“Mən necə sevim bu vətəni?” - KƏRAMƏT BÖYÜKÇÖL

“Mən necə sevim bu vətəni?” - KƏRAMƏT BÖYÜKÇÖL

Kəramət Böyükçöl: “Vətən onda vətən olur ki, sən orada insan olduğunu hiss edirsən”

“Əzab-əziyyətlə, borc-xərclə uşaq böyüdürsən, 18 yaşına çatanda isə məlum olur ki, vətənə borcu var imiş...”

“Kiminsə diqtəsi, yaxud hansısa təbliğatın nəticəsində yaranan sevgi həqiqi sevgi deyil”

“Bizə uşaqlıqdan öyrədirlər ki, bayraq müqəddəsdir. Bayraq insandan müqəddəsdirmi, insandan dəyərlidirmi? Dünyada ən dəyərli varlıq insandır, hər şey insan üçündür”

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/sevmek_daha_cox_cahilliyin_elametidir_-_kramt_bykl)

- Sizcə, nədən ibarətdir bizim mədəniyyət anlayışımız?

-Bizdə elə düşünürlər ki, əgər insan oturuşunu-duruşunu, danışığını bilirsə, böyük gələndə ayağa qalxırsa, demək əxlaqlıdır. Əxlaq budurmu?

Yaxud deyirlər ki, uşaq ailədə tərbiyə alır. Tərbiyə nədir? Bax mən uşaq böyüdürəm. Ona necə tərbiyə verim? Nə deyim ona? Nə etməli olduğumu bilmirəm axı. Mən ona yalnız: “Oğlum kitab oxu, kitab oxusan, öz yolunu tapacaqsan”,- deyə bilərəm. Tutaq ki, oğluma yemək yeməyi, çəngəl-bıçaqla düzgün davranmağı öyrədirəm, bəyəm bu tərbiyədi, bu tərbiyə deyil axı.

Misal üçün, mənim bir qardaşım var. Səhər saaqt 9-un yarısı gedir işinə, axşam saat 6-da işdən çıxıb birbaş evə gəlir. Bir sözlə atamla anamın arzularına uyğun, tipik bir azərbaycanlı oğuldur. Qanacaqlı, qabiliyyətli, mərifətli, həmişə üzü qırxılı, səliqə-səhmanlı, çırtma ilə şalvarının tozunu təmizləyən bir oğlandır.

Amma məndən bütün bunları tələb etmək olmaz. Bir yazıçı kimi mənim həyatla problemlərim olmalıdır. Çünki qələm sahibinin istedadı məhz həyatla problemlərində üzə çıxır.

Yazıçı qeyri-ixtiyari olaraq öz üzərində məsuliyyət hiss edir. Bu məsuliyyət adi məişət adamlarının məsuliyyətindən çox fərqlənir. Elə yazıçılarımız var ki, cəmiyyətdən qorxur, kütlənin fikri ilə hesablaşır, milli-mənəvi dəyərlərimizə sadiq qalır və s.

İndi gəlin “Azərbaycan xalqının milli-mənəvi dəyərləri nədir” sualına cavab verməyə çalışaq. Şəxsən mənim üçün milli-mənəvi dəyər anlayışı ümumiyyətlə yoxdur. Bu həyatda heç nə müqəddəs deyil. Misal üçün, dünən efirdə bir şairə ana südünün müqəddəsliyinə həsr etdiyi şeirini oxuyur. Öz-özümə sual verdim ki, ana südü nədir? İndi ana südünü əvəz edən çeşid-çeşid körpə qidası var. Gəlin, bir uşağı əczəxanalarda satılan uşaq qidaları, digərini isə ana südü ilə bəsləyib böyüdək. Görək bu iki uşağın bir-birindən nə fərqi olacaq. Əgər ana südü içməyən uşağı düzgün yönləndirsən, ona yaxşı təhsil versən, o ana südü ilə bəslənən uşaqdan min qat daha dəyərli, cəmiyyət üçün daha gərəkli bir insan olacaq. Elə isə nə üçün işimizi-gücümüzü atıb ana südünə şeir yazmalıyıq?

- Bəs siz nə haqda yazırsınız? Sizi maraqlandıran, düşündürən mövzular haqda danışın.

- Bu haqda da danışacağam. Bax alın yazısı, tale, bəxt - bunlar nədir? Bəyəm mənim anlımda yazı var? Yoxdu axı.

- Alın yazısı maddi deyil axı.

- Yox, bu böyük bir aldanışdır. Azərbaycan poeziyası yüzillərlə güllə bülbülün məhəbbətini tərənnüm edib. Axırda məlum oldu ki, bübül gülü sevmirmiş. Sadəcə gözləyir ki, gül açılsın o da gülün içindəki qurdu yesin. Sizcə, qurdu yeyəndən sonra bülbül o gülün yanında duracaq? Əlbəttə, durmayacaq, istəyinə çatan quş ordan uçub gedəcək.

Yaxud “sənsiz ölərəm, yaşaya bilmərəm” kimi ifadələr uzun müddət Azərbaycan poeziyasının əsasını təşkil edib. Ramiz Rövşən isə yazdı ki, “mən elə bilirdim sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla”. Bax budur həqiqət.

- Amma insanlar bəzən gerçək olmayan nəsnələrə inanmaq istəyir. Hər birimizin gözəlliyə, romantikaya, sevgiyə ehtiyacımız var. Odur ki, hərdən gerçəklikdən qaçıb xəyallar aləminə sığınırıq, bununla rahatlıq, təsəlli tapırıq.

- Bu inanmaq deyil, aldanmaqdır. Yəni, inanmaq yox, aldanmaq istəyirlər.

- Bəlkə də aldanmaq istəyirlər. Çünki gerçək həyatın ağırlığından, onları çuğlayan problemlərdən qaçmaq istəyirlər.

- Bu aldanışdır və mən bu aldanışın təkrar-təkrar yazılmağını istəmirəm.

- Siz hər şeyin bütün çılpaqlığı ilə təsvir və ifadə olunmağının tərəfdarısınız?

- Çılpaq deyəndə, hamı nədənsə söyüş başa düşür. Söyüş yox, həqiqət. Şübhəsiz ki, poetikliyin, dilinin bədiyyatı, obrazlılıq yazıb-yaratdıqlarında öz əksini tapmalıdır. Çünki bunlar ədəbiyyatın qaydalarıdır.

Ədəbiyyat nədir? Ədəbiyyat həyatın üzünü köçürməkdir. Sən həyatın üzünü öz baxışınla kağıza köçürə bilirsənsə, demək yazıçısan. Bizə uşaqlıqdan öyrədirlər ki, bayraq müqəddəsdir. Bayraq insandan müqəddəsdirmi, insandan dəyərlidirmi? Dünyada ən dəyərli varlıq insandır, hər şey insan üçündür.

Uşağa demək olarmı ki, bayrağı, vətəni, Allahı sev? Xeyr. Təbii ki, bayrağı da, torpağı da, Allahı da sevə bilərsən, buna bir söz demirəm. Amma bu sevgi insanda təbii şəkildə yaranmalıdır. Kiminsə diqtəsi, yaxud hansısa təbliğatın nəticəsində yaranan sevgi həqiqi sevgi deyil.

Ürəkdən sevəcəksənsə, o sevgi təhlükəsiz, gözəl bir sevgi olacaq. Daha biri bayrağı sevmirsə, ona həqarət etməyəcəksən, onu öldürməyəcəksən. Yəni mən təbii yolla yaranan sevginin tərəfdarıyam. Uşaq böyüməlidir və ağlı kəsən vaxt özü qərar verməlidir ki, vətəni sevməyə dəyər, ya dəyməz.

Bir də vətən onda vətən olur ki, sən öz vətənində insan olduğunu hiss edirsən, yox əgər vətəndə əzab çəkirsənsə, işgəncələrə məruz qalırsansa, Allahın bircə dəfə verdiyi ömrü zülmlər, əzablar, məşəqqətlər içində yaşayırsansa, vətəni qorxundan sevirsənsə, buna sevgi demək olarmı?

Tutaq ki, mən yalandan deyim ki, vətəni sevirəm, bəs mənim həqiqi fikrim nədir? Həqiqətən sevirəm, ya qorxudan sevdiyimi deyirəm?

- Siz vətəni sevirsiniz, ya yox?

- Bir dəfə yazmışdım ki, alnımda bir vətən gülləsinin yeri var. Mən həyatımı nisyə yaşayıram. Nisyə uşaq böyüdürəm, Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoya-qoya birtəhər dolanıram. Demək olar ki, işsizəm. Çox çətindir belə yaşamaq. Həyəcanlı, narahat, qan-tər içində... Bəs vətən nədir onda? Niyə mən öz vətənimdə əzablar içində yaşamalıyam? Mən necə sevim bu vətəni? Yalandan deyim ki, sevirəm?

Təsəvvür edin ki, əzab-əziyyətlə nisyə uşaq böyüdürsən, 18 yaşına çatanda isə məlum olur ki, vətənə borcu var imiş. Gedib bir güllənin qurbanı oldu, vəssalam. Sən də çıxıb deyirsən ki, vətən sağ olsun. Heç bir atanın daxilində elə bir hiss yoxdur ki, balasını qurban versin və səmimi şəkildə desin ki, vətən sağ olsun. O, sadəcə bunu etməyə məcburdur, çünki başqa yolu yoxdur.

- Əsərlərinizin mövzusu ilə bağlı bayaq verdiyim suala qayıtmaq istəyirəm.

- Bayaqdan danışdığım mövzulardır. Misal üçün, “Pozgun” romanında balaca bir kəndin başına gələn hadisələr nəql olunur. 500 illik qocaman çinar ağacı yıxılıb. Kənd camaatı bu hadisədən çox məyus olub. Hər kəs bunun səbəbini axtarır, hər kəs bunu bir cür yozur. Məsələn, kənd sakinlərindən biri xatırlayır ki, o gün murdar olmuş bir dananı həmin ağacdan tərsinə asıb soyduq, dananın murdar qanı ağacın dibinə axdı, sonra dananı aparıb bazarda kilosu 2 manatdan satdıq, dananın puluna isə halal ət alıb evimizə gətirdik, qızım da bu halal ətdən yeyib kilimin üstünə qaytardı.

Başqa bir personaj isə söyləyir ki, çinarın dibinə su başına getmişdim, bəlkə ona görə yıxıldı qocaman çinar?! Sonra da fikirləşir ki, yox e, dədə-babadan hamımız elə ağac dibinə gedən olmuşuq. Sonra beynində buna əks fikir yaranır. Öz-özünə deyir ki, bəlkə o biri ağacların namusu yoxdur? Hər şeyi götürə bilirlər, ancaq çinar kişidir, dağdan ağır kişi, bəlkə dözmədi bu namussuzluğa?..

- Bax, bayaq dediyiniz milli-mənəvi dəyər budur, bütün söylədikləriniz elə bizim milli-mənəvi dəyərlərimizdir. Demək sizdə vətən sevgisi də, dəmilli-mənəvi dəyərlərimizə sadiqlik də var.

- Var, əlbəttə, var, amma çoxlarının qəbul edib anladıqları anlamda yox.

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA