Əməkdar artistimiz Sami Yusiflə səhnəni paylaşıb - FOTO

Əməkdar artistimiz Sami Yusiflə səhnəni paylaşıb - FOTO

Aprelin 6-da Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində regionun ən böyük konsert salonlarından olan Əl-Məcaz amfiteatrında məşhur Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusifin Şərq dünyasının tanınmış musiqiçiləri ilə birgə konserti keçirilib. 5 min tamaşaçının izlədiyi konsertdə Hindistan, Suriya, Livan, İran, Türkiyə və digər ölkələrdən musiqiçilərlə yanaşı, Azərbaycandan Əməkdar artist, tarzən Sahib Paşazadə də iştirak edib.
Konsertlə bağlı təəssüratlarını bölüşən tarzən belə bir layihədə iştirakından, Azərbaycan tarını təmsil etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, konsertə dəvət Sami Yusifin menecerləri tərəfindən gəlib: “Onlar məni internetdə izlədikləri ifalarımdan bəyənərək seçdiklərini bildirdilər. Çox möhtəşəm konsert proqramı üçün musiqiçilərlə birlikdə 3 günlük məşqlərdən sonra səhnəyə çıxdıq. Layihədə 27 mahnı təqdim edildi. Bütün mahnılar notla ifa edilirdi və Sami Yusifin öz bəstələri idi. Konsert bitdikdən sonra tamaşaçıların xahişi ilə “Sarı gəlin” mahnısı yenidən səsləndi. Bu çıxış zamanı bir daha mahnıdan əvvəl Azərbaycan tarında muğam parçaları ifa etdim və Sami Yusif bu ifadan sonra “Sarı gəlin”in Azərbaycana məxsusluğunu qeyd edərək mahnını təqdim etdi”.

Əməkdar artist vurğulayıb ki, Şərq dünyasında tarın təbliğində belə böyük konsert layihələri və festivalların mühüm yeri var. Ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında Qran-pri mükafatına layiq görülən ifaçı daha sonra Çində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalında da uğurla iştirak edib və müsabiqənin baş mükafatını qazanıb.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA