Mir Cəfər Bağırov və Mirteymur Yaqubov

Mir Cəfər Bağırov və Mirteymur Yaqubov

(Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabından)

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1955-ci il noyabr ayının 22-də Azərbaycan KP MK-nın birinci katibi tərəfindən imzalanmış qərarın əsli saxlanılır. Tanış olun:
“Sov.İKP MK katibliyinin 1955-ci il noyabrın 12-də D.N. Yakovlev yoldaş haqqındakı qərarı barədə
1. Nəzərə alınsın ki, 1955-ci il noyabrın 12-də Sov.İKP MK katibliyinin qərarı ilə D.N. Yakovlev yoldaş rəhbər partiya işində çalışmaq məqsədilə Azərbaycan KP MK-nın sərəncamına göndərilmişdir.
2. Dmitri Nikolayeviç Yakovlev yoldaş Azərbaycan KP MK-nın ikinci katibi təsdiq edilsin və bu məsələ Azərbaycan KP MK-nın növbəti plenumunun müzakirəsinə çıxarılsın.
İmza: İ. Mustafayev”.
Beləliklə, Mir Cəfər Bağırov dövründə Azərbaycan KP MK-nın birinci katibinin də Azərbaycan türkü olmaması ənənəsinə son qoyulmuşdur. Müxtəlif rəhbər vəzifələrdə çalışmış, hələ 1938-ci ildə Azərbaycan KP MK-nın ikinci katibi, 1953-cü ildə birinci katibi vəzifəsində çalımış Mirteymur Mir Ələsgər oğlu Yaqubovu Sov.İKP MK-nın partiya orqanları ilə iş bölməsinin müdiri əvəz etmişdir. Azərbaycan KP MK Plenumu üzvləri “yersiz gəldi, yerli qaç” prinsiplərinə yekdilliklə səs vermişlər.
Moskvalı əcnəbi katib Azərbaycan KP MK-da yerini möhkəmlədən kimi mübarizəsinə Mirteymur Yaqubovdan başlamışdır. Belə ki, 1953 – 1956-cı illərdə Mir Cəfər Bağırova qarşı istifadə etdikləri Yaqubovun özü indi onlara gərəksiz idi. Mir Cəfər Bağırov güllələndikdən sonra onun kadrları da nüfuzdan salınmalıydılar.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində indiyədək ictimaiyyətə çatdırılmayan bir sənədi oxucuların müzakirəsinə verirəm:
“1956-cı il avqustun 23-də D.N. Yakovlev və X. Əfəndiyev yoldaşların T.Ə. Yaqubovla söhbəti:
Yakovlev: - Ötən görüşümüzdə mən sizə demişdim ki, MK Bürosu Partiya Komissiyasına (Komissiyanın sədri, söhbətdə iştirak edən Xəlil Sədrəddin oğlu Əfəndiyev idi – T.Q.) tapşırmışdır ki, sizin partiya sizin partiya məsuliyyətinizi araşdıraq. Bu məsələni MK Bürosunun müzakirəsinə vermək məqsədilə əvvəlcə özünüzlə söhbət etməyi vacib bildik. Bundan başlayaq, hansı ildən və hansı vəzifələrdə işləmisiniz ?
Yaqubov: - 1920-ci ildən 1926-cı ilədək Bakı Sovetində müxtəlif şöbələrdə adi işlərdə çalışmışam, elə orada da komsomola və partiya sıralarına daxil olmuşam.
Yakovlev: - Partiya zəmanətini sizə kim vermişdir ?

Yaqubov: - Mənə beş nəfər zəmanət vermişdir. 1918-ci ildən partiya üzvü Bəhram Ağayev, Babayev, Cəfərov... qalan iki nəfərin familiyasını unutmuşam. Mən 1925-ci ildən partiya üzvlüyünə namizəd, 1927-ci ildən partiya üzvüyəm. Bakı Sovetində işləməklə yanaşı, axşamlar fəhlə fakültəsində oxumuşam. 1930-cu ildə Moskvada At və Araba Nəqliyyatı İnstitutunda oxumuş, Lenin adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunmuşam. 1933-cü ilədək Moskvada Kənd Təsərrüfatı Akademiyasında baş elmi işçi, kənd təsərrüfatı üzrə iqtisadçı olmuş, mətbuatda bir sıra elmi məqalələr çap etdirmişəm. Bakıya qayıdandan sonra, 1933 – 1935-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Kommunal Məktəbində kafedra müdiri və professor vəzifələrində çalışmışam. Sonra partiya və komsomol işinə irəli çəkilmişəm. Azərbaycan KP MK-da məsul təlimatçı, Azərbaycan Komsomolunun birinci katibi, Azərbaycan K(b)P MK-nın ideologiya üzrə katibi, MK Bürosunun üzvü seçilmişəm. Böyük Vətən müharibəsi ərəfəsində, 1941-ci ilin mart ayında Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini təyin olunmuşam. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə mənə üçüncü dəfə təhlükəsizlik komissarı və general – mayor rütbəsi verilmişdir.
Yakovlev: - Hansı vaxtdan başlayaraq sizinlə Bağırov arasında sıx əlaqə yaranmışdır ?
Yaqubov: - 1934-cü ilədək mən Bağırovu bircə dəfə hansısa yığıncaqda görmüşdüm. Bunadək onu qətiyyən tanımırdım. 1935 - 1936-cı illərdə bax burada, şöbə müdiri olmuşam. Məni Hüseyn Rəhmanov, Cahangirov, Axundzadə yoldaşlar komsomol fəalı kimi yaxşı tanıyırdılar. Naxçıvanın vilayət partiya komitəsinin birinci katibi vaxtilə mənimlə birgə təhsil almışdı. Məni komsomola rəhbər vəzifəyə onlar gətirmişdilər. Bağırov isə məni Azərbaycan LKGİ MK katibi işləyəndən sonra yaxından tanımışdır.
Yakovlev: - Bağırov sizə hədsiz dərəcədə etibar edirdi, bunu nə ilə izah edirsiniz ?
Yaqubov: - Bu sualınıza necə cavab verim ?
Yakovlev: - Bağırov çoxlarına inanmırdı. Sizə isə özünə inanan kimi inanırdı.
Yaqubov: - Bu sizin fikrinizdir, mən belə deməzdim.
Yakovlev: - Məgər Bağırov sizə etibar etmirdi ?
Yaqubov: - Bağırov onunla işləyənlərin hamısına etibar edirdi, onları irəli çəkirdi, məntiqi olaraq mənə də bel bağlayırdı, ancaq xüsusilə etibar edirdi, bunu deməzdim...
Yakovlev: - Elə adamlar olmuşdur ki, Bağırov onlara ancaq bir müddət çərçivəsində etibar etmişdir. Məsələn, bir vaxtlar Heydər Hüseynova da etibar etmişdir, sonra isə ondan intiqam almışdır. Bunu necə izah edirsiniz ?

Yaqubov: - Mən Bağırov üçün deyil, partiya naminə çalışmışam. Məni partiyamız irəli çəkmişdir.
Yakovlev: - Əgər Sumbatov – Topuridze desəydi ki, partiyaya xidmət etmişdir, inanardınız?
Yaqubov: - Mən təxminən bir il qabaq bildim ki, Sumbatov keçmiş menşevikdir.
Yakovlev: - Əgər Yemelyanov desəydi ki, Bağırova xidmət göstərməmişəm, partiya məni irəli çəkib və partiyaya xidmət göstərmişəm, inanardınız?
Yaqubov: - İndi onun haqqında aşkara çıxarılmış faktlardan sonra ona heç vəchlə inana bilmərəm.
Yakovlev: - Bəs Quliyev necə, Yemelyanova inanardı?
Yaqubov: - Quliyev 1920-ci ildən onunla birgə işləmişdir, inanardımı, inanmazdımı, deyə bilmərəm.
Yakovlev: - 1920-ci ildə Bağırovun partiyaya və dövlətə zidd hərəkətlərindən sizə nələr məlumdu?
Yaqubov: - Bağırov ifşa ediləndən sonra Quliyev mənə söylədi ki, Qazax rayonundan olan bir müəllim Bağırovun keçmiş fəaliyyəti barədə bilmədiyimiz bir fakt danışır. İyul plenumundan bir – iki ay keçmiş mən Qazaxa getdim və həmin müəllimi tapdım. O dedi ki, Bağırov 1920-ci ilin əvvəllərində Quba polisində işləmişdir. Mən ona dedim ki, dediklərini yazılı şəkildə Bakıya göndərsin. Bir neçə gündən sonra onun məlumatı bizə çatdı. Mən bu məlumatı dərhal Moskvaya, Mərkəzi Komitəyə yola saldım.
Yakovlev: - Quliyev dediklərinizin hamısını bilirdi?
Yaqubov: - Necə bilirdi, deyə bilmərəm. Ancaq iyul plenumundan sonra hadisəni
o özü mənə danışdı.
Yakovlev: - Yaxşı, Əlibayramlı, Şamaxı hadisələrindən xəbəriniz yoxdu ?
Yaqubov: - Adamların həbs olunmasından xəbərim vardı, ancaq bunun mütəşəkkil şəkildə edilməsini bilmirdim. Çünki həmin məsələyə Büro iclasında baxılmamışdı. Bu məsələni Bağırov təkbaşına həll etmişdi. Deyim ki, son zamanlar Bağırov mənimlə məsləhətləşmirdi, ikinci katib Çeplakov idi.
Yakovlev: - Sözsüz ki, Bağırovun 1938-ci ilədək törətdiklərindən xəbərdar idiniz. Onda nə üçün Bağırovu ifşa etmək üçün təşəbbüs göstərməmişsiniz?
Yaqubov: - Sov.İKP MK-nın İyul Plenumunun yekunları ilə əlaqədar Azərbaycan KP MK-nın Rəyasət Heyətində məsələ müzakirə edilərkən bu suala cavab vermişəm. Demişəm ki, biz indiyədək Bağırovu partiya təşkilatımızın rəhbəri kimi əsl bolşevik bilirdik.
Yakovlev: - Bəs sizin yanınızda adamların sifətinə tüpürəndə də Bağırovu əsl bolşevik hesab edirdiniz?
Yaqubov: - Yox, yox.
Yakovlev: - Deyin görək, siz şəxsən özünüz Bağırovun quldur dəstəsində hansı cinayətlərdə olmusunuz?
Yaqubov: - Heç bir cinayət işində olmamışam.
Yakovlev: - Günahsız vətəndaşların terror edilməsində iştirak etməmişsiniz ? Partiya üzvü Şabanovu terrorizə kim edib?
Yaqubov: - Xahiş edirəm, diqqətlə qulaq asın. Şabanov hazırda Zaqatala konserv zavodunun direktorudur. Müharibə illərində mən rayonlara tez – tez gedirdim, xüsusən 1941 – 1942-ci illərdə. Şabanov terror qrupunda iştirakına görə məsuliyyətə cəlb olunmuşdu. O zaman Şabanov Zaqatala rayon icraiyyə komitəsində şöbə müdiri işləyirdi. Mən Zaqatalada olarkən, Bağırov göstəriş verdi ki, Şabanovu həbsə almaq lazımdır. Mən Şabanovu maşına əyləşdirib Bakıya gətirdim. Bağırov məndən soruşdu ki, Şabanov barədə təklifim necədir. Təklif etdim ki, Şabanov haqqında böhtan yazan bir qadın və başqaları məsuliyyətə alınsın, özü isə azad edilsin. Bağırov razılaşdı. Beləliklə, Şabanov fəaliyyətini davam etdirdi, anonimçilər məsuliyyətə alındı...
Yakovlev: - Demək, hər bir cinayət işi dediyiniz kimi araşdırılsaydı, günahsız adamlar məhv edilməzdilər. 1938-ci ildə Bağırovun göstərişilə heç bir qanuni əsas olmadan insanlar terrorçu, əksinqilabçı, qiyamçı kimi həbs olunub güllələnmişlər. Bunlardan xəbəriniz yoxdu?

Yaqubov: - O zamanlar xəbərim yoxdu.

Yakovlev: - Rayevi tanıyırdınız?

Yaqubov: - O, daxili işlər naziri idi.

Yakovlev: - Hansı ildə?

Yaqubov: - 1938-ci ildə.

Yakovlev: - Siz onunla yaxından tanış deyildiniz?
Yaqubov: - Əsla yox. Mən 2-3 ay üçlüyün üzvü olmuşam, iki iclasında iştirak etmişəm.

Yakovlev: - Üçlüyün sədri kim idi?

Yaqubov: - Rayev.

Yakovlev: - Yəqin ki, üçlüyün üzvü kimi qərarlara imza atırdınız.

Yaqubov: - Üçlük ÜİK(b)P MK Siyasi Bürosu tərəfindən yaradılmışdı. Qərarlara qol çəkməyə bilməzdim.

Yakovlev: - Üçlüyün iş qaydası necə idi?

Yaqubov: - Dediyim kimi, üçlüklər Siyasi Büronun qərarı ilə yaradılmışdı. Azərbaycanda sədr daxili işlər naziri Rayev idi. İclasları onun kabinetində keçirilirdi. Rayevi sonralar həbs etdilər.

Yakovlev: - Dediniz ki, üçlüyün 2 - 3 iclasında olmusunuz, neçə ölüm cəzasına qol çəkmisiniz?

Yaqubov: - Bunu deyə bilmərəm. Hər iclasda yüzlərlə işə baxılırdı.
Yakovlev: - Yaddaşınız, görünür, pisdir.

Yaqubov: - Pis deməzdim. Nəzərə alın ki, bu işlər çoxdan baş verib.

Yakovlev: - Əlbəttə, yada salmayacaqsınız. Çünki adamları milçək kimi qırırdınız. Siz 1938-ci il fevralından oktyabr ayınadək üçlüyün üzvü olmusunuz. Ərz etdiyiniz 2-3 ay yox, səkkiz ay. Sənədlərə görə, həmin müddətdə 2.679 nəfərin işinə baxılmışdır. Onların əksəriyyəti əksinqilabi fəaliyyətdə və Bağırova qarşı terror cəhdində təqsirli bilinmişlər. 2.679 nəfərdən 2.103-ü güllələnmişdir. 576 nəfər islah - əmək düşərgəsinə göndərilmişdir. Yalnız bir nəfər azadlığa buraxılmışdır. Onların əksəriyyətinin cəza protokollarında sizin imzanız vardır. Deyirsiniz ki, üçlüyün 2 - 3 iclasında iştirak etmisiniz. Elə çıxır ki, iclaslarda iştirak etmədən protokollara qol çəkmisiniz.

(Ardı var)

Təqdim etdi: Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA