Mehman Hüseynovun qardaşı: "24 saat ərzində Mehmanla bağlı "müdrik qərar" verilə bilər"

Mehman Hüseynovun qardaşı: "24 saat ərzində Mehmanla bağlı "müdrik qərar" verilə bilər"

Mehman Hüseynov bazar günü Prezident İlham Əliyevə müraciət ünvanlayıb, Penitensiar Xidmətdən BBC News Azərbaycancaya deyiblər.

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya müraciətdən xəbərsiz olduğunu bildirib.

"Onunla sonuncu dəfə ötən həftə görüşmüşəm. Bu barədə mənə heç nə deməyib".

Mehman Hüseynovun qardaşı Emin Hüseynov isə bildirib ki, Mehmanın hər hansı müraciət imzalayacağı haqda ailə üzvləri ilə müzakirəsi olmayıb.

"Son bir neçə həftə ərzində qardaşımın adından saxta bəyanatlar, məktublar yayılıb. Mehman nəsə yaymaq istəsəydi ən azından qardaşına zəng vurardı. Ancaq 10 gündür ki, mənə qardaşımla əlaqə saxlamağa imkan vermirlər. Orada nəsə baş verir, lakin nə mən, nə də digər ailə üzvlərimiz onunla telefonla danışa bilmirik".

"Mehman ilk gündən bildirib ki, mənim adımdan yayılan məlumatları qardaşım təsdiq edənə qədər, inanmayın. Mənə isə demişdi ki, sənə zəng edib aclığı dayandırıram deməyənə qədər, adımdan yayılan xəbərlərə inanmayın".

"Davos qabağı"

Emin Hüseynov deyir ki, Mehman məsələsi "çox böyüyüb və hökumət Mehmanla bağlı qərar vermək istəyir". O, bu məsələnin Davos Forumu qabağı atılmış addım olduğunu iddia edir.

"Prezident bir-iki günə Davos-a getməlidir. Hökumət də istəyir ki, məsələ sabaha qədər həll olunsun. İstisna etmirəm ki, 24 saat ərzində Mehmanla bağlı "müdrik qərar" verilə bilər".

Lakin cənab Hüseynov hesab edir ki, qardaşının durumu ağır olsa da, o Azərbaycanda yeganə "siyasi məhbus deyil".

"Mehmanı tutaq ki, buraxdılar. Bəs o biri siyasi məhbusların vəziyyəti necə olacaq? İndi hər məhbus durub ölüm aclığınamı başlamalıdır? Hər məhbusa görə, 25 min adam mitinqəmi çıxmalıdır?".

Emin Hüseynov düşünür ki, Azərbaycan hökuməti qardaşına olan beynəlxalq diqqətin artmasını görüb, "gəlin, məsələdən necəsə çıxış yolu tapıb, bunu buraxaq".

Emin Hüseynov deyir ki, 24 saat ərzində prezidentin Davos səfərindən qabaq Mehman Hüseynovun məsələsinə müsbət qərar veriləcəksə, bunun ardınca, hətta Mehmanın işinə münasibət bildirməmiş beynəlxalq təşkilatlar belə bu məsələni gurultulu alqışlayacaqlar ki, sağ olsun, İlham Əliyev, məsələyə qarışdığına görə Mehmanın işi zəfər çaldı. Bu isə məsələnin həlli deyil".

Emin Hüseynov vurğulayıb ki, onun qardaşı Azərbaycan hökuməti ilə anlaşmaya "getməyib və getməyəcək".

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı Azərtac agentliyinə açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov bazar günü Prezidentə müraciət edib.

"Müraciətlər Prezidentin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib".

Atası Rafiq Hüseynov isə deyib ki, Mehmanın müraciət yazmasından xəbəri yoxdur. "Mən bu dəqiqə xəstə yatıram, xəbərim yoxdur".

Müraciətdə Mehman Hüseynov 2 ilə yaxın müddətdir cəza çəkdiyini, bu müddətdə "rejimə əməl etdiyini" bildirib, Penitensiar xidmətin mətbuat katibi Mehman Sadiqov BBC-ə deyib.

O, 2018-ci ilin dekabrında cəza çəkdiyi müəssisədə baş vermiş hadisədə günahlandırıldığını, lakin günahsız olduğunu vurğulayıb.

"Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam".

Daha sonra Mehman Hüseynov ölkə prezidentindən öz işinin düzgün aparılmasına göstəriş verməsini xahiş edib.

"2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir".

O, "prezidentin müdaxiləsi olsa, öz işi üzrə qərarın ədalətli olacağına əmin olduğunu bildirib", yerli saytlarda məktubun mətni yayılıb və Penitensiar xidmətin mətbuat xidməti rəhbəri BBC-ə bu mətnin həqiqət olduğunu deyib.

Ötən həftə Avropa Parlamentində Azərbaycanda həbsdə olan bloqçu Mehman Hüseynovun məsələsi müzakirə olunub və Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul olunub.

Mehman Hüseynov kimdir?

Hazırda həbsdə olan, video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci il martın 3-də iki il müddətinə həbs edilib.

O, azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və dekabr ayında aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

Video bloqçu Daxili İşlər Nazirliyinin şikayətilə polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA