Mehdi bəy Hacınski - 140

  • 2019-05-25 12:51:52
  • |
  • Tarix /

Mehdi bəy Hacınski - 140

Mehdi bəy Süleyman oğlu Hacınski 1879-cu il mayın 24-də Qubada anadan olmuşdur. Əvvəlcə mədrəsədə oxuyan Mehdi sonra təhsilini türk-rus realnı məktəbində davam etdirmişdir. O, 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində fəal iştirak etmişdir. 1906-cı ildə ikinci teatr truppasının, sonralar Artistlər Şurasının üzvü olmuşdur.

Hacınskinin ilk çıxışı Nəriman Nərimanovun “Nadanlıq” əsərində olmuşdur. Qastrollarda türk artistlərinə rəhbərlik etmişdir. 1905-ci ildə Bakı şəhər idarəsinin üzvü, Müsəlman xeyriyyə cəmiyyətinin (“Cəmiyyəti-xeyriyyə”), “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin təşkilatçılarından olmuşdur. 1906-cı ildən “Nicat”ın teatr bölməsinin rəhbəri, “Nəşri-maarif” cəmiyyətinin sədr müavini, 3 il “Səfa” cəmiyyəti xalq məktəblərinin rəisi, 1914-cü ildən teatr bölməsinin sədr müavini olmuşdur. Bakı teatrlarında müxtəlif xarakterli obrazlar- Karl Moor (“Qaçaqlar”, F.Şiller), Nadir şah (“Nadir şah”, N.Nərimanov) və s. yaratmışdır. İlk məqaləsi İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin 1898-ci il 8 dekabr tarixli sayında Azərbaycan və rus dillərində dərc olunmuşdur. “Kaspi”, “Həyat”, “İqbal”, “İrşad” və s. qəzetlərdə, “Zənbur”, “Molla Nəsrəddin” jurnallarında “Ürfüzadə”, “Dəmdəməki”, “Avara”, “Estet” və s. imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirmişdir. 1906-07-ci illərdə bir müddət “Hümmət” təşkilatının orqanı olan “Təkamül” qəzetinin naşiri olmuşdur. Onun, “Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cümhuriyyəti” adlı dram əsəri var. Bir sıra pyesləri (“Əl-Mənsur”, H.Heyne; “Qaçaqlar”, F.Şiller; “Nadan övlad”, D.İ.Fonvizin və s.) Azərbaycan dilinə tərcümə etmişdir. Xalq yaradıcılığı nümunələrinin toplanıb Azərbaycan və rus dillərində nəşr edilməsində də Mehdi bəyin xidmətləri olmuşdur.

M.Hacınski siyasi xadim kimi də fəaliyyət göstərmişdir. “Müsavat” partiyasının üzvü olmuş, 1917-ci ildə partiyanın Bakı bürosunun tərkibinə seçilmiş, 1918-ci il 26 may tarixində Zaqafqaziya seymində “Müsəlman fraksiyası”nın, bir gün sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. O, Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Milli Şuranın 1918-ci il 19 noyabr tarixli qanununa əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmiş və rəyasət heyətinin katibi olmuş, qısa müddət AXC daxili işlər nazirinin müavini işləmişdir. Cumhuriyyət dövründə yeni yaradılmış Azərbaycan Dövlət Universtetinin hüquq fakkultəsində təhsil alan Mehdi bəy, Sovet Sosialist Respublikası məhkəmə xadimlərinin 1-ci qurultayında xalq hakimləri şurası rəyasət heyətinin üzvü seçilmişdir.

Mircəfər Bağırovun qoruyub himayə etdiyi M.Hacınski, Xalq ədliyyə komissarlığının təlimatçısı kimi, məhkəmə idarələrinin təşkili üçün Naxçıvan Muxtar Respublikasına ezam edilmişdir. Orada Xalq ərzaq komissarının, xalq maarif komissarının müavini təyin edilmiş, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali İqtisadi Şurasının üzvü və muxtar respublikanın tədqiqi üzrə komitənin sədri seçilmişdir. Sonralar Azərbaycan Xalq Təsərrüfatı Şurası (AXTŞ) Baş idarəsi rəisinin müavini təyin edilərək “Xalq təsərrüfatı” jurnalı redaksiya kollegiyasının üzvü olmuş, Azərbaycanın dövlət qulluqçuları üçün türk dili kurslarına rəhbərlik etmişdir. AXC-nin Poçt-telegraf naziri və 1937 repressiyasının qurbanı olmuş Camo bəy Hacınskinin (1888-1942) böyük qardaşı olan Mehdi bəy Hacınski 1941-ci ilin iyun ayının 18-də Bakıda vəfat etmişdir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA