Məmur-oliqarxiya siyasətinin çöküş anatomiyası

Məmur-oliqarxiya siyasətinin çöküş anatomiyası

Son prezident seçkilərinin ardınca Azərbaycanda ən yüksək səviyyədə “məxməri inqilabi proses” gündəmə gəlməkdədir. Belə ki, məmur-oliqarxiya idarəetmə düzəni menecer-texnokratiya anlamı ilə əvəz olunmaqdadır. Biz ölkənin kültür yaşam düzəni ilə ilgili incələmələr apardığımız üçün, baş verən kürəsəl dəyişimin hansı yeniliklərə nədən olacağını aydınlatmağa çalışacağıq. 25 ildir Azərbaycan teatrının qəbirqazanı statusu ilə siyasət yürüdən nazir müavini Ədalət Vəliyev və onun 27 dövlət teatrındakı “direktorlar çetesi” artıq iynə üstündə oturduqlarının fərqinə varmaqdadırlar.

Addım-addım çökdürülən Azərbaycan Teatrının iflas oratoriyası

Ünlü teatr və kültür araşdırmaçısı, XX yüzilin tanınmış filosoflarından biri olan Ransyer Jak özünün “Siyasətin çöküş astanası” əsərində haqlı olaraq, kültür sahəsində məmur-oliqarxiya idarəetmə düzəninin tamamilə yalnış olması haqqında bunları qeyd edirdi: “Çağdaş siyasətdə gerçəkliyin utopiyasının ardından demokratik düzənlə idarəetmə metodu ilə yanaşı yaxşılıqlar ortaya çıxır. Siyasi idenfikasiya, subyektivilik cəmiyyətin dış və iç birliyi deməkdir. Bunun on biçimdə düsturu vardır. Kim bütün bunlara əməl edirsə, teatr ictimaiyyətinin çağdaş kültür düzəninə dəstək verəcəkdir”.
Azərbaycanda “stalinizm” çağından miras qalmış idarəetmənin inzibati-admnistrativ düzəni ötən yüzilin 30-cu illərinin yadigarı kimi son 25 ildə Mədəniyyət nazirliyində “əbədi” və “müdrik” müavin Ədalət Vəliyevin simasında tüğyan etmişdir. Çağdaş Teatr anlayışının “Rejissor Teatrı” ilə deyil, stalinizmin inzibati metodologiyasına tapınmaqla, diktator düzənli idarəetmə anlamı “Direktor Teatrı” səfsəfəsi (fəlsəfəsi yox haa...) ilə yanaşılması milli teatrımızı tamamilə iflasa uğradıb. Bu 25 ildə milli teatrımızın gəlişməsi yönündə gənc dramaturqlar, rejissorlar, aktyorlar nəsli demək olar ki, yetişmədi. Teatrın başlıca siması olan bu üç zümrə inzibati metodlarların sayəsində qarşısıalınmaz “dəmir pərdə” üz-üzə qalmışdılar. Çünki, “əbədi” və “müdrik” nazir müavini Ədalət Vəliyev belə istəyirdi. Ona görə ki, esxatoloji mifin üfüqünü tətbiq etmişdi. Bu, diri-diri gömülən teatr siyasəti demək idi. Belə bir prosesə qarşı çıxan, yeni dramturqlar, rejissorlar və aktyorlar məktəbini yaratmaq istəyən tək lider “Gənclər Teatrı”nın qurucusu mərhum Hüseynağa Atakişiyev idi. Teatr siyasəti Ədalət Vəliyevin iradəsinə pərçimləndikdən sonra, çağdaş teatr düzəni anlamı da yoxa çıxdı.

Uğursuz “Direktor Teatrı”

Ünlü kültür araşdırmaçısı, çağdaş teatr fəlsəfəsinin estetik yönlərini incələyən Lui Altüsser çox haqlı olaraq qeyd edir ki: “Ənənəvi düşüncələrin estetik yönlərinin iflasa uğradılmasının səbəblərini çağdaş modern kültür siyasətində deyil, onu qırmızı xətlə yalnış fenomen düzənində axtarmaq gərəkdir. Harada savadsızcasına, inzibati amirlik idarəetmə düzəni hökm sürürsə, orada “İFLAS” adlı əjdaha hər şeyin sonuna çıxır”. Biz 2016-cı ildən üzü bu yana, demək olar ki, orta hesabla hər həftə ölkəKİV-lərində nazir müavini Ədalət Vəliyevin himayə etdiyi uğursuz “Direktor Teatrı” ideyasının yalnış olduğunu isbatlayan faktlarla çıxış etmişik. Almaniya, Polşa, Fransa, Avstriya, Rusiya, Kanada teatrlarının inkişaf düzəninin bədii estetik, janr və üslubları ilə bağlı onlarca örnəkləri sadaladıq. Ancaq, gerizəkalı “Direktor Teatrı” ideyasını dəstəkləyən məmurlar ordusu öz hikkələri ilə buna qarşı çıxırdılar.
Uğursuz “Direktor Teatrı” ilə bağlı bir örnəklə yetinmək firkimizcə tamamilə doğrudur. Belə ki, Ədalət Vəliyevin dəstəyi ilə 17 ildir “İrəvan Azərbaycan Dövlət Dram Teatrı”na direktor təyin edilmiş və uğursuz aktyor kimi tanınan İftixar Piriyevə 26 avqust 2017-ci il tarixdə nazir Əbülfəs Qarayevin 222 saylı əmri ilə töhmət verilmişdir. Həmin sənəddə qeyd olunur ki: “İşində yol verdiyi ciddi nöqsanlara, kollektivdə əmək intizamına və teatrın maliyyə fəaliyyətinə zəif nəzarət etdiyinə görə direktor İftixar Piriyevə töhmət verilsin” və sair... Qanunsuz əməllərini ifşa edən nazirliyin komissiyasının hazırladığı mühüm faktlara və sənədlərə məhəl qoymayan baş himayədar Ədalət Vəliyev 2018-ci ildə prezidenti aldadaraq direktor İftixar Piriyevin adını aktyorlara və rejissorlara verilən “Prezident Mükafatı” siyahısına daxil etmişdir.

Ədalət Vəliyev “Cümhuriyyət”ə qarşı

Bir il bundan öncə, 16 may 2017-ci il tarixdə ölkə prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” haqqında sərəncam imzalayıb. Ötən bir ildə uşaq baxçaları, orta məktəblər, universitetlər, elm ocaqları, KİV-lər, dövlət və özəl sektor, eləcə də qürbətdə fəaliyyət göstərən diaspor təşkilatlarımız sərəncamdan irəli gələn müddəalara uyğun şəkildə iqtidarlı-müxalifətli törənlər keçirdilər. Bu qutsal törənə təkcə qatılmayan dövlət teatrlarımız oldu. Ölkənin 27 dövlət teatrında “Direktor Teatrı” siyasətinə pərçimlənmiş Ədalət Vəliyevin iradəsi sayəsində aparılan “repertuar siyasəti” məhz bu anlamda özünü bir daha isbatladı. Halbuki, dövlət sifarişi ilə Cümhuriyyətimizin şanlı 100 illik törənlərinə qatılmaqla, bu qutsal dəyəri teatr sənətinin dili ilə ehtiva etmək ən düzgün siyasət ola bilərdi. Ötən bir il ərzində özəl teatr kimi fəaliyyət göstərən “Bakı Bələdiyyə Teatrı” və onun bədii rəhbəri Amaliya Pənahovadan savayı heç bir teatr bu qutsal 100 illik törənə tövhəsini vermədi. Bələdiyyə Teatrının sifarişi ilə dramaturq Çingiz Ələsgərin yazdığı “Şanlı tarix” əsəri yaxın günlərdə tamaşaçılara təqdim olunacaqdır. 2018-ci ildə ilboyu Cümhuriyyətin 100 illik törənlərinə görə dövlət teatrları qatılmayacaq. Ona görə ki, Ədalət Vəliyev və onun himayədarı olduğu “direktorlar çetesi” bu şanlı törəni səsizcə baykot taktikası ilə hərəkət etdilər. Dramaturqlar, rejissorlar və aktyorlar isə, məcbur olub başqa nazirliklərin dəstəyi ilə hazırlanan törənlərə qatılaraq, dolayı yolla ölkə prezidentinin sərəncamının yanında olduqlarını isbatladılar. Halbuki ölkənin Ana Yasasının birinci maddəsində açıq şəkildə qeyd olunub: “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”. Əgər bu qanuna Ədalət Vəliyev və onun “direktorlar çetesi” əməl etmirlərsə, daha doğrusu “tüpürür”lərsə, deməli ölkədə antimilli bir zümrə var. Unutmaq olmaz ki, Yaponiya və Almaniyanın dünya gücünə çevrilməsinin bir sirri var. Bu, ordunun, polisin və təhlükəsizlik orqanlarının deyil, məhz mədəniyyət nazirliyinin dövlətin ən üstün strateji qurumu kimi dəyərləndirilməsidir.

Menecer-texnokratiya düzəni nələri vəd edir?

Kültür siyasətinin nəzəri və texnoloji baxımdan gəlişməsinin çağdaş standartları vardır. Bu düzən innovasiya texnologiyaları və gənclərin potensialının üzə çıxması, təcrübələrin yeni baxışla gündəmə gətirilməsi ilə müşahidə olunur. Çağdaş kültür siyasətinin nəzəri- metodoloji baxımdan ontoloji, strukturlaşmanın fəlsəfi, estetik və məntiqi qanunların çağdaşlaşması ilə uzlaşdırılmasıdır. Cəmiyyətin demokratikləşməsinin təməl prinsipidir. Səssiz kültür inqilabının istənilən topluma verdiyi böyük bir dəyərdir. Kültürlü olmayan toplum hər zaman quldarlıq-feodal siyasəti mövhumatının əsiri kimi yaşamağa məhkum olur. Kültürün ən düzgün və sosiallaşmış sahəsi məhz teatrdır. Ünlü teatr esteti Konrad Lorentsə görə teatr metaforması hər zaman cəmiyyətin sağlam düşüncə sisteminin ən üstün zirvəsi olub. Çünki, kültür siyasəti cəmiyyətin formalaşmasını teatr sayəsində mümkün edir. Canlı təmas, istedadlı rejissor yorumu, məntiqin dramaturqun yazdığı əsərlə uzlaşması, aktyorun enerjisinin plastikası, səsi və nəfəsinin canlı şəkildə ifadəsi kültür ruhunun tablosudur. Mark Şaqalın təbirincə desək: “Mən sevgini sevənləri daha çox sevirəm”. Mariya Şnayder və Marlon Brandonun dueti ilə yaranmış əfsanəvi “Parisdə sonuncu tanqo” əsərinin sirri menecer-texnokratiyanın uğurlu sənət tandemi sayəsində baş tutmuşdu. Son 40 ildə dünya kültür düzəni bu faktorla gəlişir. Bunun tək bir adı var: “REJİSSOR TEATRI”. Belə bir anlama söykənən istənilən teatrın normal meneceri də olur. Kültür və teatr düzənində canlanma yaranır. Bu, həm də dövlətin və cəmiyyətin, mənəvi və texnoloji baxımdan gəlişməsinin ən yüksək zirvəsi deməkdir.

Mədəniyyət nazirliyi keçmişin steorotiplərindən qurtularsa...

“Kolxoz-sovxoz” düçüncəsi tarixə gömülsə də teatrlarımızda bu ənənə hələ də davam edir. Elə bil ki, teatrlar üzrə sorumlu Ədalət Vəliyev “kolxoz sədri”, teatrların direktorları isə “kolxoz briqadirləri” statusu ilə teatr siyasətini yürüdürdülər. Bunun əsas səbəbi harada istedadsız aktyor var idi, Ədalət Vəliyev onları teatrlara direktor təyin edirdi. Bu bəlanın digər nəticəsidir ki, “kolxoz sədri”nə sıgınmış “briqadirlər” teatrlarda bədii şuranı tam nəzarətə almaqla rejissorların, dramaturqların və aktyorların işinə müdaxilə edir, tamaşalarda rol bölgüsünün monopoliyasını yaratmışdılar. Beləliklə teatrlarda hər şey savadsız və istedadsız direktor-briqadirin hikkəsinə pərçimlənirdi. Elə ona görə də son 25 ildə Azərbaycan Milli Teatrı bəlirsizlik sindromunu yaşamalı oldu. Biz rejissor teatrı dedikdə, ənənəvi steoritiplərin tamamilə sındırılmasını, teatr sənətinin bəşəri və üstün keyfiyyətlərinin dilə gətirilməsi və cəmiyyətin kültür harmoniyası ilə uzlaşdırılmasını nəzərdə tuturuq. Ünlü alman dramaturqu Frans Ksaver Krets “Wiener Festwochen” festivalında oynanılan “Sifarişlə konsert” əsərinin nümayişindən sonra, haqlı olaraq deyir ki: “Mən çox utandım və xəcalət çəkdim rejissor Heyner Göbbelsin quruluş verdiyi “Ştifterin əşyaları” tamaşasına baxanda. Onun tamaşasında aktyorlar yox idi. Əsərin qəhrəmanı öz-özünə ifa edən beş piano idi. Bu beş pianonun ifası insanlar qədər canlı, təsiredici idi. Hətta vəcdə gələn tamaşaçılar bu beş pianonu alqışlayan məqamlarda pianolar onların qarşısında musiqinin dili ilə təzim edirdilər”. Bax budur “REJİSSOR TEATRI” və əsil teatr sənəti. “Kolxoz sədri” və onun “briqadirlər” zümrəsi nə bilsin əsil teatr sənəti nə deməkdir? Tadeuş Kantor və Pina Bauşun rejissor kimi birgə işi olan “Teatrın ölümü” tamaşası uzun müddət Avropanı lərzəyə gətirdi. Demək olar ki, dünyanı idarə edən İngiltərə, Fransa, Almaniya, Avstriya və digər güclü dövlətlər anladılar ki, “ölən sinif” elə hakim zümrələrin özüdür. Teatr sənətinin sayəsində yenidən kültür fəlsəfəsinin dəyərini anlamağa başladılar. Teatrlara artan maraq məhz bu faktora söykəndi. Elə bunun davamı olaraq, menecer-texnokrat düzəni formalaşdı. Onlar rejissorun, dramaturqun və aktyorun işinə müdaxilə etmədən gözəl sənət əsərlərinin yanında yer aldılar. Ədalət Vəliyev isə uzun illər rejissorların ən adi hüquqlarını belə tanımaq istəmədi. Ona görə də teatrlarımızda “ölüm sükutu” hökm sürürdü. “Kolxoz-sovxoz” çağının sona çatdığının fərqində deyildi.

Ənvər Börüsoy, sənətşünas

Hurriyyet.org

Loading...

QALEREYA