Mənəvi irs oğurluğunun doğurduğu QALMAQAL

  • 2019-05-11 14:12:21
  • |
  • Aktual /

Mənəvi irs oğurluğunun doğurduğu QALMAQAL

Uzun müddətdir “mənəvi irsin oğurlanması”nın aşkarlanmış olduğu “İzahlı dilçilik terminləri lüğəti” ilə geniş miqyaslı qalmaqal səngimək bilmir. Bu xoşagəlməz olay artıq, mətbuatda çoxsaylı yazıların getməsinə gətirib çıxardıb. Ürəkağrıdıcı haldır, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu “Terminologiya”şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın aparıcı müəllifliyi ilə ərsəyə gətirilmiş, həm də dövlət büdcəsindən ayrılmış vəsait hesabına çap olunmuş “İzahlı dilçilik terminləri lüğəti” plagiat kitabı elmi redaktoru M.Ş Qasımov olan “İzahlı dilçilik terminləri” (Bakı, 1989), F.Y.Veysəllinin müəllifliyi və redaktəsi ilə tərtib edilmiş “Dilçilik ensiklopediyası” (Bakı, I hissə 2006; II hissə 2008 ) və elmi redaktoru M.Adilov olmuş “Azərbaycan onomastikası” (Bakı, 2005) kitablarından cümləbəcümlə, sösbəsöz, hərfbəhər, nöqtəsinə, vergülünə qədər köçürülüb. Mən bunları görəndə gözlərimə inanmadım. Bu məsələ dövlət müəssisəsində baş verib. Çünki bir cümlənin plagiatlığı barədə neçə-neçə qalmaqalın, dartışmanın şahidi olmuşam. Gör, iş nə yerdədir, “müəlliflər”in faktik material kimi verdikləri misallar da nöqtəsinə, vergülünə qədər oğurluq olub.

Ürəkağrıdıcı da olsa, adı çəkilən “mənəvi irs oğurluğu” olduğu sübutlanmış “İzahlı dilçilik terminləri lüğəti” kitabının baş redaktoru və arxasında dayananı nə az, nə çox, AMEA-nın vitse-Prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, Milli məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin olduğu haqqında xəbər yayılıb. Ötən ilin dekabrında plagiat faktını təsdiq etmiş institutun “Nəzəri Dilçilik” şöbəsinin müdiri, yalanla, oğurluqla barışmayan, Vətəninə, millətinə, dövlətinə ürəkdən bağlı olan, vicdanı ləkə götürməyən filologiya elmləri doktoru, professor İdris Abbasova qarşı davam edən hücumlar işdə İsa Həbibbəylinin adının ortaya gətirilməsindən sonra daha da sərtləşib. İnstitutda kadr çatışmırmış kimi ikinci vəzifəyə (İnstitut Həmkarlar Komitəsinin sədri) keçən Sevinc Əliyeva “institutun sirlərini (“mənəvi irs oğurluğu” institutun sirri imiş! – B.S.) yayan” professor İdris Abbasova açıq şantaja girişib. Deyilənə görə, Sevinc Əliyeva institut elmi şurasında İsa Həbibbəylinin vəkili kimi özünü aparır və “mənəvi irs oğurluğu”nun dəstəkçisidir.

Qüdrətli Azərbaycan alimi dahi Mirzə Kazım Bəyin 1846-cı ildə yazdığı “Türk-tatar dilinin ümumi qramatikası” sanballı, fundamental əsərinin tərcüməsini həyata keçirib. Əsərin tərcüməsilə yanaşı, onu tədqiq eləyib, ona şərh də yazıb. Dilçilik İnstitutunun on illər ərzində görə bilmədiyi bu işləri institutda işlədiyi 4 ildə öz zəngin biliyi, millət sevgisi, Mirzə Kazım Bəy vurğunluğu sayəsində yerinə yetirib. Bu işlərilə o, Azərbaycan dilçiliyinə, Azərbaycan elminə, Azərbaycan xalqına son dərəcə böyük xidmət göstərib. O, bu müddət ərzində paralel olaraq, həm də, dilçiliyə aid bir sıra sanballı elmi məqalələr yazıb. Onun yazdığı monoqrafiya maddi çətinlik ucbatından nəşr olunmayıb. İdris Abbasovun, “Tərcümə, tədqiq və şərh” monoqrafiyası ilə əsaslı tanışlıqdan sonra onu deyə bilərəm, Dilçilik İnstitutunun bu əsərlə rəqabətə girəcək əsəri əsəri yoxdur olacağına da onların “mənəvi irs oğurluğu”ndan sonra məndə ciddi şübhə yaranıb. Eyni institutda “mənəvi irs oğurluğu”nu dövlət hesabına nəşr elətdirilir, həm də professor İdris Abbasov kimi alimin elmi yaradıcılığına onu provokasiyaya çəkmək yoluyla əngəl törətməyə çalışılır. O boyda institut ortaya sanballı bir elmi iş qoyulmur, ancaq iş görəni şərləmək yoluyla onun elmi iş görməsinə əngəl törədilir. İdris Abbasovun “işə gəlmədiyi”ni iddia etmək nə deməkdir? İşə gəlmədiyini iddia edirsinizsə, onda bu qədər elmi işləri o, necə yerinə yetirir? Bu qədər elmi iş görməklə yanaşı, həm də ictimai işlərlə də məşğul olur, institutda gizlədilməsinə cəhd edilən yarıtmaz, yaramaz əməllərə qarşı da çıxış edir. Bilindiyi kimi, elmi-araşdırma işi üçün sakit iş şəraiti lazımdır. Elmi-tədqiqat müəssisəsi olan Dilçilik institutunda isə, göründüyü kimi, bu şərait dəfn olunub! İşlər istiqaməti üzrə aparılmadığından, Dilçilik İnstitutu öz relsindən çıxıb. Belə olmasaydı, dilçilik institutunun dilçilik məhsulları ortada olardı.

Elmdə həqiqət elmin özüdür, həqiqətə qəsd elmin özünə qəsddir; elmə qəsd xalqa qəsddir. AMEA Nəsimi adına Dilçilik İnstitunda mənəvi irs oğurluğunu (plagiatı) ortaya çıxartdığı üçün professor İdris Abbasova qarşı təzyiq kampaniyası başlanılıb. Düzünə qalsa, bu kampaniya heç də yeni deyildir. Bildiyimə görə ona qarşı bu təzyiqlər hələ 2018-ci ilin yanvar ayında dilimizi başqa dillər içərisində əritmək məqsədilə ortaya atılmış “orfoqrafiya” təkliflərinə qarşı çıxdığına görə başlanmışdı. Elm sahəsində mövcud əyintilərlə barışmayan İdris müəllimin səsini boğmaq üçün institut direktoru Möhsün Nağısoylu AMEA vitse-prezidenti İsa Həbibbəyli ilə birləşmiş, bu layiqli, ləyaqətli, xalq üçün, onun elmi üçün lazımlı bir ziyalını ləkələməkdən ötrü tabeliklərində olan işçilərdən istifadə etməyə başlamışlar. İ.Abbasovun Dilçilik institutuna gəldiyi 4 ildir. Qısa müddət ərzində nəhəng bir iş ortaya qoydu və dünyayaya səs saldı. İdris Abbasovun bu işi düzünə qalsa, bu neçə ildə institutun heç bir elmi nailiyət əldə etmədiyinin üzə çıxarılması idi. Ona görə də İdris Abbasov institutda yad adam kimi göründü.

Azərbaycan dilçiliyinin görkəmli simalarından sayılan akademik Nizami Cəfərov görün, nə yazır:

“Təəssüf ki, ana dilimizin ilk elmi qrammatikasını özündə əks etdirən bu kitab (İdris Abbasovun “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiq və şərhi” – B.S.) indiyə kimi Azərbaycan dilinə tərcümə olunmamış və müfəssəl tədqiqini tapmamışdır. Əsərin yüksək məziyyətlərə malik olması haqqında fikir və müddəalar səsləndirilsə də, ümumilikdə heç bir konkret addım atılmamışdır... Görünür, kitabın spesifik üslubda yazılması, onun çoxcəhətliliyi, terminlərin mürəkkəbliyi və çox vaxt anlaşılmazlığı tədqiqatçıları bu yükün altına girməkdən çəkindirmişdir...”

Sonra akademik N.Cəfərov İdris Abbasovun möhtəşəm dil abidəsini yenidən canlandırmasını, onu linqvistik-filoloji tədqiq və şərhlərlə genişləndirməsini göstərərək yazır: “Mirzə Kazımbəyin “Qrammatika”sını tərcümə və şərh etmək üçün ən azından onun bilik səviyyəsinə yaxın bir səviyyəyə malik olmaq tələb olunur, yəni həmin şəxs islam elmləri, ilahiyyat, tarix, ədəbiyyatdan savayı, rus, ərəb, fransız, ingilis, latın, hətta italyan dillərinin qrammatikasına bələd olmalı, ümumi dilçilik biliklərinə yiyələnməli, bundan əlavə, səbr, təmkin və iradə nümayiş etdirərək heç bir çətinlikdən qorxmamlıdır... İ.Abbasov yorulmadan çalışaraq etimadı doğrultdu və M. Kazımbəyin adına layiq 1000 səhifəlik, yüksək elmi məzmun və məziyyətlərə malik sanballı bir iş ortaya qoydu...”

Akademik Nizami Cəfərov kitaba yazdığı “Ön söz”də deyir: “İdris Abbasovun “Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası öz elmi miqyasına görə bir institutun görə biləcəyi ağır və məsuliyyətli işdir. O bu işi təkbaşına yerinə yetirmiş, sözün həqiqi mənasında orijinal bir əsər ortaya qoymuşdur”. Əlavə şərhə ehtiyac yoxdur.

İllərlə mənasız və mənəvi irs oğurluğu cızmaqaralarıyla iş görüntüsü yaratmağa çalışan Həmkarlar Komitəsinin sədri və “Monitorinq” şöbəsinin müdiri, türk dilləri üzrə elmlər doktoru Sevinc Əliyevanın vasitəsilə məlum “mənəvi irs oğurluğu” kitabının baş himayədarları olan İsa Həbibəyli və Möhsün Nağısoylu İdris Abbasova qara yaxmağa cəhd edir, alimə yaraşmayan yalan danışırlar. Bir də ki, Qərb alimlərinin sözü olmasın, plagiatçıdan nə şər iş desən, çıxar. Onlar plagiat faktını təsdiq edən İ.Abbasovu “Nəsimi adına Dilçilik İnstitutuna gəldiyi gündən heç bir elmi fəaliyyətlə məşğul olmayan”, “tanınmış və tədqiqatlar aparmış alimlərə kobud və təhqiramiz ifadələrlə müraciət edən”, onları sosial şəbəkələrdə və qeyri-ciddi saytlarda aşağılayan” kimi qələmə verirlər. İdris Abbasovu işi haqqında müəyyən bilgi verilddi. “Tanınmış alimlər” deyəndə hansı alimlər nəzərdə tutulur, “tədqiqatlar aparmış alimlər” deyəndə hansı tədqiqatları aparmış alimlərdən söz açılır? İnstitutda uzun illərdən bəri görməyə güc çatmamış möhtəşəm işin öhdəsindən ləyaqətlə gələn və elmimizə misilsiz töhfə verən görkəmli alim, professor İdris Abbasovu qaralamağa çalışırlar.

Möhsün Nağısoylu İnstitut direktoru olandan sonra Həmkarlar Komitəsinin sədri keçən Sevinc Əliyeva institut əməkdaşlarını İsa Həbibbəyli və Möhsün Nağısoylu ideallarına sədaqətə, “institutun mənəvi irs oğurluğu”nu açmamağa, “institut sirlərini” məxfi saxlamağa, mənəvi irs oğurluğunu təsdiq edənləri şərləməyə çağırır. Real iş görə bilməyən və iş görənləri şərləyib-qaralayanların beynində 37-ci illərin qaramatları titrəyib-əsir!

Dövlətin ayırdığı vəsaitlə “mənəvi irs oğurluğu”nu çap etdirən alimlərin illər uzunu görə bilmədikləri möhtəşəm işi instituta gəldiyi cəmi 4 ildə uğurla yerinə yetirən, böyük çətinliklərlərə qatlaşıb Vətən, millət təəssübü ilə öz pulu hesabına onu çap etdirən, heç kəsin haqqına göz dikməyən, sadəcə, başqa cür düşünən Azərbaycan ziyalısı İdris Abbasovdan nə istəyirlər?! Onlar dövlət büdcəsinə vurduqları ziyandan niyə narahat olmurlar? Niyə mənəvi irs oğurluğunu, dövlətdən mənimsəmələri gizlədirlər və onları ictimailəşdirən İ. Abbasov kimi ləyaqətli insanları, milli ziyalıları şərləyir, hədələyirlər?

Dilçilik tariximizin fundamental əsəri, əvəzolunmaz sütunu olan Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası – Görün, bu Azərbaycan elmi, Azərbaycan dilçilik elmi üçün nə deməkdir! – B.S.) kitabını, döşünə döyənlər İdris Abbasova qədər niyə üzə çıxarmırdılar? Təsəvvür edin, 1848-ci ildə alman alimi Y.Senker bu əsəri alman dilinə tərcümə edərək bir əsr yarım əvvəl Qərb ali məktəblərində dərslik kimi tədris olunmasını təmin edib. Müstəqillik illərində dilçiliyimizin inkişafı üçün göstərilən dövlət qayğısından sözün əsl mənasında “yararlanan” türkoloq-alimlərimiz” və ya özünü Azərbaycan dilçiliyinin keşiyində durub onu “qorumaq” missiyasını üzərinə götürən, ədəbi oğurluq burulğanında burulan, vəzifələr tutan akademikimizə, yəqin ki, dövlət əhəmiyyətli işləri görmək yaraşmır. Onlar hətta: “Dilçilik İnstitutunda verilən ümumi hesabatda da öz əksini tapmış STATİSTİK GÖSTƏRİCİLƏRə görə onlarla (ya da yüzlərlə!!! – B.S.) kitab və monoqrafiyaları çap olunmuş, əməkdaşları “uğurla” və “yüksək göstəricilərlə” müxtəlif konfranslarda, simpoziumlarda... təmsil olunmuşlar” – deməkdən çəkinmirlər. Konfrans və simpoziumda iştirakı göstərici (?!) hesab edən Sevinc Əliyeva, təəssüf ki, “mənəvi irs oğurluğu”nu da elmi göstərici sayır.

İdris Abbasov 2013-cü ildə professor F.Veysəllinin “Dilçiliyə giriş” əsəri haqqında tənqidi məqalə yazıb və qarşı tərəf də həmin tənqidi cavablandırıb. Amma həmin diskussiyada böhtan deyilən “plagiat” sözü yoxdur. İdris Abbasov həmişə Ə.Dəmirçizadə, M.Hüseynzadə, S.Cəfərov, A.Axundov və digərlərini korifey dilçilər adlandırıb, bütün dediklərinin altında imzasını qoyub.

İdris Abbasovun məşhur “Tərcümə, tədqiq və şərh” əsərinin təqdimatında akademik M.Nağısoylunun: “Mən İdris müəllimi indiyədək tanımamışam. Əsərin tərcüməsi üçün türk, ərəb, fransız dillərinin qrammatikasını, o cümlədən nəzəri və müqayisəli dilçiliyi mükəmməl bilmək lazımdır. İ.Abbasov bunun öhdəsindən peşəkarlıqla gəlib” – deyə etirafına nə demək olar? (samişünas bir tədqiqatçının bütün türkologiyanın şah əsərini tərcümə, tədqiq və şərh etməsini deməmək, etiraf etməmək olarmı?!). İnstitut dəstəyi olmadan, kitabın nəşr olunar-olunmaz xarici ölkələrdən axtarılaraq bəzən qeyri-qanuni yollarla yayılması və s. kimi faktlar dil açıb danışır.

Bir əsərlə dünyanı öz ayağına gətirən şəxsin xidmətlərini sizlərin 1001 kitab və məqalələrlə simpoziumlarda “topladığınız həmkar” ordusu belə, yer üzündən silə bilməz.

Səlahiyyətlərinizi və dövlətin ayırdığı vəsaiti plagiatlığın qanadlanmasına və müdafiəsinə, qarayaxma kampaniyasına sərf edib İdris Abbasov kimi nadir alimlərimizi ləkələməyə çalışmaqdansa, dövlətin elm siyasətinin reallaşmasına sərf edin. Başda etiraf gəlir. Səhvinizi etiraf edin ki, doğru yola qayıda biləsiniz! Əks halda, batdıqca batacaqsınız!

Əslində “İzahlı dilçilik terminləri lüğəti”nin baş redaktorları və “müəllifləri” mənəvi irs oğurluğunun mövcud olduğunu etiraf etməli və xalqdan üzr istəməli idilər. Bununla, onlar həm xalqa ehtiramlarını, həm də həqiqəti dəstəklədiklərini etiraf etməli olardılar. Çox təəssüf, belə olmadı. Onlar həqiqətin yanında olmadılar və həqiqətə əsassız dirəniş göstərdilər.

İsa Həbibbəyli, Möhsün Nağısoylu kimiləri naxçıvanlı adıyla yuxarı başa keçirmək, yüksək vəzifə ilə təmin etmək sevimli Naxçıvanımızı gözdən salmaq, iztehza hədəfinə çevirməkdir. Naxçıvan Vətənimin ən çox sevdiyim guşələrindəndir. Odur, bir zamanlar “Vətənim adlı yazımda: “Təbriz – Naxçıvan: Qeyrət damarım, bükülməz qolum, elm-sənət ünvanım” yazmışam, mətbuatda dərc etdirmişəm. Naxçıvandan Abbas Zamanov, Möhbalı Qasımov, Həsən Şirəliyev, Həsən Abdullayev... kimi qeyrətli, cürətli, Vətənsevər ziyalılar çıxıb və indi də İdris Abbasov, Qurban Məmmədov və onlar kimi cavan ziyalıları var. Vəzifəyə Naxçıvanlı gətirmək istəyəndə Naxçıvanın adına iztehza yox, şərəf gətirə bilən belələrini gətirin, ay sayqılı, möhtərəm səlahiyətlilər!

Professor Bəhmən SULTANLI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA