Mir Cəfər Bağırov haqqında yanlış fikirlər…

  • 2019-05-18 15:30:02
  • |
  • Tarix /

Mir Cəfər Bağırov haqqında yanlış fikirlər…

2015 – cil ilin mart ayından iyun ayına qədər Mir Cəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırovun “Təzadlar” və “Hürriyyət” qəzetlərində Mir Cəfər Bağırov haqqında qəzetlərdə, televiziyada və internet saytlarında gedən saxta məlumatların yer almasına münasibətini bildirən yazıları dərc olunmuşdur. Sovet vaxtı Mir Cəfər Bağırov barədə ermənilər və onlara quyruq bulayanlar tarixi kitablarda heç bir məlumat saxlamamışlar. Mir Cəfər Bağırovun məlum qondarma məhkəməsindən sonra kitablarda olan şəkillərini, ona aid olan məqalə və yazıları kəsib götürürdülər ki, tarixdən silinsin. Ancaq həqiqət nə qədər dartılıb uzansa da qırılmır. Mikoyanın, Şaumyanın, Malenkovun, Suslovun, Xruşşovun və onların sözləri ilə iş görən “sapı özümüzdən olanların” xidmətləri ilə Mir Cəfər Bağırov yaddaşlardan silinmək üzrə idi.
1989 – cu ilin 16 yanvarında Sovet qanunları ilə mühakimə olunanların hamısının əfv olunması barədə M. Qorbaçovun imzası ilə SSRİ Ali Sovetinin Fərmanı qəzetlərdə dərc olundu. Həmin vaxt bizim evimizə də DTK və Prokurorluqdan nümayəndələr gəlib 1938 – ci ildə repressiyaya məruz qalıb güllələnmiş atamın babasının əfv olunması barədə sənəd təqdim etdilər. Sovet hökuməti dağıldığına görə bütün sovet qanunları ilə mühakimə olunanlar bəraət aldılar. Mir Cəfər Bağırov da bəraət alanlar arasındadır. Ancaq Mir Cəfər Bağırov barədə gizli əllər işləyirdi…
Yenə də tarixi təhrif edənlərimiz var, bilinmir kimlərə işləyirlər. Müstəqillik illərində, həm də arxivlər açılandan sonra çox məlumatlar üzə çıxdı. Manaf Süleymanov, Fazil Məmmədov, Ramiz Əhmədov, Teyyub Qurban, Adıgözəl Məmmədov, Əlsa Nicat, Sadıq Murtuzayev, Sədnik Paşa Pirsultanlı, Məmmədtağı Bağırov və başqa adlarını çəkmədiyim vətənpərvər oğullarımız qoymadılar ki, bu KİŞİNİN xalq üçün, Vətən üçün etdiyi xidmətlər gələcək nəsillərdən gizli qalsın. Mir Cəfər Bağırovun biblioqrafı, onun haqqında 16 kitab müəllifi, professor Fazil Məmmədovun nəşrə hazır olan 2000 səhifəlik“KİŞİ” romanındakı hadisələr Mir Cəfər Bağırovun anadan olan gündən güllələndiyi günə qədər bütün baş verənləri əhatə edir.
Mənim məqsədim arxivlərin açıq olduğu vaxt yenə jurnalistlərin diqqətli olmaları, yaxın vaxtlarda mətbuatda getmiş məlumatları oxumadan onları az məlumatı olan kütləni çaşdırmamağa çağırmaqdır. Bir neçə məqalədən məlumatları ixtisarla verirəm.
Məmmədtağı Bağırovun məqaləsindən:
“Tarixdə Mir Cəfər Bağırovun doğumu və ölümü haqqında çoxlu səhvliklərə rast gəlmək olur. Bilinmir, bu səhvlər bilməməzlikdən olub, yoxsa tarix qəsdən saxtalaşdırılıb.
Birinci səhv Ramiz Əhmədovun 2004 – c cü ildə Bakıda “Nurlan” nəşriyyatında çapdan çıxmış “Mir Cəfər Bağırov Dövrün və Şəxsiyyətin Siyasi Portret Cizgiləri” kitabında yazılmışdır. Kitabın 100 – cü səhifəsində oxuyuruq:
Mir Cəfər Bağırov 1895 –ci il sentyabr ayının 17 –də Quba şəhərində kasıb ailədə anadan olmuşdur.
1949 – cu ildə S.İ. Vavilovun redaktorluğu ilə Moskvada nəşrə başlamış Böyük Sovet Ensiklopediyasının 4 – cü cildində Mir Cəfər Bağırovun 1896 – cı il 17 sentyabrda anadan olduğu göstərilir.
Növbəti kitabında Ramiz Əhməd öz səhvini düzəldib.
Fazil Məmmədov belə yazıb: Mir Cəfər Abbas oğlu Bağırov 1896 – cı il sentyabr ayının 17 – də Quba şəhərində yoxsullaşmış zadəgan və müsəlmanlığın şiə məzhəbinə qulluq edən ruhani ailəsində doğulmuşdur. ”Mir Cəfər Bağırov”, Bakı – “Nurlan” – 2007,səh 4.
2007 – ci ildə Moskvada çapdan çıxan Rusiyanın Ensiklopediya Lüğəti kitabında Mir Cəfər Bağırovun 1896 – cı il 17 sentyabrda anadan olduğu göstərilir.
Azərbaycanın tanınmış arxivşünas yazıçısı, tədqiqatçı Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət “ kitabında da Mir Cəfər Bağırovun 1896 – cı il sentyabr ayının 17 – də anadan olduğu göstərilir.
Əkrəm Əylisli “Mir Cəfər Bağırovun Məhkəməsi” kitabında Mir Cəfər Bağırovun 1895 – ci ildə anadan olduğunu və anası Yaxşıxanımın da əvəzinə Mariya olduğunu yazır. Yeri gəlmişkən, həmin Əkrəm Əylisli 60 min tirajla çap olunmuş bu kitabda Qəmər Əlizadəni Mir Cəfər Bağırova bir sevgili kimi sırımaq istəyərək heç bir istinad faktı olmayan böhtanlar yazmışdır. Səh.90.
Mir Cəfər Bağırov barədə uydurma yazanları sadalamaqla qurtarmır. Müxtəlif saytlarda müəllifi bilinməyən yazılara rast gəlmək olur ki, bu da dəqiq məlumat almaq istəyənləri çaşdırır. Moskvadan mənbəyi bilinməyən saytlardan alınan məlumata görə guya Mir Cəfər Bağırovun bacısı Seyid Fatma Beriya ilə qeyri – qanuni nikahda olublar. Bu necə ola bilər ? Beriya heç Seyid Fatmanı görməyib. Beriya Qubada da olmayıb. Seyid Fatmanın həyat yoldaşı Həsən bəy Sultanov olub.
Əkrəm Əylisli “ Hökmdarlar Allahdan Qorxmur “ yazısında bildirir: “ O məhkəmədə Mir Cəfər Bağırova ölüm hökmü kəsildi, ancaq bu hökm yerinə yetirilmədi. Bu hökmün çıxarıldığı vaxtdan təxminən 20 il sonra Mir Cəfər Bağırov Kazan şəhərindəki həbsxanalardan birində bu dünyadan öz əcəli ilə köçüb getdi ”.
Ömrünün 50 ilini prokurorluq orqanlarında işləmiş İdris Əsgərovun “ Ömür Səlnaməmin Acılı – Şirinli Səhifələri “ kitabının 87 – ci səhifəsindən:
Bu yazını oxuyan nabələd adam belə düşünər ki, müəllif hadisəni dəqiqliyi ilə bilən bir şəxsdir. Lakin yuxarıdakı məlumat başdan – ayağa uydurmadır. Əvvəla, bu hökmün çıxarılmasını təşkil edən Xruşşov – Malenkov – Mikoyandan ibarət hakimiyyət sahiblərinin bu hökmün icra edilməməsinə yol verdiklərinə inanmaq, yumşaq desək, son dərəcə sadəlövhlükdür. Bundan başqa, hökmün icra edildiyi barədə mətbuatda rəsmi məlumat nəşr edilmişdir. Mətni Moskvada hazırlanmış və təsdiq edilmiş həmin məlumatı SSRİ Ali Məhkəməsinin sədri A. Volin hökm çıxarıldıqdan 26 gün sonra respublika mətbuatında çap edilməsi üçün 22 may 1956 – cı ildə Azərbaycan KP MK – nın birinci katibi İ. Mustafayevə göndərmiş və məlumat 28 may 1956 – cı ildə verilmişdir. Bu barədə mənə məlum olan bəzi məlumatların oxucuya maraqlı olacağını nəzərə alıb onları yazmaq qərarına gəldim.
O zamanlar Azərbaycan SSR prokurorluğunun istintaq şöbəsi rəisi vəzifəsində çox hörmətli, tanınmış və mahir hüquqşünas A.C. Kərimov işləyirdi. Növbəti Moskva ezamiyyətindən qayıtdıqdan sonra Mir Cəfər Bağırovun haqqında ölüm hökmünün icrası barədə maraqlı bir söhbət etdi. A. Kərimov danışırdı ki, o, SSRİ – nin Baş Prokurorunun müavini Novikovla görüşərkən axırıncı ona Bağırov haqqında ölüm hökmünün icrasında prokuror kimi iştirak etdiyi və icranın təfərrüatları haqqında maraqlı söhbət etmişdi. Novikov danışırmış ki, Bağırovu güllələməyə gətirəndə hökmün icrasında iştirak edən prokuror kimi ondan “Demək istədiyin söz varmı ? “ – soruşanda Bağırov : “ Əvvəla, qollarımdakı kəndiri açın və gülləni arxa tərəfdən başıma deyil, qarşı tərəfdən ürəyimə vurun “ söyləmişdi. Biz müttəhimin bu təklifinin heç bir təhlükə yaratmadığını nəzərə alaraq təmin etdik və o, istədiyi şəkildə güllələndi.
Görürsünüzmü, qətlin bilavasitə iştirakçılarından biri olan prokurorun söylədiklərinin əksinə olaraq, Ə. Əylisli deyir ki, Bağırov 20 ildən sonra Kazanda öz əcəli ilə dünyasını dəyişib.”
Məncə Azərbaycan yazarları arasında öz dəsti xətti ilə tanınmış Əlisa Nicatı xüsusi təqdim etməyə ehtiyac yoxdur.”1953 - cü ildən bu yana ölkəmizdə həqiqət sanki, Mir Cəfər Bağırovla birgə dəfn edildi, yoxa çıxdı. Mir Cəfər Bağırov nəhəng bir anti həqiqət və ədalətsizlik sistemində, nisbi də olsa, ədalət vahiməsi, xofu yarada bilmişdi”. - Əlisa Nicat
“Əslində Mir Cəfər Bağırov kim idi ?

(Ardı var)

Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA