“Məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi seçki institutunun formalaşmasından asılıdır” - NATİQ CƏFƏRLİ

“Məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi seçki institutunun formalaşmasından asılıdır” - NATİQ CƏFƏRLİ

“Məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb”

“Məmləkətdə korrupsiya faktları toplumda ciddi etiraz doğurmur, bu nəticədir, səbəblər haqqında "səsli" düşünməyə çalışacam”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri REAL Partiyasının icra kaitbi, iqtisadçı Natiq Cəfərli deyib.

“Məmurla mübarizə etməkdənsə, anlaşmağı üstün sayıb”

Cəfərli qeyd edib ki, Azərbaycan coğrafi məkan olaraq tarix boyu imperiyaların perifiriyasında yerləşib deyə mərkəzdən uzaq, könüldən iraq yer olub: “Bu torpaqlar bir neçə imperiyanı, özü də tam fərqli ideloji, dini, fəlsəf, iqtisadi təməli olan imperiyaları yola verib. Məzhəb təməlli imperiyalardan tutun da, provoslav, sonra da ateizm əsaslı imperiyaların əyaləti, mərkəzdən uzaq parçası kimi davranıb, öz dövləti olmayıb deyə, gələn-gedənləri içləşdirməyib, dövlətə, onun orqanlarına şübhə ilə yanaşıb, "dövlət mənim işimə qarışmasın, mane olmasın, nə istəyir etsin", yanaşması düşüncə tərzində hakim olub. Məmurun oğurladığını özündən, cibindən getdiyi duymayıb, məmurla mübarizə etməkdənsə, anlaşmağı üstün sayıb. Bacarıqlı toplum olub deyə, həm özü qazanıb, həm dövləti yedizdirib. Məhz buna görə toplumun davranış və düşüncə kodlarlarında maraqlı, dünyanın digər xalqlarında görünməyən deyimlər yaranıb: Yumurtadan yun qırxmaq, Daşdan pul çıxartmaq, Oğrudan oğruya halaldı, Beş günlük dünyadı, Dövlətin malı dənizdi, yeməyən donuzdu və s. - bu kimi deyimlər davranış alqoritmini müəyyənləşdirib”.

“SSRİ dönəmi bu kodları lap pərçimlədib - tikintidə işləyən evə sement, zavodda işləyən alət, fabrikdə işləyən parça, kolxozda işləyən kartof daşiyib. Özü içləşdirmədiyi dövlətdən çırpışdırmağı problem saymadığı üçün başqalarının da oğurladığını normal hal sayıb”,-deyə iqtisadçı vurğulayıb.

Cəfərli əlavə edib ki, müstəqəllikdən sonra yavaş-yavaş öz dövlətinin təəssübkeşliyi yaransa da, hələ də bu sistemi içləşdirmədən uyğunlaşıb. Dövlətin büdcəsini formalaşdırmır deyə həmin büdcədən oğurlananı da özünün pulu kimi görmür.

“Seçki yoxdursa, verginin əhəmiyyəti ölür”

Cəfərli hesab edir ki, məmləkətdə vergi ödəyicisi mədəniyyəti formalaşmayıb: ““Vergi verirəm deyə tələb edirəm", yanaşması yoxdur. Çünki vergi tarixən seçkiyə bağlı olub, seçki yoxdursa, verginin əhəmiyyəti ölür. Deməli, məmləkətdə korrupsiyaya münasibətin dəyişməsi də seçki institutunun formalaşmasından asılıdır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA