Məmurların xaricdəki pulları haqda niyə araşdırma aparılmır? - Namizəd Səfərov: “Bizim ölkədə cəmiyyətə qarşı açıq saymamazlıq hökm sürür”

Məmurların xaricdəki pulları haqda niyə araşdırma aparılmır? - Namizəd Səfərov: “Bizim ölkədə cəmiyyətə qarşı açıq saymamazlıq hökm sürür”

“Haqqında məlumat yayılan şəxsin özü də buna reaksiya vermir”

Azərbaycanın pullarının böyük hissəsinin xaricə, xüsusən də Avropaya daşındığı mediada və sosial şəbəkələrdə yayılan məlumatlarda özünü aydın göstərir. Ancaq yüksək çinli məmurlara, nazirlərə məxsus var-dövlət, villalar sənədləri ilə sübut olunsa da, bunlara heç bir reaksiya verilmir, araşdırma aparılmır. Eləcə də yüksək çinli məmur övladının 2,5 milyon manatlıq saatının əlindən alınmasına belə rəsmi reaksiya yoxdur. Sanki bu, belə də olmalıyımış. Əslində, mətbuatda gedən cinayət tərkibli hər bir informasiya araşdırılmalıdır. Görəsən, bu tipli məlumatlar niyə araşdırılmır?

“İstintaq orqanları çağırıb soruşmurlar ki, sən Avropada hansı bizneslə bu sərvəti toplamısan?”

Картинки по запросу Namizəd Səfərov

Mövzu ilə bağlı hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə dedi ki, bu informasiyalara heç bir reaksiya verilməməsi qəribə haldır: “Bu tipli məlumatlar mətbuatda, sosial şəbəkələrdə yayılır, çox qəribədir ki, bizim cəmiyyətin bu hadisələrə münasibəti adekvat olmur. Yəni hər hansı yüksək çinli məmurun, nazirin, dövlətdə yüksək vəzifə tutan bir şəxsin topladığı var-dövlət, villları, apardığı biznes fəaliyyəti barəsində məlumatlar yayılırsa, cəmiyyət buna adekvat reaksiya verməlidir. “Cəmiyyət” deyəndə mən yalnız əhalini nəzərdə tutmuram, həm də istintaq, məhkəmə, dövlət təhlükəsizlik orqanları və prezident bu məlumatlara, hadisələrə adekvat reaksiya verməlidir. Yəni cəmiyyət köklənməlidir ki, gəlin, araşdıraq görək bu məmur, nazir kimdir, haradan bu sərvəti toplayıb ki, bu oyunlardan çıxır, xaricdə özünə villalar alır, xarici banklara valyuta yatırdır. Bunların hamısı aşkar olunub üzə çıxarılır, lakin çox təəssüf ki, bu reaksiya qanuni olmur.

Mən təsəvvür etmirəm ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Avropa ölkələrində cəmiyyətdə hər hansı böyük vəzifə tutan vəzifəli şəxs barəsində belə məlumatlar yayılanda reaksiya olmasın. Həmin şəxs tutduğu vəzifəsindən istefa verməlidir, yaxud onu vəzifəsindən qovmalıdırlar və barəsində istintaq aparılmalıdır. Bəzən bizim cəmiyyətdə çox qəribə hadisələr baş verir. Yəni əgər sosial şəbəkələrdə, mediada bu məlumatlar yayılırsa, bizim cəmiyyətdə haqqında məlumat yayılan şəxsin özü də buna reaksiya vermir. Ən maraqlısı budur, nə “hə”, nə də “yox” deyir. Yəni nə təkzib, nə də təsdiq edir. Əslində, təkzib etməmək o deməkdir ki, yazılan hadisəni təsdiq edir. Yəni durub deyə bilər ki, bunlar yalandır, təsdiq olunmamış materiallardır.

Bizim ölkədə cəmiyyətə qarşı açıq saymamazlıq hökm sürür. Baxın, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu barəsində məlumat daxil oldu ki, onun 1,5 milyon dollara malik saatı oğurlanıb. Bu fakt əslində, mənim üçün gülməlidir. Mən bilirəm ki, Rövnəq Abdullayev və onun ətrafındakı insanlar Azərbaycanın neft gəlirlərindən milyardlarla manat mənimsəyirlər. Əslində, orada 1,5 milyonluq saat əhəmiyyət kəsb etmir. Lakin elə məsələ var ki, yalnız biz bilirik. Əsas fakt odur ki, bu məsələ artıq bütün dünyanın diqqətindədir, amma heç kim reaksiya vermir.1,5 milyon bunların mənimsədiyi məbləğin yanında bir su içimli məbləğdir. Çox qəribədir ki, bu gün fakt ortadadır, lakin istintaq orqanları çağırıb soruşmurlar ki, sən Avropada hansı bizneslə bu sərvəti toplamısan? Rövnəq Abdullayev hər gün televiziyada çıxış edib deyir ki, bizim ölkə müharibə şəraitində yaşayır. Müharibə şəraitində yaşayan bir ölkədə sənin oğlun1,5 milyon dollarlıq saatı haradan və necə alıb? Bu sualı ona verən yoxdur. İstintaq da, prokurorluq da, Dövlət Təhlükəsizlik Xidməti də, prezident də onun kimi, soruşan yoxdur. Cəmiyyətin özündə də elə bir təpər yoxdur ki, soruşa. Mən bilirəm sosial şəbəkələrdə bu məsələlərə reaksiya verənlər var, lakin ümumi cəmiyyətin reaksiyası yoxdur. Bax, bu, təəccüblüdür. Camaat tələb etməlidir ki, ay istintaq orqanları, məhkəmələr, Dövlət Təhlükəsizlik Ximəti, bir araşdırın, Rövnəq Abdullayevdən soruşun, görün bu, nə hoqqadır? Qısası, soruşan yoxdur. Ona görə, onlar da artıq buna öyrəşib, kim nə istəyir, onu edir. Ən yüksək məmurların var-dövlətləri haqqında dəfərlə mətbuatda məlumatlar yayılır, lakin çox təəssüf ki, raksiya verən yoxdur. Cəmiyyət də susqunluqla bunu seyr edir”.

“Mətbuatda ayrı-ayrı şəxslərin cinayətləri barədə məlumatlar gedirsə..”

N.Səfərov xatırlatdı ki, bütün dünyada bir qayda var: yüksək ranqlı məmurlar, parlament üzvləri, dövlətdə yüksək vəzifə tutmuş şəxslər öz gəlirləri, əmlakları barədə deklarasiya verməlidirlər: “Bizim ölkədə də bu qanun norması öz əksini tapır. Lakin digər qanaun normalarına necə hörmətlə yanaşılırsa, bu normalara da eyni hörmətlə yanaşılır. Heç kim, nə deputatlar, nə nazirlər, nə də prezidet və onun ailəsi əmlakları barəsində deklarasiya vermirlər, cəmiyyətə meydan oxuyurlar, qanunlara hörmətsizlik edirlər. Əgər hörmət etsəydilər, bu gün bu biabırçılığın qarşısı kifayət qədər alınardı. O ki qaldı, bu hadiəslərə kim raksiya verməlidir? Əlbəttə ki, ilk növbədə, istintaq və məhkəmə orqanları reaksiya verməlidir. Qanunvericilikdə də göstərilir ki, mətbuatda ayrı-ayrı şəxslərin cinayətləri barədə məlumatlar gedirsə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq buna reaksiya verməlidir. İlkin olaraq həmin məlumatı dərc edən mətbuat orqanı, müxbir çağırılmalıdır ki, saytınızda, orqanınızda belə bir məlumat gedib, bu məlumatları haradan almısınız, bu faktlar nə dərəcədə həqiqətə uyğundur? Sonra isə adı hallanan şəxs çağırılmalıdır, ondan soruşulmalıdır ki, ölkə və Avropa mətbuatında faktlar üzə çıxb, bu, olub, yoxsa olmayıb? Həmin şəxs sual-cavab olunmalıdır, amma bu da edilmir. Təsəvvür edin, Rövnəq Abdullayevi Daxili İşlər Nazirliyinə çağırıb, müstəntiq ondan nəsə soruşur, yaxud digər nazirləri, səhiyyə nazirini, əmək və əhalinin sosial müdafiə nazirini cağırıb var-dövləti, malik olduğu villları barəsində soruşurlar... Bir cağır soruş ki, bu var-dövləti, villaları haradan almısan, onlar da heç olmasa özlərini bir az yığışdırarlar. 26 ildir ki, bu hakimiyyətin dövründə minlərlə bu cür məlumatlar olub, lakin istintaq, məhkəmə, prokurorluq heç biri bu barədə həmin vəzifəli şəxslərdən bir kəlmə də olsun soruşmayıb. Bu, nə deməkdir? O deməkdir ki, bu gün onlara belə bir səlahiyyət verilməyib, daha yüksək səviyyədən o adamların toxunulmazlığı cəmiyyətdə öz əksini tapıb. Onlar bilirlər ki, törətdikləri cinayətə görə məsuliyyət daşımırlar. Heç kim onları çağırıb bunu haradan almısan, gözün üstə qaşın var, deyən olmayacaqdır. Onlar da ayaqları yer alır, cəmiyyətin başına istədikləri əməlləri törədirlər, oğurluq edirlər, milyonlarla, milyardlarla dövlət əmlakını mənimsəyirlər, lakin onlar cavabdehlik daşımadıqlarına əmindirlər”.

“Cəmiyyətin malik olduğu milli sərvətləri talamaqla məşğuldurlar”

“Mən dəfələrlə demişəm ki, bu gün hakimiyyətdə oturanların əksəriyyəti cinayət əməlləri ilə məşğuldurlar. Heç biri istisna deyil. Bir qrup banda şəkilində birləşib. Cəmiyyəti, hakimiyyəti ələ alıblar, heç nədən çəkinmədən istədiklərini edirlər. Cəmiyyətin malik olduğu milli sərvətləri talamaqla məşğuldurlar və buna görə heç bir məsuliyyət daşımırlar. Ona görə, bu gün cəmiyyət də gözləmir ki, baş verən hadisələr barədə kimsə çağırıb onları sorğu-suala tutacaq. Çünki hamısı özləridir, bir banda şəkilində bu ölkəni sökürlər. Biz də cəmiyyət olaraq kənardan durub seyr edirik ki, görək, axırı harada qurtaracaq, Sem baba nə vaxt gələcək? Kiminsə bizi bu oğru, quldurların əlindən xilas edəcəyini gözləyirik. Cəmiyyətin özü bunun qarşını almaq, döyüşmək iqtidarında deyil. Hələlik gözləyirik”, - deyə hüquqşünas təəssüf etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA