“Məhkumları istirahət günləri güllələyirdilər” - Ölüm hökmünün ləğvinin 21 ili...

  • 2019-02-23 11:33:29
  • |
  • Aktual /

“Məhkumları istirahət günləri güllələyirdilər” - Ölüm hökmünün ləğvinin 21 ili...

“Dustaq kamera yoldaşları ilə sağollaşırdı, cavabında eşidirdi: ”Allah sənə rəhmət eləsin!"; hüquqşünaslar ölüm cəzasının qaytarılmasına qarşıdır

1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Bundan artıq 21 il ötür. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib.

Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi.

Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onlardan 80 nəfərə yaxını həbsxanada cəza çəkir.

Penitensiar Xidmətdən bildirilib ki, Qobustan həbsxanasında ölüm cəzasının ləğvindən sonra məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş 200-ə yaxın məhkum cəza çəkir.

Onların bəzilərinin bu il Novruz bayramında gözlənilən əfv fərmanı ilə azadlığa buraxılacağı istisna edilmir. Xüsusən də keçmiş OMON-çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun əfvə düşəcəyi bildirilir.

Onlar uzun illərdir cəza çəkirlər, sağlamlıqlarını itiriblər, üstəlik digər OMON-çular azad edilib. O baxımdan əfvə düşmələri gözlənilən haldır.

Ümumilikdə isə ölüm hökmünün ləğvindən sonra Azərbaycanda kriminal hadisələr, xüsusi amansızlıqla qətl törətmək, iki və daha çox adamı öldürmək faktları azalmayıb.

Bəzən ölüm hökmünün bərpası ilə bağlı təkliflər səslənir. Bunu ABŞ-ın bəzi ştatlarında, o cümlədən bir neçə Avropa dövlətlərində ölüm hökmünün olması ilə izah edirlər.

İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan ölüm hökmü cəzasının verilməsində, icrasında liderliklərini qoruyur. Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.

Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır. Qvineya və Monqolustanda ölüm hökmü ləğv edildikdən sonra, dünya üzrə 142 ölkədə bu cəza növündən istifadə edilmir.

Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov sputnik.az-a deyib ki, sonuncu edam edilmiş şəxs (cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla iki və daha çox şəxsi qətlə yetirmə maddəsi ilə ittiham edilib) Salman Aslanoviç Fərmanov olub.

Hüquq müdafiəçisinin sözlərinə görə, adətən məhkumları istirahət günləri güllələyirdilər:

“Məhkumlar qapıya yaxınlaşır, nəfəslikdən əllərini qandalın taxılması üçün bayıra uzadırdılar. Gözətçi qandalı taxandan sonra qapını açır və ölümə məhkum edilmiş dustağı zirzəmiyə aparırdı.

Yolüstü dustaq kamera yoldaşları ilə sağollaşır, onlara azadlıq arzu edirdi. Cavabında isə bu sözləri eşidirdi: “Allah sənə rəhmət eləsin!”

Zirzəmidə əvvəlcə ona bağışlanmaqdan imtina edildiyini deyirlər, sonra isə sonuncu otağa apararaq başının arxasına gülləni vururlar".

Eyni zamanda, tədqiqatçıların və şahidlərin xatirələrinə görə, ölümə məhkum edilmişlər güllənməyə aparılarkən fərqli reaksiyalar verirlər - bəziləri susurlar, bəziləri mərhəmət istəyirlər.

Bəziləri müqavimət göstərirlər və bəziləri ölüm hökmü icra edilməmişdən əvvəl infarkt nəticəsində ölürlər. 3, 14 və 20 fevral tarixlərində 8 nəfəri güllələyiblər, doqquzuncu isə ölüm hökmünün icrasına qədər qalmayıb.

Hüquq müdafiəçisi valideynlərinin 1937-də edam edildiyini xatırladıb və bütövlükdə ölüm hökmünün əleyhinə olduğunu söyləyib.

Sabiq polis rəisi Mahmud Hacıyev ile ilgili görsel sonucu

Sabiq polis rəisi Mahmud Hacıyev isə “Yeni Müsavat”a bildirdi ki, ölüm hökmünün bərpasının əleyhinədir: “Bu mənim subyektiv mövqeyimdir, hüquqşünaslar fərqli fikirləşə bilərlər. Amma biz ölüm hökmünü qaytarsaq görəcəyik ki, ağır cinayətlər azalmayıb.

Çünki ilk növbədə insanların maddi rifahı yaxşılaşmalıdır, hüquqi maarifləndirmə olmalıdır, narkomaniya, fahişəlik aradan qalxmalıdır, cəmiyyətin psixoloji ovqatı düzəlməlidir".

M.Hacıyev hesab edir ki, maddələrin və cəzaların ağırlaşdırılmasına ehtiyac yoxdur: “Yeltsinin prezident olduğu dövrdə 10-a yaxın hüquq institutunun alimləri, dosentləri ona müraciət elədi ki, Rusiyada ölüm hökmünü qaytarsın. Amma bərpa eləmədi.

Stalin vaxtı bütün cinayətlərin qarşısını almaq üçün cəza hissəsində müddət artırıldı. Amma nə xeyri oldu? Üstəlik, indi 1948-50-ci illər deyil. Cəzanın xüsusi çəkisinin artırılmasına zərurət yoxdur".

Müsahibimiz deyir ki, məişət zəminində bir gənc oturduğu kafedə adi sözə görə qarşısındakını bıçaqlayıb öldürürsə, bu onun psixoloji vəziyyətindən xəbər verir:

“O cavanın intellekti olsa öldürməz. İnsan varsa, cinayət də var. Kommunistlər deyirdilər ki, sosializm tam qələbə çalıb, kommunizmə gedirik və kommunizmdə cinayət olmayacaq.

Yəni biz çürük təfəkkürə qayıda bilmərik. Mən cəzaların ağırlaşdırılmasının əleyhinəyəm. Bu, düzgün metod deyil və maarifləndirici tədbirlər görülməlidir, sosial-iqtisadi şərait yaxşılaşmalıdır".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA