“Mən atamın tərs üzüyəm” - KƏRAMƏT BÖYÜKÇÖL

“Mən atamın tərs üzüyəm” - KƏRAMƏT BÖYÜKÇÖL

“Elə adamlar var ki, onlara azadlıq versən də, götürmürlər”

“...bir ana övladı üçün nə edə bilərsə, mən də oğlum üçün onları edirəm”

“Yazılarıma görə məni təhqir edən adamlarla oturub 5-10 dəqiqə söhbət edirəm, boynumu qucaqlayıb deyirlər ki, ay qardaş, sən nə yaxşı adamsanmış”

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/eir_yazmiram_ve_sairlere_ciddi_baxmiram_-_kramt_bykl)

- Həyatınızda elə bir qadın var, yaxud olub?

- Mən sevgini müqəddəsləşdirməyin tərəfdarı deyiləm. Sevgi əbədi deyil. İnsan sevə, sonra isə sevməyə bilər.

- Amma arada övladlar var. Bəlkə siz dediyiniz kimi, sevgi əbədi deyil, amma ailə müqəddəsdir, hər halda əsrər boyu bizə bunu aşılayıblar.

- Avropa ölkələrində uşağın əsl sahibi əslində dövlətdir. Yəni ata-ana ayrıldı, yaxud dünyadan köçdüsə, uşaq sahibsiz qalmır. Çünki o, millətə, dövlətə, yaşadığı cəmiyyətə məxsusdur.

Bizdə isə ata-ana ayrılanda, yaxud dünyasını dəyişəndə əksər vaxt uşaqlar ortalıqda qalır, qapı-qapı gəzməli olur, tərbiyələri, əxlaqları korlanır.

Elə ailələr var ki, az qala yarım əsrdir bir yerdədirlər, əslində isə çoxdan ayrılıblar. Zorla, məcburən, uşağın xatirinə Allahın sənə verdiyi ömrü nədən əzablar içində yaşamalısan? İnsan bu dünyaya bircə dəfə gəlir axı, ikinci şans olmayacaq.

- Amma çox cavan yaşınızda artıq iki dəfə ailəli olmusunuz, heç bir ailənizi də qoruyub saxlamamısınız.

- Mən istəyirdim ki, ailəm olsun, hər şey yaxşı olsun, sadəcə anlaşa bilmədik. Mənim həyat tərzimə, düşüncəmə, təfəkkürümə Azərbaycanda yer tapmaq çox çətin məsələdir.

- Keçmiş həyat yoldaşlarınız da yazıçıdır?

- Xeyr. Markesin “Mənim kədərli xatirələrim” adlı bir povesti var. Həmin povestdə müəllif 83 yaşlı kişinin, yəni özünün 13 yaşlı bir qıza olan sevgisindən yazır. Gözəl, dahiyanə avtobioqrafik bir əsərdir. Təbii ki, o, sözügedən əsəri birbaşa öz adından yazmayıb. Burda belə bir əsər yazsan, qayınların gəlib səni bacılarına xəyanətdə ittiham edib, bıçaqlayar. Yaxud mən hardasa çıxış edirəm, tutaq ki, efirdə bir söz deyirəm, qohumlar narazılıq edir. Axı insan kiminlə ailə qurduğunu, qızını kimə əmanət etdiyini əvvəlcədən bilməli və həmin insanı olduğu kimi qəbul etməlidir.

- Bəlkə siz ümumiyyətlə ailə adamı deyilsiniz?

- Əlbəttə. Əslində ailə adamıyam, sadəcə bu cəmiyyətdə ailə adamı deyiləm. Mən övladlarımı atmamışam, ata da bilmərəm. Onların qayğısına qalıram, diqqət göstərirəm. Vaxtaşırı oğlum mənimlə qalır. 15-20 gün ona həm analıq, həm də atalıq edirəm. Ona laylay deyib yatırdıram, gecə saat üçdə durub ona su verirəm, yedirib-içirirəm, yəni bir ana övladı üçün nə edə bilərsə, mən də oğlum üçün onları edirəm.

Onu da deyim ki, oğlum daha çox mənə bağlıdır. Adətən körpələr analarını daha çox istəyirlər. Mənim 4 yaşlı Barışım isə yuxudan oyanan kimi məni axtarır, “ata!” - dəyə səslənir. Onun leksikonunda ana sözü yoxdur.

Tutaq ki, bir məclisdir, orada çoxlu insan var. Mənimlə anası da ordadır. Barışı həmin məclisə gətirirlər, bir aydır yanımdadır, anasının üzünü görmür, yenə də anasını qoyub mənim yanıma qaçacaq.

- Bu nə ilə əlaqədardır? Anasının soyuqluğudurmu buna səbəb?

- Əsla. Sadəcə Barışla mənim aramda ciddi rabitə var. Biz bir-birimizdən xəbərdarıq. O, ruh, düşüncə, təfəkkür baxımından daha çox mənə çəkib. Azad təbiətli uşaqdır. Misal üçün, çayı içir, ürəyincə olmasa, stəkanı vurur divara. Təbii ki, mən onun stəkanı divara vurub sındırmağının tərəfdarı deyiləm. Amma o, hissini bu şəkildə ifadə edir. Təbii ki, yaşı artdıqca hiss və duyğularını nəyisə vurub dağıtmaqla deyil, etirazını sözlə ifadə edəcək.

- Yəni siz onun azad bir insan kimi davranmağına, böyüməyinə şərait yaradırsınız.

- Əlbəttə. Onun ətrafda baş verən olaylara öz fikri olsa, hər şeyi öz düşüncəsinin süzgəcində süzüb saf-çürük etsə, sevinərəm.

- Bəs qızınız?

- Qızımın da beş yaşı var, adı Jasmindir. Amma qızımla heç bir gün də birlikdə yaşamamışıq. Qızımın anası ilə ayrılanda, o hələ dünyaya gəlməmişdi. Ona görə qızımla oğlum qədər yaxın deyilik. Amma onunla da görüşürəm, onun üçün də bir ata kimi nə lazımsa, edirəm. Mehribanıq, qucaqlaşırıq, məni çox istəyir, mən də onun xətrini istəyirəm. Hiss edirəm ki, qızım gələcəkdə milli-mənəvi dəyərlərə sadiq Azərbaycan qadını olacaq, oğlum isə daha üsyankar təbiətli bir şəxsiyyət kimi tanıdacaq özünü.

Elə adamlar var ki, onlara azadlıq versən də, götürmürlər. Çünki onlara azadlıq lazım deyil. Çünki həmin insanlarda o azadlığa cavab verəcək potensial yoxdur. Nəyinə gərəkdir onun azadlıq? Onun çörəyi, qazancı, dolanışığı mütilikdən çıxır. Azadlığı qəbul etsə, sahib olduqları əldən çıxacaq. Təbii ki, insanın təbiəti, xarakteri də bu məsələdə az rol oynamır. İndi qalstuk ziyalılıqdan daha çox mütilik əlamətidir. Misal üçün, mən qalstuklu adamla görəndə, onun bir-iki hərəkətini, davranışını müşahidə edən kimi təyin edə bilirəm ki, onun boynundakı qalstuk sahibinin ziyalılığındanmı xəbər verir, ya mütiliyinin əlamətidir.

- Atanız, tanınmış şair və publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin sizə olan münasibəti doğrusu, mənə bir az qəribə gəlir...

- Atam yaradıcı adamdır, çox gözəl şairdir. Əslində mən atamın tərsinə çevrilmiş üzüyəm, yəni tərs üzüyəm. Təbii ki, daxilən azad olmağım, yaradıcılıq uğurlarım atamı ürəkdən sevindirir, amma fikirlərimin cəmiyyətdə birmənalı qarşılanmaması onu qorxudur, mənə görə narahat olur, həyəcanlanır.

Özü də bir az klassik kişidir. Pafoslu çıxışlar edir. “Oğlumu tabutuma yaxın qoymayın” və s. Şəxsən mən vəsiyyət edəcəyəm ki, ölümümdən sonra yararlı orqanlarımı həmin orqanlara ehtiyacı olan insanlara köçürsünlər, yararsızları isə aparıb dənizə atsınlar, harasa tullasınlar, yaxud yandırsınlar. Elə indidən vəsiyyət edirəm. Orqanlarımı bağışlayıram ehtiyacı olanlara. Mən bu düşüncədəyəm, atamsa tabutdan danışır.

- Facebook səhifənizdə paylaşdığınız statuslardan belə anladım ki, ananız övladları arasında daha çox sizi istəyir. Ümumiyyətlə, valideynlərdə belə bir xüsusiyyət var, daha zəif, həyatda yerini tapa bilməyən, yaxud fiziki naqisliyi olan övladlarını daha çox sevirlər, onları daha çox himayə edirlər. Çünki bilirlər ki, onların sevgiyə, şəfqətə daha çox ehtiyacları var...

- Doğrudur. Valideynlərimin gözündə mən “xəstəyəm”. Onlar həqiqətən məni digər övladlarından daha çox istəyirlər. Çünki bilirlər ki, mən anlayışlı adamam, hətta ən ağır situasiyada belə qarşımdakı insanı anlamağa çalışıram, lap xəyanətkarı belə başa düşürəm.

- Təbii ki, atanız sizi sevir, amma sizinlə bağlı narazılığını mətbuata çıxarır, ictimailəşdirir. Bu da insanlar tərəfindən birmənalı qarşılanmır...

- Əslində bunu etməklə yanlışa yol verir. Amma onu da başa düşürəm. Atam deyir ki, bala, sənin yaradıcılığın da, yazı-pozun da, romanın da görüm belə-belə olsun, sən mənə övlad kimi lazımsan. Amma mən deyirəm ki, sənin övladlığından artıq müəyyən mənada çıxmış bir adamam. Təbii ki, bioloji atamsan, başqa mənada isə mən artıq sənin oğlun deyiləm. Bizim ata-oğul münasibətlərimiz arxada qalıb. Mən artıq ictimai adamam, cəmiyyətdə az-çox çəkisi olan bir insanam.

Əgər hansısa yazıma görə atamın qan təzyiqi qalxacaqsa, neyniyə bilərəm? Yazıçılığımdan əl çəkim? Təsəvvür edin, yazıçı atasının təzyiqi qalxacaq deyə yazmaqdan qorxur.

- Bəs ananızla münasibətiniz necədir?

- Anam atamdan da ötədir bu məsələdə. O da daim mənə görə narahat olur. Bir müddət əvvəl belə bir status yazmışdım: “Yazılarıma görə məni təhqir edən adamlarla oturub 5-10 dəqiqə söhbət edirəm, boynumu qucaqlayıb deyirlər ki, ay qardaş, sən nə yaxşı adamsanmış”. Görünür Azərbaycan xalqının hər bir nümayəndəsi ilə ayrı-ayrılıqda tanış olmaq lazımdır ki, məni tanısınlar. Bax siz məni tanımırdınız, bu gün görüşdük, oturub söhbət etdik. Necə təsir bağışladım sizə?

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA