyada dünyadan kam alan bir ağa, yəni Söyün Sadıqov namlı bir “qeyrətmənd” erməni-azərbaycanlı münasibətlərinə dair bəzi xoşagəlməz fikirlər söyləyib. Qəzetin həmin sayında da Fəzail Ağamalının pürməna kəlamları yer alıb. Həmişəki kimi ütülənmiş cümlələr, hamının bildiyi mətləblər, hamının da zəhləsini aparmış nəsihətbazlıq. Allah eləməsin, ürəyimdə heç bir bəd niyyətim yoxdur, sadəcə olaraq Fəzail ağaya “bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır”.

Fəzail ağa, reaksiyanızdan hiss olunur ki, bir balaca dilxorsunuz, kişi kimi də deyin, ölkədəki ideoloji – mənəvi mühit sizi təmin edirmi?

Mən şəxsən düşünürdüm ki, Yanvar, Xocalı qətlamından sonra bu xarabada rus dilində danışan olmayacaq. Düşünürdüm ki, bir ovuc sutenyor “Göbək rəqsləri” , “Gözəllik” müsabiqələri təşkil edib harınların hərəmxanaları, xarici ölkələrin pozğunluq yuvaları üçün qızları saf-çürük edəndə, şəxsən siz Fəzail ağa, məsləkdaşlarınızı götürüb alçaqların qərargahlarının altını üstünə çevirəcəksiniz.

...Rusiyada bizim gənclər erməni qızları ilə evlənirlər, qızlar da kimə gəldi ərə gedirlər... Cəmiyyətdə ümumi deqradasiya yəni cırlaşma prosesi başlayanda belə də olmalıdır.

Söyün Sadıqovun sözlərində həqiqət, ziddiyyət əlamətlərinin təsnifatını aparan Fəzail müəllim çox tül məsələləri bilir, görüb-götürmüş adamdır. O, çox yaxşı bilir ki, iqtidar ideoloji sahədə indi tətbiq etdiyi texnologiya ilə çox uzaq gedə bilməyəcək. Amma, baiskarların, işinin öhdəsindən gələ bilməyən qondarma ideoloqların adlarını çəkmir.

Cavan qızlar televizoru işə salanda, gördükləri şou-biznesin puldan qudurmuş “gözəlçələri” və özlərinə bəzək-düzək vermiş mütrifə bənzər aparıcılardır. Bədənini əsdirən kim, naz-qəmzə ilə hərcayı-hərcayı danışan kim... Əsas danışıq mövzusu qeybət, buduar macəraları barədə “fikir mübadiləsi” ...

Dünya-görüşü, zövqü, əqidəsi hələ kifayət qədər formalaşmamış qız xeylağı onu görür ki, hamının yelbeyin, tərbiyəsiz kimi tanıdığı yaşıdı telekanalda meydan sulayır, yaxşı qazanmağı üst-başından, tualetindən bilinir. Pullu kişilər onun üçün sinov gedirlər! Onu da bilir ki, bu yelbeyin sayılan təzə “sənətçi” atasının bir ildə qazandığını bir gecədə alır.

Nəhayət, mən qələm sahiblərimdən təvəqqe edərdim ki, münasib yerdə bizim qızlara bu sualı versinlər: Onlar Şəhidlər xiyabanında uyuyan Rəhilə Orucova, düşmən əlinə keçməmək üçün özlərini qayalardan atmış Kəlbəcər qızları barədə nə bilirlər? Əməlli cavab versələr, mən adımı dəyişərəm.

Bu dəfəki yeni il konsertləri mədəniyyətimizin hansı səviyyədə olduğunu göstərdi. Mən başa düşmürəm, iqtidar bu qədər tüfeyli, əlindən heç nə gəlməyən nadan rejissor və telekanal rəhbərlərinin nazı ilə nə vaxta qədər oynayacaq?

Axı bunlar nailiyyətləri də, uğurları da, yüksək səviyyədə nə göstərə bilirlər, nə də əməlli şərh edirlər. Bunun üçün isə savad və erudisiya lazımdır. O da bunlarda yoxdur. Sovet hökumətinin yetmiş ildə edə bilmədiyini biz dörd-beş ildə həyata keçitrmişik. İqtidarın isə ən böyük səhvi ondadır ki, misilsiz nailiyyətlər barədə danışmağı ya rüşvətxor məmura, ya da simasızlığı ilə ad qazanmıçş deputata, saray məddahına həvalə edir. Camaat teleekranlarda ruslar demişkən eyni “morda” və “roja” nı görməkdən bezib. Bunu başa büşmək nə çətin iş imiş!

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz