Məscid işıq və qaz pulunu ödəyə bilmir - Erməni kilsəsinə pulsuz qaz verənlər hara baxır?

Məscid işıq və qaz pulunu ödəyə bilmir - Erməni kilsəsinə pulsuz qaz verənlər hara baxır?

Bu günlərdə işimlə əlaqədar Bakının Nizami rayonunda idim. Günorta namazının vaxtı olduğundan Start İdman Kompleksinin yanında yerləşən Sahib Əz-Zaman məscidində ibadət etmək qərarına gəldim. Məscid binasının divarına vurulan elanlar diqqətimi çəkdi. Həmin elanlarda məscidin qaz və işıq pulunu ödəmək üçün kodlar yazılmışdı. Elə elanları oxuyub içəri keçmişdim ki, məscidin qapısında daha bir elan gördüm. “Məscidin qaz pulunun ödənilməsində xahiş edirik bizə köməklik edəsiniz” və ödəyici kodu.

Bu elanlar məni həm təəccübləndirdi, həm də hiddətləndirdi. O qədər təsirləndim ki, telefonumun kamerası ilə elanları çəkib sizinlə paylaşmaq qərarına gəldim.

Məni bir sual düşündürür. İllərdir erməni kilsələrini pulsuz qazla təmin edən SOCAR ölkəmizdəki müsəlman məscidlərindən xidmət haqqı alır?

“Bizim nə erməni xalqı ilə, nə də erməni kilsəsi ilə heç bir problemimiz yoxdur”, - deyən və Gürcüstandakı erməni kilsələrinə Allah yolunda pulsuz qaz verdiklərini rahatlıqla etiraf edən SOCAR-ın prezidenti Rövnəq Abdullayevdən soruşan lazım: ”Ay Rövnəq Abdullayev, torpaqlarımızı işğal edib, xalqımızın oğul və qızlarını qətlə yetirən yağı düşmənə qarşı belə humanistlik nümayiş etdirdiyiniz halda, öz ölkəmizdə, baş kəndimizdə xalqımıza xidmət edən müsəlman məscidinə pulsuz qaz verməyə imkanınız çatmır? Özü də mübarək Ramazan ayında! “

Yəni neft ölkəsi olan Azərbaycanın Allah evlərini işıq və qazla təmin etmək imkanı yoxdur, əlac sadə vətəndaşlardan pul dilənməyə qalıb?”

Bəs görəsən, məscidlərin tabe olduğu Qafqaz Müsəlmanları İdarəsi bu rəzalətə necə yol verir?

Məgər dövlət qeydiyyatında olan məscidlərin kommunal xidmət haqlarının ödənilməsi dövlətin öhdəsinə düşmür? Ya bəlkə bu məscid qeydiyyatsız fəaliyyət göstərir? Belə olduğu halda, bəs Qafqaz Müsəlmanları İdarəsi və hüquq-mühafizə orqanları hara baxır? Əgər sabah məlum olsa ki, bu məsciddə din pərdəsi altında terorrizm təbliğ olunur, yeniyetmə və gənclər irticaçı təriqətlərə cəlb olunur, buna görə kim məsuliyyət daşıyacaq?

Həmişəki kimi suallar çox, cavab isə yoxdur. Soruşacaqsız ki, niyə? Ona görə ki, SOCAR, AZƏRİŞIQ ASC və Qafqaz Müsəlmaları İdarəsi ilə əlaqə saxlamaq cəhdlərimizin hamısı boşa çıxdı.

Odur ki, sözügedən qurumlara buradan səslənirik və məsələyə aydınlıq gətirmələrini gözləyirik.

Banu Oğuz, Hurriyyet.org

Loading...

QALEREYA