“Mən kino adamıyam, kino çəkməliyəm” - TANINMIŞ REJİSSOR

“Mən kino adamıyam, kino çəkməliyəm” - TANINMIŞ REJİSSOR

“Bu gün təkcə incəsənətimiz, mədəniyyətimiz deyil, milli əxlaqımız da məhvə doğru gedir”

“Kinomuzun korifeyləri layiq olduqları diqqəti, qayğını görmürlər”

Etiraf edim ki, bu insan haqda heç nə eşitməmişdim, onun məşhur “Qara volqa” filminə də baxmamışdım, amma əsəri oxumuşdum məktəb illərində. Özü də bir nəfəsə, böyük maraq və həyəcanla oxumuşdum.

Quruluşçu rejissor kimi ilk və yeganə müstəqil işi “Qara volqa” əsəri əsasında çəkdiyi eyniadlı bədii film olan Elşən Məmmədovu sosial şəbəkələrdə paylaşdığı orijinal, bəzən yumoristik, bəzən satirik, bəzən də giley, ağrı dolu statuslarından tanımışam, sənətə və sənətkarlara verdiyi yüksək dəyər, ətrafda baş verən olaylara özəl münasibəti ilə diqqətimi çəkən bu insanın kimliyi ilə maraqlananda öyərənib bildim ki, 1963-cü ildə Goranboy rayonunda anadan olub, o vaxtkı M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. Sənətin sirlərini böyük sənətkarlardan öyrənib.

Amma statuslarından o da aydın oldu ki, bu gün təəssüf ki, işsizdir. Onunla şəxsən görüşüb söhbətləşmək, işsizliyinin səbəbini öyrənmək istədim. Nömrəsini alıb zəng vurdum. Akademiya bağında görüşməyi təklif etdi. Görüşdük. Bağdakı skamyalardan birində oturub söhbət etdik. Bəli, məhz söhbət. Bu quru sual-cavab, müsahibə deyildi, iki insanın səmimi söhbəti, iki dostun dərdləşməsi idi.

Qarşımda qəlbi sənət eşqi ilə alışıb yanan, mübariz ruhlu, amma həyatın yorduğu bir insan əyləşmişdi. Hiss edirdim ki, işsizlik həm bir sənət adamı, həm də iki ekiz övladın atası kimi onu yaman sıxır. Bir yandan, yüksək sənət peşindədir, bədii filmlər çəkmək arzusu ilə yaşayır, digər tərəfdən isə ailəsinin güzəranını təmin etmək üçün çalışıb-çarpışır. Məcbur qalanda reklam xarakterli kiçik çarxlar, süjetlər də çəkməli olur. Çörək pulu qazanmaq məqsədi ilə Bakıda kirayə qalan Elşən müəllim Mingəçevirdə yaşayan ailəsini bir an belə unutmur, özü hər cür mərhumiyyətə dözür, qazancının böyük hissəsini isə onlara yollayır. Amma illərin yorduğu bu insan hər şeyə rəğmən həyat eşqini itirməyib, böyük ümidlərlə yaşayır. Sanıram söhbət boyu özünüz də bunun şahidi olacaqsız.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotxalqin_hyat_sviyysi_he_vaxt_bel_aai_olmayibquot)

- Məni ağrıdan məqamlardan biri də odur ki, bu gün sənət adamlarına münasibətdə bir ədalətsizlik, qeyri-bərabərlik var. Kimlər üçün hər cür şərait yaradılır, fəxri ad da verilir, prezident mükafatına, prezident təqaüdünə də layiq görülür, kimlər isə işsiz qalır, ən məhsuldar illərini boşuna yaşayır.

Çox şükür, kino məktəbi görmüş, kinomuzun korifeyləri sayılan əsl sənət adamları bu gün yaşayır. Düzdü, az qalıblar, amma yaşayırlar. Rasim Balayev, Fəxrəddin Manafov, Həmidə Ömərova, Xalidə Quliyeva, Elxan Qasımov, Ənvər Həsənov-adını sadaladığım bu insanlar bütün həyatlarını kinoya həsr ediblər.

Amma çox təəsüf ki, bu gün layiq olduqları diqqəti, qayğını görmürlər, depressiyaya düşürlər işsizlikdən, biganə münasibətdən, məcbur olub bayağı teleseriallara çəkilirlər.

Ənvər Həsənov kimi bir sənətkar hələ də əməkdar aktyordur, amma şoumen Murad Dadaşov xalq artistidir. Ədalətsizlik deyilmi bu?

Maraqlıdır ki, Murad Dadaşov hansı xidmətlərinə görə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb? Axı o teatrdan, kinodan uzaq bir adamdır. Biz onu “Şən və Hazırcavablar Klubu”nun üzvü kimi tanımışıq, indi isə şoumen kimi populyardır. Şoumen üçün Xalq Artisti çox yüksək titul deyilmi?! Səhnədə, kinoda can qoyan mərhum sənətkarlarımız Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Əbluç Əməkdar artist kimi köçdülər bu dünyadan. Fazil Salayev, Bahadur Əliyev kimi böyük sənətkarlar fəxri ad almadılar, amma bu gün hər yerindən duran fəxri ad sahibidir. Məncə, incəsənətimizin bu gün belə acınacaqlı duruma düşməsinin əsas səbəblərindən biri də elə budur.

“Fəxri adların ləğvinin əleyhinəyəm”

- Ümumiyyətlə, sizin fəxri adlara münasibətinizi bilmək maraqlı olardı. Şəxsən mən belə düşünürəm ki, Sovetlər dönəmindən qalma bu gərəksiz ənənəyə son qoyulmalıdır.Hətta Soveetlər dönəmində belə fəxri adlarla bağlı çoxlu haqsızlıqlar olurdu, bu gün isə vəziyyət daha ciddidir. Layiq olmadığı dəyəri alan kəs, xüsusilə də şöhrətpərəstliiyə meyilli  sənət adamı daxili məninin əsirinə çevrilir və beləliklə də məhv olur. Məgər sənəti, sənətkarı dəyərləndirməyin başqa yolu yoxdur? Dünyada tanınan sənətkarların heç birinin fəxri adı yoxdur, amma bu onlara bir peşəkar kimi püxtələşməyə, özləri üçün layiqli gün-güzaran qurmağa mane olmur. Bizdə isə prezident mükafatı, prezident təqaüdü alanların sırasına daxil olmaq şansı qazanmaq üçün hər bir sənət adamı fəxri ad almağa can atır. Fəxri ada layiq görülməyənlər depressiyaya düşür, sənətdən, hətta həyatdan belə əlləri soyuyur, fəxri ad alanlar isə arxayınlaşır və öz üzərlərində işləmək həvəsləri ölür. Hər iki halda uduzan isə sənət olur.

- Mən düşünürəm ki, insan öz əməyinə görə qiymətini almalıdır. Razıyam sizinlə, bu ənnənə Sovetlər dönəmindən qalmadır. Amma düşünürəm ki, bu gün fəxri ad bölgüsü ədalətlə aparılsa, çox gözəl olar.Amma təəsüf ki, əksər hallarda bunun tam əksini görürük. Ədalətsizliklə qarşılaşan sənət adamları isə qeyd etdiyiniz kimi, yaşayıb yaratmaq həvəsini itirir.

Aktyor və rejissor, məşhur “Əhməd haradadır?” filmindən hamının şofer Əhməd kimi tanıyıb sevdiyi Elxan Qasımov 1963-cü ildən kinodadır. Kinomuzun ağsaqqalı, keçmiş kinomuzun, mərhum sənətkarlarımızın azsaylı yadigarlarındandır. Əsl sənətkar, koloritli, səmimi insan Elxan Qasımovun filmləri öz milliliyi ilə seçilir. Amma çox təəssüf ki, bu cür sənətkar diqqətdən kənarda qalıb.

Amma bütün haqsızlıqlara rəğmən, mən fəxri adların ləğvinin əleyhinəyəm. Çünki bu addım mərhum sənətkarlarımızın ruhuna hörmətsizlik olar. Birdə ki, bu gün fəxri ad almağa layiq olan sənət adamlarımız var, onlar mütləq öz haqlarını almalıdırlar.

“Bu gün biz uçurumun kənarındayıq”

Ürək ağrısı ilə qeyd edirəm ki, bu gün təkcə incəsənətimiz, mədəniyyətimiz deyil, milli əxlaqımız da məhvə doğru gedir. Bu gün biz uçurumun kənarındayıq. Gənclərimizin böyük əksəriyyəti problemlər içərisindədirlər. Savadsızlıq, cəhalət ayaq tutub yeriyir. Artıq dediyim kimi, bu gənclərimizin milli şüurunu məhv etməyə, onları manqurtlaşdırmağa hesablanan bir siyasətdir.

Bu günkü verilişlər, teleseriallar, komediya adı ilə xalqa sırıdıqları bayağı filmlər kiçikdən böyüyə hər kəsin əxlaqını pozur.

- Tamamilə doğrudur. Televiziya kanallarımızda əsl özbaşınalıq hökm sürür. Sanki evlərini, mətbəxlərini efirə çıxarırlar. Övladları ilə birgə mənasız şoular göstərirlər, yerdə sürünürlər, bir-birinin belinə çıxırlar, nalayiq hərəkətlərdən, əxlaqsız ifadələrdən çəkinmirlər, oriental rəqqasələr, fırıldaqçı ekstrasenslər, daha bilmirəm kimlər sözün hərfi mənasında efirləri zəbt edib. Nədənsə dublyaj olunmuş xarici filmlərdə ən adi sevgi səhnələrini kəsib götürən Milli Tele-radio Şurası bu cür biabırçılığa göz yumur.

- Sizinlə tamamilə razıyam. Aktyorlara gəldikdə isə, deyim ki,  onları qınamıram, xüsusilə də teatr aktyorlarını. Çünki aldıqları maaş heç nəyə çatmır. O üzdən məcbur olub bayağı seriallara, reklamlara çəkilirlər, bununla da həm özlərinə olan hörməti, həm də tamaşaçının onıara olan hörmətini itirmiş olurlar. Dərd ondadır ki, çox vaxt heç bayağı seriallara da dəvət olunmur peşəkar aktyorlar. Qeyri-peşəkarlar efirə çıxmaq xatirinə müftə çəkilməyə razı olduqlarından, aktyorlar bir tikə çörək pullarından da məhrum olur.

- Bu gün bütün cəmiyyətdə olduğu kimi, aktyorlar arasında da ciddi təbəqələşmə gedir. Kimisi çörək puluna möhtacdır, kimisi də dəbdəbəli həyat sürür, buna layiq olmadığı halda....

- Regionlarda elə aktyorlarımız var ki, istedad baxımından paytaxt teatrlarının əksər aktyorlarından qat-qat üstündürlər, amma çox cüzi maaşa işləməli olurlar, heç bir filmə dəvət almırlar, tanınmırlar.

Təbii ki, ilk növbədə normal maaşı olmalıdır bütün vətəndaşların, bununla bərabər, prezident mükafatları, prezident təqaüdləri veriləndə bu insanlar da yada düşməlidir.

Mərhum prezidentimiz Heydər Əliyev prezident mükafatını teatr aktyorlarının maddi vəziyyətini yaxşılaşdırmaq üçün təsis etmişdi. Bu mükafat növbə ilə bütün istedadlı aktyorlara verilməli idi. Amma hazırda vəziyyət başqadır. Eyni adam illərlə prezident mükafatı alır. Bu düzgün deyil.

Bu gün ölkəmizdə idmana xüsusi diqqət ayrılır. Amma Azərbaycanı dünyaya tanıtmaq üçün təkcə idman azdır axı. Elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə-ümumiyyətlə bütün sahələr diqqətə, qayğıya möhtacdır.

“Kino çəkən qurumlar peşəkarlarla işləmək istəmirlər”

- Elşən müəllim, bildiyimiz kimi, siz bədii filmlərlə yanaşı, sənədli filmlər üzərində də işləmisiniz. Bu gün sənədli filmlər istehsal edən bir sıra  qurumlar var ölkəmizdə. Həmin qurumlar tərəfindən sizə əməkdaşlıq təklifi edilibmi nə vaxtsa?

- Xeyr, edilməyib. Düzdür, bir-iki seriala dəvət almışam vaxtı ilə, amma müxtəlif səbəblərdən iş birliyimiz baş tutmayıb. Bu gün adını çəkdiyiniz qurumlar peşəkarlarla işləmək istəmirlər.Özləri naşı olduqlarından naşı insanlarla işləmək onlar üçün daha rahatdır.

- Siz telekanallarla da əməkdaşlıq etmisiniz.

- Doğrudur.Hardasa 7 ilə yaxın indiki ARB kanalının Yevlax filialında “Sənədli Fimlər “ şöbəsinə rəhbərlik etmişəm. Orada 100-ə yaxın sənədli film çəkmişəm, həmin filmlərdən bir neçəsi ölkəmizdə keçirilən müxtəlif film festivallarının qalibi olub. Amma son 6-7 ildir, demək olar ki, işsizəm.

- İşsiz qalmağınıza səbəb nədir?

- Məni ixtisara saldılar.

- Kinostudiyada da ixtisara salınmışdınız?

- Xeyr. Orada əksər ştatlar ləğv olundu. Bizə bildirildi ki, kinostudiya Hollivud rejiminə keçirilir, iş olanda bizi dəvət edəcəklər, bizimlə müqavilə bağlayacaqlar,filmlər çəkəcəyik. Hələ də gözləyirik (red. gülür).

Ümumiyyətlə, bu gün çox qəribə işlər baş verir. Kino pejissoru tamaşa hazırlayır, teatr rejissoru film çəkir. Aktyorların nitqi, xarici görünüşü, istedadı, peşəkarlığı önəm daşımır. Bir sözlə, ara qarışıb, məzhəb itib...

“Yeməkdənsə, ümid yaxşıdır...”

- Bu yaxınlarda sizi Mədəniyyət Nazirliyinə dəvət etmişdlər.Bu görüş nə ilə nəticələndi?

- Ora nazir müavini Ədalət Vəliyevin dəvəti ilə getmişdim. Ona bildirdim ki, mən boş dayanmamalıyam, işləməliyəm ki, yaşayım. Məni səbirlə dinlədi. Kinonun bu günkü durumundan xəbərdar olduğunu söylədi. Onunla fikirlərimiz müəyyən məqamlarda üst-üstə düşdü. Mənə söz verdi ki, nazirliyin dövlətə təqdim etdiyi kino ilə bağlı layihəsi qəbul olunarsa, mən də film çəkəcəyəm. Bir sözlə, yeməkdənsə, ümid yaxşıdır...

Bu məsələdə mən təkcə nazirliyi də qınamıram. Çünki nazirliyə ayrılan pul çox azdır. Sadəcə nazirlik hökumətdən mədəniyyətə, incəsənətə daha çox maddi vəsait ayırmağı tələb etməlidir.

- Bəs işsiz qaldığınız bu illər ərzində ailənizi necə dolandırırsınız?

- Çox şükür, xanımım işləyir, tibb işçisidir. Onu da deyim ki, 2002-ci ildə Bakıdan Mingəçevirə köçmüşəm, orada ailə qurmuşam, hazırda ailəm orada yaşayır. Özüm isə işimlə əlaqədar çox zaman Bakıda oluram, burada kirayə qalıram.

““Mister Hacı ağa” adlı komediya filmi çəkmək üçün sponsor axtarışındayam”

- Bəs Mingəçevirdə sizin üçün iş yeri yoxdur?

- Bir müddət Mingəçevir Dövlət Dram Teatrında işlədim. Baş rejissorun səlahiyyətlərini yerinə yetirirdim. Amma aldığım maaş məni qane etmədiyindən teatrı tərk etməli oldum. Həm də mən kino adamıyam, kino çəkməliyəm. Odur ki, durmadan iş axtarıram, müxtəlif instansiyalara müraciət edirəm, hərdən kiçik sifarişlər olur. Nə vaxtdır yazıçı Fərman Kərimzadənin yadigarı yazıçı Yeganə Kərimzadə mənə bir ssenari təqdim edib,həmin ssenari əsasında “Mister Hacı ağa” adlı komediya filmi çəkmək üçün sponsor axtarışındayam. Filmi Şəkidə çəkmək istəyirəm, Şəki teatrının aktyorlarını dəvət etmək fikrindəyəm. Bir nəfər bizə kömək etməyə söz verib, aramızda danışıqlar gedir, ortaq məxrəcə gəlsək, filmi çəkəcəyik.

“Komediya janrını seçərdim”

- Bəs sabah Mədəniyyət Nazirliyindən sizə film təklifi gəlsə, hansı mövzunu seçərsiniz?

- Yenə də komediya janrını seçərəm. Təbii ki, düşündürücü komediyadan söhbət gedir. Hələ ki, müharibə bitməyib, ölkədə iqtisadi problemlər yaşanır, odu ki, Qarabağ mövzusunda, dramatik janrda filmlər çəkmək  tezdi. Nikbin ruhlu filmlərə daha çox ehtiyacı var bu günkü Azərbaycan vətəndaşlarının.

Hər şeyə rəğmən, inanıram ki, ən tez zamanda ölkədə vəziyyət düzələcək, xalqımızın güzəranı yaxşılaşacaq, milli kinomuz yaşayacaq.

- Mən də buna inanmaq istəyirəm. Sizə uğurlar diləyirəm. Və yeni filmlərinizə tamaşa etmək ümidi ilə sizdən ayrılıram. Sağ olun.

- Təşəkkür edirəm. Siz də sağ olun.

R.Rzayeva, Hurriyyet.org

Loading...

QALEREYA