“Məmur olmaq istəyənlərin dil bilikləri yoxlanacaq” - “Dil normalarını pozanları cərimələyəcəyik”

  • 2018-11-19 16:49:33
  • |
  • Ölkə /

“Məmur olmaq istəyənlərin dil bilikləri yoxlanacaq” - “Dil normalarını pozanları cərimələyəcəyik”

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018-ci il tarixli fərmanına əsasən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən Monitorinq Mərkəzi dövlət dilinin tətbiqinə nəzarət edəcək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Nazirlər Kabineti 2 ay müddətində Monitorinq Mərkəzinin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etməlidir.

Bəs Monitorinq Mərkəzi fərmanla həvalə olunan vəzifələri necə həyata keçirəcək, Nizamnamədə bu quruma hansı səlahiyyətlər veriləcək?

Hurriyyet.org xəbər verir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu BakuPost-a açıqlamasında bildirib ki, 40 maddədən ibarət təkliflər planı hazırlanıb: "Bu təkliflər planını Azərbaycan Milli Elmlər Akademiyası hazırlayıb, əsas işlər Nəsimi adına Dilçilik İnstitutu tərəfindən görülüb. Təkliflər planı müzakirələrdən sonra noyabrın axırına qədər Nazirlər Kabinetinə təqdim olunacaq”.

Dövlət Dil Komissiyasının üzvü nəzərə çatdırıb ki, Monitorinq Mərkəzinin əsas məqsədi Azərbaycan dilinin düzgün istifadə qaydalarına hər bir vətəndaşın məsuliyyətlə yanaşmasını tənzimlənməsidir: "Daha doğrusu, televiziya verilişlərində, elektron mətbuatda, reklamlarda ədəbi dil normalarına əməl olunması ilə bağlı materialların toplanması, araşdırılması, sistemləşdirilməsi, təhlilinin aparılması, pozuntuların aradan qaldırılması yollarının müəyyənləşdirilməsidir. Məsələn, biz təklif edirik ki, ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq olunsun. Yəni ədəbi dil normalar pozulanda, bu pozuntuya yol verən qurumlar cərimələnsin”.

M. Nağısoylu deyib ki, digər təklif dövlət qulluğuna işə qəbul zamanı dövlət dilini bilmək səviyyəsinin yoxlanılması ilə əlaqədardır: "Çox güman ki, bunu Dövlət İmtahan Mərkəzi yoxlayacaq. Tutaq ki, dövlət qulluğuna qəbul olmaq istəyənlər inşa yazacaq, sərbəst fikir yürütmək, cümlə qurmaq qabiliyyətləri müəyyənləşdiriləcək. Digər tərəfdən, dillə bağlı monitorinqlərin daimi keçirilməsini təklif edirik. Müzakirələrdən sonra yeni terminlər də Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə təqdim olunmalıdır. Televiziya kanallarında, KİV-lərdə çalışan işçilərin attestasiyanın da məhz Monitorinq Mərkəzi tərəfindən keçirilməsini təklif etmişik. "Nitq mədəniyyəti” dərsliyinin hazırlanması da təkliflərimiz arasındadır. Bu dərslik universitetlərdə keçiriləcək, bu, mütəxəssislərin gələcəkdə nitqlərinə müsbət təsir edəcək”.

Dövlət Dil Komissiyasının üzvü Monitorinq Mərkəzinə ədəbi dil normalarının, dövlət dilinin tətbiqi ilə balı pozuntularla bağlı cərimələr tətbiq etmək səlahiyyəti veriləcək: "Prezidentin fərmanının 7-ci bəndində yazılıb ki, qanunvericilik aktlarında dəyişiklər barədə təkliflər təqdim olunsun. Bu o deməkdir ki, qanunvericilkidə bu cərimələrin tətbiqi nəzərdə tutulacaq. İndiyə qədər qanunvericilkidə belə cərimələr nəzərdə tutulmamışdı. Bu cərimələrlə bağlı da təklilərimiz var. Cərimənin məbləğləri sonra müəyən olunacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz