Milli Məclisdə “qoca-cavan” ayrı-seçkiliyi - Fəzail Ağamalı prezidentin kadr siytasətini bəyənmir?

Milli Məclisdə “qoca-cavan” ayrı-seçkiliyi - Fəzail Ağamalı prezidentin kadr siytasətini bəyənmir?

Deyəsən, dədə-babalarımızdan qalma deyimdir, deyir qulaq gündə bir söz eşitməsə, kar olar. İndiki dönəmdə ən çox eşitdiyimiz deputat yorumları-yozumlarıdır. Kimi yer adlarının, kimi ay adlarının dəyişdirilməsini təklif edir, kimi də bölgələrdən baş şəhərə gələn fəhlələrin uçotunu aparır. Qocaman deputat Fəzail Ağamalı bəyin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü olub-olmadığını deyə bilmərəm, di gəl, dünyanın ən güclü riyaziyyatçılarının həsəd apara biləcəkləri dəqiqliklə son 9 ayda Bakıda 50 min fəhlənin işsiz qaldığını hesablaya bilib. Özü də bu işsizlər ordusunun yaranmasının nədəni kimi dolayı yolla ölkə prezidenti göstərilir. Sən demə, ölkə başçısının 21 aprel 2018 tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təyin olunan yeni sədr tikinti işlərini qanunsuz olduğundan dayandırıb və bu da 50 min fəhləni işsiz qoyub.

Deputat 43 yaşlı gənc komitə sədrinin adını çəkib, soyadını çəkməsə də, Maliyyə Bazarlarına Nəzarət Palatasının görəvindən alınan sədrinin ad-soyadını çəkərək, dolayısı ilə prezidentin həmin təyinatının da uğurlu olmadığına işarə edib. Qocaman deputat gənc komitə sədrindən Milli Məclisə işsizlərin şikayət etdiyini, özünün tikinti biznesi ilə məşğul olmadığını desə də, qanunverici hakimiyyətin sədri onu prezidentin təyinatına sayğı ilə yanaşmağa, etik normaları gözləməyə, 50 min məsələsini dəqiqləşdirməyə çağırmaqla gerçəkdə deputatın “qoca-cavan” ayrı-seçkiliyinə etiraz edib. Bəli, spikerin cavabı Ana Qanuna - Konstitusiyaya uyğundur. Bizdə dövlət qulluğuna irəli çəkilməkdə yaş qadağası yoxdur. O ki qaldı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz tikililəri dayandırmasına, komitənin başlıca funksiyalarından biri və bəlkə də birincisi elə budur. Yəqin ölkə başçısı komitə sədrinin “ İçərişəhər “ Dövlət Tarix -Memarlıq Qoruğu İdarəsinin rəisi görəvindəki memarlıq abidələrinin qorunmasındakı xidmətlərini bəyəndiyindən onu bu görəvə təyin edib. Tam əminliklə demək olar ki, komitə sədri prezidentin etimadını doğruldub. Bakıda və ətraf bölgələrdə yaşıllığın məhv edilməsi, ağacların qırılıb yerində göydələnlər tikilməsi prosesinə son qoyulub. Yəqin, xatırlayırsınız, Bakıda parklarda da yaşıllıqlar qalmayıb, şəhər ərazisi qanunsuz, icazəsiz tikililərlə zəbt olunmuşdu. Rayon icra hakimiyyətləri isə prezidentin barmaq silkələməsindən sonra tikintilərin qanunsuz olduğunu boyunlarına almağa məcbur olsalar da, tikililəri hələ də sökməyiblər. Uzağa niyə gedək, bir ayın söhbətidir, Bakının Nizami rayonundakı Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkında yaşıllığın yerində obyekt tikilməsi haqqında basında yazı dərc olunmuşdu. Yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu vandalizmə hüquqi qiymət verilməsi üçün konkret addımlar atdı və tikinti yiyələri obyektin təyinatını dəyişməyə məcbur oldular. Eləcə də, Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin zəbt edilərək yerində kommersiya obyektləri və villalar tikilməsinə də bu qurum kəskin etirazını bildirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun rəhbərliyi Qarabağ əlillərinə fərdi yaşayış evlərinin tikilməsinə də qanunvericiliyin tələbləri baxımından qiymət verir və hətta səlahiyyətlərinə aid olmayanda da aidiyyatı üzrə göndərib qanunun tələbinə əməl etməyi diqqətə çatdırır.

Bir sözlə, 44 yaşı olacaq yeni komitə sədrinin 72 yaşı olacaq qocaman deputatın qərəzli qınaq hədəfinə tuş gəlməsi anlaşılan deyil. Milli Məclisə müraciətə gəldikdə isə, indiyədək qocaman deputat heç bir müraciətimizə cavab verməyib. Belə çıxır, müraciətlərə baxılmasında da ayrı-seçkilik hökm sürür? İstənilən halda, prezidentin seçdiyi şəxsin heç bir əsas olmadan qaralanması qaranlıq mətləblərdən soraq verir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və onun yeni sədrinin işi isə göz qabağındadır, bu işdə qaranlıq heç nə yoxdur.

Məğrur BƏDƏLSOY

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA