“Mirşahinin yerinə çox utandım” - ÜZEYİR CƏFƏROV

“Mirşahinin yerinə çox utandım” - ÜZEYİR CƏFƏROV

“Ermənilər bundan bizim öz əleyhimzə gen-bol istifadə edəcəklər”

“Çox təəssüflər olsun ki, onun kimi müharibədə olmuş bir şəxs, təcrübəli bir jurnalist belə bir məsələnin üstündə dayandı”

Aprel döyüşlərində satqınların istisna olmadığını açıqlayan müdafiə nazirindən sonra Real TV-nin rəhbəri Mirşhahin Ağayev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbçilərlə bağlı sensasion fikirlər səsləndirdi. Maraqlıdır ki, döyüşdən əvvəl orduda satqınlar üzə çıxmışdısa, niyə aprel döyüşlərində kiçik bir ərazi üçün yüzə yaxın şəhidimiz oldu, yoxsa bu satqınlar döyüşdən sonra üzə çıxıb? “Hürriyyət”in bu və digər suallarını hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov cavablandırdı:

- Dünən mən də müdafiə nazirinin Azərbaycan televiziyasında müsahibəsinə baxmışam. O məsələ ilə bağlı açıqlamanı yalnız Müdafiə Nazirliyi verə bilər. Müdafiə Nazirliyi nazir tərəfindən səsləndirilən fikirə aydınlıq gətirə bilər. Mən də sizin kimi ictimaiyyət nümayəndəsiyəm. Mən də çox istərdim ki, bu məsələ bir qədər açıqlansın. Siz mənim fikrimi bilmək istəyirsinizsə, bunun o qədər də geniş yayılmasının tərəfdarı deyiləm. Mən çox təəssüflənirəm ki, bizim bir neçə kanal bu məqsədlə bir qədər etik normaları həddindən artıq pozdu. Yəni Azərbaycan zabiti ilə bağlı xoşagəlməyən bəzi fikirlər səsləndirdirlər. Mən bunu əsla istəməzdim.

Amma artıq olan olub. Lakin biz ordumuzun əsgəri, zabiti ilə bağlı son dərəcə diqqətli olmalıyıq. Bu fikri mən ona görə səsləndirirəm ki, dünyanın ən böyük Amerika ordusunda və yaxud başqa ölkələrin ordularında elə biabırçılıqlar olur ki, onlar bu məsələlərdə maksimum ordunun nüfuzuna xələ gəlməməsinə çalışırlar. Satqın, yaxud başqa yolun yolçusu ifşa olununsa, bu, çox gözəl, bu lazımıydı. Amma biz dünyanın ən böyük 50 ordusundan birinə malikiksə, biz çalışmalıyıq ordunu nüfuzunu qorumaq üçün son dərəcə ehtiyatlı olaq. O məsələ ilə bağlı mən heç bir şərh verə bilmərəm. Ona görə ki, bu, sırf müdafiə nazirinin səsləndirdyi fikirlərdir. Amma mən də onun tərəfdarıyam ki, apreldə baş vermiş hadisələrlə bağlı hər şey incələnməlidir. İcimaiyyətə açıqlanması mümkün olan məsələlər açıqlanmalıdır. Açıqlanması mümkün olmayan məsələlər isə daxildə müzakirə olunmalıdır. Mənim yeganə deyə biləcəyim məsələ odur ki, itkilərin bir hissəsinin olmasının səbəbi çox təəssüflər olsun ki, bizim döyüşə gedən zabit və xüsusi təyinatlılarımızın üzərində apardıqları mobil cihaz idi, onunla ruslar ermənilərlə bir yerdə onların olduğu yeri təsbit etmişdilər. Bilirsiniz ki, aprel hadisələri ilə bağlı hər bir cürə söz deyir. Şəhid ailələri deyir ki, mənə zəng elədi ki, hər şey qaydasındadır. Biz Dilqəm, Şahbaz və rəhmətlik Həsənlə bağlı məsələdən sonra nəticə çıxarmadıq. Bilirsiniz ki, Kəlbəcər ərazisində onları düşmən yalnız mobil cihazlara görə aşkarladı və birini qətlə yetirdilər, ikisini isə girov saxladılar. Aprel hadisələrində də məni razı salmayan bizim döyüşlərdə iştirak edən hərbi qulluqçularımızın üzərində mobil rabitə çihazlarının olması idi. Çünki bununla da ruslar ermənilərlə bir yerdə çox asan şəkildə onların yerini təsbit etdilər. Sonra həmin ərazilərə artileriyadan atəş açıldı və açıq sahələrdə əsgərlərimizin meyiti qaldı. Yəni erməni bizim əsgərlə üz-üzə gəlməyib. Yalnız erməninin artileriyadan, minomyotlardan və tanklardan açdığı xain atəşi nəticəsində biz igid oğullarımızı itirmişik.

- Müdaifə naziri “satqınlar istisna olunmaqla bütün şəxsi heyət 2016-cı ilin aprelində tərəddüd etmədən döyüşə atılıb”,- deyir. Müdafiə naziri o döyüşə qatılmayan satqınları bildiyi halda, maraqlıdır ki, onlar haqqında ölçü götürüldümü? Amma bu barədə ictimaiyyətə heç bir açıqlama verilmədi.

- Mən yenə deyirəm, müdafiə nazirinin çıxışı ilə bağlı incələmələrə Müdafiə Nazirliyinin özü cavab verməlidir. Çox istərdim ki, hörmətli Vaqif Dərgahlı və yaxud digərləri bu məsələ ilə bağlı ictimaiyyətə açıqlanması nə mümkündürsə, açıqlasın. İstənilən halda, bizm söylədiklərimiz fərziyyədir. Mən də şəxsən o faktlar yoxdur ki, kimsə döyüşə girməkdən imtina etdib. Elə bir şey olsa, onlar vətənə xəyanət maddəsi ilə məhkəmə qarşısına çıxarılardı. Mən elə bir məlumat eşitməmişəm. Məhkəməsi gedənlər var idi, hansı ki, guya, erməni ilə əlaqəsi var, yəqin müdafiə naziri açıqladığı fikirdə o adamları nəzərdə tuturdu. Başqa ağlıma gələsi bir məlumat yoxdur.

- Bəs, aprel döyüşlərində orduda satqınlar üzə çıxarılmışdısa, sonradan Tərtərdə baş verən “casus qalmaqalı” nə idi? Belə çıxır ki, bu gün da orduda vətənə xəyanət edənlər ola bilər.

- Azərbaycan Silahlı Qüvvələri çox ciddi nəzarət altındadır. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat İdarəsi var. Hərbi Əks Kəşfiyyat İdarəsi bütün məsələlərə ciddi nəzarət edir. Yəni buna heç kimin narahatçılığı və şübhəsi olmasın. Siz məsələni iki yerə, yəni həm nazirin dediyi, həm də Tərtərdə baş verənlərə ayırırısınız, amma o bir epizoddur. Müdafiə nazirinin söylədiyi “satqın”, “xəyanət edən” ifadəsi o şəxslərə aiddir, hansılar ki, Müdafiə Nazirliyi tərəfindən aşkara çıxarıldı və sonra da onlar məsuliyyətə cəlb olundu.

- Yeri gəlmişkən, 2017-ci Tərtərdə baş verən hadisələrdən neçə nəfər hərbçi vətənə xəyanətdə ittiham olundu. Onların taleyi necə oldu? Bu barədə də ictimiayyətə heç bir məlumat verilmədi.

- Sosial şəbəkələrdə bu haqda geniş məlumatlar verildi. Onların məhkəməsi ilə bağlı valideynləri özləri həyacan təbilini çaldılar. Mənim o insanlara yeganə deyə biləcəyim odur ki, nə olur-olsun, hər şey bağışlanandır, amma xəyanət bağışlanılan deyil. Əgər həqiqətən də subut olunubsa, onlar xəyanət ediblər, onlara heç bir halda güzəşt oluna bilməz. Əgər öz döyüş yoldaşını erməniyə satan, yaxud ölkənin təhlükəsizliyinə xələl gətirən adam varsa, o adamlar mənim gözümdə öz anasını, bacısını bilərəkdən erməniyə təklif etmiş bir adamlardır. Ona görə, mən yenə o fikirdə qalıram ki, biz belə məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq. Kim xəyanətkardır, kim isə kimin təsiri altına düşür, müəyyən ağılsızlıqlar edir, bunlar ayrı-ayrı məqamlardır.

- Əslində, başqa xainlərə də görk olması üçün onlara xalq qarşısında cəza verilməsi daha doğru deyildimi?

- Bu, elə məsələdir ki, bunun mənəvi tərəfləri də var. Dediyim kimi, belə şeylərdə son dərəcə diqqətli, ehtiyalı olmalıyıq. Çünki kiminsə adını rəsmən xəyanətkar elan edirlərsə, bunun ailəsi, uşağı var. Atanın, ananın, qardaşın, bacının nə günahı var ki, bunun doğması kiminsə təsiri altına düşüb, gedib hansısa artıq hərəkətlər edib. Mən də ittiham etməyin tərəfdarıyam. Amma gəlin, ədalətli mövqe tutaq. Allah uzaq etsin, mənim ailə üzvlərimin nə günahı var ki hansısa bir hərəkətimə görə ailəm və yaxud ailə üzvlərim əziyyət çəksin? Bu, keçmiş illərdə özünü göstərmişdi, övladı ataya, atanı da övlada görə cəzalandırırdılar. Halbuki, hərə öz hərəkətinə görə məsuliyyət daşıyır. Nəzərə alsaq ki, hərbi xidmətdə olanlar 18 yaşdan yuxarıdır. Əgər bu, həqiqi hərbi xidmətə çağırılmış bir əsgərdirsə, bunun bir məsuliyyəti var, zabitdirsə, bunu ikiqat məsuliyyəti var. İkiqat məsuliyyət ondan ibarətdir ki, bu şəxs tək deyil, həm də vətən buna əsgər həvalə edib, əsgərə görə o, məsuliyyət daşıyır. Ona görə, mən hesab edirəm ki, bu məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır.

O ki qaldı ictimaiyyətə təqdim etmək, əgər onun əməlləri təkzibolunmaz şəkildə sübuta yetirilirsə, icitmaiyyətə açıqlanması mümkün olan qədər o məlumatlar açıqlanmalıdır. Amma kiminsə qələtinə, ağılsızlığına görə bütövlükdə ailəni, nəsli zərbə altına qoymaq da insanlığa yaraşmayandır. O ailəni də başa düşmək lazımdır. Onlar harasa köçüb gedən deyillər, azərbaycanlıdırlar, Azərbaycanda yaşamalıdırlar. O adamın o addımı atmasının nə ilə bağlı olmasını biz deyə bilmərik. Ona görə də mənim şəxsən ittiham etməyə haqqım yoxdur. Əslində, mənim vaxtilə müharibədə iştirak etmiş adam kimi haqqım var, məni erməni kimi bir yaramaza satan adama heç bir halda güzəşt olmamalıdır və ola da bilməz. Amma istənilən halda, biz elə məsələlərdə ədalətli mövqe tutmalıyıq ki, kimsə günahsız yerə nədəsə zərər görməsin. Əgər özünün hərəkəti sübut olunarsa, ona da heç bir halda güzəşt yoxdur. Amma biz belə məsələlərdə son dərəcədə ehtiyatlı olmalıyıq.

-Xatırlıyırsınıza, Tərtərdə baş verən hadisələr vaxtı deputat Qüdrət Həsənquliyev demişdi ki, azərbaycanlıların Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalıdır, Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır. Çünki Azərbaycana xəyanət etmiş şəxslərin Rusiyadan maliyyələşdiyi məlum olub. Bildiyimiz kimi, Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş Azərbaycan ordusunda kifayət qədər zabit var. Sizcə, bu hadisələrdən sonra bu açıqlamaya diqqət yetirilib, orduda araşdırma aparıldımı?

- Əvvəla, gəlin, Rusiya ilə SSRİ-ni ayıraq. Yəni SSRİ dağılandan sonra Azərbaycan Silahlı Qüvvələri müstəqil şəkildə fəaliyyət göstərməyə başladı. Bizim bəzi deputatlarımız hərdən ümumi fikirlər səsləndirirlər. Yəni əlində fakt varsa, denən filan adam Rusiyada təhsil alıb, mənim ona şübhəm var. Ümumi mən çox şey deyə bilərəm. Qüdrət bəy də fikri səsləndirir, amma bütövlükdə orduya kölgə salmaq olmaz. Biz SSRİ dağılandan sonra çox cüzi sayda Rusiyada bizim zabitlər təhsil alır. Türkiyədə, Pakistanda təhsil alanlar var. Bizim öz ali hərbi məktəblərimiz, yəni Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Həri Dənizçilik Məktəbi, Hərbi Təyyarəçilər Məktəbi var. Orduda zabitlərin 90 faizdən çoxu bizim milli kadrlardır. 3-5 nəfər orduda ab-havanı poza bilməz. Mən bilirəm Qüdrət Həsənquliyev kimləri və nələri nəzərdə tutub. Qüdrət Həsənquliyev millət vəkilidir, özündə bir qədər cürət toplamalı hər şeyi adı ilə deməlidir, deyə bilmirsə, bu məsələni dilə gətirməsə, daha yaxşı olar.

- Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbçilərlə bağlı Real TV-də sensasion fikirlər səsləndirilib. Mirşahinin açıqlamasına görə, Azərbaycan Ordusunda xidmət göstərən bölük komandiri Süleyman Kazımov tabor komandiri polkovnik-leytenant Ağayev Elçin tərəfindən düşmənə təhvil verilib. Həmin vaxt ermənilər Azərbaycan hərbçisini cinsi təcavüzə məruz qoyub. Daha sonra zorlama səhnəsini telefona çəkərək onu şantaj etməyə başlayıblar. Bu şantajlardan sonra Süleyman Kazımov Azərbaycan ordusunun hərbi sirrlərini düşmənə verməyə məcbur olub…

- Mən bilmirəm, Mirşahin nəyə əsasən bunu dedi. Mən şəxsən Mirşahinin yerinə çox utandım. Elə bir faktı adı-familyası ilə REAL TV-dən ictimailəşdirməyi Mirşahinə yaraşdırmadım. Çox təəssüflənirəm ki, son vaxtlar belə bəzi addımlar atılır. O addımlar da ümumi işin xeyrinə deyil. Xəyanətkara heç bir bəraət yoxdur, ola da bilməz, amma gəlin, ədalətli olaq. İnsanın adı, familyası çəkilir, onun ailəsi, uşağı, doğmaları var. Bir qədər elə şeydə diqqətli olmaq lazımdır. Bir nəfər xəyanətkar bütün ordu demək deyil. Bir nəfərin hərəkəti bütün orduya şamil oluna bilməz. Üzr istəyirəm, Amerika ordusunda mavilər var. Bizim bədnam qonşularımızda video görüntülər var ki, zabitləri əsgərlərin başına ən iyrənc formada oyun açırlar. Mən başa düşürəm, bu düşmən ordusudur. Biz deyirik ordumuz belədir, elədir, Qarabağla bağlı belə addımlar atacağıq, eyni zamanda Qarabağla bağlı belə şeyləri biz ictimailəşdirəndə inanın ki, kənardan o qədər də yaxşı görünmür. Mən şəxsən Mirşahindən gözləməzdim, açıqladı, bunun davamı gələcək. Hər halda, cəmiyyətdən buna bir təpki olacaq. 3-5 nəfərlə orduya xələl gətirmək olmaz. Ordudakılar da cəmiyyətin bir hissəsidr. Yəni biz cəmiyyətdə nə görürük? Oğru, bandit, təbiyəsiz var. Ordu da bir qədər sərt rejimdir. Amma bütövlükdə bütün ordu ilə bağlı bir fakt sadalayıram deyə bir şey olmamalıdır. Mən çox təəssüflənirəm bizim bəzi dostlarımız bəzən sui-istifadə edirlər. Belə sui-istifadə qətiyyət yolverilən deyil.

- Dediklərinizdən belə çıxdı ki, bu faktı açıqlaması Mirşahinin maraqlarına xidmət edir.

- Çox təəssüflər olsun ki, onun kimi müharibədə olmuş bir şəxs, təcrübəli bir jurnalist belə bir məsələnin üstündə dayandı. Mən onun video görüntüsünə baxdım. Mən şəxsən ona yaraşdırmadım. O, razılaşa da, razılaşmaya da bilər. Ən azından Azərbaycan ordusunun nüfuzu baxımından məsələ o şəkidə təqdim olunmamalıydı. Hər halda, “ox yayından çıxıb”, olmamalıydı, oldu. Ammü bütövlükdə Azərbaycan ordusu elə faktlardan ibarət deyil. Azərbaycan ordusu tamam fərqli bir durumdadır. Azərbaycan ordusunda bizim balalarımız, doğmalarımız, dostlamızın balaları, vətənə bağlı insanlar xidmət edir. Yəni belə faktları televiziya ilə milyonlarla insanlara çatdırmaq doğru deyil. Baxın, sabah yaramaz ermənilər bundan necə istifadə edəcək. Tam səmimi deyirəm ki, ermənilər bundan bizim öz əleyhimzə gen-bol istifadə edəcəklər.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA