Məhkəmə hökmü: “Palmali” rəsmən müflisdir! - MƏNSİMOVUN AMBİSİYALI BƏYANATININ ARDINCA...

Məhkəmə hökmü: “Palmali” rəsmən müflisdir! - MƏNSİMOVUN AMBİSİYALI BƏYANATININ ARDINCA...

Rusiyanın Rostov Arbitraj məhkəməsi azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair hökm çıxarıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, hökm iki gün əvvəl məhkəmə kartotekasında yerləşdirilib. Müəssisənin barəsində çıxarılmış müflisləşmə qərarının yerinə yetirilməsi üçün 2019-cu il aprelin 15-nə qədər müddət qoyulub.

Məhkəmə hökmü: “Palmali” rəsmən müflisdir!

“Palmali” şirkətinin Rusiyadakı törəmə müəssisəsinə qarşı müflisləşmə prosedura iki il əvvəl başlamışdı. Şirkətin ən iri borcu “Sberbank” qarşısındadır-13 milyard rubl. Lakin Mənsimovun şirkətinə borc verib ala bilməyənlərin sayı çoxdur. Bunların arasında maraqlıdır ki, elə Mənsimovun öz şirkətləri də var. Məsələn, Maltada qeydiyyatdan keçmiş “Palmali Holding” şirkəti “Palmali” MMC-dən 3.7 milyard rubl, Vest-İndiada qeydiyyatdan keçmiş “Palmali Shipping” adlı şirkət isə 1.1 milyard rubl tələb edir. Habelə Türkiyə şirkəti olan “Palmali Gemiçilik və Acentelik” şirkəti Mənsimovun Rusiyadakı şirkətindən 1.2 milyard istəyir.

“Palmali” MMC Rostov vilayətində 2000-ci ildə qeydiyyatdan keçib. Səhmləri Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsusdur. “Palmali” MMC-yə qarşı Rusiyada həm də vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb. Şirkətin malik olduğu gəmilərin və digər aktivlərin ümumi dəyəri borcların həcmindən azdır, nəticədə müflisləşmə qaçılmaz idi.

Hərçənd bu günlərdə Mübariz Mənsimov Türkiyədən ambisiyalı bəyanat verərək bildirmişdi ki, biznesini böyütməyə, yeni gəmilər sifariş verməyə, habel 2019-cu ilin yanvarından bütün biznesini Türkiyədə bir çətir altında birləşdirməyə hazırlaşır. Bu bəyanatın ardınca məlum oldu ki, “Palmali” aylardır maaş almayan dənizçilərə olan borcunu ödəmək üçün bir ilə yaxındır Estoniyanın Tallin limanında həbs altında saxlanılan “Bozdağ” tankerini “Qazprom neft”ə satıb. “Masalli” tankeri isə hələ də həmin limanda həbsdədir...

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz