Mir Cəfər Bağırov və Qiyas Sarıcalinski

  • 2019-01-10 14:22:16
  • |
  • Tarix /

Mir Cəfər Bağırov və Qiyas Sarıcalinski

(Teyyub Qurbanın “Düşmənlərindən Güclü Şəxsiyyət” kitabından)

Mir Cəfər Bağırov 1932 – 1933-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri və 1933-cü il dekabrın 10-dan Azərbaycan KP MK və Bakı Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkiləndən sonra Qiyas bəy Sarıcalinskinin iztirablarına son qoyulmuşdur. Mir Cəfər Bağırovun etibarını qazanmış Qiyas bəy çalışdığı bütün vəzifələrdə elə yaşıdı olan birinci katib kimi olmuşdur - ədalətli, millətsevər, düşmənlə barışmaz, halallıqla yaşayan, millətin mənafeyini şəxsi həyatından üstün tutan...

Qiyas bəyin qızı Kamilə xanım Sarıcalinskaya bu barədə belə yazır (bax: “Mir jenşinı” qəzeti, iyun 2001-ci il): “Atam yüksək vəzifələrdə işləsə də, həmişə olduqca ədalətli və pak – təmiz, qeyri – adi insan olmuşdur. Yadımdadır, evimizdə çəhrayı rəngli mürəkkəbqabı vardı. Həmin mürəkkəbqabından yaşıl rəngdə olanı atamın iş kabinetində masanın üstündə idi. Atamdan xahiş etdim ki, yaşıl rəngli mürəkkəbqabı otağımıza daha çox uyğundur, olmaz ki, bunu aparıb kabinetinə qoyasan, yaşıl rənglini evimizə gətirəsən. Atam sərt cavab verdi: - “Qızım, nə danışırsan ? Bu, oğurluq etmək deməkdir...””

Kabinetindəki mürəkkəbqabını evinə aparıb evindəki başqa rəngdə olan eyni mürəkkəbqabını kabinetinə gətirməyi özünə rəva bilməyən sabiq müsavat ordusu zabitinə Böyük Vətən müharibəsi başlananda Mir Cəfər Bağırov çox məsul bir sahə tapşırmışdı – Bakı Təchizat Şöbəsinin rəisi. Müharibə illərində nümunəvi işinə görə Qiyas bəy Sarıcalinski SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdi. Müharibədən sonra, 1946-cı il iyun ayının 6-da SSRİ Ali Soveti Rəyasət Heyətinin digər fərmanı ilə Qiyas bəy Sarıcalinski “1941 – 1945-ci illərdə fədakar əməyinə görə” medalına layiq görülmüşdür.

Ata, ana, dörd bacı bir qardaşdan ibarət Sarıcalinskilər ailəsi 1951-ci ili şad – xürrəm qarşıladı. Fəqət gözlənilmədən Bəyimxanım ananın bədənində ağrılar başladı. Həkimlər məsləhət gördülər ki, İstisu sanatoriyasında müalicəyə getsin. Qiyas bəy sevimli zövcəsini Kəlbəcərə, oradan da sanatoriyaya aparıb yerləşdirdi. Ana qızları ilə İstisuda qaldı, özü isə Bakıya iş başına qayıtdı. Ancaq xanım – xatun ana, cavanlığında at çapan dağlar gözəli bir müddət özünə gəlsə də, İstisuda möcüzə baş vermədi, şəfalı həkimlər xərçəngə təslim oldular... Bəyimxanım ananın ili çıxmamış dərd üstünə dərd gəldi. Ömrü məşəqqətlərlə keçmiş, fəqət heç vaxt xəstəliyə tutulmamış və mərdanə insan – ailə başçısı Qiyas bəy qəflətən gözlərini əbədi yumdu. Ata – anadan yetim qalmış dörd bacının, bir qardaşın fəryadı dağları – daşları titrətdi, buludları ağlatdı...

O zaman tale Kamilə xanıma ailədə böyük bacı kimi ana şərafətini nəsib etdi.

2012-ci il oktyabrın 22-də ömrünün 87-ci pilləsinə qədəm basmış ana və nənə Kamilə xanım Sarıcalinskayanın həyatı bir neçə hissədən ibarət sənədli film mövzusudur. Bu filmin ssenarisi əlli ilə yaxın respublika mətbuatı səhifələrində dərc olunmuş materialların mətnlərindədir. Yazılarında Qiyas bəy Sarıcalinskinin mənliyini yaşadan bir övladın əzəmətli obrazı canlanır. Bu gün daha aktual səslənən yazılmışlardan bəzi parçalara diqqət yetirin: “Ulduz” jurnalı, 1978-ci il, №3.

Sual: - Kamilə xanım, həyatda nəyi bağışlaya bilmirsiniz?

Cavab: - Adamların, xüsusən yaxın adamların səhvini.

Sual: - Sizcə, cinayət məcəlləsinə düşməyən cinayətlər varmı?

Cavab: - Əlbəttə, var. Riyakarlıq, yalançılıq, ikiüzlülük, yaltaqlıq, başqasının xoşbəxtliyini oğurlamaq, insani münasibətlərdən öz mənafeyi üçün istifadə eləmək.

“525 – ci qəzet”, 1998-ci il, 17 mart.

“Kriminalistə fitri istedad lazımdır”

Müsahibimiz Zaqafqaziyada ilk kriminalist – alim qadın Kamilə xanım Sarıcalinskayadır.

Müxbir: - Kamilə xanım, yaxşı olar ki, lap əvvəldən başlayasınız.

Kamilə xanım: - Ağdamda anadan olsam da, Bakıda yaşamışıq. Ancaq hər yay Ağdama gedirdik. O illər yadımda çox xoş xatirələrlə qalıb. Bəxtəvər günlər idi. Tarzən Qurban Pirimov, Xan Şuşinski, Zülfüqar Adıgözəlov atamın daimi qonaqları idilər...

Müxbir: - Belə bir çətin sənəti, həm də qadın üçün kriminalistika sahəsini seçməyinizə səbəb nə olub?

Kamilə xanım: - Bakıda mən doqquzuncu sinifdə oxuyarkən Ədliyyə Nazirliyində kriminalistika kabineti yaradılmışdı. Atamın məsləhəti ilə yay tətili vaxtı orada rus dilindən azərbaycancaya tərcüməçiliklə məşğul olurdum. Elə o zamandan məndə kriminalistika elminə sonsuz maraq oyandı. Bir də ki, mənim əmim çekist olub, onun çox zəngin kitabxanası vardı (Söhbət Mir Cəfər Bağırovun himayə etdiyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə polis zabiti olmuş Məmməd bəy Sarıcalinskidən gedir – T.Q.) həmin kitablarla tanışlıq mənim sonrakı taleyimi dəqiqləşdirdi.

“Bakı Universiteti” qəzeti, 2003-cü il, 14 iyun.

“Professor Kamilə Sarıcalinskaya hüquq fakültəsinin dekanı seçildi”

Bu günlərdə kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru Kamilə xanım Sarıcalinskaya hüquq fakültəsinin dekanı seçilmişdir. Bu münasibətlə universitetin rəhbərliyi Kamilə xanımı təbrik edir, ona bu məsuliyyətli işində uğurlar arzulayır.

Mənalı həyatının 50 ilini elmə, hüquqşünas kadrların hazırlanması kimi şərəfli bir işə həsr etmiş Kamilə xanım Sarıcalinskaya, həmişə olduğu kimi, bu gün də yorulmaq bilmədən, əzmlə çalışır, elmi – pedaqoji fəaliyyətini gənclik həvəsi ilə davam etdirir.”

“Qanun” jurnalı, 2003-cü il, № 5 (109)

“Azərbaycanda ilk kriminalist qadın”

“Müsahibəni jurnalın əməkdaşı Samirə Nəsirova aparır.

- Kamilə xanım, bildiyimizə görə, Cənubi Qafqazda və respublikamızda kriminalistika üzrə ilk alimlik dərəcəsi alan Siz olmusunuz.

- Mən SSRİ-də ekspert – kriminalistlər hazırlayan Moskva Hüquq İnstitutunun nəzdindəki Mərkəzi Kriminalistika Laboratoriyasına Azərbaycandan göndərilən ilk mütəxəssis olmuşam. Orada xüsusi kurs keçmişəm və ekspert – kriminalist ixtisasına yiyələnərək Bakıya dönmüşəm. 1949-cu ildə Universitetdə oxuya – oxuya kriminalistika laboratoriyasında laborant işləmişəm. 1952-ci ildə müəllim kimi fəaliyyətə başlamışam. 1967-ci ildə “Azərbaycan SSR-in istintaq və məhkəmə təcrübəsində yazının kriminalistik ekspertizası” mövzusunda dissertasiya müdafiə etmişəm...

- Kamilə xanım, şəxsi həyatınız necə, uğulu alınıbmı ?

- Həyatımdan narazı olmamışam. Həyat yoldaşım tarixçi olub, tarix elmləri doktoru Ruhulla Orucov. Yoldaşım uzun müddət Universitetdə tarix fakültəsinin dekan müavini, dekanı olub. Lakin tez vəfat edib.

- Ölümünə səbəb nə olub ?

- Universitetin pilləkənlərindən yıxıldı, bir həftədən sonra rəhmətə getdi.

- Uşaqlarınız var ?

- Bir oğlum, bir qızım var. Oğlum Şövqü Daxili İşlər Nazirliyində istintaq idarəsində səkkiz il müstəntiq olub, podpolkovnikdir. Hazırda DİN-nin Xüsusi İnspeksiyasında çalışır. Qızım Laləndər isə tarixçidir, atasının yolunu davam etdirir, tarix elmləri namizədidir, Slavyan Universitetində baş müəllim işləyir.

- Nəvələrinizdən yolunuzu davam etdirən varmı ?

- Var, inanıram ki, onlar da seçdikləri peşənin sənətkarı kimi yetişəcəklər.

- Nə əcəb hansısa yuxarı vəzifəyə getməmisiniz ?

- Çox vəzifə təklif edilib, hətta hakim vəzifəsi də. O zaman hakim vəzifəsinə indikilərin bəzilərindən fərqli olaraq çox səviyyəli hüquqşünasları təyin edirdilər. Ancaq imtina etmişəm. Çünki məni maraqlandıran ekspertiza, kriminalistik müayinə olub.

- Kamilə xanım, indi belə bir tendensiya yaranıb ki, professorlar namizədlərə qarşı, namizədlər magistrlərə qarşıdır. Sizcə bu nədən irəli gəlir ?

- Mənə elə gəlir ki, əsl müəllimdə, əsl insanda belə yanaşma olmamalıdır. Əlbəttə, insanların hamısı eyni fikirdə, eyni əxlaqda, eyni nəzəriyyədə olmur. Bilirsiniz, yüksək adları almaq o demək deyildir ki, o insan savadlıdır. Elə müəllimlər var ki, onun davranışı, biliyi, dünyagörüşü, müəllim metodikası digərlərindən daha yüksəkdir. Eləsi də var ki, akademikdir, elmlər doktorudur, lakin onun biliyi, daxili aləmi, davranış qaydası o rütbəyə layiq deyil.

- Kamilə xanım, hüquq fakültəsində oxuyanların 95 faizi oğlandır. Siz bir pedaqoq kimi hər dəfə auditoriyaya daxil olanda onlara vətənpərvərlik mövzusunda hansısa bir informasiya verirsinizmi ?

- Dediklərim nəsihət xarakterli olur. Deyirəm ki, səndən necə vətəndaş ola bilər ki, torpağın işğal altındadır, sən burda hopstop oynayırsan. Şuşanın adı gələndə məni ağlamaq tutur. Mənim üçün çox ağırdır. Yaxınlarım, qohum - əqrəbalarım qırılıb, itkin düşüb, qaçqın düşüb. Bunların hamısı mənim gözlərim qabağında olub. Əvvəllər anam danışanda ki, bəs Şuşada ermənilər qadınlarımızın belinə qaynar samovar bağlayıb, Doltələk deyilən yerdən aşağı sallayırdılar, mən inanmırdım, deyirdim, ola bilməz belə şey. İndi bundan dəhşətli faciələrimiz oldu. Axı bizim torpaqlar niyə düşmən tapdağı altında qalsın ? Nə vaxta qədər buna dözəcəyik?”

Təqdim etdi: Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz