Məzarlıqlar bələdiyyələrə verilir: paytaxtdakı bahalı “qəbir evləri”ndən REPORTAJ

Məzarlıqlar bələdiyyələrə verilir: paytaxtdakı bahalı “qəbir evləri”ndən REPORTAJ

Dini komitə ilə nazirliyin yeni sənədində qəbir yerinin pulsuz ayrılması nəzərdə tutulub; əməkdaşımız şəhər qəbiristanlıqlarında torpağın qiymətlərini öyrənib

Azərbaycanda qəbiristanlıqlarla bağlı məsələ uzun illərdir ki, müzakirə müstəvisindən kənara çıxmır. Söz var, əməl yox. Elə hey deyirlər ki, pulsuz məzar yerləri ayrılacaq, Bakıda qəbir yerləri satılmır, heç kəsdən pul istənilmir və s.

Bunun həqiqət olmadığını biz də bilirik, məsul şəxslər də. Çünki ölüsünü dəfn etmiş hər kəs təsdiqləyər ki, paytaxt qəbiristanlıqlarında “əbədi mənzil” almaq üçün pul xərcləməlisən. Özü də hər qəbir evinin öz qiyməti var ki, bu da Bakının mərkəz və kənar massivlərinə görə dəyişir.

Bizi bu mövzunu araşdırmağa və məzarlıqlardan reportaj hazırlamağa sövq edən səbəb isə bu günlərdə qəbiristanlıqların bələdiyyələrin balansına keziriləcəyi xəbəri oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, qurum İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb. Sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, qəbiristanlıqların sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib.

Sədr müavininin dediyinə görə, cəmiyyəti ən çox narahat edən məsələ torpağın pulsuz ayrılmasıdır ki, bu da sənəddə əksini tapıb. Amma onun icra mexanizmi ilə bağlı hər hansı şərh verməyib. Yəni torpağın Bakı qeydiyyatında olanlara pulsuz ayrılması nəzərdə tutulub, yoxsa paytaxtda yaşayan hər kəsə şamil ediləcək. Ümumiyyətlə, məzarlıqların bələdiyyələrin balansına keçməsi nə dərəcədə müsbət nəticə verəcək, bunu demək çətindir. Torpaq satmaqdan başqa funksiyası olmayan və rüşvətə bulaşmış bələdiyyə sektorunun bu işi şəffaf şəkildə həyata keçirəcəyi şübhə doğurur.

Hələ bir müddət əvvəl bu qayda pozuntularından “yaralı” olanlardan biri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirmişdi ki, Bakı şəhərində qəbir yerlərinin standart qiymətləri müəyyənləşdirilib və təklif olunan yeni layihəyə əsasən, paytaxt ərazisində qəbir yerlərinin qiyməti minimum əmək haqqının iki misli miqdarında olacaq. Bununla bağlı qanun layihəsi artıq hazırlanıb və icrası üçün ayrı-ayrı strukturlarla razılaşdırılma aparılır. O ki qaldı məzarlıqların qiymətlərinə, bununla bağlı “Yeni Müsavat” olaraq araşdırma aparmışıq.

Prestijli qəbir evi: hər oğulun işi deyil...

Hazırda Bakının iki prestijli qəbiristanlığı var ki, hər oğulun işi deyil orada özünə və ya yaxınına qəbir yeri alsın. Bura II Fəxri Xiyaban və Yasamal qəbiristanlığıdır. Əslində onlar bir-birinə çox yaxındır, hətta bitişikdir deyə bilərik. Söhbət Badamdar qəbiristanlığından gedir. Bu məzarlıqlarda hələ ki, müəyyən qədər yenə boş torpaqlar var. Di gəl, qiymətləri aşağısı, 7-10 min manatdan başlayır. Ona görə də Badamdar, Yasamal kimi qəbiristanlıqlar sadə ölü üçün nəzərdə tutulmayıb.

Badamdar dairəsindən Şərifzadə küçəsinə qəbiristanlığın içərisi ilə gedən bu yolda sağ tərəfdə əsasən rus və yəhudi məzarları, sol tərəfdə isə azərbaycanlıların qəbirləri var. Qəbiristanlıqlarda ən aşağı qiymət Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən müəyyən edilmiş dövlət rüsumlarından bir neçə dəfə bahadır. Buradakı mollalar sahibsiz qəbirlərin yerinin satılması halları olduğunu da dedilər. Qəbiristanlığın azərbaycanlılar uyuyan yerində isə sadə başdaşıları da vardı, təmtəraqlı olanları da.

Trest tərəfindən idarə olunan 32 qəbiristanlıqda uzunluğu 2,4 metr, eni 1,4 metr və dərinliyi 1,4 metr qəbirin yeri üçün 49 manat, qəbirin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə materialların qiyməti istisna olmaqla, 63 manat müəyyən edilib. Əgər ölü tabutla dəfn olunursa, qiymət 79 manata qalxır. Amma hamı bilir ki, 63 manat rüsumla iş düzəlmir, bu söhbət blefdir.

Hasarlı qəbir evinin öz qiyməti var

Öyrənirik ki, Xırdalan məzarlığı Yasamala nisbətən ucuzdur. Burada 2000-2500 manata qəbir yeri ala bilərsən, onu da tapsan. Çünki son illərdə sözügedən məzarlıq çox yüklənib, boş yer tapmaq müşkülə çevrilib. Xırdalanda bir nəfərlik məzar yeri almaq istəyən insana digər ölülərin qəbirlərinə bitişik, quru ot basmış yerlər təklif edilir. Xırdalan məzarlığında qiymət qəbrin yerləşdiyi məkandan, onun panoramasından, yola yaxınlığından asılı olaraq dəyişir.

Ramana, Biləcəri, Masazır kimi yerlərdə qəbir evləri ucuzdur, hardasa 700-1200 manat arası bu məsələni həll etmək olar. Məsələn, Hövsanda torpağa tapşırılmaq 800-1000 manatdan aşağı deyil. Binəqədi, Qaraçuxur kimi ərazilərdə hasarlı qəbir evləri 2500-3000 manat civarında dəyişir.

Məsələn, İstanbulda qəbir yerinin qiymətlərini bələdiyyələr müəyyən edir. Türkiyənin ən iri şəhərində qəbiristanlıqlar dörd kateqoriyaya ayrılır. Birinci kateqoriyaya şəhərin mərkəzində yerləşən Zincirlikuyu qəbiristanlığı daxildir. Orada qəbir yeri (2018-ci il göstəricisinə görə) 1900 manata başa gəlir. Alınmış qəbirin yanındakı boş yer isə artıq fərqli qiymətə - 4000 manata təklif olunur. İnsan ölməzdən əvvəl özünə qəbir yeri sifariş verirsə, bu, ona 8000 manata başa gəlir.

İkinci kateqoriyaya - Eyüp qəbiristanlığı aiddir. Orada qəbir yerinin qiyməti 353 manat, yaxınlıqdakı boş yerin qiyməti isə 1600 manat təşkil edir. Öncədən özlərinə qəbir sifariş verənlər 3200 manatından keçməli olur.

Üçüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda qiymətlər müvafiq olaraq, 32, 642 və 1300 manat təşkil edir.

Ən ucuz başa gələn qəbir yerləri dördüncü kateqoriyaya aid qəbiristanlıqlarda təklif olunur. Qiymətlər müvafiq olaraq 32, 321 və 642 arasında dəyişir.

Rəqəmlərə nəzər salsaq, görərik ki, 15 milyonluq əhalisi olan İstanbulun ən bahalı qəbiristanlığında belə qəbir yeri Bakıdakından dörd dəfə ucuzdur.

İstanbulda dünyasını dəyişmiş vətəndaşlar hətta ölkənin bütün ucqar əyalətlərinə də pulsuz aparılır. Bu xidmətdən yararlanmaq istəyən vətəndaşların yaxınları isə kasıb olduqlarına dair yerli bələdiyyədən “yaşıl kart” almalıdırlar.

Rusiya Federasiyasında isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. Qanunun müvafiq maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması öz əksini tapıb. Rusiya vətəndaşı üçün federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.

/“Yeni Müsavat”/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA